Lerik: Dağların qoynunda gözəl xaniman

Zirvələrin tacı olan Lerikdən təbiət səxavətini əsirgəməyib. Uca dağlar, qalın ormanlar, çaylar, bulaqlar bu yerlərin əlvan tablolarıdır. Elə Lerikin camaatı da halal çörək üçün tər axıdan, mərd, zəhmətsevər insanlardır. Hər kəs doğma yurdun təəssübünü çəkir, tərəqqisinə töhfələrini əsirgəmir.

Ötən ilin yekunları Lerik üçün uğurlu olub. İllik hesabat yığıncağında bu barədə ətraflı danışılıb. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzəsində bildirib ki, respublikamızda aparılan ardıcıl iqtisadi islahatlar rayonun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərib.  Sahibkarlıq subyektlərində, digər sahələrdə 410-u daimi olmaqla 732 nəfər rayon sakini işlə təmin edilib. Ümumilikdə isə dövlət proqramlarının icrası ilə bağlı son 12 ildə rayonda 10 mindən artıq iş yeri açılıb. Cənab Prezidentin çıxışı və qeyri-neft sektorunun, kənd təsərrüfatının, sənayenin inkişafını təmin etmək məqsədilə verdiyi tapşırıqların Lerikdə də  icrasını təmin etmək  üçün konkret vəzifələr müəyyənləşdirilib.

Rayon əhalisinin əsas məşğuliyyət sahəsi  kənd təsərrüfatıdır. Dövlət səviyyəsində aqrar bölmənin   inkişafına dəstək verilməsi, subsidiyaların artırılması, güzəştli şərtlərlə gübrələrin verilməsi kəndlidə torpağa bağlılığı artırıb.

Günün reallıqları diktə edir ki, sahibkar sərmayələri hesabına ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı artırılsın, məhsulun əhalidən alınmasını təmin etmək məqsədilə tədarük məntəqələri yaradılsın. Hazırda Peştətük kəndində süfrə suyu və şirə sexinin tikintisinə başlanıb. Bu, gələcəkdə həm Zuvand ərazisində, həm də digər ərazilərdə meyvəçiliyin inkişafına stimul verəcək, burada təbii şəkildə bitmiş meyvə və giləmeyvələr emal üçün qəbul ediləcək, bununla da əhalinin gəlirləri artacaq. Bu kimi təşəbbüslər daha da artmalıdır. Çünki dünyada olduğu kimi, ölkəmizdə də maliyyə çətinliklərinin olması, neftin qiymətinin kəskin surətdə aşağı düşməsi  kənd adamlarını torpağa əyilərək ucalmağa vadar edir. Əkin sahələri genişləndirilməli, heyvandarlıq inkişaf etdirilməlidir ki, sıxıntılar olmasın.  

Lerikin abadlaşdırılması daim diqqətdədir. 2015-ci ildə bütün maliyyə mənbələri hesabına tikinti kompleksində 17 milyon 920 min manat məbləğində və yaxud 2014-cü ilin müvafiq dövründən 4 milyon 200 min manatlıq çox təmir-tikinti işləri həyata keçirilib. Rayonda işləyənlərin orta aylıq nominal əməkhaqqı 280,1 manat olub ki, bu da keçən ilə nisbətən çoxdur. Muzdla işləyənlərin orta aylıq əməkhaqqı 10 faiz artaraq 328 manata, adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi isə 5,5 faiz artaraq 717 manata çatıb.   Ötən il 180 şagird yerlik Pirasora və Ambu kənd tam orta məktəbləri üçün yeni bina tikilib, Lerik şəhər 3 saylı tam orta, Sors kənd ümumi orta məktəbi, Sorsçay kənd ibtidai məktəbi əsaslı təmir edilib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb, 180 şagird yerlik Boykəndil kənd tam orta və Əvilə kənd ümumi orta məktəbləri üçün yeni binaların inşası davam etdirilib. Son illərdə Lerik şəhəri daxil olmaqla, 45 yaşayış məntəqəsi üzrə 4052 ailənin yaşayış evi qazlaşdırılıb. Hesabat ilində 7 kənd qazlaşdırılıb. Hazırda daha 4 kəndin qazlaşdırılması üzrə iş aparılır. Digər kəndlərlə bağlı “Azəriqaz” İstehsalat  Birliyinə müraciət edilib.

Hesabat ilində abadlıq-tikinti, asfaltlama və işıqlandırma işləri səngiməyib. Rayon əhalisinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi daim nəzarətdə saxlanılıb. Lerik şəhərində 17 meqavatlıq modul tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar  yüksək gərginlikli Lerik-Telavar-Yardımlı elektrik hava xətti yenidən inşa olunub, Lənkəran-Hamarat-Lerik elektrik hava xətti isə əsaslı təmir olunub. Bu sahədə görüləsi işlər də çoxdur. 

Daha sonra natiq rayonda əldə edilmiş uğurlarla yanaşı, ölkə başçısının vətəndaş-məmur münasibətləri ilə bağlı tələbkarlığına uyğun vətəndaşların qəbulu, müraciətlərə baxılması və kargüzarlıq işlərinin aparılması vəziyyəti haqqında məlumat verib.

Məruzə ətrafında müzakirələrdə rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, fermer təsərrüfatı başçısı Ələkbər Salayev iştirak ediblər. Onlar 2015-ci ildə təmsil etdikləri  sahələrdə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Şura iclasında Milli Məclisin deputatı İqbal Məmmədov,  Prezident Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov çıxış edərək son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması və manatın məzənnəsinin dəyişməsi ilə bağlı yaranan çətinliklər barədə məlumat verdilər. Ölkə başçısının qısa müddətdə pensiya və müavinətlərin, əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalaması, buğda məmulatları və çörəyin istehsalı və satışını 18 faizlik əlavə dəyər vergisindən azad etməsi, süni qiymət artımının, yerlərdə  süründürməçilik, bürokratiya və korrupsiya  hallarının qarşısının alınması üçün, biznes və sahibkarlığın inkişafı, bank və tikinti sektorunda şəffaflığın təmin edilməsi ilə bağlı müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına tapşırıqlar verməsi,  Milli Məclisin növbədənkənar iclasının keçirilərək əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişikləri edilməsi, xüsusilə əmanətlərin sığortalanması, gömrük tarifləri, vergi məcəlləsində edilən dəyişikliklər, əhalinin məşğulluğunun artırılması  ilə bağlı atılan addımlar diqqətə çatdırıldı. Natiqlər dövlət proqramlarının uğurlu icrası sayəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işləri təqdir etdilər, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirdilər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında