Xalqımız 20 Yanvarda qəhrəmanlıq ənənələrinə sadiqliyini sübut etdi

1990-cı il 20 Yanvar faciəsində şəhid olanların xatirəsi xalqımız tərəfindən hər il hörmətlə yad edilir, minlərlə, milyonlarla insanın mənəviyyatına, mənliyinə, vüqarına, milli hisslərinə vurulan zərbələrin ağrı-acısı bu gün də unudulmur. Fəxrlə deyə bilərik ki, 20 Yanvar Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyətə malikdir. 26 il əvvəl baş verən o qanlı olayın izləri qəlbimizdə daim bir yara kimi sızlasa da, milli kimliyimizin qürur mənbəyi kimi də müstəsna önəm daşıyır.

1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılandan dərhal sonra ermənilər Mixail Qorbaçovun  xeyir-duası ilə Qarabağ avantürasına start verdilər. 1988-ci il fevralın 20-də Ermənistanın bilavasitə müdaxiləsi ilə DQMV Xalq Deputatları Sovetinin iclası keçiriləndə 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar olmasına baxmayaraq, soydaşlarımız iclasa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetlərinə müraciət edildi.

1988-ci il fevralın 25-də Georgi Şahnazarovun və Aleksandr Yakovlevin müşayiəti ilə Sov. İKP MK-nın Baş katibi Mixail Qorbaçov Silva Kaputikyanı və Zori Balayanı qəbul etdi. Onlar M. Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim edərək onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırdılar.

Milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdi. 1988-ci il fevralın 19-da İrəvanda “Ermənistan türklərdən təmizlənməli!”, “Ermənistanda yalnız ermənilər yaşamalıdır!” kimi şüarlarla mitinqlər keçirilirdi. Elə həmin gün Bakıda da antierməni ruhlu kütləvi mitinq təşkil olundu. 1988 – 1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə əməliyyatı keçirildi. Beləliklə, Ermənistandakı 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev, 165 kolxoz və sovxozun əmlakı talan edildi. Bu olaylara Moskva göz yumdu, M.Qorbaçov məkrli bəyanatlar verdi, Azərbaycanın o zamankı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirdilər.

Ermənistanın  ölkəmizə qarşı ərazi iddialarını SSRİ rəhbərliyinin açıq şəkildə dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Bu ayrı-seçkilikdən qəzəblənmiş xalq ayağa qalxmış, etiraz səsini qaldırmışdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqının haqq səsini boğmaq üçün qanlı terrora əl atdı. Sovet rejimi Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərdi. Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı, eləcə də keçmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun razılığı ilə Azərbaycanı birdəfəlik sovet imperiyasının buxovunda saxlamaq və sovet rejiminin hegemonluğunu hələ uzun müddət davam etdirmək məqsədilə Bakıya 35 minlik hərbi birləşmə yeridildi.

Azərbaycan xalqına divan tutulması üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin birgə hazırlayıb həyata keçirdikləri əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları əsas vəzifələrin icraçıları oldular. Mixail Qorbaçov başda olmaqla, Sovet imperiyasının digər rəhbərləri də milli ayrı-seçkilik bəhanəsindən istifadə edərək öz çirkin niyyətlərini həyata keçirdilər. Guya Bakıya yeridilən qoşun hakimiyyəti zorakı yollarla ələ keçirməyə çalışan “millətçi ekstremistlər”i zərərsizləşdirəcək və hərbi qulluqçuların ailələrini qoruyacaqmış. Bu, qabaqcadan hazırlanmış uydurma plan idi. Elə həmin vaxt Bakıda daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Sovet dövləti tabeliyində olan həmin qüvvələrdən istifadə edə bilərdi.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. 1990-cı il yanvarın 19-u saat 19.27 dəqiqədə SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Xalq Cəbhəsinin bəzi liderləri əhaliyə dağılmağı, bəziləri isə müqavimət göstərməyi məsləhət görürdü.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Yanvar hadisələri zamanı Bakıya yeridilən hərbi qruplaşmanın tərkibinə 76, 104, 106-cı qvardiya hava-desant diviziyalarının üç polku, 295-ci motoatıcı diviziya, xüsusi təyinatlı 22-ci briqada, Qara Dəniz Donanması dəniz piyadalarının 882-ci batalyonu, DTK-nın 7-ci idarəsinin xüsusi təyinatlı “Alfa” qrupu və s. hərbi hissələr daxil idi.

Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutdu. Mixail Qorbaçovun fərmanı qüvvəyə minənədək artıq xeyli insan öldürülmüşdü. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınları və tibb işçiləri də atəşə tutulurdu. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanıldı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdıldı, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edildi.

Bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 1990-cı il noyabrın 21-də siyasi-hüquqi qiymət verildi. Həmin vaxt qəbul edilmiş böyük əhəmiyyət kəsb edən sənəddə qeyd olunurdu ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov.İKP MK katibi A.Girenko, SSRİ müdafiə naziri D.Yazov, daxili işlər naziri V.Bakatin, Sov.İKP MK-nın məsul işçisi R.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün birbaşa məsuliyyət daşıyır və cavabdehdirlər.

Xalqın təkidi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edildi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar günü respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olmuşdur. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”. Azərbaycan Prezidenti  İlham Əliyev 20 Yanvar şəhidlərinin, bütövlükdə bu qəbildən olanların ailələrinə dövlət səviyyəsində qayğı və köməkliyin göstərilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Həmçinin dövlət başçısı 20 Yanvar hadisələri zamanı şəhid olmuş şəxslərin ailələrinin, eyni zamanda, həmin hadisələr zamanı öz sağlamlığını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə mütəmadi olaraq müvafiq  sərəncam və fərmanlar imzalayır. 

Xalqımız 1990-cı il yanvarın 20-də hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi. Həmin gün Azərbaycanın şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə, Vətən sevgisini hər şeydən uca tutmalarını canları, qanları bahasına sübut etmələri ilə xalqımızın qəhrəmanlıq salnaməsinə silinməz izlər yazdılar.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında