“Arzum, muradım – Cəlilabadım” 2016 – “Multikulturalizm ili”

...Rusiyanın uzaq vilayətlərindən birində toy şənliyində Azərbaycan dilində oxunan mahnının sədaları ətrafa yayılırdı: “Ay mənim abad Cəlilabadım!..” Maraqlananlar öyrəndi ki, vaxtilə Cəlilabadda yaşamış molokanların doğma Privolnoye kəndi ilə bağlı nostalji hissləri rus toyunda beləcə ifadə olunur. Videotəsvirlərdə yurd həsrəti kövrək notlarda əks edilib.  

Məşhur mahnı isə ilk dəfə 1978-ci ildə ulu öndər Heydər Əliyevin Cəlilabada səfəri zamanı səsləndirilib. Sözləri mərhum şair İsgəndər Coşquna, musiqisi Oqtay Kazımiyə məxsus olan mahnını Teymur Mustafayev ifa edib. O vaxtdan dillər əzbəridir. Mahnını həvəslə oxuyan molokanlara gəlincə isə, onlar harada yaşamalarından asılı olmayaraq, Cəlilabadı, Privolnoye kəndini doğma yurdları sayırlar.

Cəlilabadda elə indi də 100-ə yaxın molokan yaşayır. Onlardan biri Lyubov Danilovadır. Bütün varlığı ilə Azərbaycana bağlanmış gülərüz xanımın ürək sözləri:

– Tolerantlığı ilə seçilən Azərbaycan hazırda dünya dövlətləri üçün bir nümunədir. Sivilizasiyaların qovuşağında yerləşən ölkəmizdə dilindən və dinindən asılı olmayaraq bütün xalqlara münasibətdəki səmimilik özünü ilk andaca büruzə verir. Yəni Azərbaycan azsaylı xalqlar üçün açıq və onlara fərqli baxılmayan dövlətdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışlarının birində bildirib ki, ölkəmizin mədəniyyəti burada yaşayan xalqların qarşılıqlı birliyinin, sintezinin qovuşuğudur. Əgər onlar olmasaydı, mədəni irsimiz belə zəngin, mükəmməl olmazdı. Bundan sonra min il də keçsə, milli azlıqlarla azərbaycanlılar həmişə bir yerdə olacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il “Multikulturalizm ili” elan edilib. Biz artıq 200 ildən çoxdur ki, bu gözəl, xeyirxah diyarda yaşayırıq. Heç vaxt din, dil, təhsil və mədəniyyətlə bağlı problemlərlə üzləşməmişik. Biz hamımız bir beynəlmiləl ailədə yaşayırıq. Bu fikri belə bir fakt da təsdiqləyir ki, bu gün mənim rəhbərlik etdiyim “Ruçeyok” rus folklor ansamblı 1987-ci ildən bəri respublika tədbirlərində iştirak edir. Yadınıza gəlirsə, illər öncə unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin andiçmə mərasimi münasibətilə qoşduğumuz çastuşka bütün dünyaya yayılmışdı, çünki bir çox ölkənin telekanalları bu hadisəni lentə çəkmişdi. Möhtərəm Prezidentimiz İlham Əliyevlə Cəlilabadda görüşümüz zamanı da bu barədə ətraflı söhbətimiz olub. 

Cəlilabad mədəni örnəkləri olan rayonlarımızdandır. Elə hazırkı adının yaranması da mədəniyyət hadisəsi ilə əlaqədardır. 1967-ci ildə böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin 100 illiyi ilə əlaqədar olaraq o vaxtlar Astarxanbazar adlanan bu rayona gələn tanınmış yazıçı-dramaturq, ictimai və dövlət xadimi, MK katibi Şıxəli Qurbanov keçirdiyi iclasda buraya Cəlilabad adı verilməsini təklif edib. Tezliklə həmin təklif rəsmiləşib.

Müstəqillik illərində sosial-iqtisadi inkişafı təmin edilməklə bərabər, Cəlilabadın geniş mədəniyyət şəbəkəsi də formalaşıb. Ünlü sənətçiləri ilə fəxr edən Cəlilabad heç zaman istedadlardan xali olmayıb. Şaqraq zəngulələr sahibi olmuş, “Zəminxarə”ni, “Çahargah”ı özünəməxsus ustalıqla ifa etmiş Əməkdar artist Sabir Mirzəyev buradan pərvazlanmışdı. Onun atası cənub bölgəsinin məşhur xanəndəsi Nüsrət Mirzəyev də səsi ilə ürəkləri fəth etmişdi. Sabir ilk dəfə Seyid Şuşinskinin qarşısında oxuyanda böyük ustad ona deyib: “Sənin “Çahargah”ın top atacaq".

Xalq artistləri Teymur Mustafayev, Şahlar Quliyev, Ağadadaş Ağayev, Əməkdar artist Yusif Mustafayev, Qədir Qızılsəs və başqaları bu yerlərin gözəl səslər bulağından su içiblər. Xalq artistləri Qabil və Nurəddin Mehdixanlı qardaşları Azərbaycan teatr sənətinə layiqli töhfələr veriblər. Bu bölgədən neçə-neçə şair, rəssam da tanınmaqdadır. “Cənub palitrası” təsviri incəsənət studiyası fəaliyyət göstərir. Rayon Uşaq İncəsənət məktəbi şagirdlərinin əl işləri Çexiya Respublikasinda təşkil edilmiş sərgilərdə diplom və fəxri fərmanlara layiq görülüb.  Ötən il bir nəfər Əməkdar mədəniyyət işçisi adı alıb.

Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edən Aydın Mustafayev:

– Rayonumuzda 63 kitabxana, 43 klub müəssisəsi, incəsənət və musiqi məktəbləri, 3 muzey və rəsm qalereyası, mədəniyyət və istirahət parkları fəaliyyət göstərir. Prezident İlham Əliyevin rayona səfəri zamanı Göytəpə şəhərində istirahət parkı və Heydər Əliyev Mərkəzi istifadəyə verilib. İnformasiya-kommunukasiya texnologiyalarının inkişafı ilə əlaqədar mərkəzləşmiş kitabxana sistemində saytlar açılıb, elektron kitabxana və otaqlar yaradılıb. Mədəniyyət və turizm  şöbəsinin internet saytı gündəlik təzələnir.

Heydər Əliyev Mərkəzində ümummilli liderimizin örnək həyat və fəaliyyətinin bütün məqamları əhatə olunub. Ötən il Prezident sərəncamları ilə Nəriman Nərimanovun 145, Əbdürrəhim bəy Haqverdiyevin 145, Bəxtiyar Vahabzadənin 90, Zəlimxan Yaqubun 65 illiyi ilə əlaqədar kitabxanalarda fotomontaj, sərgi və guşələr təşkil edilib. Əlamətdar günlər və bayramlar, tarixi hadisələr və yubileylər layiqincə keçirilir. Rayonun tanınmış ziyalılarının ad günlərinin keçirilməsi, yazarların yeni əsərlərinin təqdimatı da ənənə halını alıb. Xalq teatrı ənənəvi el şənliklərinin təşkili ilə yanaşı, klassiklərimizin əsərlərinə də müraciət edir. Ötən il H.Cavidin “Ana” dramı və Ş.Qurbanovun “Özümüz bilərik” komediyası səhnədə oynanılıb və tamaşaçıların alqışlarını qazanıb. Oktyabr ayında Heydər Əliyev Mərkəzində İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında “Qalx ayağa, Azərbaycan” adlı, dekabr ayında isə ulu öndər Heydər Əliyevin mənalı həyatına, siyasi fəaliyyətinə, azərbaycancılıq və dövlətçilik məfkurəsinə həsr olunmuş “Nurlu ömrün anları” adlı tamaşalar göstərilib və böyük maraqla izlənilib.

Əhalinin asudə vaxtının təşkili üçün “Tut bağı” ailəvi istirahət mərkəzində, şəhər istirahət parkında, H.Əliyev seyrəngahında konsertlər, tamaşa və rəqslər təşkil edilib. Rəsm sərgilərinin, xüsusən gənc rəssamların vətənpərvərlik mövzusunda əl işlərinin nümayişi və bu mövzuda asfalt üzərində rəsm müsabiqələri keçirilib. Mədəniyyət evləri və klublarda təşkil olunan “İstedadlar axtarırıq ” adlı baxış-müsabiqələr xüsusi önəm daşıyır. Bu tədbirlərdə yüzlərlə gənc iştirak edir. Rayonda 2015-ci ildə 160 dərnək fəaliyyət göstərib.

Hər il may ayında Cəlilabadda ənənəvi “Kitab bayramı” keçirilir. Bayramda rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil və mədəniyyət işçiləri, çoxsaylı oxucular iştirak edirlər. Hər kəs ən azı bir-iki kitab alır.

“Kənd təsərrüffatı ili” ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.  Mədəniyyət və turizm şöbəsinin ayrıca seminar-müşavirəsi bu tədbirlərə həsr edilib.

Şöbəmizın yaradıcı qrupları tez-tez hərbi hissələrdə olur, vətənpərvərlik ruhunda mahnılarla çıxışlar edirlər. Bədii özfəaliyyət kollektivləri bayram günlərində  rayonda yerləşən N saylı hərbi hissənin qonağı olurlar. Bayraq meydanında gənclərin hərbi xidmətə yola salınması mərasimləri də yadda qalır. Bundan başqa, rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərə müntəzəm yardımlar edilir, mədəni xidmət göstərilir.

Cəlilabaddakı xalq kollektivinin hazırda 16 həvəskar üzvü var. Eyni zamanda Göytəpə şəhərində və Privolnoye kəndində yaşayan azsaylı xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğinə geniş yer verilir. Heydər Əliyev Mərkəzində tarixi günlərə həsr olunmuş xüsusi buklet və broşyurlar hazırlanaraq rayon əhalisinə paylanılır. Hazırda rayonda 4 turist obyekti və istirahət guşəsi fəaliyyət göstərir. Ötən il turist obyektlərində 400 nəfər turist qəbul edilib. 

Mədəni sahə üzrə gözəl ənənələri olan rayonun potensialı böyükdür. Şöbənin bütün problemləri Mədəniyyət və Turizm Nazirliyinin, rayon rəhbərliyinin, xeyriyyəçi və iş adamlarının yaxından köməkliyi sayəsində həll olunur. 2015-ci ildə İncəsənət məktəbində, Tarix-diyarşunaslıq muzeyində, bəzi kitabxana və klublarda təmir işləri aparılıb. Amma neçə müəssisə hələ də uyğunlaşdırılmış binada yerləşir. Rayonda 10 klubun və bir o qədər də kitabxananın əsaslı təmirə ehtiyacı var. “Multikulturalizm ili”ndə Cəlilabadın mədəniyyət ocaqlarında şəraitin daha da yaxşılaşacağına inam böyükdür.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında