→ SOSİUM  /  Bütün xəbərlər  /

Göyçayın daha iki kəndinə təbii qaz verilmişdir

Göyçay rayonunun Şəhadət və Qarabağlar kəndlərinə təbii qaz verilmişdir. 
Bu münasibətlə dekabrın 9-da Qarabağlar kəndində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, deputat Sabir Hacıyev kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi istiqamətində xeyli işlər görülmüşdür.
Qonaqlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin bütün bölgələrinin, o cümlədən Göyçayın sürətlə inkişaf etdiyini, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində vacib tədbirlərin görüldüyünü vurğulamışlar. 2013-cü ilədək rayonun bütün kəndlərinin qazlaşdırılacağı bildirilmişdir. Məlumat verilmişdir ki, on beş illik fasilədən sonra Göyçay rayonunun Şəhadət və Mirzəhüseynli kəndlərinin daxilində 23 min metr uzunluğunda daşıyıcı qaz xətti çəkilmişdir. Şəhadət kəndində 205, Qarabağlar kəndində isə 225 abonentin evi fərdi tənzimləyici sayğacla təmin olunmuşdur.
Kənd ağsaqqalları, ziyalılar çıxışlarında soyuq payız aylarında əhaliyə təbii qazın verilməsinin kəndlərdə bayrama çevrildiyini bildirmiş və bu sevinci onlara bəxş edən Prezident İlham Əliyevə minnətdarlıq etmişlər.
Sonra kəndlərə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılmışdır. Mərasim iştirakçıları evlərə baş çəkmiş, "mavi yanacağ"ın təzyiqini yoxlamışlar.
Hazırda Göyçay şəhərində və 11 kənddə əhali təbii qazdan istifadə edir.

 

 

10 Dekabr 2011, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS