Lənkəran yaz ovqatındadır

Baharın gəlişi ilə, sanki, Lənkəranın üzü gülməyə başlayıb. Dağlar zümrüd donuna bürünür, düzlər əlvan rəngləri ilə təbəssüm saçır, sular qaynayır. Elə adamların da əhvalı xeyli yaxşılaşıb. Hər kəs işində-gücündə, zəhmətini çəkib barını görməyindədir.Gündən-günə abadlaşan, gözəlləşən şəhərin park və meydanları, uşaq əyləncə guşələri dolub-daşır. 

Lənkəran qonaqların, turistlərin hər zaman həvəslə gəldikləri bir məkandır. Martın əvvəllərində bu diyara səfərə gələn Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri Draqana Filipoviç Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşündə  rayonun təbiətinə, insanların səmimiliyinə heyran qaldığını bildirib. Avropalı qonaq Lənkəranda turizm üçün böyük imkanların olduğunu vurğulayıb və bildirib ki, Avropa Şurası Bakı Ofisinin Azərbaycanda həyata keçirəcəyi 3 layihədən biri məhz Lənkəranda reallaşacaq. Həmin layihə Ədliyyə Nazirliyi ilə birgə gerçəkləşdiriləcək. Xatırladım ki, fevral ayında buraya qonaq gəlmiş Hindistanın Azərbaycandakı səfiri Sancay Rana da Lənkərana heyranlığını ən gözəl sözlərlə ifadə eləmişdi. 

...Mənsə Lənkəranın dəmiryol vağzalı ərazisində keçirilən Novruz şənliyinin   iştirakçılara necə unudulmaz anlar yaşatdığının şəxsən şahidiyəm. Şəhər rəhbərləri   və qonaqlar da meydanda camaatın arasında idilər. Qədim əyyamlara aid eksponatlara, tətbiqi sənət nümunələrinə və  gənc istedadların əl işlərinə baxan icra başçısı bizə yaxınlaşanda gülə-gülə dedi ki, görürsünüz, adamın ürəyi necə açılır! Doğrudan da, möhtəşəm şənliyin sevinci çöhrələrdə dolaşır, bayram tonqalı gözləri işıldadır, ürəkləri riqqətə gətirirdi.  Taleh Qaraşov bildirdi ki, indi rayonda yeni ab-hava duyulur, işgüzar əhval hökm sürür. Geniş abadlıq və quruculuq işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı sayəsində Lənkəranın siması sürətlə dəyişir. Bu il də, inşallah,  uğurlu olacaq.

Şənlikdən bir neçə gün öncə elə burada düzənlənən satış-yarmarkaya da minlərlə lənkəranlı gəlmişdi. Qırxa yaxın firma və şirkətin 485 tona qədər çeşidli məhsulları alıcılara təklif olunmuşdu. Özü də bazarla müqayisədə 20-25 faiz ucuz qiymətə.

Heydər Əliyev Fondunun dəstəyi ilə Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evində valideyn himayəsindən məhrum olan uşaqları təbrik edən şəhər rəhbəri təhsil və tərbiyə müəssisəsinə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. O qeyd edib ki, ölkəmizdə bu qəbildən olan soydaşlarımız üçün keçirilən tədbirlər hər kəsi yüksək  mərhəmət duyğularına kökləyir, uşaqlar  da özlərini kimsəsiz saymır və daha da ürəklənirlər. Bayram süfrəsi ətrafında davam edən mərasimdə musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Yaz havalı gözəl tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi  çərçivəsində tur-aksiyanın bir sıra rayonlardan olan iştirakçıları Lənkərana gələrək diyarın gəzməli-görməli yerləri ilə tanış olublar. Lənkəranlılar qonaqları həmişəki kimi, sevə-sevə qarşılayıblar. Heydər Əliyev Xatirə Parkında Azərbaycan xalqının ümummilli liderinin  abidəsi ziyarət edilib. Qonaqlar Hirkan Milli Parkı, “Qoşa Qala qapıları”, “Dairəvi Qala”, “Mayak” binası, Bayraq Meydanı, tarix-diyarşünaslıq muzeyi, “Xanbulan” istirahət mərkəzi ilə tanış olub, rayonun çay plantasiyalarına və sitrus bağlarına baxıblar. Məktəblilərə məlumat verilib ki, Lənkəranda ilk dəfə çay bitkisi 1898-ci ildə əkilib. Sovetlər dönəmində Azərbaycan əhalisinin çaya olan tələbatının 70 faizini respublikanın öz çay məhsulu ödəyib. Uzun müddət tənəzzül keçirən çayçılıq regional inkişaf Dövlət Proqramı sayəsində   özünün dirçəliş dövrünü yaşayır. Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, Lənkəran şəhərindəki ev-muzeyinə baş çəkiblər.  

Həzi kimi igid sələflərinə bənzəyən neçə-neçə soydaşımız hünərvər ömür yolu ilə adını tarixə yaza bilib. Onlardan biri –Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü Lənkəranda təbiətin oyandığı vaxtda keçirilib. Ləj kənd orta məktəbinin yetirməsi olan Əsgər gənc ömrünü də elə əsl əsgər kimi başa vurub.  Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” adı verilib.  Qürur doğuran cəhətdir ki, Əsgər Əliyevin anım tədbiri elə onun adını daşıyan “Dostluq” mədəniyyət və istirahət parkında Lənkəran ŞİH-nin təşkilatçılığı ilə keçirilib.

Mərasimdə qəhrəmanın şərəfli ömür yolu bir daha xatırlanıb. İcra  başçısı Taleh Qaraşov Əsgər Əliyevin büstü önünə tər qərənfillər düzüb, onun atası Hacı Ələkbər Əliyevə ürək-dirək verərək igid həmyerlimizin xatirəsinin həmişə xalqımız tərəfindən hörmətlə anıldığını, ömür yolunun gənclərə örnək olduğunu söyləyib.

Lənkəran əbəs yerə cənub bölgəsinin mədəni mərkəzi sayılmır. On beş-iyirmi il əvvəl kimin ağlına gələrdi ki, uzaq Amerikanın şöhrətli musiqiçiləri gəlib burada çıxış edə bilərlər? İndi bu, artıq adi reallıqdır! Birləşmiş Ştatların ölkəmizdəki  səfirliyinin dəstəyi və Lənkəran ŞİH-nin təşkilatçılığı ilə mart ayında Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub. Qrup ulduzlardan ibarət vokal pop “oğlan qrupu”dur. Onlar musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını  A kapellada oxuyurlar.

Azərbaycanda “The Exchange” qrupu ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramının bir hissəsi olaraq ictimai konsertlər verib və yerli musiqiçilər üçün ustad məşğələləri keçirilib. Lənkəran Mədəniyyət Mərkəzində konsert gənc seyrçilərə unudulmaz təsir bağışlayıb. Proqram Lənkəranın birləşmiş uşaq xor kollektivinin ifasında “Azərbaycan” mahnısı ilə başlanıb. ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsi konsertə gələnləri Azərbaycan dilində “Salam, Lənkəran” sözü ilə salamladıqdan sonra qrup haqqında məlumat verib.

Konsertlər böyük anşlaqla keçib. Lənkəran şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri də konsertə həvəslə baxıblar.

Burası da var ki, Lənkərana təkcə ünlü musiqi kollektivləri konsert verməyə gəlmir. Lənkəran özü də xaricdə mədəniyyət örnəkləri ilə layiqincə təmsil olunur.  Fərəhlidir ki, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası  bu yaxınlarda qonşu İran İslam Respublikasına səfərdən qayıdıb. Orada keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalında Azərbaycanı təmsil edib.  

Hələ ötən payızda iranlı rejissor Xeyrullah Təğiyənipur  həmyerlisi Bəhram Beyzayinin “İlan Sultan” əsərinə Lənkəran teatrında quruluş vermişdi. Tamaşa Lənkəranın mədəni ictimaiyyəti tərəfindən yaxşı qəbul olunmuşdu. Nəhayət, İrana yola düşən Lənkəran truppası ilk tamaşa ilə Təbrizdə çıxış edib. Sonra uğur estafeti Məşhəddə davam edib. Festivalda Lənkəran teatrının təqdim etdiyi səhnə əsəri “Ən yaxşı tamaşa” adına layiq görülüb. Tamaşanın quruluşçu rejissoru isə “Ən yaxşı rejissor” mükafatını qazanıb.

Lənkəran güllü-çiçəkli bir dövrünü yaşayır. Buna intibah dövrü də demək olar. Zəhmətsevər lənkəranlılarsa doğma diyarın gözəlliyini daha da artırmaları ilə öyünə bilərlər.

Martın əvvəllərindən rayonda “IDEA” İctimai birliyinin təşəbbüsü ilə növbəti yaşıllaşdırma aylığına start verilib. Yaşıllaşdırma aylığı elan olunub. Şənbə günləri hamı ümumrayon iməciliklərinə çıxıb. Magistral yolların kənarında, hava limanı ərazisində, park və bağlarda müxtəlif növ ağaclar əkilib, sıradan çıxanları   yenisi ilə əvəz olunub, aqrotexniki qulluq göstərilib. Şəhərin prospekt və küçələrində bütün ağacların gövdələri ağardılıb, qurumuş budaqları kəsilib. Sahil parkına bitişik boş ərazi təmizlənib və münbit torpaq tökülərək əkinə yararlı vəziyyətə gətirilib. Görülmüş işlərin nəticəsində yaşıllıq zolağı bir neçə dəfə genişlənib, səliqə-sahman yaradılıb. Ümumiyyətlə, bu il təşəbbüsə dəstək olaraq Lənkəranda 20 min ağacın əkiləcəyi planlaşdırılır.

Bəli, yazın nəfəsi duyular-duyulmaz Lənkəranda həyat daha da canlanıb. Abadlıq tədbirləri xüsusilə genişlənib. Mart ayının mənzərələrindən də göründüyü kimi, burada bir gün də boş keçmir. Yaza təmtəraq yaraşır.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında