Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər

Aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər” mövzusunda bölmə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın moderatoru Sülh Naminə Dinlərin Dünya Konfransının baş katibi Villiam F.Vendli Forumun əhəmiyyətini və burada müzakirə olunan məsələlərin vacibliyini qeyd edib. O bildirib ki, iclasın əsas məqsədi ekstremizmin qarşısının alınması üçün atılacaq addımların müəyyən edilməsidir. Villiam F.Vendli dini icmaların öz səylərini birləşdirərək dini ekstremizmlə mübarizə aparmalarının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, dinlər özlüyündə sülhə yönəlmiş yanaşma əks etdirir. Dünyada sülh ideyası daha geniş yayılmalıdır. Hər bir dini icma öz xüsusiyyətini saxlamalı və yaxşı cəhətlərini digərləri ilə bölüşməlidir. 

Villiam F.Vendli bildirib ki, Forumda bir çox dini icma rəhbərləri bir araya gələrək dini ekstremizmlə mübarizə yollarının tapılmasında səylər göstərirlər. Müvafiq çətinlikdən çıxmaq üçün bərpaedici tədbirlər araşdırılır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bugünkü Forumun dünyada sülhün və əmin-amanlığın, multikulturalizmin, mədəniyyətlər və sivilizasiyalar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Şeyxülislam bildirib ki, dünyanın siyasi, iqtisadi və dini zəmində narahat gündəm yaşadığı bir dövrdə BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumunun Bakıda keçirilməsi əlamətdar hadisədir. Çünki tarixən çoxmillətli və çoxkonfessiyalı bir ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramının və qarşılıqlı ehtiram məfkurəsinin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlər boyu dinc yanaşı, bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Biz hesab edirik ki, müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsipləri ilə yanaşı, Azərbaycanın uğurlu birgəyaşayış modelindən istifadə etmək məqsədə müvafiq olardı.

Azərbaycanda daxili sabitliyin mövcud olduğunu deyən Allahşükür Paşazadə burada siyasi iradənin böyük önəm daşıdığını söyləyib. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesinin müəllifidir. Prezident İlham Əliyev 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin təşəbbüskarıdır. Bakı artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dünya Dini Liderlərinin Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.

Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik vətəndaşlar dövlətin diqqətini, maddi və mənəvi qayğısını, himayəsini eyni dərəcədə hiss edirlər. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər dövlətimizin dəstəyi ilə təmir və bərpa olunur, yeniləri inşa edilir. Dövlətimizin başçısı müxtəlif dini ibadətgahları bayram və mərasimlər zamanı ziyarət edir, dini icmaların istək və arzularına qayğı ilə yanaşır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri diqqətə çatdırıb ki, ekstremizm təzahürlərini önləyə biləcək multikultural həyat tərzini Azərbaycan dövləti bir daha qloballaşan dünyaya təqdim edir.

İran Qadın Həmrəylik Assosiasiyasının baş katibi Fatimə Haşemi Rəfsəncani zorakılığa qarşı mübarizədə dünyada hər kəsin səfərbər olmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, dini şüar altında törədilən zorakılıqlara qarşı mübarizə aparılmalıdır. Dinlər arasında fərqlər olmasına baxmayaraq, onları sülh, dostluq, əməkdaşlıq bağlayır.

Dini ekstremizmlə mübarizədə medianın rolundan danışan Fatimə Haşemi Rəfsəncani deyib ki, onlar bu baxımdan insanların biliklərinin artırılmasında üstünlüyə malikdir. Qeyd edilib ki, din insanlar arasında zorakılığa gətirib çıxarmamalıdır.

Abuja Baş yepiskopu Kardinal Con  Onaiyekan birgə yaşayışın müasir dünyamızın reallığı olduğunu söyləyib. O, insanlara bir arada yaşamağa cəhd etməyi tövsiyə edib. Elə bir inklüziv cəmiyyət yaradılmalıdır ki, insanlar özlərini bərabər hiss etsinlər. Azlıqları qəbul etmək və başa düşmək lazımdır. Yığcam qruplar tanınmalıdır, onlara hörmətlə yanaşılmalıdır.

Zorakı dini ekstremizmə qarşı mübarizənin vacibliyindən söz açan Kardinal Con Onaiyekan bütün cəmiyyətlərin bu sahədə olan şüur səviyyəsinin artırılmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, hər kəsin seçiminə hörmətlə yanaşılmalıdır. İnsanlar azad şəkildə seçimlərini etməlidirlər.

Forumun mövzusunun önəmini qeyd edən Al-Azhari Universitetinin professoru Kamal Boraiqa Abdelsalam ekstremizmlə mübarizədə dini liderlərin ata biləcəyi praktiki addımlar haqqında danışıb. O bildirib ki, hazırda dünyada çox gərgin vəziyyət mövcuddur. Cəmiyyətlərdə sülhün bərqərar olmasının əhəmiyyəti vacibdir.

Kamal Boraiqa Abdelsalam zorakı hallarla mübarizə üçün görülən işlərdən söz açaraq qeyd edib ki, din xadimləri bu sahədə öz məsuliyyətlərini hiss etməlidirlər. O, insanlar arasında müxtəlifliyin qaçılmaz olduğunu deyib.

Sonra Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini qurumların rəhbərləri çıxış edərək ölkəmizdə tolerantlıq sahəsində görülən işləri yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, Azərbaycan müxtəlif dinlərə mənsub insanların yaşaya biləcəyi ən gözəl ölkədir. Ona görə ki, burada yaşayan azsaylı xalqlar Azərbaycanın tamhüquqlu vətəndaşlarıdır və bu, heç bir ölkədə yoxdur. İstər sünnülərin, istərsə də şiələrin bir yerdə vəhdət namazı qılmaları Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiq edir.

İclas işini mövzu ətrafında müzakirələrlə davam etdirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında