Məcburi köçkünlərin sosial müdafiəsi diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası son zamanlar ölkədə baş vermiş devalvasiyanın nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addım oldu. Təbii ki, devalvasiya ictimaiyyətdə müəyyən narahatlıqlar yaratmışdı və hamı mövcud vəziyyətdən çıxış yolları axtarmaqda idi.

Belə bir vaxtda Prezidentin əhalinin bir sıra kateqoriyalarının - əmək pensiyaçılarının, şəhid ailələrinin, 20 Yanvar əlillərinin aylıq pensiya və müavinətlərinin, eləcə də məcburi köçkünlərə verilən yemək xərcinin 10 faiz artırılması haqqında verdiyi fərman və sərəcamlar dövlətin xalqa diqqət və qayğısının növbəti bariz nümunəsi oldu. Artıq görünən budur ki, dövlət başçısı neftin qiymətinin düşməsi və manatın devalvasiyasından sonrakı dövrdə islahatları daha ciddi şəkildə davam etdirmək, əhalinin sosial durumunu yaxşılaşdırmaq əzmindədir.

Məsələ bundadır ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında neftin qiymətinin düşməsinə baxmayaraq, keçən il də Azərbaycan iqtisadiyyatının artdığını, ümumi daxili məhsulun 1 faizdən çox, sənaye istehsalının 2,4 faiz çoxaldığını qeyd etdi: “Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.  Dövlət başçısı əhalini əmin etdi ki, bütün sosial proqramlar, o cümlədən, sosial infrastruktur layihələri icra olunur, yeni iş yerləri açılır, regionların inkişafı ilə bağlı tədbirlər görülür. Təsadüfi deyildir ki, təkcə keçən il 60-a yaxın tibb müəssisəsi, 20-dən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. 23 məktəbdə təmir işləri, eləcə də yeni uşaq bağçalarının tikintsi bu gün də davam etdirilir. İnsanlara daha böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilir. Bu gün 112 min ailə - 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində bu məbləğ 7 faiz artıb.

Dövlət başçısı qaçqın və məcburi köçkünlərə qarşı diqqətini daim artırmaqdadır. Məcburi köçkünlərin yeni yaşayış yerləri və ayrıca evlərlə təmin edilməsi işi illərdən bəri davam edir. Keçən il də 15 min məcburi köçkün yeni evlərə köçüb. Bu məqsədlə Dövlət Neft Fondundan kifayət qədər vəsait ayrılır. 2016-cı ilin ilk günlərində Prezident İlham Əliyevin fərmanı ilə əhalinin böyük bir kütləsini təşkil edən məcburi köçkünlərə verilən çörək pulunun həcmi 10 faiz artırıldı. Biz bütün bunları dövlət başçımızın məcburi köçkün vətəndaşlara qarşı diqqət və qayğısı kimi qiymətləndirir, bu çətin zamanda bizi unutmadığına görə ona dərin təşəkkürümüzü bildiririk. Cənab Prezidenti əmin etmək istəyirik ki, onun apardığı daxili və xarici siyasəti hamılıqla dəstəkləyirik. Ümid edirik ki, yaxın zamanlarda cənab İlham Əliyevin Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi istiqamətindəki səyləri də xoş bəhrəsini verəcək və dədə-baba torpaqlarımıza qayıdacağıq.

Abdulla ABDULLAYEV,
Laçın rayonundan
məcburi köçkün


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında