Məşğulluq Konsepsiyası layihəsi müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması məqsədilə yaradılmış İşçi qrupun iclası keçirilib. Tədbirdə İqtisadiyyat, Mədəniyyət və Turizm, Gənclər və İdman, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Həmkarlar İttifaqları Konfederasiyasının, Dünya Bankının, BMT-nin Əhali Fondunun, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək ehtiyatlarından səmərəli istifadəyə şərait yaradılmaqla əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinin Prezidentin sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, ötən müddətdə yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi tərəqqisi, habelə Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramları, 2004-cü ildən bəri 1,5 milyon iş yerinin, eləcə də ötən il 100 mindən çox iş yerinin yaradılması ölkədə əmək qabiliyyətli əhali arasında məşğulluq səviyyəsinin 95 faizədək yüksəlməsinə imkan verib: “Prezident tərəfindən ölkəmizdə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması barədə müvafiq tapşırıq verilib.

Tapşırığın icrası olaraq, konsepsiya layihəsinin hazırlanması üçün ƏƏSMN-nin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının, AHİK-in, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. İşçi qrupda  ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur”.

Bildirilib ki, 2016-2025-ci illəri əhatə edəcək konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur. Azərbaycanda müsbət demoqrafik amillərin təsiri nəticəsində, ölkə əhalisinin artması gələcəkdə yeni iş yerlərinin artırılmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Ona görə də daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi yeni konsepsiya layihəsinin hazırlanması zamanı diqqətdə saxlanılacaq.

Nazir həmin istiqamətlər nəzərə alınmaqla “Azərbaycan Respublikasında Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması üzrə İşçi qrupun müzakirəsi üçün müəyyən edilən məsələləri qeyd edib.

Sonra İşçi qrupun qarşısında duran vəzifələr və fəaliyyət planı barədə iclas iştirakçılarına məlumat verilib. Tədbir iştirakçıları Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında, layihədə  əsas məqsəd və  vəzifələrin müəyyən olunmasında ölkənin mövcud sosial-iqtisadi inkişaf meyillərinin, demoqrafik amillərin nəzərə alınmasının vacibliyini xüsusi vurğulayıblar.

İclasda əmək bazarında mövcud vəziyyət, gənclərin məşğulluğunun artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, əmək bazarında tələb və təklifin uyğunlaşdırlması, peşəyönümü sisteminin təkmilləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb. Dünya Bankının və Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən həmin qurumların layihənin hazırlanmasına göstərəcəkləri texniki dəstək barədə məlumat verilib.

Sonda Azərbaycanda təbii kapitalın insan kapitalına yönləndirilməsi ilə bağlı  təkliflər irəli sürülüb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında