Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il dünyada  və ölkəmizdə baş verən hadisələr geniş təhlil edilmiş, siyasi, iqtisadi və digər sahələrdəki vəziyyət barədə  məlumat verilmişdir.

Dövlət başçısının qeyd etdiyi kimi, yola saldığımız ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Bu da yaşadığımız bölgədə sabitliyin pozulmasına və iqtisadi inkişafla bağlı vəziyyətin ağırlaşmasına gətirib çıxarmışdır.

2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunmuş, Avropada miqrantlar böhranı dərinləşmiş, MDB məkanında gedən proseslər narahatlıq doğurmuşdur. Təbii ki, bütün bunlar Azərbaycana da öz təsirini göstərmişdir. Ancaq ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qurulmuş siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyevin layiqincə davam etdirməsi ölkəmizdə ictimai siyasi sabitliyi qoruyub saxlamış, nəzərdə tutulan iri infrastruktur layihələrin icrasına ciddi təsir göstərməmişdir.

Ölkə başçısı da öz nitqində bu məsələyə toxunaraq demişdir ki,  2016-cı ildə digər sahələrlə yanaşı, sosial məsələlər də öz həllini tapmışdır. Ötən il  maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Ünvanlı sosial yardımla bağlı çox önəmli addımlar atılmışdır. Ehtiyac içində yaşayan, doğma ata-baba yurdlarından didərgin salınmış vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və bundan sonra da göstərəcəkdir.

Mən qaçqın və məcburi köçkün həyatı yaşadığımdan konkret olaraq Nazirlər Kabinetinin iclasında bu sahə ilə bağlı səsləndirilən fikrə münasibət bildirmək istərdim. Dövlətimizin başçısı  giriş nitqində bununla bağlı demişdir: “Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni  bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.

Göründüyü kimi, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, onların hər cür infrastruktura malik rahat mənzillərə köçürülməsi dövlət siyasətinin prioritetini təşkil edir. 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd  İlham Əliyev seçicilərlə ilk görüşünü Biləsuvar rayonunda məskunlaşmış məcburi köçkünlərlə keçirmiş və demişdir ki, əgər  o, prezident seçilərsə, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq.

Bugünkü reallıqlar da onu təsdiqləyir ki, 13 il əvvəl verilən vədlər layiqincə yerinə yetirilmişdir. Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi və məşğulluğunun artırılması ilə əlaqədar 2004-cü ildə müvafiq  Dövlət Proqramı qəbul edilmişdir. 2007-ci ildə isə bu proqrama əlavələr edilmişdir. Dövlət  proqramlarının uğurlu icrası ağır və dözülməz vəziyyətdə yaşayan məcburi köçkünlərin hər cür şəraitə malik rahat mənzillərlə təmin olunmasına rəvac vermişdir. Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi.

Dövlət başçımızın həyata keçirdiyi siyasi xəttin əsas prioritetlərindən biri  insanlara, xüsusilə işğaldan əziyyət çəkən soydaşlarımıza böyük diqqətlə yanaşmaq və qayğı göstəməkdir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Xatırladaq ki, işğaldan əziyyət çəkən məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi hələ 13 il bundan əvvəl 75 faiz  idi. Hazırda bu qəbildən olan insanlar arasında  yoxsulluq səviyyəsi 12 faizə düşüb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından zorla didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər ciddi addımlar atılıb.  Onu da qeyd edək ki, qaçqın və məcburi köçkünlər üçün indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bu vaxta qədər 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Buna 2,3 milyard manat vəsait sərf olunub. Bu, çox böyük bir məbləğdir.

Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib.

Vüqar QƏDİROV,
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında