Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzanmasından daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkirlər

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 14-də Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Volker Beressheimlə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırmaqla bu əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. O, həmçinin bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməyə görə Almaniya hökumətinə təşəkkürünü ifadə edib.

Ermənistanın hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti və onların sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər və digər məsələlər barədə ətraflı söhbət açılan görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi və səbəbləri, Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində yürütdüyü siyasət, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində problemin hələ də həllini tapmaması, ATƏT-in Minsk qrupunun, eləcə də bəzi nüfuzlu beynəlxalq təşkilatların problemin həllinə loyal münasibət bəsləmələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Əli Həsənov bildirib ki, çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Hazırda postsovet ölkələrində yaşanan münaqişələri keçmiş SSRİ rəhbərliyi sonradan həmin problemlərdən istifadə edərək respublikaların daxili işlərinə müdaxilə edə bilmək üçün yaratmışdı.

Bu gün həlli çətinləşmiş Dağlıq Qarabağ problemi də onlardan biridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə görülən işlərdən söz açan Baş nazirin müavini deyib ki, münaqişənin tənzimlənməsi üçün bütün beynəlxalq təşkilatlar sənədlər qəbul ediblər. Lakin Ermənistan tərəfi həmin sənədləri icra etmir. Yəni, heç bir beynəlxalq qurum qalmayıb ki, bu problemə münasibət bildirməsin, amma təəssüf ki, problem həll olunmur. Bu gün dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə nüfuz baxımından ATƏT-dən yuxarıdadır. Əgər onlar icra olunmasa, onda ATƏT nə edə bilər?!

Azərbaycanın müstəqilliyin bərpasından sonra qapılarını bütün dünyaya açdığını və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Əli Həsənov bildirib ki, Avropa bunun qarşılığında münaqişənin həlli üçün ciddi səy göstərmir. “Biz bütün dünyadan yalnız münaqişənin həll edilməsini istəyirik. İstək olsa bu problemi danışıqlar yolu ilə həll etmək mümkündür. Bu münaqişənin həlli ilə bağlı beynəlxalq qurumların qətnamələrinin icrası üçün Ermənistana ciddi təzyiq göstərilməlidir. Nə üçün bizim problem həll olunmur? Ancaq bu suala heç kim cavab verə bilmir.

Bu gün dünyada insan hüquqlarının qorunmasından danışanlar özləri insan hüquqlarını pozurlar və bizə də demokratiya, insan hüquqlarının qorunmasından dərs keçmək istəyirlər. Azərbaycanın 1 milyon 200 min insanı 23 ildir ki, qaçqın, köçkün vəziyyətindədir. Onların günahı nədir? Bəs bu insanların hüquqları pozulmur?

Onlar bu gün Ermənistana təzyiq göstərməlidirlər ki, bizim ərazilərimizi boşaltsın, beynəlxalq qurumların qəbul etdiyi qətnamələri icra etsin. Onlardan fərqli olaraq Azərbaycan bütün beynəlxalq qurumların qəbul etdiyi qərarlara hörmətlə yanaşır və onları icra edir. Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar", - deyə Baş nazirin müavini vurğulayıb.

Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini, beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran Əli Həsənov dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün müasir standartlara cavab verən qəsəbələrin inşa edildiyini vurğulayaraq deyib: “2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Hazırda bu göstərici 5 faiz səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Bütün bunlar Azərbaycan Prezidentinin gördüyü konkret işlərin nəticələridir. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur”.

 Əli Həsənov görüşdə aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində baş verən hadisələr barədə də məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu erməni təxribatlarının layiqli cavabını verdi: “Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Hətta Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasında çıxışında humanistlik edərək bildirdi ki, biz istəmirik erməni analarının da göz yaşı tökülsün. Son hadisələr göstərdi ki, əgər belə davam edərsə, Azərbaycan beynəlxalq hüquqa söykənərək öz torpağını özü azad edəcək. Beynəlxalq hüquq ölkəmizin öz ərazilərini azad etməyə əsas verir. Bu, bizim haqqımızdır. Dünyanın yeganə ali orqan olan BMT qətnamə qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək”.

Ətraflı məlumata görə minnətdarlığını bildirən almaniyalı diplomat Azərbaycanın sürətli inkişafından, burada gördüyü səmimi münasibətdən məmnunluğunu ifadə edərək, Azərbaycan hökuməti tərəfindən alman irsinə xüsusi diqqət göstərildiyini yüksək dəyərləndirib. Qonaq, həmçinin vurğulayıb ki, Almaniya Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirir.

Diplomat deyib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu mövqe daimidir və dəyişməzdir: “Biz də Azərbaycan kimi beynəlxalq təşkilatların daha fəal işləməsinin tərəfdarıyıq. Ümid edirik, beynəlxalq təşkilatlar mövcud münaqişələrin və problemlərin həllinə töhfə verə biləcəklər”.

Beynəlxalq təşkilatların fəallığının son dövrdə zəiflədiyini vurğulayan diplomat BMT Təhlükəsizlik Şurasının və digər qurumların qətnamələrinin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda nizamlanmasının vacibliyini vurğulayan Volker Beressheim qeyd edib ki, bu problem həll olunmadan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyil. O, həmçinin bildirib ki, bu gün bu problemin həll edilməsi üçün yalnız siyasi iradə və istək lazımdır. Bütün dünya bu münaqişədən əziyyət çəkən məcburi köçkünlərin taleyini fikirləşməlidir.

Səfirin fikirlərinə münasibət bildirən Baş nazirin müavini bildirib ki, həqiqətən bu gün çatışmayan siyasi iradədir. Bu gün beynəlxalq aləmdə bu siyasi iradəni ortaya qoyan yoxdur. Ermənistanda yerli əhali də bu münaqişədən yorulub və onun həll edilməsini, münasibətlərin normallaşmasını istəyir. Biz də bunu istəyirik. Çünki bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətində daha nə qədər yaşaya bilər?! Ermənistanın indiki hakimiyyəti məhz bu münaqişədən istifadə edərək iqtidara gəlib. Ona görə də münaqişənin həll edilməməsinin əsas səbəbkarları Ermənistanın cinayətkar rəhbərliyi, erməni diasporu, Eçmiədzin kilsəsi və onların xarici havadarlarıdır. Bu dövlətin müstəqil mövqeyi yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında