Abşeron: Birincilər sırasında qətiyyətlə addımlayan bölgəmiz

Abşeron təbiəti nağıllar aləminə bənzəyir. Və bu aləm yaşından asılı olmayaraq uşaqdan böyüyə, hər kəsi asanlıqla öz cazibəsinə salır. Şübhəsiz, bu cazibənin nəticəsidir ki, azman söz adamları, nəhəng rəssamlar öz duyğularını kağıza və kətana köçürərək, hərəsi özünün “Abşeron nağılı”nı yaradıb. Amma bütün bunlarla bərabər, Abşeronun sosial-iqtisadi və mədəni həyatına yeni nəfəs verən, onu müasir Azərbaycanın gerçəklikləri ilə ayaqlaşdıran insanlar da var. Heç şübhəsiz ki, onların əməyi, zəhməti hörmət və ehtirama layiqdir. Burada söhbət, əlbəttə, Abşeron yarımadası ilə eyniadlı rayondan gedir. O rayondan ki, son illər özünün hərtərəfli inkişafı ilə ölkəmizin ən abad və yaraşıqlı bölgələrinin birincilərindən olmuşdur.

Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, rayonda bu inkişaf və tərəqqi eyni qətiyyətlə indi də davam etdirilir. 2016-cı ilin ötən dövrünün statistik təhlilini aparanda bu fikrin reallıqla necə uzlaşdığına şahid olmaq mümkündür.

Bu yaxınlarda rayonun ən iri yaşayış məntəqələrindən olan Hökməli qəsəbəsində yeni uşaq bağçası-körpələr evinin açılışı keçirilirdi. Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova maraqlı bir məqama toxundu. O, son vaxtlar şəhidlərin izdihamlı dəfn mərasimlərini xatırladaraq bildirdi ki, uşaq evinin belə kövrək və həssas məqamda istifadəyə verilməsi daha da anlamlıdır, çünki şəhid qanı ilə yoğrulmuş Vətən torpağının gələcək taleyinin sahibi olan bu körpələr və onların yüz minlərlə həmyaşıdı necə müqəddəs bir dəyərə sahib olduqlarını anlamalı və yaddaşlarına əbədi həkk etməlidirlər. Bəli, nəsillər arasında əlaqə, uğurla davam etdirilən estafet bu gün, bəlkə də, həmişə olduğundan qat-qat vacibdir.

 İndi də 2016-cı ilin geridə qalan dövründə rayonda görülmüş işlərə  qısaca da olsa nəzər yetirək. Qeyd etmək lazımdır ki, bu dövr ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Hacı Zeynalabdin Tağıyev, Qalubiyyə küçələrinin abadlaşdırılması işləri həyata keçirilmiş, Misir Dostluq Parkı yenidən qurulmuşdur. Saray və Aşağı Güzdək qəsəbələrinin küçə və parklarında daxili imkanlar hesabına abadlıq işləri həyata keçirilmişdir. Yol infrastrukturunun bərpası və inkişafı davam etdirilmişdir.  Bu məqsədlə rayonun yaşayış məntəqələrində daxili yollara 29308 kubmetr qrabil tökülərək yayılmış, 33942 kvadratmetr sahə asfaltlanmış, 4220 paqonometr səki daşı düzülmüş, piyada səkilərinə 1052 kvadratmetr tamet döşənmişdir. Ötən müddət ərzində rayonun yaşayış məntəqələrində 20 min ədəd ağac və gül kolları əkilmişdir. Yaşayış məntəqələrində 15 ədəd yeni transformator quraşdırılmış, 2 ədəd yanmış transformator bərpa edilmiş, 421 ədəd dayaq və 35480 metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 44 min metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır.

 Həmçinin bu müddət ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 3900 metr yeni içməli su xətləri çəkilmiş, 976 metr korroziyaya uğramış xətt dəyişdirilmiş, 242 ədəd su sayğacı quraşdırılmış, 15 ədəd müxtəlif markalı nasos təmir edilmiş, eləcə də 450 metr kanalizasiya xətləri yenilənmişdir. Görədil kəndi, Saray bağ massivi və Digah qəsəbəsi ərazilərində tikinti təşkilatları tərəfindən layihə üzrə inşası yarımçıq qalmış quraşdırma işləri davam etdirilmişdir. Eyni zamanda, yaxın vaxtlarda Digah qəsəbəsində və Fatmayı kəndində kanalizasiya sisteminin yenilənməsi işləri də davam etdiriləcəkdir.

Qeyd etmək lazımdır ki, ilin ötən dövründə də rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, sosial problemlərinin həlli məsələləri rayon rəhbərliyinin diqqətində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə müvafiq qurumların rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkarlar da daxil edilməklə, 27 nəfərdən ibarət rayon qərargahı yaradılmışdır. Eyni zamanda, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin 7 nəfərdən ibarət Apellyasiya Şurası və Şuranın 3 nəfərdən ibarət katibliyinin tərkibi təsdiq olunmuşdur.

Ötən müddət ərzində Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, Rayon Təmir Abadlıq İdarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanmış, rayonun küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, Xırdalan şəhərində təmir olunacaq beş çoxmənzilli yaşayış binası müəyyən edilmişdir. Abadlıq, quruculuq işləri və mənzil təmiri ilə əlaqədar 311 nəfər rayon sakini artıq işlə təmin olunmuşdur.

Ümumilikdə, 2016-cı ilin ötən müddəti ərzində dövlət qurumları və özəl müəssisələr üzrə rayonda 780 yeni iş yeri yaradılmış, 1 aprel 2016-cı il tarixə 606 nəfər rayon sakini işlə təmin edilmişdir. Bundan əlavə, yaxın günlərdə rayon ərazisində istehsal, emal, ticarət, xidmət və digər sahələr üzrə bir çox özəl müəssisələrin fəaliyyətə başlaması və 620-dək əlavə yeni iş yerlərinin açılması gözlənilir. Rayonun Pirəkəşkül kəndi ərazisində Sahibkarliğa Kömək Milli Fondunun xətti ilə illik gücü 18 milyon ədəd damazlıq yumurta, 1080 ton ət olan və 140 nəfər işçinin işlə təmin olunacağı “Azərquşçuluq” MMC və illik gücü 19,7 milyon ədəd damazlıq yumurta istehsalı olan 84 nəfər işçinin işlə təmin olunacağı “Aqropol” MMC müəssisələri üçün bina tikintisi davam etdirilir. 2016-cı ilin 3 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 6 investisiya layihəsi üçün 6 milyon 135 min manat güzəştli kredit verilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən Abşeron rayonunun mövcud iqtisadi potensialı nəzərə alınmaqla rayon ərazisində istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilmişdir. Bu layihələrin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən qanunvericilıiyə uyğun olaraq güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. İstixanalar və zeytunçuluq təsərrüfatlarının yaradılması məqsədilə artıq Aşağı Güzdək qəsəbəsində 100 hektar, keçmiş Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində 50 hektar torpaq sahəsi müəyyən olunmuşdur.

Cari ilin birinci rübündə rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 21,7 milyon manata çatmışdır. Sənaye müəssisələrində işləyənlərin sayı 6110 nəfər olmuş, çalışan işçilərin orta aylıq əmək haqqı 386 manat təşkil etmişdir. Ötən illərdə olduğu kimi, 2016-cı ildə də ölkə Prezidentinin tapşırığı ilə kənd təsərrüfatının inkişafına xüsusi önəm verilməkdədir.

Rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox – 377 hektar sahədə tərəvəz əkilmişdir. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 20498 başa, davarın sayı 106538 başa, quşların sayı isə 986 min başa çatmışdır. Hesabat dövrü ərzində 624 ton ət, 7556 ton süd istehsal olunmuş, yumurta istehsalı isə 22 faiz artaraq 44 milyon ədədə çatmışdır.

Ölkə Prezidenti tərəfindən verilən tapşırıqların əsasını rayon və şəhərlərdə dotasiyalardan asılılığın minimuma endirilməsi təşkil edir. Artıq 5 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. İlin ilk üç ayı ərzində Abşeron rayon büdcəsinin yerli gəlirlər proqnozu 6 953 394 manata qarşı 7 155 477 manat və ya 102.9 faiz yerinə yetirilmiş, nəticədə büdcəyə nəzərdə tutulduğundan 202 min manat əlavə vəsait daxil olmuşdur.

Abşeron Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2016-cı ilin 3 ayı ərzində 440 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində cari ilin 3 ayı ərzində 255 nəfərə pensiya təyinatı aparılmış, pensiyaçıların sayı 21383 nəfərə çatmış, rayon üzrə orta pensiyanın məbləği 191 manat təşkil etmişdir. Hesabat dövründə rayon üzrə əmək haqqı, pensiya və müavinətlərin vaxtında və plastik kartlarla ödənilməsi təmin edilmişdir.

Rayon iqtisadiyyatının bütün sahələrini əhatə etməklə muzdla işləyənlərin orta sayı 23754 nəfər olmuş, bundan 11548 nəfəri dövlət, 12206 nəfəri isə qeyri-dövlət sektorunu əhatə etmişdir. Aztəminatlı insanlara diqqət və qayğı ənənəsi ilin birinci rübündə də davam etdirilmişdir. Rayon icra hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan 73 şəhid ailəsi, əlil və imkansıza 18 min manat yardım göstərilmişdir. Qeyd edək ki, həmişə olduğu kimi, müvafiq dövrdə də Abşeronda məskunlaşmış 10654 məcburi köçkün ailəsinin qayğıları diqqət mərkəzində saxlanılmışdır.

Rayonun səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülmüşdür. Dövlət vəsaiti hesabına Hökməli qəsəbəsində 6 qrupluq uşaq bağçası-körpələr evinin tikintisi başa çatmış və yazının əvvəlində də qeyd edildiyi kimi, rayon rəhbərliyinin iştirakı ilə açılış mərasimi keçirilməklə istifadəyə verilmişdir. Xırdalan şəhəri ərazisində və şəhərin 26-cı məhəlləsində, Aşağı Güzdək qəsəbəsində, Masazır və Novxanı kəndlərində 6 qrupluq uşaq bağçası-körpələr evinin tikintisində isə son tamamlama işləri görülməkdədir. Bundan əlavə, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində, Ceyranbatan, Saray, Mehdiabad qəsəbələrində, Fatmayı, Novxanı, Pirəkəşkül, Görədil kəndlərində körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir.

Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, respublikanın hər yerində olduğu kimi, 2016-cı ilin fevral ayından abşeronluların tibbi müayinəsinə başlanılmış və  86612 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Müayinənin nəticəsi olaraq 956 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 251 nəfər isə stasionar müayinə və müalicəyə göndərilmişdir.

Qeyd edək ki, bu müddətdə mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılmış, “20 Yanvar”, Xocalı faciəsi və “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, əlamətdar günlərdə və bayramlarda tədbirlər keçirilmişdir.

30 yanvar 2016-cı il tarixdə Rayon Mədəniyyət evində Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Abşeron rayon ictimaiyyəti ilə görüşü, 29 fevral 2016-cı il tarixdə Akademik Milli Dram Teatırında Abşeron İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bölgələrdən paytaxta” layihəsi cari ilin birinci rübü ərzində həyata keçirilən ən yaddaqalan tədbirlərdəndir. Xüsusilə “Bölgələrdən paytaxta” layihəsi Abşeron rayonunun sosial-iqtisadi nailiyyətlərinin, mədəniyyətinin, tarixi adət və ənənələrinin təbiği və tanıdılması baxımından çox əhəmiyyətli olmuşdur.

Gənclər günü, Beynəlxalq Qadınlar günü , Novruz bayramı ilə bağlı keçirilən tədbirlərdə respublikanın tanınmış musiqiçilərinin və rayonun özfəaliyyət kollektivlərinin əhali qarşısında rəngarəng çıxışları təşkil olunmuşdur. Novruz bayramı zamanı Heydər Əliyev adına parkda keçirilmiş ümumrayon tədbirində təhsil müəssisələri kollektivlərinin əl işlərindən ibarət sərgilər təşkil edilmişdir. Novruz bayramı ərəfəsində Abşeron rayonun ictimaiyyət nümayəndələri ilə rayonun Pirəkəşkül kəndi ərazisində yerləşən “N” saylı hərbi hissəsində əsgərlərlə görüş keçirilmiş və onlara bayram sovqatı aparılmışdır. Eyni zamanda, Bakı şəhərində Dənizkənarı Milli Parkda keçirilmiş respublika səviyyəli Novruz tədbirində təsviri və dekorativ-tətbiqi sənət sərgisində rayonun sənətkarları öz əl işlərini nümayiş etdirmiş, kulinarlarlarımız tərəfindən rayonumuzun özünəməxsus milli mətbəx nümunələri təqdim edilmişdir.

Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyinin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır. Abşeron  gəncləri 1 respublika gənclər tədbirində, 4 beynəlxalq və 11 respublika idman yarışlarında iştirak etmişlər. İdman yarışlarında gənclərimiz 62 medal, o cümlədən 34 qızıl medal qazanmış, bunlardan da 55-i Respublika yarışlarında, 7-si isə beynəlxalq yarışlarda əldə edilmişdir.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 2016-cı ilin 24-27 mart tarixlərində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi ölkəmizin cənub bölgəsinə səfər etmişlər... Abşeron rayonunda əhalinin  sayı barədə rəsmi rəqəmlər mövcud olsa da,  dəqiq məlumat demək olar ki, yoxdur. Sadəcə, bu məlumatın dəqiqliyi mümkünsüzdür. Çünki ölkəmizin , demək olar ki, bütün bölgələrindən insanlar buraya üz tuturlar, gün-güzəranlarını bu rayonda qururlar. Əhalinin real sayı rəsmi rəqəmlərdən, az qala, iki dəfə çoxdur. Bunun da kökündə dayanan əsas səbəb, sözsüz ki, burada yaradılan əlverişli şəraitdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında