O gün uzaqda deyil...

KƏLBƏCƏRİN İŞĞALINDAN 23 İL ÖTÜR

Kəlbəcər rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasından 23 il keçir.1993-cü il mart ayının sonu—aprelin əvvəllərində 3054 kvadratkilometr ərazisi, 74 min nəfərdən çox əhalisi olan Kəlbəcər məhz Ermənistanın hərbi təcavüzü nəticəsində ələ keçirilmişdir. Nəticədə 129 kənd, şəhər tipli 1 qəsəbə, 10 min nəfərdən çox əhalisi olan Kəlbəcər şəhəri talan edilmiş, yandırılmış, adamlar silah zoruna öz doğma yurd- yuvalarından didərgin salınmışdır.

Azərbaycanlılara qarşı tarix boyu ən qatı cinayətlərə əl atmış ermənilər, hələ Xocalı qətliamından az keçməmiş, yəni 1992- ci il aprelin 8- də Kəlbəcərdə  dinc əhaliyə amansızlıqla divan tutmuş, növbəti soyqırımı törətmişlər. Onlar rayonun Ağdaban və Çayqovuşan kəndlərinə hücum etmiş, 130-dan çox evi yandırmış, 33 nəfəri, o cümlədən 2 azyaşlı uşağı, 8 nəfər 90-100 yaşlı qocanı işgəncə ilə öldürmüş, 7 nəfər qadını girov götürmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirmişlər.

Ermənilərin 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində isə 511 nəfər qətlə yetirilmiş, 665 nəfər girov aparılmış, onlardan 122 nəfəri sonralar geri qaytarılsa da, əsirlikdə olan 543 nəfərdən  indiyədək heç bir xəbər yoxdur. Əsirlərə insanlığa xas olmayan ağır işgəncələr verilir, onlar dözülməz şəraitdə saxlanılırdılar. Dəfələrlə müraciət edilsə də, böyük dövlətlər və beynəlxalq təşkilatlar erməni əsarətində inləyən, imdad diləyən soydaşlarımızın səsini eşitmirlər. Cəzasız qalan erməni hərbi xuntası Kəlbəcərə öz doğmalarının qəbirlərini ziyarət etmək üçün gedən Dilqəm Əsgərovu və Şahbaz Quliyevi həbs etmiş,  Həsən Həsənov isə qətlə yetirilmişdir.

... Ermənistanın işğalı nəticəsində Kəlbəcər rayonunda 15 min yaşayış evi, 500-dən çox müxtəlif təyinatlı sosial-mədəni obyekt, 130-dan çox təhsil, 76 səhiyyə, 172 mədəniyyət müəssisəsi qarət edilərək yandırılmışdır. Əhaliyə məxsus 100 min başdan çox qaramal, yarım milyon baş qoyun–keçi, 4850 baş at, 1300 minik maşını talan edilərək Ermənistana aparılmışdır.

Nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan Ermənistan 23 ildir ki, ata-baba yurdlarımızı işğal altında saxlayır, təbii sərvətlərimizi talan edir, xaricdə yaşayan erməniləri Kəlbəcərdə məskunlaşdırır. Kəlbəcərin qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822 saylı qətnaməsi hələ də Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilmir. Ermənistanın bugünkü rəhbərliyi sülh danışıqlarını qəsdən pozur, işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmaq istəmir, sülh danışıqlarından müxtəlif bəhanələrlə qaçır.

Azərbaycanın 56 rayon və şəhərinin 1000-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkünlər hər gün doğma yurd yerlərinə qayıtmaq ümidi ilə yaşayırlar. Bu gün hər bir kəlbəcərli işğalçı Ermənistana qarşı təzyiqlərin artırılmasını, erməni silahlı qüvvələrinin Kəlbəcərdən və işğal olunmuş digər torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını, torpaqlarımızın işğalına son qoyulmasını istəyir və bunu nüfuzlu beynəlxalq təşkilatlardan tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin münaqişəni sülh yolu ilə həll etmək üçün apardığı davamlı siyasətə dəstək olmaq, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanı işğal olunmuş torpaqlarımızdan geri çəkilməyə məcbur etmək onların borcudur.

Kəlbəcər rayonunun əhalisi, bütövlükdə Azərbaycan xalqı müharibə istəmir və biz danışıqlar yolu ilə Qarabağ münaqişəsinə son qoyulmasının tərəfdarıyıq. Ermənistanın hazırki rəhbərliyi, Xocalı soyqırımını törətmiş Serj Sarkisyan və onun komandası sülh danışıqlarını müxtəlif bəhanələrlə pozur, öz qanlı hakimiyyətinin ömrünü uzatmağa, torpaqlarımızın işğal olunması faktının azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışır. Amma Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq barədə erməni daşnakların məkrli planları heç vaxt baş tutmayacaq, Kəlbəcər rayonunun əhalisi, Azərbaycan xalqı bir qarış  torpağından belə əl çəkəsi deyil. Ermənistan və onun havadarları yadda saxlamalıdırlar ki, onlar sülhə gəlməsələr, onda biz başqa yollarla öz doğma torpaqlarımızı azad edəcəyik.Yəqin ki, bizim haqq səsimizə səs veriləcək, işğal olunmuş torpaqlarımız sülh yolu ilə geri qaytarılacaqdır.

Düz 23 ildir ki, doğma torpaqlarından ayrı düşmüş kəlbəcərlilər, eləcə də digər məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il

1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələrə uyğun olaraq kəlbəcərli məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün bir sıra mühüm tədbirlər həyata keçirilmiş və bu gün də həmin işlər davam etdirilir. Məcburi köçkünlərimizin müvəqqəti məskunlaşması üçün Gəncə, Goranboy, Qəbələ, Ağdam, Yevlax, Bərdə, Şəki, Mingəçevir, Bakı və diğər şəhər və rayonlarda yeni qəsəbələr inşa edilmiş və həmin qəsəbələrdə 3500 kəlbəcərli ailəsi hər bir şəraitə malik yeni mənzillərlə təmin olunmuşdur. Yeni salınmış qəsəbələrdə 5 ədəd 2248 şagird yerlik müasir tipli məktəb binası, 3 ədəd 50 yerlik və 1 ədəd 280 yerlik uşaq bağçası, 3 ədəd klub və mədəniyyət evi, həkim məntəqələri, rabitə binaları, yanğın depoları və digər obyektlər tikilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir.

Rayonun büdcə təşkilatlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərini itirmiş məcburi köçkünlər orta aylıq əməkhaqqı kompensasiyası ilə təmin olunurlar. Əmək yarmarkaları vasitəsilə əmək qabiliyyətli məcburi köçkünlərin müvafiq işlərə cəlb edilməsi, rayon mərkəzi xəstəxanasında onların pulsuz müayinə, dərman preparatları ilə təmin olunması ilə əlaqədar zəruri işlər görülmüşdür. Təbii qazla təmin olunmayan yerlərdə məskunlaşmış ailələr payız-qış mövsümündə ağ neft yanacağı ilə təmin olunmuş, onların məskunlaşdıqları şəhər və rayonlara təhkim edilmiş mərkəzi idarələr tərəfindən yardımlar göstərilmişdir. Məcburi köçkün sahibkarlara fermer təsərrüfatlarına güzəştli kreditlərin verilməsi işləri davam etdirilir.

Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış rayonun 22 min məcburi köçkün ailəsi dövlət tərəfindən kommunal xidmətlər üçün ayrılan güzəştlərdən istifadə edir. Dövlət tərəfindən məcburi köçkünlərə təhsil sahəsində də müəyyən güzəştlər göstərilmişdir. Belə ki, ali məktəblərdə təhsil alan rayonun məcburi köçkün tələbələri təhsil haqqından azad olunmuşlar.

1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcəri öz coğrafi mövqeyinə görə işğal etmək, sadəcə olaraq, mümkün deyildi. Ulu öndər demişdir: “Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər isə 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi”.

Ulu öndərin apardığı daxili və xarici siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyev nəyin bahasına olursa–olsun torpaqlarımızın geri qaytarılacağını bəyan edir və  deyir ki, çünki biz haqq yolundayıq və bu yoldan bizi heç bir qüvvə çəkindirə bilməz. İki il qabaq biz kəlbəcərlilər üçün Gəncədə tikilən şəhərcikdə olarkən cənab Prezidentimiz demişdir: “O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır”.

Bəli, o gün uzaqda deyil...

Aqil MƏMMƏDOV,
Kəlbəcər Rayon İcra
Hakimiyyətinin başçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında