Azərbaycanda sosial siyasətin mərkəzində insan amili dayanır

Son illər, o cümlədən 2015-ci ildə baş verən qlobal böhran səbəbindən bütün dünya iqtisadiyyatı üçün çətin bir sınaq dövrü olsa da, Azərbaycan bu sınaqdan nəinki minimum itkilərlə çıxıb, hətta özünün iqtisadi artım tempini davam etdirib. Bununla yanaşı, dövlət başçısının sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların da uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaradıb. Digər tərəfdən, əmək və əhalinin sosial müdafiəsi sistemində müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün mütərəqqi islahatlar davam etdirilib.

Xatırladaq ki, son 12 ildə 3,4 dəfə iqtisadi artıma nail olan və bu dövrdə ən sürətlə inkişaf edən ölkələrdən biri kimi Azərbaycanda əhalinin maddi təminat və rifah göstəriciləri də mütəmadi yüksəlib. 2003-cü illə müqayisədə ötən dövrdə əhalinin gəlirləri 7 dəfəyə yaxın, adambaşına gəlirlər isə 6 dəfəyə yaxın artıb. Ötən ilin yanvar-noyabr aylarında isə əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər 4,4 faiz yüksəlib. Orta aylıq əmək haqqının məbləği ötən ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 462 manata çatıb.

Respublikada qeyri-neft sektorunun genişlənməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi nəticəsində son 12 ildə 1,4 milyondan çox yeni iş yerinin açılması sosial rifahın əsas şərti sayılan məşğulluq səviyyəsinin yüksəlməsinin bariz ifadəsidir. İqtisadiyyatda məşğul əhalinin sayı 16 faizədək artaraq, iqtisadi fəal əhalinin 95 faizdən çox hissəsini təşkil edib. Məşğul əhalinin sırasında muzdla işləyənlərin sayı həmin dövrdə 24 faizədək və ya 300 min nəfərədək artıb. Beləliklə, işsizliyin 4,9 faizədək azaldığı ölkədə əhalinin həyat səviyyəsinin yaxşılaşması nəticəsində yoxsulluğun kəskin şəkildə azalaraq 5 faizə enməsinə nail olunub.

Milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin həcmi nəinki azaldılmır, hətta artırılır. Əgər 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, bu il 36,1 faiz təşkil edəcəyi gözlənilir.  

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətində hazırda sosial cəhətdən həssas əhali kateqoriyalarına dövlət qayğısının artırılması xüsusi yer tutur. Yalnız son iki ildə dövlət başçısı tərəfindən əmək və sosial müdafiəsi sistemi ilə bağlı 25-dən çox fərman və sərəncam imzalanması bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu sənədlər sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial müdafiəsi sisteminin mütərəqqi islahatlar mərhələsinə daxil olmasına şərait yaradıb.

Bu gün dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Dövlətimizin başçısı Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib:" Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Giriş sözümdə qeyd etdiyim kimi, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır.

Mən manatın devalvasiyası ilə bağlı fikirlərimi artıq bildirdim. Bu, bizdən asılı olan məsələ deyildi. Bir daha demək istəyirəm ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, qonşu ölkələrdə milli valyutaların devalvasiyası bu addımı qaçılmaz etmişdir. Bizim vəzifəmiz bu vəziyyətdən minimum itkilərlə çıxmaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik. Dediyim o məsələlər öz həllini tapmalıdır.

Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulur. Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub".

Azərbaycan Prezidenti İlham Əliyevin son günlər  imzaladığı fərman və sərəncamlar ölkədə əmək pensiyaçılarının, məcburi köçkünlərin, 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin, şəhid ailələrinin, eləcə də ayrı-ayrı sahələrdə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətinda atılan mühüm addımlardır.

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qlobal iqtisadi böhranın, dünyada gedən proseslərdən dolayı ölkəmizdə də manatın məzənnəsinin devalvasiyaya uğramasının milli iqtisadiyyata və əhalinin sosial rifah halına mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə dövlət orqanlarına bir sıra tapşırıqlar verib.

Dövlətimizin başçısı iqtisadi inkişaf templərinin daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin edilməsini hökumət qarşısında bir vəzifə kimi müəyyənləşdirib. Azərbaycan Prezidentinin əsas tapşırıqlarından biri də devalvasiyanın əhalinin sosial rifah halına mənfi təsirlərinin minimuma endirilməsi məqsədi ilə pensiya və əməkhaqqının qaldırılması üçün respublika hökuməti tərəfindən təkliflərin hazırlanmasıdır. Tapşırığın icrası olaraq, ilk növbədə devalvasiyanın minimum istehlak səbətinə təsirlərinin öyrənilməsinə başlanılıb, istehlak qiymətləri çox ciddi nəzarətə götürülüb, unun və çörək məmulatlarının qiymətlərinin aşağı salınması məqsədi ilə fiskal tədbirlər həyata keçirilib. Əhalinin aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinin artırılması və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə hökumət tərəfindən bütün sosial ödənişlərin artırılması istiqamətində təkliflər hazırlanıb.

Xatırladaq ki, “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Bu sərəncamla 1 milyon   271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq. Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 milyon   manat əlavə büdcə vəsaiti sərf olunacaqdır.

Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli fərmanında dəyişiklik edilməsi barədə" 16 yanvar 2016-cı il tarixli fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib. Bu fərman Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan 13487 nəfər şəhid ailəsini əhatə edəcək və həmin artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 milyon manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək.

Azərbaycan Respublikası Prezidentinin “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və ”1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli fərmanında dəyişiklik edilməsi barədə" 16 yanvar 2016-cı il tarixli fərmanı isə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdün məbləğinin artırılmasını nəzərdə tutur. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə aylıq Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaq. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir.

Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” 16 yanvar 2016-cı il tarixli Sərəncamı isə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılmasını nəzərdə tutur. Sərəncam 566 min nəfər məcburi köçkünə şamil olunacaq və onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılmasının maliyyələşdirilməsinə ilin sonunadək 11,3 milyon manata yaxın əlavə büdcə vəsait sərf olunacaq.

Ölkə Prezidentinin son günlər digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə imzaladığı müvafiq fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin etibarlı şəkildə təmin olunmasına, eləcə də qiymət artımının sosial rifah halına təsirinin minimuma endirilməsinə öz müsbət təsirini göstərəcəkdir.  

Müharibə əlillərinə və şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğı onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını, onların yeni mənzillərlə təminatını da əhatə edir. Xatırladaq ki, dövlət başçısının  2014-cü il 20 iyun tarixli sərəncamı bu istiqamətdə mühüm addımların atılmasına imkan yaradıb. Sərəncamın icrası olaraq, respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb, onlardan inşası başa çatan evlər, həmçinin Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır yaşayış binalarından tender əsasında alınaraq təmir etdirilmiş mənzillər ardıcıl olaraq istifadəyə verilir. 2014-cü ildən indiyədək 350-dək müharibə əlili və şəhid ailəsi artıq mənzillə təmin olunub. Hazırda həmin insanlar üçün bölgələrdə 300-dən çox fərdi evin inşası davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət qurumlarının qarşısında bir sıra mühüm vəzifələr qoyub. Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin  genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi bu il  hökumətin prioritet fəaliyyət istiqamətləri olacaq. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması,  xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında