“Hər qarış torpaq səngər, hər ev alınmaz qaladır...” Cəbhə xəttində

Ordumuzun cəbhədəki aprel zəfərindən sonra  Azərbaycanda, xüsusilə də paytaxt Bakıda xalqı səfərbər edib coşduran savaş ruhu tədricən sakit axara düşmüşdü. Həyat əvvəlki ritminə qayıtsa da, insanlar arasında baş verənlərin müzakirəsi səngimək bilmirdi. Bu müddətdə cəbhə xəttindən gələn xəbərlər daha böyük diqqətlə izlənirdi. Azərbaycan Ordusunun sarsıdıcı həmləsi və bir neçə strateji məntəqəni düşməndən təmizləməsi beynəlxalq aləmi də əməlli-başlı sirkələmişdi. Dünənə qədər erməni işğalçılarının nazı ilə oynayan dünya siyasətinin baş aktorları məsələnin həllini dərhal diplomatik müstəviyə çəkib, münaqişənin sülh yolu ilə nizamlanmasının “vacibliyini” gündəmə gətirdilər. Kövrək atəşkəs əldə olunandan sonra yenidən səbrimizə qısılıb ümidimizi sonu hələ ki görünməyən danışıqlara bağlamalı olduq. Bəs orada, Bakıdan 300-350 kilometr uzaqdan keçən cəbhə xəttində, əsgərlərimizin rəşadətlə qoruduğu səngərlərin bu tayında yaşayan insanların necə, gözləməyə səbri qalıbmı?

 

Burda bütün yollar cəbhə xəttinə gedir

 

Bir yaz sabahı bu düşüncələr içində sualımıza cavab tapmaq üçün Bərdə şəhərində qatardan düşüb birbaşa cəbhə xəttinə getməyə qərar verdik. Bu yerlərə yaxşı bələd olan yol yoldaşım, bölgə müxbirimiz Ziyəddin Sultanovdan cəbhə xəttinin haradan başladığını və ora hansı yolla gedəcəyimizi soruşanda, əlini qarşıda haçalanan yollara uzadıb ağır-ağır dedi: “Bu mahalda bütün yollar cəbhə xəttinə gedib çıxır.” O yollardan birinə varid olub Goranboy rayonuna üz tutduq. İlk kilometrlərdən müharibəni və cəbhə xəttini xatırladan heç nə gözə dəymirdi. Baharın səxavətindən yamyaşıl don geymiş zəmilər, ormanlar, talalar  sanki qonaq qarşılayırmış kimi, ən gözəl libaslarını geymişdilər. Çox keçmir ki, yol ayrıclarında hərbi səhra paltarında əsgər və zabitlər, zirehli hərbi texnika, artilleriya qurğuları sıralanmağa başlayır. Qəribədir, yerli sakinlərin nə yaşlısı, nə yeniyetməsi, nə də uşağı, bizim uşaq vaxtımızdakı kimi onların tamaşasına çıxmamışdı. Ziyəddin müəllim fikrimi oxuyurmuş kimi dillənir: – Qardaş, bu yerlərdə uşaqdan böyüyə hamı belə şeylərə öyrəncəlidir. Nə qədər qəribə olsa da, indi bu bölgədə yaşayan sakinlər üçün təkcə hərbi texnika yox, elə müharibə də adiləşib. Bu ətrafdakı şəhər və kəndlərdə namərd düşmənin hər dəqiqə ölüm gətirən güllə yağışı, top mərmiləri altında doğulan və böyüyən bütöv bir nəsil yetişib, yaşa dolub. Onları heç nə ilə heyrətləndirmək olmur. Bircə, bəlkə sülh və əmin-amanlığa şaşırsınlar. Çünki az qala, 25 illik açıq-gizli müharibədən sonra  sülhə, əmin-amanlığa inanmaq çox çətin olacaq...

Həyata gözəl Qarabağda göz açmış,ömrünü bu bölgələrdə keçirmiş, Qarabağ münaqişəsinin də, müharibəsinin də hər üzünü görmüş həmkarımın bu sözlərindən sonra  ikimiz də Goranboy Rayon İcra Hakimiyyətinin binasına daxil olana qədər danışmadıq. İcra başçısı Nizaməddin Quliyev bizi nə qədər mehriban qarşılasa da əhvalından harasa tələsdiyini  ikimiz də aydın hiss edirdik. Həmkarım bivaxt gəldiyimizi söyləyib üzrxahlıq etmək istəyəndə, Nizaməddin müəllim özü təfsilatı açıqladı:

—Aprel döyüşlərində şəhid olmuş goranboylu  gənc Bəxtiyar  Hüseynov  müdafiə naziri tərəfindən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif olunub. İndi onun mükafatının valideynlərinə təqdim olunması mərasimi başlayacaq.  Çox yaxşı olardı siz də bizimlə birgə bu tədbirdə  iştirak edəsiniz. Sonra oturub ətraflı söhbətləşərik.

Məmnuniyyətlə razılaşıb bir yerdə tədbirə yollandıq. Möhtəşəm görkəmi ilə diqqət çəkən Heydər Əliyev Mərkəzinin iclas salonunda bir dənə də olsun, boş yer yox idi. Bəxtiyarın döyüş yoldaşlarının da oturduqları salonda insanların əhvalına əsgər itkisinin sarsıntısından daha çox, goranboylu şəhidin igidliyinin gətirdiyi şərəf və qürur ruhu hakim kəsilmişdi.

 Nizaməddin Quliyev, sanki, bu hissdən duyğulanaraq salondakılara üz tutur:

– Bu ilin aprelində Azərbaycanın hərb tarixinə qələbə səhifəsi yazan Milli Ordumuzun əsgərlərinin arasında Goranboyda boya-başa çatan mərd oğlumuz Bəxtiyarın olması bizə, doğma torpağımıza, 1992-ci ildən düşmənlə savaşda bir addım da geri çəkilməyən goranboylulara böyük şərəf gətirdi. Bəxtiyarlarımızın aprel zəfəri işğalçı qüvvələrə göstərdi ki, Azərbaycan əsgəri hərb meydanında hələ son sözünü deməyib...

Tribunaya çıxanların hər biri bu ruhdan qidalanmış nitqləri ilə şəhid anasını, nənəsini kövrəltsələr də  birinci Qarabağ savaşının od-alovundan çıxmış Bəxtiyarın babası Rəsul kişini mütəəsir edə bilmədilər. Çöhrəsindəki qürur qarışıq qəzəblə üzünü Müdafiə Nazirliyinin nümayəndəsinə tutaraq dedi: -Bir aprel döyüşü ilə xalqımız, cəbhə xəttində əsgərlərimizin arxasında dayanmış bütün goranboylular silahlı qüvvələrimizin nəyə qadir olduğunu gördülər. Ordu komandanlığı bu gün mənə də etimad göstərərsə şəhidlərimizin qanını almaq, torpaqlarımızı mənfur düşməndən azad etmək üçün Bəxtiyarın yerində əsgər yoldaşlarının sırasında durmağa, onlarla döyüşə atılmağa hər an hazıram... 

Düşmənlə döyüşdə hünər göstərmiş Bəxtiyarın təltif olunduğu medal göz yaşlarını boğa bilməyən anasının sinəsinə taxıldı. Hamı salondakı əsgərlərin sayğı duruşuna baxıb qamətini düzəltdi. Biranlığa düşündük: Bax belə, mərdliyi, igidliyi və cəsarəti ilə ölümsüzlüyə qovuşan qəhrəmana məhz bu duruşla, başınızı uca tutmaqla   ehtiram göstərmək lazımdır. Çünki o, biz əyilməyək, əzilməyək deyə, “Vətən sağ olsun!” , -deyib canını qurban verdi.Vüqarını, qürurunu isə bizə əmanət qoydu...

–Doğrudur, hər belə tədbirdən sonra ata kimi, valideyn kimi daxilən bir qüssə yaşayırsan, – deyə icra hakimiyyətinin başçısı içindəki narahat duyğuları bizimlə bölüşür: Gənc, sağlam və nər bir igidi itirmək adama ağır gəlir. Amma onun xalqının yüzlərlə, minlərlə, on minlərlə nümayəndəsinin təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşaması, ən başlıcası  Vətənimzin amansız düşməndən təmizlənməsi yolunda şəhid olduğunu biləndə  bunun nə qədər böyük qəhrəmanlıq olduğunu dərk edirsən. Baxın, təkcə aprel döyüşlərindən sonra çoxlu sayda itki vermiş erməni vandalları təkcə Goranboya nə qədər ziyan vurublar.

Bunu deyib N.Quliyev masanın üstündəki qoşa vərəqi bizə uzadır. Diqqətlə nəzərdən keçiririk. Müvafiq dövlət strukturlarına ünvanlanan  məlumatda 2 aprel 2016-cı ildən may ayının sonuna qədər Ermənistan silahlı birləşmələrinin intensiv atəşləri nəticəsində rayonun düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqələrinə dəymiş ziyanın miqyası açıqlanır:

Doqquz fərdi ev tamamilə dağılmış, 39 evə qismən, 32 evə az ziyan dəymişdir. 2 yardımçı, 2 iaşə obyekti tamamilə dağılmış, bir iaşə obyektinə qismən ziyan dəymişdir. Tap Qaraqoyunlu kənd uşaq bağçasının, kənd mədəniyyət evinin dam örtükləri zədələnmişdir. Rayonun elektrik, qaz və su təsərrüfatlarına, rabitə xidməti müəssisəsinə, avtomobil yollarına ciddi ziyan dəymişdir.

İcra başçısı məlumatla tanışlığımızı yəqin edəndən sonra dedi:

– Əlbəttə, dağılmış evlərin bərpası, dəymiş ziyanın aradan qaldırılması üçün möhtərəm Prezidentimizin sərəncam və tapşırıqları ilə təxirəsalınmaz tədbirlərə başlamışıq. Fərdi evlərin və sosial obyektlərin bərpası üçün layihələndirmə işləri artıq başa çatmaq üzrədir. Bütün bunlara baxmayaraq, başlıcası odur ki, silahlı qüvvələrimiz bizim, xüsusilə Tap Qaraqoyunlu kəndini daim atəş altında saxlayan strateji məntəqələrin bir çoxunu düşməndən təmizləmişlər. Bunlar elə yüksəkliklər idi ki, düşmən dinc sakinlərə rahat yaşamağa, təsərrüfat işləri ilə məşğul olmağa imkan vermirdi.

Nizaməddin Quliyevlə təkrar görüşümüz iş gününün ikinci yarısına təsadüf etmişdi. Onun  iş qrafikinin  gərgin olduğu bizə bəlli idi. Bura səfərə gələnə qədər bir neçə dəfə icra aparatı ilə əlaqə saxlamışdıq və hər dəfə də cəbhə xəttindəki ərazilərdə olduğunu demişdilər. Əslində, başqa cür də mümkün deyildi. Çünki bu bölgədəki rayon rəhbərlərinin ən vacib vəzifələrindən biri tez-tez cəbhə xəttində yaşayan insanların yanında olmaq, onların problemləri ilə maraqlanmaq və  həllinə kömək etməkdir. Məsələnin psixoloji tərəfi, yəni rayon rəhbərinin simasında dövlətin daim onların yanında olması isə indi daha böyük əhəmiyyət kəsb edir.

 

Yurd yeri qaladır hər bir insana...

 

İcra başçısı ilə xudahafizləşəndən sonra Tap Qaraqoyunluya yol aldıq. Aparatın əməkdaşlarından biri də  bizə yol yoldaşı oldu. Tap Qaraqoyunlu, el içində sadəcə “Tap” deyilən bu qədim yurd yeri 1992-ci ildən bu günə qədər namərd düşmənin açıq-gizlin atəşlərinə dəyanətlə sinə gərir. Düşmən nə qədər cəhd etsə də, suyunu kəsib, evlərini, sakinlərini atəşə tutsa da bu kənddən bir sakinə belə qorxu, təşviş yaşadıb  perik sala bilməyib.

“Qaşaltı” deyilən ərazidən keçəndə aparatın nümayəndəsi böyük fərəh hissi ilə ordumuzun aprel döyüşləri zamanı göstərdiyi şücaətdən söz saldı. Elə buradaca bir məqama, bu döyüşlər zamanı mülki əhalinin ordumuzun əsgər və zabitlərinə göstərdiyi   qayğıya  diqqət çəkdi və bildirdi ki, inanın insanlar bütün varlıqları ilə onlara dəstək olmağa, bütün varlarını belə onlara verməyə hazır idilər. Birinci Qarabağ müharibəsi illərində uşaq olduğunu deyən bu gənc, ancaq yaşlılardan eşitmiş olardı ki, o zaman ölkənin üzdəniraq siyasi xadimləri Milli Ordu quruculuğunu, həmrəyliyi, dövlət xalq birliyini düşünmədən belə, Azərbaycan torpaqlarının böyük bir hissəsini hakimiyyət iddialarına  qurban verdilər. Xalqın qeyrətli oğul və qızları  isə elə o zaman da  öz yurd yerini düşməndən qorumaq üçün canını və bütün varını verməyə hazır idi. Rəşadətlə döyüşən, öz torpaqları uğrunda mərdi-mərdanə şəhid olan Azərbaycan oğulları elə o zaman da az deyildi.

Elə getdiyimiz Tap Qaraqoyunlu kəndinin azmı igid oğlanları bu yurd yerini qorumaq üçün canlarını fəda ediblər?!  İndi Tap Qaraqoyunlu torpağında uyuyan, haqqında dastanlar qoşulan  Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanov elə o illərin cəngavərlərindən deyilmi?! Özlərinin təmir etdikləri iki tankla Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində neçə döyüşdə şücaət göstərib nə qədər düşməni məhv etmişdilər. Orta təhsilli bir aqranom olan Niyazi döyüş yoldaşları ilə Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısını mərdliklə alanda, heç Azərbaycanın Milli Ordusu belə yox idi. Sadəcə, o zaman bu xalqın dahi oğlunu, əvəzsiz siyasi dövlət xadimini amansız bir qısqanclıqla hakimiyyət strukturlarına yaxın buraxmaq istəmirdilər. Ölkə uçuruma yuvarlananda, vəziyyət kritik həddə çatanda xalqın hiddətindən qorxub ambisiyalarını kənara qoydular. Sonrası isə bəllidir...

Söhbətimizin bu məqamında həmkarım “Çatdıq, bu da Tap...”  – deyə dilləndi. Kəndin girişindəcə bizi Goranboy Rayon  İcra Hakimiyyəti başçısının Tap Qaraqoyunlu üzrə icra nümayəndəsi Abbas Allahverdiyev qarşıladı.  Yol kənarında, həyətlərdə yaşlı sakinlərlə yanaşı, dəstək uşaqlar, yeniyetmələr də ilk baxışdan adi bir kənd həyatı yaşamaqdadırlar. Maşından düşüb, aprel döyüşləri zamanı  kəndin düşmənin ağır artilleriya atəşindən dağılmış evlərinə baxmağa yollanırıq. Yaşıl libasa bürünmüş kənddə havadan sanki barıt qoxusu gəlir. Ara -sıra uzaqdan artileriya atəşlərinin səsi eşidilir.  İcra nümayəndəsi səsə diqqət verdiyimizi görüb bildirir ki, işğal altında olan Ağdam rayonu ərazilərində erməni silahlı birləşmələri təlimlər keçirirlər. Həyətlərin dəmirdən olan giriş qapılarındakı saysız-hesabsız dəlmə-deşik diqqətimizi çəkir.  “Düşmən atəşinin nişanələridir” deyə bir ağızdan yanımızdakı müşayiətçilər səs-səsə verirlər. Sonra evlərin damlarına, divarlarına baxırıq. Müharibənin güllə və qəlpə “nişanələrinin” olmadığı yer yoxdur.

Yeni evin bünövrəsi tökülmüş həyətə yaxınlaşıb iş başında olanları uğurlayır və ev sahibi kənd sakini Fəxrəddin Mustafayevə  xeyir-dua veririk. Təşəkkür edib ehtiramla çay süfrəsinə dəvət edir. Söhbət aprel döyüşlərindən və namərd düşmənin dinc sakinləri atəşə tutmasından düşəndə deyir:

– Biz birinci Qarabağ savaşında çox ağır günlər yaşadıq. Saysız-hesabsız düşmən həmlələrini dəf etdik. O zaman xalqı qoruyan nə düz əməlli ordumuz, nə də dövlətçiliyimiz vardı. Bir qarış torpağımızı da düşmənə vermədik. İndi şükür Tanrıya, güclü ordumuz, möhkəm dövlətimiz və çox ağıllı, tədbirli və qətiyyətli Prezidentimiz var. Aprel döyüşlərində işğalçı qüvvələr bunu çox aydın gördülər. Başa düşdülər ki, bizi heç nə ilə qorxuda bilməzlər. Namərdcəsinə evlərimizi, məktəbləri, bağçaları atəşə tutub dağıtsalar da, dövlətimiz  arxamızdadır, Prezidentimiz bizi taleyin ümidinə buraxmır. Dərhal dağılmış evlərin bərpasına, dəymiş ziyanın ödənilməsinə sərəncam verdi və görürsünüz ki, bizə əvvəlkindən də yaxşı evlər tikilir...

Bir qədər aralıda  top atəşindən dağılmış evdə də sürətlə bərpa işləri gedir.  İcra nümayəndəsi deyir ki, mərmi  evin bir tərəfini tamam dağıtmışdı. Şükürlər olsun ki, sakinlərə elə bir xələl gəlməmişdir. Ev sahibi Suğra xanım Əhmədova özü bizə yaxınlaşır. Əllərini göyə qaldırıb dövlət başçısına alqış deyir, ordumuza uğurlar diləyir ki, axır bu namərdlərə yaxşı bir dərs verdilər: “Ev dağılıb tikilər. Amma yurd yerini yağıya saxlamaq olmaz. Torpaqlarımızın az bir hissəsi geri alınsa da, bunun sayəsində indi atəş səsləri bir az səngiyib”...

Milli Qəhrəman Niyazi Aslanovun adını daşıyan məktəbin yanından keçəndə ehtiram əlaməti olaraq, şəhidimizin  məktəbin həyətində ucaldılmış abidəsini ziyarət edirik. Elə bu məqamda Abbas Allahverdiyev bayaqdan yanımızca gəzən pəhləvan cüssəli oğlanı göstərib deyir:

– Niyazinin oğludur, Həzi Aslanov.

– Məgər onlar kənddə yaşayırlar ki? – deyə, ixtiyarsız sual veririk.

Bəlkə də yersiz səslənən bu sualımızın cavabı özünü çox gözlətmədi. Həzi ciddi bir səslə dedi:  

– Atam bu torpaq uğrunda ona görə şəhid olmayıb ki, biz gedib cəbhə xəttindən uzaqda yaşayaq...

Xahiş etdik ki, bizi Milli Qəhrəmanın yaşadığı evlə tanış etsinlər. Evləri kəndin yuxarı başında, cəbhə xəttinə ən yaxın yerdə olduğu üçün maşınla gedəsi olduq. Darvazanı üzümüzə baxışlarından cəsarət yağan bəstəboy bir qadın açdı. Milli Qəhrəmanın həyat yoldaşı, Həzinin anası Rübabə xanımdır, – dedilər. Başqa cür gözləmirdim də. Evin cəbhə xəttinə baxan qapısı, pəncərəsi, darvazası, damı sanki amansız döyüşlər zamanı səngər olubmuş. Hər tərəf müharibə nişanəsi idi. Hətta namərd erməni güllələrindən biri indi də Həzinin yataq otağının qapısına sançılıb qalır. Yəni, bu yurdda həyatla ölüm göz-gözə durur.  Rübabə xanımdan ehmalca soruşuruq: “Qorxmursuzmu  belə şəraitdə yaşamaqdan?”

– Oğlum, yəqin orta məktəbdə oxuyanda dərsliklərdə belə bir atalar məsəlinə rast gəlmisiniz: Qorxaq yüz dəfə ölər, igid bir dəfə. Doğrusu, 1992-ci ildə Niyazi döyüşə gedəndə çox narahat olurdum. Ordumuz yox, dövlətimiz bir qrup naşının əlində, ölkə xaos içində. Niyazinin son əməliyyatını xatırlayıram.  Onların dəstəsi rayonun  çox böyük strateji əhəmiyyətə malik “Yaltaxılı” deyilən yüksəkliyini çevik bir əməliyyatla ələ keçirmişdilər. Yuxarılara nə qədər yalvar-yaxar etdilər ki, kömək göndərin, buranı əldən vermək olmaz. Amma kömək olmadı. İndi həmin yüksəklik  erməni silahlı birləşmələrinin mühüm strateji məntəqəsinə çevrilib. Tap Qaraqoyunlunu da əsasən bu yüksəklikdən  atəşə tuturlar.

İndi elə deyil. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra hər şey dəyişdi. Heydər Əliyevin varisi hörmətli Prezidentimiz İlham Əliyev də onun siyasətini böyük qətiyyətlə davam etdirdi və Azərbaycanda çox güclü, müasir  bir ordu qurdu. Nəticə göz qabağındadır.

Bu kənd Qarabağ müharibəsində bu günə qədər 38 şəhid verib. Amma bir qarış torpağımızdan keçməmişik. Mən öz şagirdlərimə də, oğlanlarıma da deyirəm, bu torpağın hər qarışı bizim səngərimiz, hər ev bizim alınmaz qalamız olmalıdır.  Erməni işğalçıları aprel döyüşlərindən sonra yəqin başa düşürlər ki, çox yaxın vaxtlarda onlar bu torpaqlardan çıxarılacaqlar...

Rübabə xanımla söhbətimiz bizə son dərəcə böyük qürur yaşatdı. Elə bu duyğularla da Milli Qəhrəmanın evindən ayrılıb icra nümayəndəsi Abbasgilə yollanırıq. Ciddi ziyan dəyən, dağıntıya məruz qalan evlərdən biri də onun evidir. Atəş zamanı bu evə bir minaatan, bir top mərmisi düşüb. Amma ailə üzvləri vaxtında təhlükəsiz yerə köçürüldüyündən heç kimə xətər dəyməyib.

Kənd həyatının indiki vəziyyəti, sakinlərin təsərrüfat işləri ilə maraqlanırıq. A.Allahverdiyev deyir ki, Tap Qaraqoyunluda 800 təsərrüfat, 640 ev var. Hazırda kənddə üç mindən yuxarı əhali yaşayır. Gərgin keçən aprel döyüşləri zamanı kənddən bir dinc sakin yaralanıb. İndi əsas diqqət dağılmış evlərin, sosial obyektlərin bərpasına yönəlib.  Təsərrüfatlarda da işlər öz qaydasında gedir.

Qarşıdan yay gəlir və təsərrüfatların suvarma suyuna böyük ehtiyacı olacaq. Su mənbələri kəmfürsət ermənilərin əlində olduğundan meydana çıxacaq problemlərin həlli üçün rayon rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlər görülür.

Rayonda da kənd təsərrüfatı, tikinti, quruculuq və abadlıq işləri də əvvəlki axarı ilə davam edir. Hazırda əsas diqqət cəbhə xəttindəki vəziyyətlə yanaşı, kənd təsərrüfatı sahəsində mövsümi işləri yüksək səviyyədə həyata keçirməkdir. Təsərrüfat işləri ilə bağlı aldığımız məlumatlarda göstərilir ki, nəzərdə tutulmuş 500 hektar sahənin 400 hektarında meyvə bağları salınmış, 2 min hektarda pambıq səpini aparılmış, 12 hektar sahədə tütün əkilmişdir.

Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması da son illər sürətlə həyata keçirilən işlər sırasındadır. Hazırda yaşayış məntəqələrinin qazlaşdırılması rayon ərazisinin 90 faizini əhatə edir.

Vacib məsələlərdən biri də su qıtlığı səbəbindən rayonun istifadəsiz qalmış torpaq sahələrinin əkilib becərilməməsidir. Bu problemi aradan qaldırmaq üçün artıq Şəmkir maşın kanalının rayon ərazisindən keçən hissəsinin tikintisi aparılır. Bu kanal istifadəyə verildikdən sonra əlavə 17 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq, yeni-yeni fermer təsərrüfatlarının yaradılmasına geniş imkanlar açılacaq.

...Əlbəttə, məramımız rayonun sosial-iqtisadi inkişafı haqqında material hazırlamaq olmadığı üçün, bu sahəni geniş əhatə etmədik. Lakin aydın gördük ki, quruculuq, tikinti və abadlıq işlərində, məhsul istehsalı sahəsində rayonda  böyük uğurlar əldə olunub. Müşahidələrimizdən bir gerçəyi də dərk etdik ki, cəbhə xəttində yerləşən rayonda görülən işlər, həyata keçirilən tədbirlər ön cəbhədəki səngərlərimizdə mətin dayanmış, düşmənin istənilən təxribatına layiqli cavab verən Milli Ordumuzun əsgər və zabitləri ilə yanaşı, həm də burada yaşayan mərd və cəsur insanların sayəsində mümkün olmuşdur. Qulaqları atəş səslərinə, burunları barıt qoxusuna alışmış bu insanlar son 24 ildə bir qanunauyğunluğu dərindən dərk ediblər ki, Vətən dediyimiz yurd yerində “hər qarış torpaq səngər, hər bir ev alınmaz qala olmalıdır”. 

İlqar RÜSTƏMOV,
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”

Bakı–Goranboy–Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında