Multikulturalizm Azərbaycanda həyat tərzidir

Multikultural cəmiyyətdə hər vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək məsələlərində bərabər hüquqa malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya yol açır. Məhz buna görə bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda, sadə insanlar, milli və dini azlıqlar da dəstəkləyirlər.

Multikulturalizmin nəzəri əsasını liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil edir,  özündə başqasının halına acımaq, mərhəmət, şəfqət, başqasının problemini özününkü kimi qəbul etmək qabiliyyəti və bacarığını ehtiva edir. Bu, həm də bir siyasət kimi, mahiyyəti baxımından tolerantlıqla sıx bağlıdır. Başqa sözlə, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir.

Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına müsbət təsir göstərir. Bu isə insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə sıx əlaqədardır. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Möhtərəm dövlət başçımız bu il  yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə deyib: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.

Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında 11 yanvar 2016-cı il tarixli  sərəncamında qeyd edilir ki, tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu il Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.  Xatırladaq ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və hazırda bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.

Ölkə rəhbəri 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində bununla bağlı deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

Bu gün ölkəmizdə multikulturalizmə mühüm önəm verilməsi heç də təsadüfi deyil. Ekspertlərin fikrincə, Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni daim hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verdi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda Dünya Dini Liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın mühüm rol oynadığını bir daha  göstərdi. Dövlət başçımızın müvafiq sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi.

Azərbaycan Prezidenti 2015-ci il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında da bu barədə deyib: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir sıra ölkələrində bu qəbildən silsilə tədbirlər keçirilir. Məsələn, Mehriban xanım Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda reallaşdırılan konfrans bunun bariz ifadəsidir. Xatırladaq ki, həmin tədbirdə Heydər Əliyev Fondunun Prezidenti vurğulayıb: “Ekstremizm və terrorçuluğa qətiyyətlə “yox” deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır”.

Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsinə çevrilib. Bununla bağlı keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.

Azərbaycan Prezidentinin göstərdiyi konkret ideoloji hədəflərdən biri ölkəmizin dünyaya tanıdılmasıdır. Hazırda xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi bunun bariz ifadəsidir. Bu fənn bu gün Portuqaliya, Almaniya, İsveçrə, İtaliya, Rusiya, Çexiya, Gürcüstan, Litva, Belarus və Bolqarıstan ali məktəblərində keçilir və həmin fənnin tədrisi perspektivdə bir sıra ölkələrdə də nəzərdə tutulub. Adıçəkilən ölkələrdə bu fənn artıq ikinci semestrdir ki, tədris edilir. Xarici ölkələrdə bu fənnə böyük maraq var.

Azərbaycanı dünyada tanıtmaq istiqamətində keçən ilin yayında təşkil edilən və bu il fevralın 8-15-də növbəti dəfə keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş!” mövzusunda beynəlxalq qış məktəbi də dövlətimizin başçısının təqdir etdiyi layihələrdəndir.

Yuxarıda qeyd edilənlərlə yanaşı, ötən ilin yaz semestrindən başlayaraq, Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində və Azərbaycanın

7 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Bu layihə növbəti semestr İsveçrə, Portuqaliya, Ukrayna və Türkiyədə davam etdirilib. Bu il isə xüsusi fərqlənən tələbələr üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti tərəfindən Beynəlxalq Qış Məktəbi təşkil olunacaq.

Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması barədə danışarkən, diqqəti “Multikulturalizm ili” çərçivəsində yanvarın 15-də Bakıda Heydər məscidində cümə namazı qılınması mərasiminə yönəltmək istərdik. Vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər. Bu tədbir “Multikulturalizm ili” fonunda mühüm əhəmiyyət daşıyır və Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.

Dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda, Heydər məscidində şiələrlə sünnilər hər gün olduğu kimi, müqəddəs cümə günündə də növbəti dəfə vəhdət namazı qılmaq üçün bir araya gəlmələri artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davamlı hal alıb. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin məntiqi nəticəsidir.

Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər məscidində vəhdət namazının qılınması dünyaya bir sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verildi. Məğzi isə odur ki, məzhəbindən asılı olmayaraq, müsəlmanlar qardaş-bacı kimi bir yerdə, bir məsciddə namaz qılırlar. Çünki bütün müsəlmanların bir Allahı, bir Quranı və bir Peyğəmbəri var.

“Multikulturalizm” bəlkə də ictimaiyyət üçün yeni termin olsa da, onun mahiyyətinə min illərdir ki, ölkəmizdə riayət edilir. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamı qarşılıqlı hörmət şəraitində yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətidir. Heydər məscidində vəhdət namazının artıq ənənə halını alması isə onu göstərir ki, “Multikulturalizm ili”ndə də ölkəmizdə bu sahədə uğurlu tədbirlər həyata keçiriləcək. Azərbaycanın multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da artacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında