Dövlətin həyata keçirdiyi sosial müdafiə tədbirləri razılıqla qarşılanır

Xətai Rayon İcra Hakimiyyətinin Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı icra hakimiyyətinin başçısı Razim Məmmədovun,  rayonun idarə və müəssisə rəhbərlərinin, eləcə də qəsəbə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirildi. 

Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mehman Allahverdiyev yığıncaqda məruzə il çıxış edərək bildirdi ki, sürətlə inkişaf edən Bakının Xətai rayonunda son illərdə həyata keçirilən yenidənqurma və abadlaşdırma işlərinin bir ünvanı da bizim Əhmədli qəsəbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  qəsəbəmizdə yerləşən 22 saylı birləşmiş şəhər xəstəxana-poliklinika binasının və 1saylı çörək zavodunun açılışında iştirak etməsi, həmçinin  5 saylı Bakı Peşə Liseyində  aparılan yenidənqurma və əsaslı təmir işlərinin vəziyyəti ilə şəxsən tanış olması qəsəbəmizin sakinləri üçün ötən ilin ən əlamətdar hadisələrindəndir.

Natiq konkret faktlara toxunaraq bildirdi ki, Dövlət Proqramına uyğun olaraq ötən il qəsəbənin qaz və elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılmış, ərazidə orta təzyiqli yeni qaz xətləri çəkilmiş,qazpaylayıcı qutular quraşdırılmış, abonentlərin mexaniki sayğacları “smart-kart” tipli sayğaclarla əvəz edilmişdir. Son illərdə qəsəbədaxili yollarda və küçələrdə 100 min kvadratmetr asfalt örtüyü vurulmuşdur. 2015-ci ildə ərazidə olan R.Quliyev, R.Məmmədov, Aşıq Ələsgər küçələrinin asfalt örtüyü yenilənmiş, uzunluğu 5,5 kilomtr olan bu yolda yüksək standartlara uyğun əsaslı təmir və yenidənqurma işləri  həyata keçirilmiş, 130 min kvadratmetr yola yeni asfalt örtüyü döşənmişdir.

Qəsəbə inzibati ərazi nümayəndəsi qeyd etdi ki, dövlət başçısının tapşırığına əsasən 15 mindən çox sakinin yaşadığı Əhmədli qəsəbəsindən 6673 nəfər tibbi müayinədən keçmişdir. Qəsəbədəki aztəminatlı ailələrin sosial-məişət problemlərinin həllinə daim diqqət göstərilmiş və onların böyük bir qisminə vaxtaşırı maddi yardım edilmişdir.

Məruzə ətrafında  çıxışlarda  razılıqla qeyd edildi ki, Prezidentin tapşırığı ilə qəsəbədə tikilən xəstəxana - poliklinika binasının istifadəyə verilməsi, qəsəbədaxili yollara asfalt döşənməsi, qaz xətlərinin əsaslı yenidən qurulması, küçələrin işıqlandırılması, əhalinin qaz, su və elektrik enerjisi ilə təmin olunmasında  fasilələrin tam aradan qaldırılması, məktəblərin əsaslı təmiri həqiqətən Əhmədlinin simasını kökündən dəyişdirmişdir.  Çıxış edənlər dövlət başçısının son günlər əhalinin sosial müdafiəsilə bağlı verdiyi sərəncam və fərmanları ürəkdən alqışladıqlarını, Prezidentə minnətdarlıq etdiklərini ifadə etdilər. Bu minnətdarlıq sadəcə, xalqın öz liderinin fəaliyyətinə qədirbilənliklə yanaşmasının, bundan məmnunluğunun  nümayişi idi.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağına yekun vuraraq bildirdi ki, dünya maliyyə-iqtisadi böhranı planetin əksər ölkələri üçün həqiqətən ciddi problemlər yaratmışdır. Lakin ötən illər ərzində Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlar, 10 illik sürətli iqtisadi inkişaf nəticəsində, bu böhran, başqa ölkələrdən fərqli olaraq, bizim ölkənin sosial-iqtisadi həyatına ciddi təsir göstərə bilməmişdir.

R.Məmmədov ölkədə baş vermiş manatın devalvasiyası ilə bağlı həyata keçirilən tədbirlərə toxunaraq bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün imkanlardan istifadə edərək ölkə əhalsinin, xüsusilə onun aztəminatlı təbəqəsinin sosial müdafiəsini gücləndirməyə, xalqın böhran qarşısında ciddi çətinliklərlə üzləşməməsinə çalışır.

Bu tədbirlər sırasında dövlət başçısının əmək pensiyalarının, əlilliyə görə pensiyaların, səhiyyə, təhsil, mədəniyyət, xidmət sahələri, bir sözlə, dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrin işçilərinin əməkhaqlarının artırılması haqqında verdiyi sərəncamlardan söz açan R.Məmmədov xüsusi vurğuladı ki, bunlar xalqın rifah halının müdafiəsinə hesablanan addımlardır. Belə tədbirlərin davamlı olduğunu biz zaman-zaman görürük.Azərbaycan Prezidentinin xalqın sosial-iqtisadi durumunun yaxşılaşdırılması ilə bağlı dövlət və hökumət orqanları qarşısında qoyduğu vəzifə və öhdəliklər bizdən, yerli icra hakimiyyəti orqanlarından da son dərəcə ciddi yanaşma tələb edir. Dövlət başçısı birbaşa göstərişlərində də, müşavirələrdəki geniş çıxışlarında da qəti şəkildə bildirir ki, biz xalqın xidmətindəyik və ona xidmət etmək üçün təyin olunmuşuq. Bunu heç zaman unutmamalıyıq.

Natiq vurğuladı ki, burada çıxış edənlər Prezidentimizin son sərəncamlarından çox böyük razılıqla, minnətdarlıqla danışdılar. Az qala 13 ili tamam olan fəaliyyəti dövründə Prezident İlham Əliyevin xalqın rifah halının yüksəlməsinə ünvanlanan sərəncam və fərmanları çox olub. Lakin onun zəkasının məhsulu olan və onun iradəsilə həyata keçirilən islahatlar ölkədə elə bir sosial rifah şəraiti formalaşdırıb ki, maddi çətinliklərlə qarşılaşmadığımızdan buna ciddi nəzər yetirməmişik. Bu sosial rifah halı ölkəmizin Ermənistanla müharibə şəraitində olduğu bir vaxtda yaradıldığını da hesabdan silmək olmaz. Mövcud reallıq bizdən belə faktları da dəyərləndirməyi tələb edir.

İcra başçısı çıxışının sonunda inzibati ərazi dairələrinin, rayonun xidmət sahələrinin, idarə və müəssisələrin rəhbərlərinə  tövsiyə və tapşırıqlarını verdi.Onlara tapşırıldı ki,əhalinin, rayon sakinlərinin problem və çətinlikləri ilə bağlı müraciətlərinə son dərəcə ciddi və həssas yanaşsınlar.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında