Kənd yaşayış məntəqələrində mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığı müşahidə edilən kəndlərin su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun içməli su problemindən əziyyət çəkən Navahı qəsəbəsində  layihə icra edilmiş və qəsəbədə yeni  su təchizatı sistemləri  yaradılmışdır. Qəsəbəyə içməli suyun verilməsi mərasimində Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışmış, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulamışdır.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir. Prezident İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlərin həyata keçirildiyini diqqtə çatdıran natiq bildirmişdir ki, bir neçə il öncə Hacıqabul şəhərində yeni layihə icra edilmiş, şəhərdə uzun illər mövcud olmuş içməli su problemi həllini tapmışdır. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə  və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında isə Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni layihənin icrasına başlanılmış və qısa müddətdə tikinti-quraşdırma işləri yekunlaşmışdır.

Tədbirdə çıxış edən qəsəbə sakinləri içməli su probleminin həllinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Xatırladaq ki, Hacıqabul rayonunun Navahı qəsəbəsini içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür-Bakı su kəməri seçilmişdir. Bu kəmərdən Navahı qəsəbəsinə müxtəlif diametrli polietilen borularla 2,4 kilometr magistral su xətti çəkilmiş, qəsəbə daxilində 5 kilometr yeni su şəbəkəsi yaradılmış, 300-ə yaxın ünvana birləşmə verilmişdir. Bununla da 2300 nəfər əhalisi olan qəsəbənin içməli su təchizatı yaxşılaşdırılmışdır. 

Yeri gəlmişkən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə  və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması səhmdar cəmiyyətin təxirəsalınmaz tədbirlər planına daxil edilmiş və həmin kəndlərdə layihələrin həyata keçirilməsinə başlanılmışdır.  Ötən müddətdə həmin yaşayış məntəqələrində 30 kilometrdən artıq su xətti çəkilmiş, bu lyihələrdən10 mindən çox sakin faydalanmışdır. 

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında