LƏNKƏRAN: etnik özəlliyin əlvan naxışları 2016 - Multikulturalizm ili

Ölkəmiz etnik rəngarənglik baxımından palitranı xatırladır. Əsrlərdir müxtəlif xalqların nümayəndələri bölgələrimizdə el-elə, əl-ələ, çiyin-çiyinə yaşayırlar. Özlərinə xas adət-ənənələri, mədəni örnəkləri qorunub saxlanır. Dövlət hər xalqın özünüifadəsi üçün zəruri şərait yaradıb. İç-içə qaynayıb-qarışan, bərabərhüquqlu vətəndaşlıq qazanan bağrıbadaş xalqlarımız Azərbaycanın tərəqqisi naminə birgə çalışırlar. Bu əlvanlıq qiymətli sərvətimizdir.

Bakıdan 268 kilometr  məsafədə yerləşən Lənkəran da özəl multikultural keyfiyyətləri ilə seçilir. Bu bölgədə etnik çalar daha əlvandır. Tarixən burada məskunlaşan azsaylı xalqlar Lənkəranı sevimli vətənləri sayırlar. Onların arasında talışlar üstünlük təşkil edir. 

Bu mehriban xalqın yetirmələri arasında xeyli sayda görkəmli elm, incəsənət, ədəbiyyat adamları var. Hər biri də Azərbaycanın mədəni-ictimai həyatında mühüm rol oynayır, dövlət idarəçiliyində fəal iştirak edərək ümumi işə töhfələr verir. Lənkəranın qəhrəman oğulları vətənpərvərlik örnəkləri ilə də nümunə sayılmağa layiqdirlər. İkinci dünya müharibəsində və Qarabağ mücadiləsində nə qədər igid talış balası canını vətən yolunda fəda eləyib! Lənkəranda onların xatirəsinə abidələr ucaldılıb...   

Lakin tarixin müəyyən dönəmində xarici qəsbkar qüvvələr tərəfindən idarə olunan bəzi şəxslər bu birliyi, həmrəyliyi, qardaşlığı pozmağa cəhd ediblər. Dövlət müstəqilliyimizin ilk illərində, ölkəmizin Ermənistanla münaqişə vəziyyətində olduğu bir vaxtda xaricdən idarə edilən bəzi separatçı qüvvələr Azərbaycanın cənub zonasının bir hissəsində qondarma rejim qurmaq istəyib. Ancaq ümummilli lider Heydər Əliyevin mətin iradəsi, müdrik səyləri nəticəsində üzdəniraq qüvvələr zərərsizləşdirilib, xalqlarımız arasında nifaq salmağa, təfriqə yaratmağa çalışanların istəyi gözündə qalıb.

Talışlar əsasən cənubda kompakt  yaşasalar da, ölkənin iri şəhərlərində də az deyillər. Sayları yüz mindən xeyli çoxdur. Hazırda Azərbaycanda ibtidai təhsil proqramı talış dilində öyrənilən məktəblər də az deyil. Dövlət tərəfindən talışca dərsliklər, tədris vəsaitləri çap olunub. Bu məktəblərin 71-i Lənkəranda fəaliyyət göstərir. Tədris ocaqlarının ibtidai siniflərində həftədə 2 dəfə doğma dil tədris edilir. Məram xalqın dilini, tarixini, folklorunu yaşatmaqdır. Talış dilində gözəl şeirlər yazan şair dostlarımız da var. Onların bu dildə kitabları çıxır, mətbuatda əsərləri işıq üzü görür.

Özünün ana dilini də, türk dilini də eyni dərəcədə dərindən bilən, hər iki dilin şəhdini-şəkərini ağız dadı eləyən şair dostum Baloğlan Cəlil Lənkəranın Zövlə kəndindəndir. Orada müəllim işləyib. İllərdir ki, Ufada yaşayıb-yaradır. Mərhum şairimiz Məmməd Aslan, Məmməd İsmayıl, Qulu Ağsəs və başqaları onun haqqında ürək sözlərini böyük həvəslə qələmə alıblar. Onun adaşı, Əməkdar artist Baloğlan Əşrəfovun talış dilində ifaları da eyi dərəcədə sevilir. Elə bu günlərdə ATV kanalının “Bizimləsən” proqramında istedadlı xanındə Firudin Ağayevin talışca ifası da olduqca xoş təsir bağışladı...

Lənkəranın gözəl binaları çoxdur. Tarix-diyarşünaslıq muzeyinin 100 yaşlı binası isə xüsusilə diqqətçəkəndir. Ötən əsrin əvvəllərində  Mirəhməd xan Talışinskinin həyat yoldaşı Tuğra xanımın şərəfinə tikilib. Sarayın layihəsini adı məlum olmayan fransız memar hazırlayıb. Tarixi sənədlərə görə, 1912-ci ildə Tiflis şəhərində, kübar cəmiyyətə məxsus toplum içərisində Qafqaz gözəli müsabiqəsi keçirilib, bu müsabiqədə gözəl Tuğra xanım birinci yeri qazanaraq qalib olub. Elə  bu qalibiyyətindən sonra da ərindən Lənkəranın ən gözəl yerində özü üçün dünyanın heç bir yerində bənzəri olmayan bir saray hədiyyə istəyib. Beləliklə, qısa vaxtda bənzərsiz saray tikilərək hasilə gəlib. Sarayı sevimli xanımı üçün tikdirib ona hədiyyə edən Mirəhməd xan 1916-cı ildə Fransada fəfat edib. Gözəl Tuğra xanım isə sonra Bakıya köçüb və sovet quruluşunun sərt üzü ilə qarşılaşmalı olub. Ömrünün sonlarında hətta hamamda kisəçi də işləyib. “Qafqaz gözəli” adına layiq görülmüş talış xanıməfəndisinin həyat hekayəsi belə sonuclanıb...

Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov deyir ki, Azərbaycanın multikulturalizm məkanı olması qürurvericidir. Əslində bu keyfiyyət bizim dövlət siyasətimizin tərkib hissəsi və xalqımızın təbii yaşam tərzidir. “Dünya Azərbaycan Prezidenti cənab İlham Əliyevi təkcə irimiqyaslı iqtisadi layihələri həyata keçirməyə qadir lider kimi deyil, həm də müasir şəraitdə mədəni və humanitar problemlərin önəmini dərindən bilən qlobal düşüncəli siyasətçi kimi qəbul edir. Dövlətimizin rəhbəri Azərbaycanın çağdaş aləm üçün təbii olan multikulturalizm siyasətini uğurla həyata keçirir. Ölkəmizdə xeyli vaxtdır ki, bu yöndə məqsədyönlü addımlar atılır.  Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli dünyanın diqqətini çəkir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu bir daha aydın göstərdi. Digər regionlarımız kimi, bizim cənub bölgəsində də əhali arasında milli, etnik ayrı-seçkilik, fərq qətiyyən duyulmur. Hər kəs özünü vahid bir ailənin üzvü kimi hiss edir. İşə qəbulda da, vəzifələrə təyinatda da, fəaliyyəti dəyərləndirmədə də hamı, necə deyərlər, bir gözdə tutulur. Elə bizim sosial-iqtisadi, mədəni-ictimai həyatda qazandığımız uğurların bir səbəbi də budur”.

Xatırlayırıq ki, fevral ayında Lənkəranda “Azərbaycan - tolerantlıq məkanı” möbzusunda ilk elmi-praktik konfrans keçirilib. Multikulturalizm, tolerantlıq, milli və dini dözümlülük kimi məsələlərə işıq tutulub. Rus icması ictimai birliyinin sədri Lidiya Koryaginanın dedikləri, hər kəsin ürəyindən xəbər verib. O bildirib ki, multikuturalizm və tolerantlıq ənənələri xalqlarımızın yaşam tərzindən, tarixi keçmişindən, adət-ənənəsindən qaynaqlandığı üçün təbii şəkildə müsbət atmosfer yaradır.  

Mart ayında təşkil edilən “Bizim gücümüz birliyimizdədir” adlı konfrans da yaddaqalan olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında söyləyib ki, ölkəmizdə etnik qruplar, azsaylı xalqlar azərbaycançılıq məfkürəsi ətrafında sıx birləşərək qarşılıqlı anlaşma, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır, fəaliyyət göstərir və bir-birlərinin dini etiqadlarına ehtiram bəsləyirlər. Artıq dünya da qəbul etməli olur ki, Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikultural ölkəsidir.

Götürək elə martın 17-də ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri çərçivəsində Lənkəranda ictimai konsert proqramı ilə çıxış etməsini. Ulduzlardan ibarət olan bu məşhur vokal pop qrupu musiqi alətlərindən istifadə etmir və bütün mahnılarını “A” kapellada oxuyur. Qonaqların konserti  Lənkəran Mədəniyyət Mərkəzində təşkil edilmişdi və  Lənkəranın birləşmiş uşaq xor kollektivinin ifasında “Azərbaycan” mahnısı ilə başlanıb. ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsi konsertə gələnləri Azərbaycan dilində “Salam, Lənkəran” sözləri ilə salamladıqdan sonra qrup haqqında məlumat verib. Anşlaqla keçən konsertdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir əsl multikulturalizm bayramına çevrilib.

Ötən ay isə Yeni Azərbaycan Partiyası və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib. Tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini- İcra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatları, YAP Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının rəhbərləri, Gənclər Birliyi və Qadınlar şuralarının sədrləri, eləcə də ictimai fəallar iştirak ediblər. Bildirilib ki, Azərbaycanın tərəqqisinin kökündə iqtisadi inkişaf dayanır. Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsi olan bu inkişafı təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkəranda da görmək olar. Diqqətə çatdırılıb ki, ölkəmizdəki tolerantlıq mühiti əsasında duran amillərdən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək lazımdır. Bu gün Lənkəranda ümummilli liderin azərbaycançılıq ideyaları və siyasəti öz bəhrəsini verir. Milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan bütün xalqların nümayəndələri özlərini Azərbaycanın bərabərhüquqlu vətəndaşı hesab edir, hamı möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Lənkəranda multikulturalizmdən söz düşəndə “Nənələr”i xatırlamamaq olmur. 1970-ci ildə rayonun Separadi kəndində doğma bacılar -  Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs tərəfindən yaradılan qrup əvvəlcə “Bacılar”, daha sonra isə “Nənələr” adı ilə tanınıb. Folklor ansamblı 100-ə qədər bayatı və mahnını öz repertuarına salaraq ifa edib. Bunlara misal kimi “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi”, “Bulaq başında”, “Gəlin”, “Kinəlim-kinəlim”, “Maralı göndər bizə”, “Verin bizim gəlini”, “Əllərə xına çəkərlər”, “Yar-yar”, “Can gülüm”, “Bülbüllər oxuyur” və başqa mahnıların adını çəkmək olar. Maraqlı və gözəl ifa tərzi olan qrup ilk olaraq xınayaxdı, paltarkəsdi kimi gəlin məclislərinə dəvətlər alırdı, sonra isə Azərbaycanda məşhurlaşmağa başladı. Müxtəlif tədbirlərə və bayram şənliklərinə dəvət edildi. “Nənələr” adını isə ilk dəfə qrupa 1997-ci ildə Lənkəranda səfərdə olan ulu öndər Heydər Əliyev təklif edib. İfaçılar bu gözəl təklifi bəyənərək dərhal qəbul ediblər. Qrup daha çox “Ay lolo” mahnısı ilə populyarlıq qazanıb. Bu mahnı “Nənələr”in “vizit kartı” sayılır.  

Bölgənin folklorçu ağbirçəkləri Azərbaycanın, eləcə də digər ölkələrin mötəbər səhnələrində uğurlu çıxışları ilə yadda qalıblar. Festivallarda iştirak ediblər. Toy-nişana, digər el şənliklərinə gözəl çıxışları ilə rəng qatıblar.  “Bakı - 2015" Avropa Oyunlarının ölkəmizdə baş tutmasından qəlbən sevinən nənələr ötən il mötəbər idman tədbirinə ifaları ilə dəstək olublar. Oyunlar ərəfəsində qrup “Yaşa Azərbaycan” adlı mahnı yazıb. Hazırda folklor kollektivinin ən gənc üzvünün 48, ən böyüyünün isə 80 yaşı var.

 

Lənkəranda xalq ruhunu yaşadan “Nənələr”dən başqa, “Çölləmə”, “Kinəlim”, “Vənəvşə” folklor və bir neçə rəqs kollektivləri də fəaliyyət göstərir.

...Bu günlərdə Lənkəranın rəngarəng mədəni özəllikləri paytaxt Bakıda bir daha sərgilənib. İyunun 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Bölgələrdən paytaxta” adlı layihənin növbəti təqdimatı “cənub mirvarisi”nə həsr edilib. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun tarixini, mədəniyyətini və adət-ənənəsini əks etdirən sərgi açılıb. Tədbir iştirakçıları Lənkəranın sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, turizm imkanları, mətbəx nümunələri, dekorativ tətbiqi sənət ustalarının əl işləri ilə yaxından tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regional inkişaf  Dövlət proqramlarının icrası sayəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələr bərpa olunub. Regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə baş tutan “Bölgələrdən paytaxta” adlı layihə Azərbaycanın mədəni və tarixi potensial imkanlarından xəbər verir. Belə mötəbər layihənin Azərbaycanın ən dilbər guşələrindən biri olan Lənkəran rayonuna həsr edilməsini yüksək qiymətləndirən nazir, gələcəkdə bu istiqamətdə işlərin davamlı olacağını diqqətə çatdırıb.

Lənkəranın icra başçısı Taleh Qaraşov qonaqları rayon əhalisi adından salamlayaraq bildirib ki, bu inkişaf məhz dövlət başçısının qayğısının nəticəsidir. Belə təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa imkan verir. Tədbirdə Lənkəranın müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub. Maraqlı konsert proqramı təqdim edilib.

İlin sonuna kimi “Multikulturalizm ili” çərçivəsində hələ çox maraqlı tədbirlər keçiriləcək.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında