Suraxanı rayonu inkişafın yeni mərhələsini yaşayır

Müasir Azərbaycanın qurucusu, inkişafın Azərbaycan modelinin müəllifi ümummilli lider Heydər Əliyev strategiyasının uğurla həyata keçirilməsi, ölkə Prezidenti İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti nəticəsində respublikada siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.

Son 12 ildə bütün sahələrdə böyük uğurlar qazanılması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olub.  Bütün bunlar Suraxanıda da özünü qabarıq büruzə verib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarının  icrası nəticəsində paytaxtın bu rayonunda infrastruktur layihələri uğurla həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti  yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi yüksəlib. Azərbaycan Prezidenti  cənab İlham Əliyev dəfələrlə  Suraxanı sakinləri ilə  görüşlər keçirib, onların   qarşılaşdıqları problemlərlə yaxından tanış olub. Fikrimizin təsdiqi kimi   dövlət başçımızın 2015-ci ildə Suraxanıya səfərlərinin qısa xronologiyasına nəzər salaq. Möhtərəm dövlət başçımız ötən il fevral ayının 3-də  rayonda  “Bakı-2015" birinci Avropa Oyunları üçün inşa olunan avtobus deposu və təlim mərkəzində görülən işlərlə, Zığ gölünün kompleks bərpası layihəsi ilə tanış olub. Aprelin 26-da   “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Bakı-2015" birinci Avropa Oyunları məşəlinin yandırılması mərasimində iştirak edib və burada məşəli alovlandırıb.

Azərbaycan Prezidenti  iyunun 3-də    “Bakı-2015" birinci Avropa Oyunları üçün Zığ qəsəbəsində inşa olunmuş avtobus deposu və təlim mərkəzinin, oktyabrın 4-də   “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal adası” layihəsi çərçivəsində “SABIS Sun” beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak edib. Dövlət başçımız  noyabrın 11-də      Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə  tanış olub. Bu il yanvarın 11-də isə “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışı və yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlqoyma mərasiminə qatılıb.

 

Ötən ilin sosial-iqtisadi göstəriciləri ürəkaçandır

 

2015-ci il ərzində rayonda sənaye məhsulunun istehsalı 254,6  milyon manat, tikinti-quraşdırma işləri 48,7 milyon manat, nəqliyyat xidmətləri 5,1 milyon manat, əsas kapitala yönəldilən  investisiyalar  59,4 milyon manat, kənd təsərrüfatı 3,1  milyon manat, pərakəndə ticarət dövriyyəsi 325,3 milyon manat  təşkil edib.

Qaz təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilib, 34 kilometr  yeni qaz kəməri çəkilib, 31,1 kilometr qaz xətti əsaslı təmir olunub, 2056 ədəd mexaniki qaz sayğacı “smart” tipli qaz sayğacı ilə əvəz edilib. Hazırda rayon əhalisinin 98 faizdən çox hissəsi  təbii qazla təmin olunur.

Hesabat dövründə elektrik enerjisi təchizatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb, 110 kilovoltluq 1-ci, 2-ci, 3-cü “Suraxanı” və 2-ci “Qala” hava xətlərinin, 1-ci, 2-ci transformatorların yağ açarı və 110 kilovoltluq şinlərarası yağ açarı eleqaz açarla əvəz olunub, 3 ədəd transformator məntəqəsi  tikilib, avadanlıq quraşdırılıb, 1 ədəd transformator məntəqəsi  təmir olunub. Bundan başqa,  27,2 kilometr uzunluğunda 35 kilovoltluq kabel, 3,9 kilometr uzunluğunda  35 kilovoltluq hava xətti çəkilib. Hazırda rayon əhalisi 100 faiz elektrik enerjisi ilə təmin olunur.

Ötən il su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına da mühüm önəm verilib. Hesabat dövründə 353 metr uzunluğunda   kanalizasiya kollektorunun  və tunelin tikilməsi, müxtəlif diametrli borularla 4,3 kilometr  uzunluğunda su, 2,3 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilməsi,   3427 ədəd sayğac quraşdırılması bunun bariz ifadəsidir. Hazırda rayon əhalisinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunur.

2015-ci ildə rayonda müxtəlif diametrli borularla 1670 metr istilik xəttinin dəyişdirilməsi, qazanxanalarda cari və əsaslı təmir işlərinin aparılması istilik təchizatının yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Yol təsərrüfatı və nəqliyyat sahəsində də bir sıra tədbirlər həyata keçirilib. Rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri davam etdirilib,  “Azəryolservis” ASC, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti və rayon icra hakimiyyəti tərəfindən küçələrə və məhəllədaxili ərazilərə 103 min kvadratmetr asfalt örtüyü salınıb. 

Rabitə və informasiya sahəsində görülən işlər də diqqət çəkir. Təkcə bir faktla fikrimizi əsaslandırmaq istərdik:   Hövsan qəsəbəsi, “Bağlar” yaşayış sahəsində tutumu 2 min  nömrə olan ATS istifadəyə verilib. 

Rayonda həyata keçirilən digər tikinti-quruculuq işlərinə də qısaca nəzər salaq. Yeni Günəşli “D” yaşayış sahəsində yanğından mühafizə bölməsi tikilib. Əmircan qəsəbəsində “Neftqazelmitədqiqatlayihə” İnstitutunun eksperimental təcrübə-sınaq işləri bazası istifadəyə verilib. “Bakı Toxuculuq” ASC-də yenidənqurma işləri davam etdirilib. Hövsan qəsəbəsində SOCAR tərəfindən yüksək gərginlikli elektrik yarımstansiyasının tikintisinə, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulmasına başlanılıb,  “Orbit A.M.Ə.” və “Əliyev-KO” MMC-yə məxsus uzunluğu 1079 metr olan hasarlar müasir üslubda yenidən qurulub.

2015-ci ildə Suraxanıda kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon  sahibkarlarına güzəştli kreditlərin ayrılması ilə bağlı iki kredit yarmarkası keçirilib, Suraxanıdan olan 21 sahibkara 5,3 milyon manat  məbləğində kreditlər verilib. Bunun nəticəsində 300 yeni iş yeri yaradılıb. 

Yeri gəlmişkən, hesabat dövründə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğuru icrası ilə bağlı  həyata keçirilən işlərə də qısa nəzər salaq. Adı çəkilən proqramda  rayon üzrə 54 tədbir nəzərdə tutulub, onların 5-i icra olunub, 19-nun icrasına başlanılıb, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil edib. 

Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət korpus, idman və akt zalı tikilib, 146 saylı orta ümumtəhsil məktəbinə yaxın ərazilərdə, Cəlal Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev, Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulu bəy Şadlinski küçələrində və Yeni Günəşli yaşayış sahəsində idarə və müəssisələrin köməyi ilə abadlıq-quruculuq işlər görülüb, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin 560 kvadratmetrinin fasadları müasir üslubda aqlay daşı ilə üzlənib,  835 kvadratmetr fasad və hasarlar rənglənib, 235 kvadratmetr tamet döşəmə vurulub və ətraf ərazilər tullantılardan təmizlənib. Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində 262 saylı körpələr evi-uşaq bağçaları əsaslı təmir edilib. Zığ mədəniyyət evi cari təmir olunub. 

Son illərdə rayonda müxtəlif dövlət proqramlarının icrası nəticəsində 5 yeni məktəb tikilib, 2 məktəbin yararsız binası sökülərək yerində müasir təhsil kompleksi inşa edilib, 14 məktəb üçün  17 əlavə tədris korpusu tikilərək əlavə 13 min 250 şagird yeri yaradılıb, 21 məktəb əsaslı təmir olunub. Eyni zamanda rayonda  5 yeni səhiyyə müəssisəsi, 2 uşaq bağçası inşa edilib, 20 uşaq bağçası, 8 səhiyyə müəssisəsi əsaslı təmir edilib.

Hesabat dövründə rayonda tikinti-quruculuq, abadlıq işlərinin bir hissəsi də yerli proqramlar əsasında gerçəkləşib.  Belə ki,  Səttar Bəhlulzadə, Atamoğlan Rzayev, Oqtay Əliyev, Zahid Əliyev, Malik Mustafayev, İlqar Məmmədov, Xanlar Ələkbərov və Oqtay Şabanov küçələrinin sağ və sol tərəflərinin abadlaşdırılması məqsədilə 2,344 min kvadratmetr  aqlay kürsü, 230  kvadratmetr “şuba kürsü”, 3,938 metr aqlay karniz işləri, 3,838 min kvadratmetr hörgü, 13,421 min kvadratmetr suvaq işləri görülüb, 2,246 min kvadratmetr tamet döşənib,  44,261 min kvadratmetrlik sahə rənglənib,  70 kvadratmetr metal hasar çəkilən 4 yeni qapı və darvaza quraşdırılıb,   176 ədəd qapı və darvaza üzlənib,  846  kvadratmetr qapı və darvaza dəyişdirilib,  575  kvadratmetr qazon, 181  kvadratmetr taxta hasar, 485 kvadratmetr taxta ilə üzləmə işləri və digər abadlıq tədbirləri reallaşdırılıb. 

Əmircan qəsəbəsində Tofiq Bayram parkı və Səttar Bəhlulzadə dairəsində qəhrəman neftçilərin şərəfinə ucaldılan stella, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində şəhid   Etibar Cəfərovun xatirəsinə bulaq yenidən qurulub. Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən parkda “Veteranlar guşə”si tikilib istifadəyə verilib.

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində 7 “Nümunəvi abad məhəllə” salınıb, mövcud abad  məhəllələrdə təmir-bərpa işləri aparılıb, həmin ərazilərdəki binaların fasadları rənglənib, girişləri təmir edilib, küçə işıqları bərpa olunub, əhalinin və uşaqların istirahəti üçün yeni 46 ədəd oturacaq, 13 ədəd söhbətgah, uşaqlar üçün 10 komplekt Avropa istehsalı müxtəlif oyun elementləri quraşdırılıb və rənglənib, 36 ədəd mövcud qurğu bərpa edilərək əvvəlki görkəminə salınıb.  

Sadalananlarla yanaşı, Bülbülədəki 24 saylı poliklinikanın qarşısında yeni park salınıb, həmin qəsəbənin  Nəriman Nərimanov küçəsi, 3 b saylı binanın qarşısındakı idman meydançası, Əmircanın Səttar Bəhlulzadə dairəsində və Səttar Bəhlulzadə küçəsində ticarət cərgələri yenidən qurulub. Hazırda isə rayon icra hakimiyyəti tərəfindən Əmircanda 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.

 

Sosial müdafiəyə xüsusi önəm verilir

 

2015-ci il ərzində rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi  daim nəzarətdə saxlanılıb. Orta aylıq əmək haqqının 544 manat təşkil etməsi, əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilməsi, daimi olmaqla 3137 yeni iş yerinin  açılması bunun bariz ifadəsidir.

Hesabat dövründə Suraxanının aidiyyəti idarələri tərəfindən 6720 nəfərə 6,1 milyon manatdan artıq sosial müavinət ödənilib,  2282 ailəyə 4,1 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilib, rayon Məşğulluq Mərkəzi tərəfindən 612 nəfər işlə təmin olunub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2015-ci il fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda böyük ruh yüksəkliyi ilə qarşılanıb və  uğurla icra olunub. 

Tibbi müayinə rayon sakinləri tərəfindən razılıq hissilə qarşılanıb, tədbir ölkə başçısı tərəfindən hər bir vətəndaşa göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilib. 

Rayonda idmana da mühüm önəm verilir. “Qarabağ” futbol klubunun stadionu yenidən qurulub, hazırda isə Yeni Günəşli  “D” yaşayış sahəsində şahmat məktəbinin, “V” yaşayış sahəsində  mini futbol meydançasının, Bülbülə və Qaraçuxur qəsəbələrində idman zallarının inşası davam etdirilir. 

Suraxanıda sözügedən sahəyə xüsusi diqqət yetirilməsinin nəticəsidir ki, birinci Avropa Oyunlarında milli komandamıza medal qazandıranlar arasında  suraxanılı idmançılar da oldu. Karate   üzrə qızıl medalçı Ayxan Mamayevin,  sambo  üzrə gümüş medalçı Vasif Səfərbəyovun, qılıncoynatma üzrə gümüş və bürünc medalçılar Sevil və Sevinc Bünyatova bacılarının, paralimpiyada cüdo üzrə bürünc medalçı Zakir Mislimovun uğurları rayon sakinlərinin böyük sevincinə səbəb oldu. 

 

Ekoloji vəziyyət diqqət mərkəzində saxlanılır

 

Suraxanı Bakının sənaye, xüsusi ilə neft sənayesi rayonlarından biri olduğundan burada ekoloji məsələlərin həlli vacib əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafızəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncama və qəbul edilmiş müvafiq dövlət proqramına əsasən, paytaxtda mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb.

Lay suları və neftlə çirklənən 9  hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 6,25 hektar olan müxtəlif ölçülü 18 ədəd gölməçə qurudulub, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub. 

Yaşıllıq zolaqlarının genişləndirilməsi istiqamətində də xeyli iş görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ilin noyabr ayının 5-dən başlayan birinci “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində   rayon icra hakimiyyətinin təşkilatçılığı,  idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək 10  min 900 ədəd, o cümlədən 2015-ci il ərzində 6 min 200 ədəd ağac əkilib. 

 

Heydər Əliyev Mərkəzi  ideoloji məkana çevrilib

 

Mərkəzə  ziyarətə gələn rayon sakinləri, yerli və xarici qonaqlar burada ulu öndər   Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar.

İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 58 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olub, Mərkəzin elektron kitabxanasının xidmətindən  15 mindən artıq istifadəçi faydalanıb. 

Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə 2009-cu ildən bəri 170-dən yuxarı  (2015-ci ildə 27)  tədbir keçirilib.

Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 2015-ci ildə 11-ci sinif şagirdlərinə 7,  9-11-ci sinif şagirdlərinə isə 12 açıq dərs keçilib.  Dərslərin yüksək səviyyədə tədrisi üçün bütün zəruri təşkilati məsələlər həll edilib, tarix müəllimlərindən və ölkəmizin nüfuzlu ali təhsil və elmi müəssisələrində çalışan tarixçilərdən ibarət tərkib seçilib. Keçirilən açıq dərslər xüsusi hazırlanan foto, video-materiallarla şagirdlərin diqqətinə çatdırılıb.

Mərkəzdə 2014-cü ilin sentyabr ayından yeni layihəyə start verilib. Rayonda 1-ci sinifdə təhsil alan şagirdlər tərtib olunan cədvələ uyğun olaraq hər həftənin çərşənbə axşamı günləri Heydər Əliyev Mərkəzi ilə tanış olurlar.

Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün ilk addımlarını atan şagirdlər ulu öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla yaxından tanış olurlar. Onlar burada  Mərkəz haqqında ətraflı məlumatlandırıldıqdan sonra elektron lektoriya zalında Heydər Əliyevin həyatından bəhs edən filmə tamaşa edirlər.

2015-ci ildə Mərkəzdə yeni ailə quran 7 gənc cütlüyün nikah mərasimi keçirilib.

 

Beynəlxalq əlaqələr genişlənir

 

Rayon icra hakimiyyəti və Riqa Şəhər Şurasının Şərqi İcra Direksiyası arasında 14 may 2013-cü ildə imzalanan əməkdaşlıq haqqında sazişin tələblərindən irəli gələrək, təcrübə mübadiləsi və yeni layihələrin icrası ilə bağlı müzakirələrin aparılması məqsədilə adı çəkilən şəhər Şurası sədrinin müavini, Riqa dəniz limanının rəhbəri Andris Ameriksi müşaiyət edən nümayəndə heyəti ötən il   martın 26-28-də  ölkəmizdə səfərdə olub. Rayon icra hakimiyyətində görüş keçirilib, Heydər Əliyev parkında dostluq ağacı əkilib. 

Latviya Respublikasının Yekabpils Bələdiyyəsilə   Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq haqqında müvafiq protokola əsasən,   mayın 25-27-də  Latviyaın Zemqale regionunun, o cümlədən Yekabpils şəhərinin yerli özünüidarəetmə orqanları rəhbərlərinin bir qrupu Bakı şəhərində səfərdə olublar.  

Ötən il iyul ayının 9-13-da Latviya məktəblilərinin XI-ci mahnı və rəqs festivalında iştirak etmək üçün Suraxanı nümayəndə heyəti Riqa şəhərində olub. Bundan başqa, Latviyanın   Yekabpils Şəhər Duması və Qaraçuxur Bələdiyyəsi arasında imzalanan əməkdaşlıq haqqında sazişə əsasən, avqust ayında rayonun nümayəndə heyəti Yekabpils şəhər gününə həsr olunan tədbirlərdə iştirak etmək üçün Latviyaya gedib, səfər çərçivəsində çoxsaylı görüşlər keçirilib, əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

Sakinlərin müraciətlərinə  həssaslıqla yanaşılır

 

Ötən il rayon icra hakimiyyətinə daxil olan 4098 müraciətdən 2096-sı bilavasitə vətəndaşlardan daxil olub. Müraciətlərin mövzusu əsasən küçə və yolların asfaltlanması və işıqlandırılması, su və kanalizasiya xətlərinin çəkilməsi, fərdi yaşayış evlərinin tikintisi, mənzil növbəsinə götürülmə, torpaq sahəsi və ya mənzil verilməsi, torpaq sürüşməsi-çökməsi zonasında yerləşən evlər, qəyyumluq, himayə və addəyişmə məsələləri, qonşu münaqişələri, sosial yardım göstərilməsi və s. haqqında olub ki, bunların da 50 faizə qədəri müsbət həll olunub.  

Dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılmasını təmin etmək məqsədilə Azərbaycan   Prezidentinin 2015-ci il 29 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq  icra hakimiyyətində bir telefon xətti, hər bir istifadəçi üçün tələb olunan parametrlərə uyğun kompüter avadanlığı, skaner və printer aparatları alınıb,   elektron informasiya sisteminin məsul şəxsləri və istifadəçiləri təyin edilib və digər zəruri tədbirlərin görülməsi rəsmiləşdirilib. Ötən il martın 1-dən  isə rayon icra hakimiyyətinə daxil olan vətəndaş müraciətləri elektron informasiya sisteminə daxil edilir.

Hesabat dövründə 2470 nəfərin iştirakı ilə 42 səyyar görüş-qəbul keçirilib.   Görüş-qəbullarda qaldırılan 79 məsələdən (əsasən su və kanalizasiya xətlərinin çəkilməsi, küçə və yolların asfaltlanması və işıqlandırılması, torpaq sürüşməsi-çökməsi zonasında yerləşən evlər haqqında tədbir görülməsi, sənədsiz tikilmiş evlərin sənədləşdirilməsi, məişət tullantıları üçün yerlərin tikintisi və əlavə konteynerlərin qoyulması və s. ) 25-i müsbət həll edilib, 23-nə müvafiq izah verilib, 31-nin icrası dövlət və yerli proqramlarda nəzərdə tutulub.

 2015-ci ildə müntəzəm yeniləşən www.surakhani-ih.gov.az  internet saytı, [email protected] surakhani-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu fasiləsiz fəaliyyət göstərib, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilib, elektron poçt ünvanına daxil olan sual və təklif xarakterli 253 elektron məktub cavablandırılıb.

Göründüyü kimi, ötən il ərzində Suraxanı ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunmasına mühüm töhfələr verib. Qarşıda rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin firavan yaşamaları, çalışmaları və istirahətlərinin səmərəli təşkili ilə bağlı  mühüm və ciddi vəzifələr durur. Həmin vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi kursun inamla davam etdirilməsi sahəsində görülən hər bir iş isə Suraxanının sosial-iqtisadi inkişafının bir qədər də sürətlənməsinə, rayonun simasının daha da gözəlləşməsinə səbəb olacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında