→ SİYASƏT  /  Bütün xəbərlər  /

"Vaşinqton Tayms: "Azərbaycana biganəlik nümayiş etdirməsi ABŞ-a baha başa gələ bilər"

ABŞ-ın nüfuzlu "Vaşinqton Tayms" qəzetinin 3 sentyabr tarixli nömrəsində Amerika Yəhudi Komitəsinin beynəlxalq yəhudi məsələləri üzrə direktor müavini Qay Billauerin "Azərbaycana biganəlik nümayiş etdirməsi ABŞ-a baha başa gələ bilər" başlıqlı məqaləsi dərc olunmuşdur.
Müəllif qeyd edir ki, Azərbaycan dünyada özünün zəngin neft və qaz ehtiyatlarına görə daha çox tanınsa da, Vaşinqtonun Əfqanıstan probleminə son qoyması üçün həlledici əhəmiyyətə malik bir ölkədir.
Əfqanıstanda hərbi əməliyyatların həyata keçirildiyi zaman ABŞ müntəzəm olaraq Azərbaycanın hava limanlarından istifadə etmiş, 2001-ci il sentyabrın 11-dən etibarən Azərbaycanın hava məkanı üzərindən minlərlə uçuş həyata keçirmişdir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyini xüsusi vurğulayan müəllif Obama administrasiyasının bu problemin həlli istiqamətində konkret plan hazırlamamasını, eləcə də bir ildən çox müddətə Azərbaycana səfir təyin edilməməsini təəssüflə qeyd edir.
Məqalədə vurğulanır ki, Avropa ilə Asiyanı birləşdirən dəhlizin, İpək Yolunun üzərində yerləşən bu keçmiş sovet respublikası əvəzolunmaz tərəfdaşdır.
Müəllif sonda bildirir ki, Obama administrasiyası ABŞ-ın regionda ən yaxın müttəfiqi olan Azərbaycana birbaşa və konkret dəstək nümayiş etdirməlidir.
AzərTAc

5 Sentyabr 2010, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS