Azərbaycan bu sınaqdan da uğurla çıxacaq

Qlobal dünyamızda baş verənlər dövlətlərin və xalqların ciddi problemlərlə üzləşməsinə zəmin yaradıb. Söz yox ki, baş verən iqtisadi kataklizmlər sürətli inkişaf yolunda olan Azərbaycana da təsirsiz ötüşmədi.

Neftin dünya bazarında qiymətinin ucuzlaşması, beynəlxalq aləmdə baş verən münaqişələr iqtisadiyyatda ciddi çətinliklər yaratdı. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu barədə çox aydın şəkildə bildirmişdir: “2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Əlbəttə, bu, bizi ciddi narahat edir. Çünki biz də bu regionda yaşayırıq və regionda baş verən hadisələr istər-istəməz bizə də öz təsirini göstərir."

Amma buna baxmayaraq, Azərbaycan 2015-ci ili uğurla başa vurdu. Ölkədə ÜDM 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sektoru sənayesi 8,4 faiz artmışdır. Əslində, bu, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırılması yolunda qazanılan mühüm nailiyyətdir.

 Müşavirədə qeyd olunmuşdur ki, ötən il sosial proqramlar da uğurla icra olunmuşdur. 60-a yaxın tibb müəssisəsi, 20-dən çox məktəb tikilib və əsaslı şəkildə təmir olunub. İnsanlara daha böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu gün 112 min ailə, 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır. Regionların inkişafı sürətlə gedir. Ötən il 100 mindən çox iş yeri yaradılmışdır.

Əlbəttə, bütün bunlar onu göstərir ki, Azərbaycan belə çətinliklərə dözməyə hazırdır və gələcəkdə də vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcək.’ Ötən ilin sonlarında baş verən manatın devalivasiyası insanlarda müəyyən çaşqınlıq yaradıb. Amma onu bilmək lazımdır ki, bu, qaçılmaz idi. Mən iqtisadçı deyiləm, amma onu deyə bilərəm ki, bu proses digər ölkələrdə daha sürətlə gedir. Qonşu ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha çox devalivasiyaya uğramışdır.

Müharibə vəziyyətində yaşamağımıza baxmayaraq, Azərbaycanda sabit həyat şəraiti davam edir. Biz müharibənin dəhşətlərini görmüşük. Bilirik ki, Azərbaycan o ağır illərdə hansı bəlalarla üzləşmişdi. Azərbaycan Prezidentinin apardığı müdrik siyasət sayəsində bu gün vətəndaşlarımız rahat yaşayırlar.

Bəli, çətinliklər olacaq. Bunu Prezidentimiz də öz çıxışında bildirmişdir. Amma, dövlətimiz bu böhrandan çıxış yollarını müəyyənləşdirmək üçün tədbirlər hazırlayır. Artıq inhisarçılığa qarşı mübarizə aparılması üçün müəyyən iş görülür. İstehlak qiymətlərinə ciddi nəzarət edilir. Süni şəkildə qiymətləri artırmağa çalışanlar cəzalandırılır. Hüquq-mühafizə orqanları şəxsi maraqlarını təmin etmək istəyənlərə ciddi cəza tədbirləri tətbiq edirlər. Bütün bunlar, yaxın vaxtlarda vəziyyətə nəzarət imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Onu deyə bilərəm ki, yaxın gələcəkdə Azərbaycan əvvəlki inkişaf tempini təmin edəcək, ölkəmiz yeni inkişaf yoluna çıxacaq.

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək . Göründüyü kimi, Azərbaycan bu il də beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək, ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənəcək. Ən əsası odur ki, Azərbaycan doğru yoldadır və bu yol onu xoşbəxt gələcəyə qovuşduracaq.

Bahar CƏFƏROVA,
filologiya üzrə elmlər doktoru,
professor, Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında