Vətən sizi unutmayacaq

Gəncənin Bayraq Meydanına Azərbaycan Ordusuna dəstək olan minlərlə gənc toplaşmışdı. Meydan bir daha Azərbaycan gəncliyinin gücünün, birliyinin nümayişinə, Vətənin hər çağırışına müsəlləh olmağın gözəl bir nümunəsinə çevrilmişdi. Buradan yüksələn birlik şüarları, ordumuza dəstək nidaları Azərbaycanın qüdrətli bir dövlət olduğunu, onun uğrunda şəhid olmağa hazır vətənpərvər övladların birlik nümayişinə çevrilmişdi.

Hamının bir ağızdan oxuduğu dövlət himni Azərbaycan üçün canından keçməyə hazır olan, üçrəngli bayrağı yüksəltməyə qadir gəncliyin andı kimi səslənirdi. “Qarabağ bizimdir, bizim olacaq ”, “Şəhidlər ölməz, Vətən bölünməz”,   “Ən böyük əsgər bizim əsgər” şüarları dövlətinə, xalqına, ordusuna, özünə inamı olan gəncliyin ürəyindən, ruhundan gələn çağırış idi.

“Azərbaycan əsgəri, biz səninləyik!”  şüarı Gəncədəki Bayraq Meydanına toplaşan gənclərin dilindən qürurla səslənirdi. Şəhərin ali  və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə keçirilən aksiyada gənclər ölkəmizin siyasi, iqtisadi və hərbi gücünə inandıqlarını, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan etdilər və azərbaycanlı  olduqları üçün qürur duyduqlarını bildirdilər.

Aksiyada Ermənistanın Azərbaycana qarşı silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki şəxslərin xatirəsi yad edildi. Cəbhədə aparılan hərbi əməliyyatların Azərbaycan Ordusunun gücünü bir daha göstərdiyi qeyd olundu. Bildirildi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, xüsusilə gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadırlar.

Aksiyaya qardaş Türkiyə Respublikasından da nümayəndə heyəti qatılmışdı. Afyonkarahisar bələdiyyə başkanı Burhanettin Çoban aksiyada çıxış edərək bidirdi ki, Türkiyə dövləti, ordusu Qarabağın işğaldan azad olunmasında hər zaman Azərbaycana dəstək verəcək. Burhanettin Çoban Azərbaycan şəhidlərinə Allahdan rəhmət dilədi. “ Qələbə səninlə olsun, Azərbaycan” deyərək çıxışını yekunlaşdırdı.

Aksiya iştirakçıları daha sonra şüarlar səsləndirməklə, əllərində Azərbaycan və Türkiyə bayraqları tutaraq Gəncənin küçələri ilə yürüş etdilər.

 

“Səhidlər xiyabanı” da qaynayırdı...

 

Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun zabiti, 33 yaşlı İnqilab Quliyevin dəfninə, az qala, bütün Gəncə axışmışdı, – desək, yanılmarıq. Ötən gün şəhidin nəşi Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırıldı. İnqilab Quliyev cəbhənin Ağdərə rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şəhidin dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Orhan İşık, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, sadə vətəndaşlar və şəhidin ailə üzvləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin 371-ci şəhidi, kapitan İnqilab Çingiz oğlu Quliyevin dəfn mərasimində onun Azərbaycan Ordusunun təmas xəttində göstərdiyi şücaətdən danışdı. Bildirdi ki, İnqilab Quliyevin də qatıldığı uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edilib. İcra hakimiyyətinin başçısı qeyd etdi ki, Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimizin apardığı daxili və xarici siyasət, onun ədalətli və prinsipial mövqeyi xalqı əmin edir ki, tezliklə üçrəngli bayrağımız Qarabağın hər bir yerində dalğalanacaq, bu gün son mənzilə yola saldığımız İnqilab Quliyev kimi şəhidlərimizin qanı yerdə qalmayacaq.

Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxundu, Allahdan rəhmət diləndi. İnsan izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi son mənzilə alqış sədaları ilə yola saldılar.

Şəhidlər xiyabanında İnqilab Çingiz oğlu Quliyev Azərbaycan Respublikasının dövlət himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırıldı. Allah rəhmət eləsin!

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında