Naxçıvan: Babək rayonunun Xəlilli kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Son illərdə Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrinın siması gözəlləşir, hər yerdə müasir infrastruktur yaradılır, insanların sosial problemləri sürətlə həll olunur. Həyata keçirilən quruculuq tədbirlərindən Babək rayonunun Xəlilli kəndinə də pay düşmüş, kənddə yeni sosial obyektlər inşa olunmuşdur.

Bugünlərdə Xəlilli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəb binasının açılışını bildirən lenti kəsmişdir. Mərasimdə ulu öndər Heydər Əliyevin “Cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır” – fikrini xatırladan Ali Məclisin sədri demişdir ki, cəmiyyətdəki sabitlik, ölkənin tərəqqisi və inkişafı məktəbin fəaliyyətindən, təhsilin səviyyəsindən asılıdır. Bu gün Xəlilli kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır. Gənclərin savadlı, dünyagörüşlü və vətənpərvər böyüdülməsi üçün yaradılan bu şəraitdən düzgün istifadə olunmalıdır. Məktəbin nailiyyətlərinin qənaətbəxş olduğunu bildirən Ali Məclisin sədri kollektivə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamışdır.

Ali Məclisin sədri Babək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 26 şagirdə kompüter hədiyyə etmiş, məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 144 yerlik məktəb binasında 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 elektron lövhəli sinif, şahmat, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kompüter otağındakı 13 kompüter internetə qoşulmuşdur. Kitabxanada 1215 dərslik və 1520 bədii ədəbiyyat vardır.

Yanvarın 22-də Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərlinin doğum günü idi. Elektron lövhəli sinfə baxış zamanı məlumat verilmişdir ki, hazırda Bəhruz Kəngərli muzeyi ilə təhsil müəssisələri arasında distant dərs keçirilir, şagirdlərə görkəmli rəssamın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir. Distant dərsi muxtar respublikanın 221 təhsil müəssisəsindən 4 minə yaxın şagird izləyir.  Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri bildirmişdir ki, pedaqoji kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməlidir. Məktəbin direktoru Əfqan Vəliyev demişdir ki, yaradılan şərait tədrisin səviyyəsini xeyli yüksəldəcəkdir. Müəllim Afaq Cəfərova isə qeyd etmişdir ki, pedaqoji kollektiv göstərilən etimadı doğruldacaqdır.

 

*   *   *

 

Sonra Xəlilli Kənd Mərkəzinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış lentini kəsmiş və binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan mərkəzdə rabitə evi, feldşer- mama, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kitabxana, klub və 40 yerlik iclas zalı vardır. Şıxmahmud və Xəlilli kəndlərini əhatə edən baytarlıq məntəqəsində soyuducu qoyulmuş, zəruri dərman vasitələri ehtiyatı yaradılmışdır. Birinci mərtəbədəki kitabxanada 8442 kitab vardır.

Rabitə evində 384 yerlik yeni nəsil ATS quraşdırılmış, abonentlər keyfiyyətli rabitə xidməti ilə təmin olunmuşlar. Burada yeni poçt bölməsi də fəaliyyətə başlamışdır. Lazımi avadanlıqlarla təchiz olunan Xəlilli kənd feldşer- mama məntəqəsi müdir, mama və manipulyasiya otaqlarından ibarətdir.

 

*   *   *

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xəlillidə yeni xidmət mərkəzinin də açılışını etmişdir.

5 nəfərin daimi işlə təmin olunduğu Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir.

Sonra Ali Məclisin sədri kənd sakinləri ilə görüşmüşdür.

Ali Məclisin sədri demişdir: Xəlilli kəndi muxtar respublikanın müasir kəndləri sırasına qoşulmuşdur. Kənddə geniş quruculuq işləri aparılmışdır. Bu işlərin davamı olaraq Şıxmahmud və Xəlilli kəndlərində su-kanalizasiya layihəsi də həyata keçiriləcək, kənd yollarına asfalt örtük salınacaqdır. Həyata keçirilən kompleks quruculuq işləri kəndlə şəhər arasındakı fərqin azalmasına, sakinlərin həyat şəraitinin yaxşılaşmasına və məskunlaşmanın artmasına səbəb olmuşdur.

Kənd sakini Zahid Tağıyev minnətdarlıq edərək demişdir ki, göstərilən diqqət və qayğıya, yaradılan şəraitə cavab olaraq kənddə əkinçiliyi, heyvandarlığı inkişaf etdirəcək, bundan sonra da ölkəmizin inkişafına töhfələr verəcəklər.

 

*   *   *

 

Aparılan abadlıq- quruculuq tədbirləri cərçivəsində Xəlilli kəndinin yolları da abadlaşdırılmış, 1350 metr uzunluğunda beton kanal çəkilmiş, 67 su keçidi qoyulmuşdur. Rabitə, elektrik və qaz xətləri yenilənmiş, 1200 metrlik fiber- optik, 3 kilometr uzunluğunda elektrik və 450 metr uzunluğunda qaz xətti çəkilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında