Fuad ƏLƏSGƏROV: Ölkəmizdəki ictimai-siyasi sabitlik Prezident İlham Əliyevin gərgin əməyinin və müdrik siyasətinin nəticəsidir

Prezident Administrasiyasının hüquq–mühafizə orqanları ilə iş şöbəsinin müdiri Masallıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Fevralın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC  xəbər verir ki, tədbirdən əvvəl Fuad Ələsgərov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərə baxıblar. Sonra Masallı şəhərində inşa edilən “ASAN” Xidmət Mərkəzi, Uşaq İncəsənət Məktəbi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinin gedişi ilə tanış olublar.

Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl antiböhran tədbirləri həyata keçirilir, ictimaiyyət bununla bağlı geniş məlumatlandırılır.

Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığına əsasən rayonda sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində işlərə başlanılıb. Qızılağac və Kolatan kəndlərinin ərazisində “Azərsun” Holdinq Şirkətlər Qrupu tərəfindən 150 hektar tərəvəz və 100 hektar çay plantasiyasının salındığını və burada 800-ə yaxın yeni iş yerinin açıldığını vurğulayan R.Hüseynov əhalinin məşğulluğunu təmin etmək məqsədilə rayonda təmir-tikinti, yaşıllaşdırma, abadlıq, enerji təchizatı, yol tikintisi və digər sahələrdə 1000-dən çox qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai işlərə cəlb olunacağını və artıq yeni yaradılmış iş yerlərinə işçi qəbuluna başlanıldığını diqqətə çatdırıb.

Məlumat verilib ki, hazırda rayonda 4 yeni məktəb binasının, 5 həkim məntəqəsinin, 3 uşaq bağçasının, rayon tarix-diyarşünaslıq muzeyinin, Uşaq İncəsənət Məktəbinin, Viləş Park-Bulvar Kompleksinin, Bayraq Meydanının tikintisi, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilir, Muğan zonasını içməli su ilə təmin etmək məqsədilə Viləşçay Su Anbarından içməli su xətti çəkilir. Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması 90 faizə çatdırılıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən hakimiyyət nümayəndələrinin regionlarda vətəndaşlarla birbaşa təmasları yaxşı ənənə halını alıb. Bu, dövlət məmurlarına bölgələrdəki vəziyyətlə, yerli sakinlərin üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq, onlarla canlı ünsiyyət qurmaq və mövcud problemlərinin həllində insanlara yardımçı olmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Fuad Ələsgərov deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ”Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ötən il regionların inkişafı istiqamətində görülmüş işlər, həmçinin qarşıdan gələn illərdə sosial-iqtisadi sahədə həyata keçirilməli olan tədbirlər müzakirə edilib.

2015-ci il Azərbaycan üçün bütün sahələrdə çox əlamətdar bir il olub. Ölkəmizin Avropanın qaz təchizatında mühüm rolunu təmin edəcək “Cənub” qaz dəhlizinin icrası istiqamətində atılan addımlar, Azərbaycanın özünü Şimal-Cənub və Şərq-Qərb marşrutu üzrə çox güclü tranzit ölkə kimi təqdim etməsi nəticəsində respublikamız əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilib.

Ötən il Azərbaycanda ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Keçən il üçün nəzərdə tutulmuş bütün sosial proqramlar icra edilib, ünvanlı dövlət sosial yardımı 7 faiz artırılıb. Ümumiyyətlə, sosial proqramların həyata keçirilməsi Prezidentin daim diqqət mərkəzindədir. Son 12 ildə ölkəmizdə 1 milyon 500 min iş yeri yaradılıb və bunların 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində ölkəmizdə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb".

F.Ələsgərov qeyd edib ki, 2015-ci ildə dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafına təkan vermək məqsədilə mühüm təşəbbüslər göstərilib, əhəmiyyətli sənədlər imzalanıb. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılıb, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib və onların verilməsi prosedurları sadələşdirilib. Artıq lisenziyalar yalnız bir dövlət orqanı - İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində şəffaflıq şəraitində verilir. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün lisenziyalara görə rüsumların məbləği 50 faiz azaldılıb. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilib. Bu il də belə kreditlərin verilməsi davam etdiriləcək.

Prezident Administrasiyasının rəsmisi görüş iştirakçılarını ictimai-siyasi sabitliyin, ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan nəticələrlə bağlı da məlumatlandırıb. Diqqətə çatdırıb ki, ötən il əhalinin hər 100 min nəfərinə 277 cinayət hadisəsi düşüb. Bu göstəriciyə görə Azərbaycan MDB və Avropa ölkələri arasında öncül mövqelərdən birini tutur. Digər mühüm göstərici ölkə ərazisində törədilmiş 23545 cinayətin 82,4 faizinin açılması olub. 2015-ci ildə daxili qoşunların maddi-texniki hazırlığının artırılması, müasir texnikanın əldə edilməsi, daxili qoşunlarda intizamın və döyüş hazırlığının gücləndirilməsinə böyük diqqət yetirilib.

2015-ci ildə Masallı rayonunda da cinayətkarlıqla effektiv mübarizə aparılıb. Rayon ərazisində törədilmiş 334 cinayətin 93,2 faizi açılıb ki, bu da çox yaxşı göstəricidir.

Azərbaycanın hərbi potensialının, milli ordunun müasir hərbi texnika və döyüş sursatları ilə təminatının 2015-ci ildə daha da gücləndirildiyini bildirən F.Ələsgərov deyib ki, bu, özünü təmas xəttində də açıq şəkildə göstərib və ordumuzun düşmən üzərindəki tam üstünlüyü təmin edilib. Artıq tam əminliklə deyə bilərik ki, işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir olan güclü ordumuz var.

Regionların inkişafı Azərbaycan Respublikası Prezidentinin xüsusi əhəmiyyət verdiyi məsələlərdəndir. Bu istiqamətdə həyata keçirilən Dövlət proqramları sayəsində bölgələrdə böyük inkişafa nail olunub. Bu illər ərzində ölkəmizdə 25 elektrik stansiyası tikilib, bölgələrdə qazlaşdırma 80 faiz, şəhərlərdə isə 100 faiz həcmində təmin edilib. Son 12 il ərzində regionlarda on min kilometrdən çox yol çəkilib, 3 minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib və təmir edilib.

Dövlət proqramları çərçivəsində Azərbaycanın gözəl guşələrindən biri olan Masallı rayonunun inkişafı üçün də önəmli işlər görüldüyünü diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi deyib: “Son 12 ildə Masallıda 47 məktəb binası, 3 uşaq bağçası, 22 həkim və tibb məntəqəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialı, 2 sahə xəstəxanası, 15 kitabxana, Heydər Əliyev Mərkəzi, Mədəniyyət Evi, Gənclər Mərkəzi və bir sıra idman kompleksləri tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Tezliklə Tarix Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbinin də inşası başa çatdırılacaq. Rayonda qazlaşma 90 faizə çatdırılıb, 70 kilometr uzunluğunda kəndlərarası yol asfaltlaşdırılıb, 11 hektar istixana təsərrüfatı və 50 hektar çayçılıq plantasiyası salınıb. Hazırda rayonda su-kanalizasiya sisteminin çəkilişi başa çatmaq üzrədir. Masallı rayonunda indiyədək mərkəzləşdirilmiş su-kanalizasiya sisteminin olmadığını nəzərə alsaq, bu, olduqca mühüm hadisədir”.

Bu uğurları əldə etməyin heç də asan olmadığını qeyd edən F.Ələsgərov dünyada gedən siyasi-iqtisadi proseslər barədə də məlumat verib. Qeyd edilib ki, son illər dünyada, o cümlədən bizim regionumuzda yalnız iqtisadi deyil, siyasi sahədə də dərin böhran müşahidə edilir. Yaxın Şərqdə - xüsusilə İraqda və Suriyada qanlı toqquşmalar, terror aktları hələ də davam edir. Bu ölkələrdə illərlə davam edən müharibələr nəticəsində yüz minlərlə insan həlak olub və görünməmiş miqrant axını yaranıb.

Keçən il dünyada, həmçinin iqtisadiyyatın tənəzzül ili kimi yadda qalıb. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşüb. Müəyyən dövlətlər öz mübarizələrində neft qiymətlərindən siyasi alət kimi istifadə edirlər. Neft ixrac edən dövlətlər isə belə mübarizələrdən əziyyət çəkir. Digər tərəfdən Azərbaycanla qonşu olan ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha da artıq dərəcədə devalvasiyaya uğrayıb.

Dünyada hökm sürən siyasi böhrana baxmayaraq, Azərbaycanda sabitlik və əmin-amanlıq təmin edilib. Azərbaycan xalqı sülh şəraitində yaşayır. Bu sabitlik heç də asan əldə olunmur. Ölkəmizdəki ictimai-siyasi sabitlik məhz möhtərəm Prezidentimizin gərgin əməyinin və müdrik siyasətinin nəticəsidir.

Təəssüflə qeyd olunmalıdır ki, dünyada baş verən iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşməyib, ölkənin gəlirlərinə mənfi təsir göstərib, manatın dəyərdən düşməsinə səbəb olub. Bu prosesə baxmayaraq, dünyada böhranın başlandığı ilk günlərdən Prezident İlham Əliyev böhranın Azərbaycan vətəndaşlarına təsirinin minimuma endirilməsi üçün bütün zəruri addımları atıb. İlk növbədə, istehlak məhsullarının qiymətlərinə ciddi nəzarət etmək, süni qiymət artımı hallarının qarşısını almaq barədə tapşırıqlar verib.

Ölkəyə gətirilən buğdaya, un və çörək istehsalına görə tətbiq olunan əlavə dəyər vergisi Prezidentin göstərişi ilə ləğv edilib və bunun nəticəsində çörəyin qiymətində artımın qarşısı alınıb. Eyni zamanda, dövlətimizin başçısının imzaladığı sərəncamlarla büdcədən maliyyələşən bir çox qurumların işçilərinin maaşları, pensiyalar, müavinətlər, təqaüdlər artırılıb. 2016-cı ilin yalnız yanvar ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 20-dən çox fərman və sərəncam imzalanıb. Bununla da Prezident İlham Əliyev vətəndaşların sosial rifah halının onun üçün hər şeydən üstün olduğunu əyani şəkildə göstərib.

Dövlətimizin başçısı ölkəmizin gələcəkdə neft qiymətlərindən asılılığının aradan qaldırılması və davamlı inkişafın təmin olunması üçün yerli istehsalın artırılmasını, Azərbaycan istehsalı olan məhsulların ixracatının stimullaşdırılmasını prioritet kimi müəyyən edib. Prezidentin təşəbbüsünə əsasən ölkə iqtisadiyyatına investisiya yatıran sahibkarların 7 il torpaq vergisi ödəməkdən, onların xaricdən gətirdiyi avadanlıqlar və texnikanın həmin müddətə əlavə dəyər vergisindən azad olunması, həmçinin vətəndaşların banklarda olan əmanətlərinin 3 il müddətində tam sığortalanması nəzərdə tutulur.

Prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanları, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şuralarının yaradılması haqqında fərmanlar imzalayıb. Artıq sahibkarlar fəaliyyətləri ilə bağlı ortaya çıxan şikayətlərini birbaşa Apellyasiya Şuralarına verə biləcəklər ki, bu da həmin şikayətlərə operativ şəkildə baxılmasını təmin edəcək.

Dövlətimizin başçısı 2016-cı ildə regionlarda sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması ilə bağlı yerli icra hakimiyyəti orqanlarına ciddi tapşırıqlar verib. Bu məqsədlə 2016-cı ildə Masallı rayonunda da yerli istehsalın, turizmin inkişafı və yeni iş yerlərinin açılması üçün mühüm işlərin görülməsi nəzərdə tutulub. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən rayonda 10 hektar ərazidə sənaye məhəlləsinin salınması ilə bağlı təkliflər hazırlanır. Müxtəlif çeşiddə məhsulların istehsalı üçün zəruri infrastrukturun inşa ediləcəyi bu məhəllədə 300 nəfərə yaxın sakin işlə təmin ediləcək. Rayonda daha 50 hektar çayçılıq plantasiyasının salınması planlaşdırılır. Beləliklə çayçılıq plantasiyalarında çalışanların sayı 500 nəfərdən çox olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün “Azərsun” şirkətinə əlavə torpaqların ayrılması nəzərdə tutulub ki, bununla da istehsalın daha da genişləndirilməsi və yeni iş yerlərinin açılması təmin ediləcək. Masallıda “Nur-M” konserv zavodunun fəaliyyətinin bərpası üçün işlər görülür. Zavodun fəaliyyətinin bərpası ilə ilkin mərhələdə 1000 nəfərin işlə təmin edilməsi, sonradan isə bu rəqəmin daha da artırılması mümkün olacaq. Hazırda rayonda turizm sektorunun inkişafı üçün layihələr nəzərdən keçirilir. Vaxtilə Masallıda yerləşən “İstisu” sanatoriyası ümumittifaq əhəmiyyətinə malik idi. Bu sanatoriyanın dirçəldilməsi, ümumiyyətlə, rayonda turizmin inkişafı yerli əhalinin işlə təmin edilməsi, daha çox turistin cəlb edilməsi, beləliklə də insanların gəlirlərinin artması baxımından çox əhəmiyyətlidir. 2016-cı ildə Masallıda Bayraq meydanının, 100 nəfərlik uşaq bağçasının və digər sosial obyektlərin açılması da planlaşdırılıb. Bununla yanaşı, Masallı Olimpiya Kompleksindən başlayaraq eni 14 metr, uzunluğu 3,3 kilometr olan müasir prospekt salınır.

F.Ələsgərov məlumat verib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı məqsədilə çox ciddi islahatların aparılması nəzərdə tutulur. Bu islahatlara iqtisadi tədbirlərlə yanaşı, inzibati tədbirlər, o cümlədən sahibkarlığın inkişafı qarşısındakı süni maneələrin aradan qaldırılması, korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə də daxildir. Bu məqsədlə ölkədə sistemli islahatlar həyata keçirilməkdədir. Bu sahədə “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir.

Dövlətimizin başçısının müəllifi olduğu “ASAN xidmət” konsepsiyasının dövlət orqanlarının xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsində mühüm rol oynadığını bildirən F.Ələsgərov deyib ki, bu, korrupsiya hallarının qarşısının alınması, məmur-vətəndaş münasibətlərinin yeni tərzdə qurulmasına yönəlib. Hazırda “ASAN xidmət” mərkəzlərində 253 növ xidmət həyata keçirilir. Üç illik fəaliyyəti dövründə “ASAN xidmət” mərkəzlərində 7,8 milyondan artıq vətəndaş dövlət orqanları üzrə xidmətlərdən istifadə edib.

Ötən dövrdə Prezidentin tapşırığı ilə Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərində ümumilikdə 9 “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Növbəti yeni mərkəzlər Qəbələ və Masallıda yaradılacaq. Bu il Masallı rayonunda Azərbaycan təcrübəsində ilk dəfə olaraq bütöv “ASAN HƏYAT” kompleksi fəaliyyətə başlayacaq ki, buraya da “ASAN xidmət” mərkəzi ilə yanaşı, könüllülər mərkəzi, ailə biznesi qurmaq istəyənlər üçün layihələrin hazırlanmasına kömək göstərəcək biznes mərkəzi, idman-istirahət zonası, 3D kinoteatr, rəsm emalatxanaları, ictimai iaşə və digər obyektlər də daxil olacaq. Bu, dövlətimizin başçısının Masallı rayonuna, onun zəhmətkeşlərinə xüsusi qayğısının bariz göstəricisidir. Masallı rayonundakı “ASAN xidmət” mərkəzində 200 nəfər çalışacaq ki, onların da əksəriyyətini yerli sakinlər təşkil edəcək. Bununla yanaşı, mərkəzdə 100-ə yaxın gəncin könüllü kimi işə cəlb edilməsi nəzərdə tutulur. Mərkəz Masallı rayonu ilə yanaşı, Biləsuvar, Neftçala, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının, ümumilikdə, 1 milyondan artıq sakininə xidmət göstərəcək.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2016-cı ildə ölkəmizdə mühüm iqtisadi islahatların həyata keçiriləcəyini bəyan edib. Dövlətimizin başçısının qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə həyata keçiriləcək bu islahatlar nəticəsində 2016-cı il ölkəmizdə xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından çox önəmli il olacaq.

İqtisadi islahatların aparılması ilə yanaşı, dövlət orqanları, xüsusilə hüquq–mühafizə orqanları ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsi üçün səylərini daha da artırmalıdırlar. Belə ki, ictimai-siyasi sabitlik iqtisadi islahatların uğurunu təmin edən əsas amillərdəndir. Son zamanlar ölkəmizin bəzi rayonlarında baş vermiş hadisələr bir daha nümayiş etdirdi ki, istər ölkəmizin daxilində, istərsə də xaricində Azərbaycanda yarana biləcək xırda narazılıqdan sabitliyi pozmaq üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Xüsusilə, bir sıra müxalifət partiyaları və radikal dini cərəyanların təsiri altına düşən şəxslər manatın devalvasiyasından sonra vəziyyətdən istifadə edərək lokal etirazlar yaratmağa cəhd göstərmişlər. Lakin Azərbaycan xalqı belə qüvvələrin yanında olmadığını bir daha nümayiş etdirdi. Heç kəs bu hadisələrin bir daha təkrarlanmasını istəmir. Buna görə də ölkədə sabitliyi pozmağa yönələn bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq.

F.Ələsgərov çıxışını bu sözlərlə tamamlayıb: “Hazırkı dövrdə hər bir hakimiyyət nümayəndəsi öz məsuliyyətini dərk etməli, xalqın problemlərinin həll olunması üçün xüsusi həssaslıq nümayiş etdirməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət məmurları özlərini təvazökar aparmalı, xalqla bir yerdə olmalıdırlar. Bununla biz xalq-iqtidar birliyini daha da gücləndirərək dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına nail olacağıq”.

Toplantıda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, yerli sahibkar İlkin Şükürov, Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov və “Viləş” otelinin icraçı direktoru Kübra Ələkbərova rayonda aqrar bölmənin, sahibkarlığın və turizmin inkişafı ilə bağlı təkliflərini bildiriblər.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimov, Milli Məclisin deputatı Nəriman Əliyev iştirak ediblər.

Sonda görüş iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında