LƏNKƏRAN: Regional inkişafa gözəl nümunə

Mavi Xəzərin aynası, cənuba doğru sıralanan dağlar, zəngin meşələr Lənkəranın gözəllik tablolarıdır. Buranın tarixi abidələri əsrlərə şahidlik edir. Şəhərdə isə qədim və müasir memarlıq üslubunda tikilmiş binalar, geniş parklar, yaraşıqlı mədəniyyət ocaqları çoxdur. Zövqlə yaradılmış xidmət və ticarət obyektləri səliqə ilə yan-yana düzülüb. Rəngarəng mənzərələr xoş ovqat yaradır.

Son illər regional inkişaf üzrə dövlət proqramlarının icrası ilə əlaqədar həyata keçirilən tədbirlər sayəsində “subtropik zonanın paytaxtı” sayılan Lənkəran, eləcə də Liman şəhəri, qəsəbə və kəndlər simasını xeyli dəyişib, abadlaşıb. Bildiyimiz kimi, Prezident İlham Əliyev ölkənin inkişafının yeni strategiyasını müəyyənləşdirərək uğurla həyata keçirir. Təkcə paytaxt və iri şəhərlər deyil, əyalət də tərəqqidən öz nəsibini alır. Lənkəranın uğur hekayələri bunun əyani sübutudur. 

Bənzərsiz diyarın inkişaf dinamikasını illərdir ki, fərəhlə müşahidə edirəm. Müasir əyalət mərkəzi kimi Lənkəranın sosial siması durmadan dəyişir. Lənkəranlılar dövlət universiteti, kolleclər, regional televiziya, dövlət dram teatrı, gözəl mehmanxanalar, beynəlxalq standartlara cavab verən mərkəzi stadion və mötəbər turnirlərdə yarışan ustalardan ibarət “Xəzər-Lənkəran” futbol klubunun olması ilə fəxr edirlər. 

Dövlət başçısı 12 ildə 11 dəfə Lənkəranda olub, neçə-neçə müəssisənin, sosial obyektin, idman qurğusunun açılışına xeyir-dua verib, bölgənin sakinləri ilə görüşərək səmimi söhbətlər aparıb. Ötən ilin aprelində cənab İlham Əliyev növbəti dəfə Lənkərana gəldi, buradakı tarix-diyarşünaslıq muzeyi, mədəniyyət mərkəzi, yeni körpələr evi-uşaq bağçası, “Gilan Aqro-Sitrus” təsərrüfatı və Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun açılışında iştirak etdi. Ölkə rəhbəri ictimaiyyət nümayəndələri qarşısındakı çıxışında dedi: “Lənkəranın çox qədim mədəniyyəti, tarixi var. Biz bu mədəniyyəti, tarixi qoruyuruq... Son illərdə bütövlükdə Lənkəranda görülən işlər ölkəmizin ümumi inkişaf dinamikasını göstərir...” Prezident işıq, qaz, su, yol və digər infrastruktur layihələrinin icrası ilə əlaqədar görüləcək işlərdən də ətraflı söhbət açdı. Həmişəki kimi, dövlət başçısının bu diyara səfəri böyük sevincə səbəb oldu, bayrama çevrildi. Lənkəranın rəhbərliyi, əhalisi  etimadı doğrultmaq, ona əməli işlə cavab vermək üçün əllərindən gələni əsirgəmirlər. 

Bir neçə ildir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinə Taleh Qaraşov rəhbərlik edir. İdarəetmə sahəsində zəngin təcrübəsi var. Onun və “komanda”sının uğurlu səyləri ilə rayonun iqtisadi potensialı artıb, gücləri səfərbərliyə alınıb. İşgüzar mühitin formalaşması, tapşırılan işə görə məsuliyyət hissinin güclənməsi uğurların başlıca açarıdır. Təsadüfi deyil ki, Lənkəran üçün il-ildən uğurlu gəlir. 

Artıq tarixə çevrilmiş 2015-ci ilin rəqəmləri inkişafı gözəl səciyyələndirir: rayonda ümumi məhsul buraxılışının dəyəri 356 milyon manat təşkil edib. Sənayedə 21 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 8 faizə qədər çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 7 faiz artıb və onun xüsusi çəkisi 63 faizə çatıb. Ayrı-ayrı sahələrə gəldikdə isə 143 ton dondurulmuş balıq və balıq məhsulları, 600 tonadək çörək, 186,5 ton quru çay, 7 ton yarıma qədər tikinti qumu və çınqıl, 3,5 min kubmetr kərpic və kərpic bloku, 3 min tonadək süd və süd məhsulları, 16 tona qədər kərə yağı, 380 ton pendir və kəsmik istehsal edilib. Sənayenin və infrastrukturun digər sahələrində də uğurlu nəticələr əldə olunub.

Sahibkarlığın inkişafı nəticəsində aqrar sahədə uğurlar qazanılıb. Burada hasilatın 99, pullu xidmətlərin 78 faizi özəl bölmənin payına düşür. Yeri gəlmişkən, ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun fermer və digər iş adamlarına 577 min manat güzəştli kredit verilib.

“Kənd təsərrüfatı ili”ndə əkinçilikdə intensiv metodlara yiyələnmək və ekoloji cəhətdən daha keyfiyyətli məhsul istehsal etmək üçün xeyli iş görülüb. “Gilan Aqro-Sitrus” təsərrüfatının yaradılması həmin tədbirlər sırasındadır. Bu təsərrüfatın ümumi sahəsi 45 hektardır. 15 hektarda Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin tingləri əkilib. Yaxın gələcəkdə bu iş daha da genişləndiriləcək və 500 hektara yaxın ərazini əhatə edəcək. Bundan əlavə, dağətəyi ərazilərdə mütərəqqi əkin üsulu ilə sitrus plantasiyaları salınacaq və istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı təyinatı üzrə dövriyyəyə qatılacaq ki, bu da əlavə 2 min daimi iş yerinin yaradılması deməkdir.  

Hazırda rayon ərazisində 566 hektar çay plantasiyası var ki, bunun da 454,4 hektarını fermer ərsəyə gətirib. 14 hektarda yeni meyvə bağları da salınıb, 20 hektarda bərpa işləri aparılıb. Çəltikçilik bölgədə qədim əkin növüdür. Son illər bu sahədə də inkişaf nəzərə çarpır. Əhali ekoloji cəhətdən təmiz, artımlı və ətirli düyüyə ehtiyac olduğunu görərək onu əkib-becərməyə başlayıb. İl ərzində 108 hektar çəltik əkilərək 315 ton məhsul götürülüb.

Şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı il ərzində 13 küçədə ümumilikdə 11 kilometrlik asfalt işi aparılıb, küçə, bağ və parklar boyu 585 kvadratmetr hasar hörülüb, 2,6 min kvadratmetr tamet, 4,2 min poqonometr səki daşı düzülüb, divar və darvazalara 74,5 min kvadratmetr rəng, 6,6 min kvadratmetr suvaq, 8,2 min kvadratmetr aqlay vurulub, 45 min gül kolu, 600 dekorativ və 1200 sayda müxtəlif ağaclar əkilib. Şəhərdəki çoxmərtəbəli 4 yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 9 binanın fasadı yenilənib, 5 çoxmərtəbəli binaya vurulmuş üzlüklər dəyişdirilib, divarlar müasir üslubda rənglənib. Bütün bunlarla bərabər, il ərzində icra hakimiyyəti tərəfindən dövlət vəsaiti və daxili imkanlar hesabına şəhərdaxili küçələrin sıradan çıxmış hissələrində cari təmir işləri aparılıb. Həmçinin ölkə başçısının müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına 10 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilərək istifadəyə verilib. Digər bir sərəncamla ayrılan vəsait hesabına isə 12,9 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 11,2 kilometrlik Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolu əsaslı təmir olunub.

İluzunu yağışların yuyub günün qurutduğu bu gözəl məkan ötən ilin payızında daha güclü yağıntıya məruz qalmış, sei suları təsərrüfatlara ciddi ziyan vurmuşdu. Rayon rəhbərliyi ilə yerli camaat fövqəladə vəziyyətdə lazım olan bütün ilkin tədbirləri gördülər. İki-üç gün sonra isə cənab İlham Əliyevin Lənkərana yağan yağışlar nəticəsində dəymiş ziyanla və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması hər kəsin ürəyindən xəbər verdi. Həmin sərəncamın sayəsində bərpa işləri daha da sürətləndi, fəsadlar aradan qaldırıldı. Şəhər rəhbərliyi də, adi vətəndaşlar da qayğını lazımınca dəyərləndirir və əməli işlərlə cavablandırmağa çalışırlar.

Lənkəranda keçən il əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlər sahəsində də tədbirlər həyata keçirilib. Belə ki, Lənkəran Elektrik Şəbəkəsi tərəfindən rayon ərazisində 1450 metr yeni SİP kabel xətti çəkilib, 400 “SMART” tipli sayğac, onlarla  transformator quraşdırılıb.

Hər yerdə olduğu kimi, Lənkəranda da qazlaşma sürətlə davam etdirilir. Rayonun ərazisində indiyədək 48 min 149 poqonometr polietilen, 170,4 min poqonometr metal boru xətti çəkilib. Nərimanabad, Şıxakəran, Üzümçülük, Xolmili, kəndləri və Balıqçılar qəsəbəsi “mavi yanacaq”la təchiz edilib. Qışqabağı günlərdə isə 588 abonenti olan Zövlə və 158 abonenti olan Talışlı kəndləri də təbii qaz alıb. Hazırda daha bir neçə yaşayış məntəqəsinə, o cümlədən Tükəvilə və Ləj kəndlərinə qaz xətləri çəkilir. Qumbaşı və Şirinsu kəndlərində buna hazırlıq görülür. Ümumən rayonun 60-dan çox kənd və qəsəbəsində qazlaşdırma başa çatıb ki, bu da Lənkəran ərazisinin 90 faizi qədəridir.   

Ötən il Lənkəran şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün də müəyyən tədbirlər həyata keçirilib. Xanbulan kəndində sutəmizləyici qurğu inşa edilib və 10 min kubmetr tutumu olan su anbarının tikintisi başa çatdırılıb. Lənkəran şəhərində 2,8 min poqonometr müxtəlif diametrli su xətləri çəkilib, “SMART” tipli 1230 su sayğacı quraşdırılıb. Kanalizasiya sistemində isə ümumilikdə 21 kilometr müxtəlif diametrli xətlər çəkilib, çoxmərtəbəli 30 yaşayış binasının daxili kanalizasiya xətləri təmir edilib.

İlin sona çatmasına bir gün qalmış Lənkəran  şəhərindən 35 kilometr aralıda yerləşən  Günəhir kəndində yeni tibb mənətəqəsi istifadəyə verilib. Camaat cənab İlham Əliyevə dağlıq ərazilərdə yaşayan insanlara göstərdiyi qayğıya görə dərin minnətdarlıq duyğularını ifadə edib. İcra başçısı bildirib ki, ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı olan Azərbaycan Prezidentinin diqqəti sayəsində bu gün ölkəmizin hər yerində mühüm abadlıq-quruculuq işləri aparılır. Bütün yaşayış məntəqələrində sosial problemlər bir-bir həllini tapır. Rayon rəhbəri daxili imkanlar hesabına inşa edilmiş, üçotaqlı, ultrasəs müayinə aparatı və digər lazımi avadanlıq quraşdırılan tibb məntəqəsinin açılışı münasibətilə kənd sakinlərinə təbriklərini çatdırıb.

Vaxtaşırı xarici rəsmi qonaqlar, səfirlər buraya gəlir, gözəlliklərə heyran qalırlar. Elə keçən il Koreya Respublikasının səfiri Çoi Suk-İn, Fransanın səfiri Paskal Mönie, Böyük Britaniyanın səfiri İrfan Siddiq, İranın Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfi, Serbiyanın səfiri Neboyşa Rodiç və başqaları Lənkəranı ziyarət edib, sosial-iqtisadi həyatı, kənd təsərrüfatı, turizm potensialı ilə tanış olublar. Həmin ölkələrin bəzi şəhərləri ilə Lənkəranın qardaşlaşması nəzərdə tutulub. ABŞ-ın “Beynəlxalq Dostluğun Gücü Klubu” İctimai Birliyindən 25 nəfərlik nümayəndə heyəti də Azərbaycana səfəri çərçivəsində Lənkəranla tanışlıqdan məmnun qalıb. Qonaqlar bu diyarın gözəl iqlimə, peyzaja, təbiət mənzərələrinə, ətirli çaya malik olduğunu dönə-dönə vurğulayıblar.

 

Dekabrın sonunda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin III Plenumu Lənkəranda keçirilib. Naxçıvan və Gəncədən sonra növbəti plenumun buraya salınması Lənkəranın memarlıq uğurlarına yüksək dəyər verilməsi deməkdir. Əvvəlcə Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan memarlığı” mövzusunda sərgi ilə tanışlıq olub.

İcra hakimiyyətinin başçısı Taleh Qaraşov plenumda şəhərsalma və memarlıq sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açaraq yaşayış massivlərinin bu cəhətdən simasının xeyli zənginləşdiyini bildirib. O qeyd edib ki, əsrlər boyu ölkənin ictimai-siyasi və mədəni həyatında Lənkəran əhəmiyyətli rol oynayıb. Rayonun ərazisində bugünədək mühafizə olunan “Dairəvi qala”, “Şeyx Zahid” və “Seyid Xəlifə” türbələri, “Bəlləbur” qalasının qalıqları, “Lənkəran mayakı” və digər tarixi memarlıq abidələri maddi mədəniyyətin qiymətli nümunələri sırasındadır. Hirkan Milli Parkı, Qızılağac Dövlət Təbiət Qoruğu və Kiçik Qızılağac Təbiət Yasaqlığı cənub bölgəsinin flora və faunasının zənginliyini əks etdirir. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini D.Dövlətxanov “Lənkəran şəhərinin Baş planının layihələndirilməsi və inkişafı”, AMEA Memarlıq və İncəsənət İnstitutunun dosenti R.Əliyeva “Lənkəranın şəhərsalma və memarlıq irsi”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru G.Məmmədova “Müasir memarlığın aspektləri” mövzularında çıxış ediblər. T.Qaraşov AMİ-nin fəxri üzvü seçilib. Plenum iştirakçıları sonra rayonun tarixi, mədəni abidələri ilə yaxından tanış olub, görməli yerlərini gəziblər.

Lənkəran haqlı olaraq cənub bölgəsinin mədəni mərkəzi sayılır. Burada hər il “Lənkəran payızı” festivalı keçirilir. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi uğurları ilə sevindirir. Dekabrda iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Səhnə əsərinin quruluşunu İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur verib. Lənkəran şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tamaşanı maraqla izləyiblər. Qeyd edək ki, Lənkəran teatrı bu ay İranda keçirilən beynəlxalq Fəcr festivalına dəvət alıb. Teatr truppası Təbriz, Urmiya, Ərdəbil şəhərlərində də çıxış edəcək. Yeni il ərəfəsində kollektivin üzvü Zemfira Nəcəfova Əməkdar artist fəxri adına layiq görülüb.

Rayonda gənclər siyasəti də yüksək səviyyədədir. Gənclərlə əlaqədar 55 tədbir keçirilib və bu tədbirlərdə 3,3 min nəfər iştirak edib. Təhsilin maddi-texniki bazası gücləndirilib.     2015-ci ilin yaddaqalan hadisələrindən biri də Darquba kəndində yeni orta məktəb binasının tikilərək istifadəyə verilməsidir. Bundan əlavə, Lənkəran şəhərində 120 yerlik müasir tipli uşaq bağçası inşa olunub.

Prezident İlham Əliyevin ilin ən yaxşı ümumi təhsil müəssisələrinin mükafatlandırılması ilə bağlı imzaladığı sərəncamda Lənkəranın iki təhsil ocağının - şəhər 6 nömrəli məktəb-liseyin və şəhər 10 nömrəli tam orta məktəbin də adları var. 10 nömrəli məktəbin bu sevinci artıq 2-ci dəfə yaşaması təqdirəlayiqdir.

Ötən il respublika üzrə keçirilən müxtəlif idman yarışlarında, mötəbər turnirlərdə Lənkəran təmsilçilərindən 19-u 1-ci, 18-i 2-ci, 18-i isə 3-cü yeri tutub. Bütün bunlar nikbinlik doğurur.  

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında