İnsan haqlarının qorunmasına xidmət edəcək Konstitusiya islahatları 26 sentyabr Azərbaycanda ümumxalq səsverməsi ( referendum ) günüdür

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Referendum Aktının layihəsi  iyulun 18-də rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə  göndərilmişdir. İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmiş və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinə müsbət rəy verilmişdir.

Konstitusiyaya təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Layihədə nəzərdə tutulan dəyişikliklərin insan və vətəndaş hüquq  və azadlıqlarının  təminatına yönəldiyi ilk baxışda açıq -aydın görünür.

 Mən Konstitusiyanın 4 maddəsinə təklif edilmiş əlavə və dəyişiklik üzərində dayanmaq, onları mövcud varianta nəzərən müqayisəli təhlil  etmək istərdim. 

"Silahlı Qüvvələr" adlanan 9-cu  maddənin I hissəsinin yeni redaksiyada verilməsi təklif edilir: "I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir". Bununla Silahlı Qüvvələr anlayışına Konstitusiya səviyyəsində aydınlıq gətirilir, onun mənası dəqiqləşdirilir. Məsələ bundadır ki, faktiki olaraq ölkəmizdə bir çox mərkəzi icra hakimiyyəti orqanlarının öz silahlı birləşmələri vardır. Onların hər birinin öz komandanı,  mərkəzi icra hakimiyyətinin başçısı qismində baş komandanı vardır. Buraya DİN-in Daxili Qoşunlarını, Ədliyyə Nazirliyinin alayını, DSX-nin, digər müvafiq qurumların silahlı birləşmələrinin daxil emək olar. Mahiyyət etibarı ilə bunların hamısı silahlı qüvvələrdir və Ali Baş Komandan olaraq Azərbaycan Respublikasının Prezidentinə tabedir. Konstitusiyada bu qisimdə Prezidentin bir çox səlahiyyətləri də təsbit edilmişdir. Amma hazırda mövcud olan redaksiyanın mənasına görə "başqa silahlı birləşmələr" silahlı qüvvələrin tərkibinə daxil olmayan kateqoriya kimi anlaşıla bilər. İndi isə Konstitusiya səviyyəsində birmənalı olaraq Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olması təsbit edilir.

İnkişaf edən dövlətlərin təcrübəsi göstərir ki, insan hüquq və azadlıqlarının məhkəmə təminatı hüquqi mexanizm olaraq daha etibarlıdır. Lakin bu hüquqi mexanizm pozulan hüquqların bərpası, vurulan zərərin aradan qaldırılması və digər hüquqi məsələlərin həllində zaman baxımından o qədər də effektiv sayılmır.

Konstitusiyanın 60-cı maddəsinə təklif edilən yeni redaksiyaya əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Əvvəlki redaksiyadan fərqli olaraq təklif edilən variantda hüquq və azadlıqların təminatının mahiyyət baxımından yalnız məhkəmə hüquq müdafiəsi deyil, həm də inzibati-hüquqi müdafiəsi nəzərdə tutulur. Fikrimizcə, bu dəyişiklik pozulan hüquqların bərpası baxımından daha əlverişli hüquqi mühit yaradır. Söylənilən əlverişli mühit Konstitusiyaya görə, şəxsin pozulan hüquqlarının yalnız məhkəmədə deyil, həm də hüquq münasibətinin gerçəkləşdiyi təşkilat daxilində bərpa olunmasının mümkünlüyü ilə izah olunur. Bu formada hüquqi tənzimləmə qabaqcıl Avropa dövləti hesab edilən Almaniya Federativ Respublikasının hüquq sistemində üzun müddətdir ki, tətbiq edilir. Bu ölkənin qanunvericiliyinə görə inzibati orqandan şikayət iyerarxiya baxımından yalnız yuxarı orqanlara verilə bilər. Bu hüquqi təminat tam tükəndikdən sonra şəxs inzibati məhkəmələrə müraciət edə bilər. Məhz bu səbəbdən də  Almaniya Federativ Respublikasının məhkəmələrinə müraciət edən şəxslərin sayının azlığı baxımından digər dövlətlərdən kəskin fərqlənir. Konstitusiyanın 60-cı maddəsinə təklif edilən yeni redaksiya hüquq və azadlıqların təmin edilməsinin daha da effektiv təşkilinə imkan verəcəkdir.

Konstitusiyanın 68-ci və 146-cı maddələrinə müvafiq olaraq təklif edilən yeni redaksiya və əlavələrə əsasən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində aidiyyəti dövlət orqanlarının və dövlət qulluqçularının, habelə bələdiyyələr və bələdiyyə qulluqçularının Konstitusiya səviyyəsində mülki hüquqi məsuliyyəti müəyyən edilir. Təklif edilən dəyişiklikdən fərqli olaraq hazırda qüvvədə olan qanunvericiliyə görə, dövlət və bələdiyyə qulluqçularının xidməti vəzifələrinin icrası zamanı hüquqa zidd əməlləri nəticəsində dəymiş zərərli nəticələrin həcmindən və miqdarından asılı olaraq onların yalnız inzibati və cinayət hüquqi məsuliyyəti nəzərdə tutulmuşdur.

Ölkəmizdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə fiziki və hüquqi şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin təmin edilməsi məqsədi ilə milli hüquqi tənzimləmə sistemində yeni bir institut kimi  üçpilləli inzibati təminat mexanizmi yaradılmışdır. Yaradılan bu təminat mexanizmi çərçivəsində daxil olan müraciətlərə baxılması üçün yerli və mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya şuraları fəaliyyət göstərir. Yerli icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən Apellyasiya şuralarında fiziki və hüquqi şəxslər tərəfindən (sahibkarlıq fəaliyyəti ilə bağlı) yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən edilən müraciətlərə baxılır. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən mərkəzi icra hakimiyyəti orqanının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən təkrar şikayətlərə baxılması isə mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının səlahiyyətinə aid edilmişdir. Sahibkarlıq subyektlərinin qanunla qorunan hüquq və mənafelərinin təminat mexanizmi olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqan olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayətlərin verilməsi nəzərdə tutulur.

Təhlil edilən bu hüquqi təminat milli hüquqi tənzimləmə sisteminin tərkib hissəsi olaraq müasirliyi və demokratikliyi ilə diqqət çəkir. Təbii ki, müasir dövrün tələblərinə və çağırışlarına cavab verəcək hüquqi tənzimləmə üçün təkamül zəruri amil sayılır. Bir çox hallarda mövcud təminat mexanizmi nəticə baxımdan effektiv sayılmır. Təcrübə göstərir ki, bəzən dövlət və bələdiyyə qulluqçularının hərəkətsizliyi və ya səriştəsizliyi ucbatından dövlət və bələdiyyə orqanlarına müraciət edən şəxslər biznes və məişət həyatlarında maddi itkilərlə rastlaşırlar. Bu baxımdan Konstitusiyada təhlil edilən yönümdə mülki hüquqi məsuliyyətin təsbit edilməsi ilə təcrübədə tətbiq olunması qanunlarla nəzərdə tutulacaq mülki məsuliyyətə dair dövlət və dövlət qulluqçularının, habelə bələdiyyə və bələdiyyə qulluqçularının məsuliyyəti formalaşacaqdır. Təbii ki, məsuliyyətin mülki hüquqi müstəvidə tənzimlənməsinə dair konstitusiya hüquq normalarının mövcudluğu ilə dövlət və bələdiyyə qulluqçularının daha məsuliyyətli fəaliyyəti mümkünləşəcəkdir.

Hesab edirik  ki, referendum aktı layihəsi ilə təklif edilən dəyişikliklər hüquqi dövlət quruculuğu, sosial rifahın yaxşılaşdırılması, dövlət idarəetmə orqanlarında qərarların operativ qəbulu, habelə dövlət-vətəndaş, bələdiyyə-vətəndaş münasibətlərinin daha əlverişli formatda təşkili, vətəndaşlarımıza layiqli həyat səviyyəsinin təmin edilməsi və publik hüquqi xidmət göstərən orqanların fəaliyyətində şəffaflığın artırılmasına zəmin yaradacaqdır.

Rafiq NƏCƏFQULİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Koordinasiya Şurasının üzvü,
hüquq üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında