Naxçıvan: dünənimdən bu günümə – tərəqqi və yüksəliş mərhələsinə

Dünənim

 

Yenə ötənləri xatırlayıram. Təbiətə gəlişini dağlara, bağlara sığal verdiyi qızılı-sarı rənglərlə bildirən payızın adi günlərindən birində işdən evə dönürəm. Sazaqlı payız küləyi üzümə dəydikcə artıq təəssüf dolu günlərimizin yaxınlaşdığını hiss edirəm. Sanki, uşaqdan- böyüyə hər kəsin ağacların altında əylənib vaxt keçirdiyi, çörək əvəzinə, qarın dolusu meyvə yeyib aclığını unutduğu günlərin ömrünün yavaş-yavaş sona çatdığını bu payız küləyi qulağıma pıçıldayır.

Yeridikcə ətrafa baxıram. Axşamçağı ay işığına möhtac olduğumuz payız günlərində qaranlığın ağuşunda itib-batan evlərin pəncərələrindən yavaş-yavaş süzülən solğun işıq zolaqları səssiz, kimsəsiz yolları, küçələri “nurlandırmaq” istəsə də, heç nə alınmır. Soyuq gecələrin zülmət qaranlığını güclə yaran zəif işıq seli getdikcə öləziyərək dünyamıza hakim kəsilən qaranlığa “qurban” gedir. Adama elə gəlir ki, bunlar işıq şüası yox, bir tilov çubuğudur. Görünən evsə daş üstə oturub balıq tutmağa çalışan bir balıqçıdır.

Evə çatıram. Bir az da vaxt keçir. Pəncərədən bayıra baxıram və sadəcə zülmət görürəm. Bu zülmət ətrafla birgə sabaha olan ümidimizi də qaranlığa qərq edir. İşığımızı əvəz edən neft lampasını yandırmağın vaxtıdır. Onun barmaq boyu qalxan alovunun ətrafa yaydığı zəif nur seli otağın künc-bucağına çatmadığından hər kəs stolun ətrafında özünə yer edir. Belə zamanlarda  bir nöqtəyə dikilmiş baxışların səssizlik ümmanında itib-batmaq istəyirəm. Kəndimizdən bizə qonaq gələn Həsən əmi səssizliyimi görüb,-“Siz yenə gecələr rahat yatırsınız. Kənddə daim güllə səsi eşidilir. Səksəkədə yatıb-dururuq” – deyir. Bu məqamda ümidlərimizi azaldanın təkcə bu zülmət olmadığını dərk edirəm. Evimiz, küçəmiz, məhəlləmiz, kəndimiz, şəhərimiz yalnız zülmətə, qaranlığa qərq olsaydı, nə vardı ki? Lampa işığında da yaşamaq olar. Amma yaxşı yaşamaq və məişət problemlərini həll etmək üçün hara, nəyə əl atsaq, sonu elektrik enerjisinə bağlanır. O, olmadığı üçün yaşamaq dəhşətli bir əziyyətə çevrilir. Nəticədə də mərhəmətsiz ordu kimi evlərə, ailələrə “hücum çəkən” qayğıların qabağında insanlar böyük çətinliklərlə duruş gətirir və cüzi də olsa, bir gün həsrətində olduqları elektrik enerjisinə qovuşacaqlarına ümid belə etmirlər. Günlərimizi beləcə, yaşayırıq.

Hərdən qonşu Münəvvər xalanın yanacaq olmaması üzündən vaxtını elə bizimlə birgə keçirməsi boynundan daş asılmış zamanın tez keçməsinə səbəb olur. Amma onun hər gəlişində üzrxahlıq yerinə, öz-özünə deyinirmiş kimi, “uşaqlar erkən yatdı, gəldim bir az dərdləşək”,—deməsi və sonra da “sabah çörək növbəsinə kim gedəcək? Mənə də növbə tutun. Mən də neft növbəsində sizə növbə tutaram”,—deyərək müvəqqəti olsa da, unutmaq istədiyimiz qayğıları xatırlatması məni daxilən hövsələdən çıxarır. Onun xatırlatdığı qayğılar qara günlərimizin dəyişməz rəngi—növbədə durmaq zilləti artıq yaşam tərzimizə çevrilib. Qəbul etsək də, etməsək də, xatırlamaq istəsək də, istəməsək də hər kəs soyuq günlərdə, səhərin ayazlı-şaxtalı erkən saatlarında çörək və neft növbəsinə yollanmaq məcburiyyətindədir. Çünki yurdumuza gələn yollar bağlanar-bağlanmaz bir tikə çörək ərşə çəkilib, bir litr neft qəhətə çıxıb. Ona görə də analar günlük normamız olan çörəyi alan kimi, onu dəsmala büküb tutya kimi qoruyurlar. Bərəkətinə qurban olduğuma da əl atmaqla qurtarmağı bir olur. Çörəkdən doymayan gözlər boş süfrəyə dikiləndə, odunsuz ocaqların çör-çöp alovunda biş-düş etmək məcburiyyətində qalanda anaları qəhər boğur.

Çörək növbəsinə gedənlər neft qablarını da özləri ilə götürürlər. Çörəyi aldıqdan sonra insanlar neft növbəsinə yollanırlar. Soyuq günlərdə üşümüş əllərini ciblərindən çıxarmayanlar qabları ayaqları ilə itələyə-itələyə irəliyə aparanda ətrafa qəhər dolu səs yayılır. İnsanlar kimi “sıraya düzülən” və “addım-addım” irəliləyən neft qablarına dəmir parçdan qıfla neft töküləndə köhnəldiyindən axıdan qablardan evlərə kimi sanki göz yaşları düzülür. Növbəyə gecikənlər də o “göz yaşlarının” izi ilə üz tutduqları evlərdən utanaraq şüşə-şüşə borc alırlar.

Ömrümüzün “şirin” çağları beləcə, növbələrlə, məişət problemləri ilə “bəzənmiş” şəkildə keçir. Amma elektrik enerjisinin olmaması həyatımızı bir tək məişət problemləri ilə “bəzəmir”, həm də istehsalı və bütün xidmət sahələrini iflic edir. Bunun da nəticəsində şəhərli şəhərdə, kəndli də kənddə ruzisini qazana bilmir. Bəs, çıxış yolu haradadır, nədədir? Bilən yoxdur, tapan yox. Yolu, suyu, rabitəsi, qazı, işığı olmayan insanlar təbiətə “qənim” kəsilərək, elə bil ki, acıqlarını “günahsız” yaşıllıqdan  çıxırlar. Qurusuna-yaşına, cavanına-qocasına baxmadan ağacları, kolları qırır, çatır, talayır, kökünə balta çalıb evlərə daşıyır və əvəzində isə bir fidan belə əkməyi düşünmürlər. Nəticədə, dağımızda-dərəmizdə, çölümüzdə-çəmənimizdə doğranan ağacların yerində çoxlu “kötük qəbiristanlıq”ları yaranır. Yurdumuzun yaraşığı olan yaşıllıqlar, həyət-bacaların nazənin gözəli olan meyvə ağacları beləcə, ocaqlarda, sobalarda külə dönür, yollara səpilir. Çünki başqa yol yoxdur. Dövlətdən ümidini üzüb çarəsizlikdən öz əkdiyini öz əlilə doğrayanlar bəlaya çevrilmiş payız-qış qayğılarını öz imkanları daxilində həll etmək məcburiyyətindədirlər.

Saatlarla həsrəti çəkilən elektrik verilsin deyə, sıradan çıxmış naqilləri təmir etmək üçün yağan yağmura, əsən küləyə, çaxan şimşəyə baxmadan, ömrünü başa vurmuş, çürüyərək əyilmiş elektrik dirəklərinə çıxan neçə-neçə cavan çilingərlərin ömür çırağı kiçicik bir iş qəzası ilə oradaca sönür. Belə faciəli hadisələrin qurbanı olan elektrik çilingərlərinin həm ailə üzvlərinin ürəyinə ömürlük od düşür, həm də digər çilingər ailələrini bitib-tükənməyən qorxu altında saxlayır. 

Belə bir zamanda Tanrı, elə bil ki, ona əl açıb kömək diləyən insanların səsini eşitdi, duasını qəbul etdi və ümidi tükənmiş, soyuq, qaranlıq dünyamıza bir Günəş göndərdi. Ulu öndər qərib ellərdən Vətəninə qayıtdı. Bu qayıdış evlərimizə işıq, gözlərimizə nur, ürəyimizə inam, ayağımıza təpər, qolumuza qüvvət verdi. Bu qayıdış Vətənin Vətən daşı olmağa layiq oğullarımızı bir cərgəyə düzdü. Bu qayıdış üzərimizə şığıyan faciələrin, problemlərin, yoxsulluğun, qaranlığın qarşısında duran və bizi qoruyan keçilməz bir sədd oldu. Bu qayıdışla ulu öndər, elə bil ki, dəstələdi ümidləri, inamları, sevincləri, günləri, ayları, fəsilləri. Sonra alıb çiyninə, üz tutdu gələcəyə. Bir də böyüklüyünü götürdü özüylə. Getdi inamla, gələcəyə dikilmiş baxışının iziylə. Arzusu, amalıydı xalqını, Vətənini xoş günlərə çıxarmaq.

Bəli, həmin gündən qaranlıqdan aydınlığa bir yol başladı. Yolçusu insan, yolu mübarizələrlə dolu olan bu yolda çox uğurlar qazandıq. Öləzimiş arzular, tükənmiş ümidlər, qırılmış inamlar dirçəldi. Xoşbəxt və firavan günlərimizin təməli qoyuldu. Çeşid-çeşid problemlərimizi çeşid-çeşid gözəlliklər əvəz etməyə başladı. Cəmiyyətdə hər bir fərdin maraq və mənafeləri müdafiə olundu. Ədalət prinsipinin bərpası, yeni norma və iş prinsiplərinin tətbiqi, xalqa xidmət yolunun müəyyənləşdirilməsi, çevik və işlək idarəçilik konsepsiyasının reallaşdırılması inkişafımızı şərtləndirən amillər oldu. Xoşbəxt gələcəyə istiqamətləndirilmiş yolun yolçusu olan insanlar arzularına çatdı. İllər bir-birindən xoş gəldi.

 

Bu günüm

 

İndiyə qayıdıram. Evlərdə, küçələrdə, yollarda yanan elektrik lampalarının gur işıq seli ətrafı nura qərq edir. Küçələr, yollar çilçıraqdır. Nur selinə bələnmiş şəhərimizin hansı səmtinə baxsam, ulduzlar kimi sayrışan küçə lampalarının gözəlliyi məni heyran edir. Bu füsunkar mənzərədən ürəyim dağa dönür, bir vaxtlar həsrətini çəkdiyimiz bu günlərə yetişənə kimi ömür kitabımıza yazılan acı xatirələr ürəyimdə baş qaldırır. Zamanın köhlən atında illər öncəyə qayıdıram. Yadıma o zamankı küçəmiz düşür. Sanki o illərin yaddaşına yazılmış qaranlıq gecələrdə yenidən yaşayıram. Amma küçə lampasının gözümə düşən gur işığı məni özümə qaytarır. Xeyr! Bu acı xatirələrə üzülməməliyəm. Çünki ulu öndərimiz və onun ideyalarını həyat amalı bilənlər insanlar xoşbəxt yaşasın deyə, min bir əziyyətlə, usanmadan, yorulmadan soyuq, zülmət və qaranlıq dünyadan bizləri işıqlı dünyaya çıxarmaq üçün qurdular, yaratdılar, abad etdilər.

İndi rahat yaşadığımız günlərdə keçmişin qara günlərini xatırlayıb üzülmək haqsızlıq olar. Bu gün küçə və məhəllələrimizdə gecənin qaranlığında hər biri bir əjdahanı xatırladaraq vahimə yaradan nə bir kol-kos, nə bir əyri-üyrü çəpər, nə də bağrı yaran qaranlıq var. Çünki artıq evlərimizdəki kimi, qəsəbə, şəhər və kəndlərimizin də çırağı gur yanır, dünyamız nura boyanır, səliqə-sahman, gözəllik göz oxşayır. Bütün bunlar isə muxtar respublikamızda ötən illər ərzində yorulmadan quran, yaradan, ulu öndərin arzularını bir-bir reallığa çevirən Muxtar Respublika Ali Məclisinin sədri hörmətli Vasif Talıbovun diqqət və qayğısı ilə mümkün oldu. İstifadəyə verilən elektrik stansiyalarının sayının artması, muxtar respublikaya təbii qazın nəql olunması enerji infrastrukturunu, həyatımızın ahəngini kökündən dəyişdirdi. Bu sahənin inkişafına stimul yaradıldı, iqtisadiyyatımız gücləndi. Növbənöv məhsullar istehsal edən müəssisələr yaradıldı. Yeni iş yerləri açıldı, işsizlik problemi öz həllini tapdı. Əhalinin maddi-rifah halı yüksəldi. İşləməyə iş yeri, oxumağa məktəbi, rahat yaşayışı, hərtərəfli məişət şəraiti olan insanlara göstərilən xidmətin səviyyəsi də artdı. Çünki bir-birinə zəncirvarı şəkildə bağlı olan, inkişafımızı şərtləndirən amillər artıq mövcuddur və günü-gündən inkişaf edir. Bu mənada deyərdim ki, enerji həyatın özüdür, inkişafdır, tərəqqidir. Bütün gözəlliklərin mövcudluğunu yaradan bir resursdur.

Ölkə başçısının həyata keçirdiyi siyasəti Naxçıvanda uğurla aparan Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov həyati əhəmiyyət daşıyan belə bir resursun istehsalını artırmaq üçün diqqət və qayğısını əsirgəmir. Görülən işlərin miqyası o həddə çatıb ki, Naxçıvanda Cənubi Qafqazın ən böyük Günəş Elektrik Stansiyası tikilir. Əgər 1990-cı ildə bir insan digərinə desəydi ki, vaxt gələcək  Naxçıvanda  ardıcıl olaraq bir neçə ildə “Koroğlu”, “Araz”, “Culfa”, “Arpaçay”, “Sədərək”, “Çeşməbasar”, “Xalxal” kimi yarımstansiyalar işə düşəcək, muxtar respublikaya təbii qazın nəql olunması ilə yeni elektrik stansiyalarının qurulması, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası turbinlərinin qazla işləmə  rejiminə keçirilməsi nəticəsində 60 meqavat gücündə enerji istehsalına nail olunacaq və   enerji infrastrukturu kökündən dəyişdiriləcək-heç kəs buna inanmazdı.

Naxçıvan Muxtar Respublikasında region ölkələrinin ən böyük və yeganə Günəş Elektrik Stansiyasının inşa ediləcək, bu stansiyanın günəş panelləri 35 hektar ərazini əhatə edəcək, ərazinin relyefinə uyğun olaraq, stansiya 5 hissədən ibarət olacaq, hissələr arasında yeraltı kabel və yüksəkgərginlikli hava verilişi xətləri çəkiləcək, stansiyada hər birinin gücü 255 vatt olan 78 min 683 ədəd günəş paneli, o cümlədən sabit cərəyanı dəyişən cərəyana çevirən 21 invertor və 11 transformator quraşdırılacaq, həmçinin  istehsal olunan elektrik enerjisi yaxınlıqdakı 110 kilovoltluq “Xal-xal” transformator yarımstansiyası vasitəsilə muxtar respublikanın elektrik enerjisi şəbəkəsinə ötürüləcək - buna heç kəs inanmazdı. İnanmazdı ki, bütün bu işləri naxçıvanlı mütəxəssislər yerinə yetirəcəklər. O vaxt, desəydin ki, gün gələcək növbəsində həsrətlə gözlədiyimiz ərzaqları özümüz istehsal edəcəyik, bazarlarımızda, dükanlarda bolluq olacaq, heç kəs inanmazdı. O vaxt yəqin ki, ona da heç kəs inanmazdı ki, miskin Şahbuz qəsəbəsi bir vaxt öz gözəlliyi ilə göz oxşayan Şahbuz şəhəri olacaq.

Ulu öndər öz gəlişi ilə bu inamı insanlarda yaratdı. Naxçıvanda ümid və gələcəyə inam hissləri formalaşdı. Daha doğrusu, dahi rəhbərimiz bunu öz yorulmaz fəaliyyəti ilə yaratdı. Ulu öndərin yolunu uğurla davam etdirən ölkə başçısı  İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qaranlıqdan aydınlığa gedən yolda arxamız, dayağımız, güvənc yerimiz oldular. Heç bir ayrı-seçkilik, fərq qoyulmadan hər bir vətəndaşa qayğı göstərilməsi, can yandırılması həm maddi, həm mənəvi  xoşbəxtliyimizə yol açdı. Ünvanı xoşbəxtlik olan bu yolun yolçusu və firavan günlərin şahidləri, bu məmləkətin vətəndaşı olduğumuz üçün qürur duyuruq.

Bəli, bu gün xəyallarımız reallığa çevrilib. Sabitlik, əmin-amanlıq, firavanlıq, şəraitində yaşayırıq. Bir zaman insanları çörək və neft növbəsində gözləyən, gecələri zülmətə bürünən, evlərində lampa közərən Naxçıvanda ərzaq təhlükəsizliyi də, enerji təhlükəsizliyi də təmin olunub. İndi qırılan ağacların, “kötük qəbiristanlığı”nın yerində bağlar, meşələr salınıb. İndi naxçıvanlı çilingər naqil qırılmasın deyə dərd çəkmir. O, artıq yeni elektrik stansiyaları, yarımstansiyaları tikir. Artıq Naxçıvan gənci atasının yolunu qorxu içində gözləyib xısın-xısın ağlamır.

 İndi gənclərimiz Vətənin sabahı haqqında fikirləşir, təhsil alır, layiqli vətəndaş kimi böyüyürlər. Onların atasının da, anasının da, bacı və qardaşının da, ən nəhayət, özünün də qayğısına dövlətimiz qalır. Bu gün yaşadığım Şahbuz şəhərinin sakinləri artıq hava qaralandan sonra evlərinə çəkilib qara xəyallara dalmırlar. Onlar şəhərin girişində al-əlvan işıqların şəfəqləri altında Şahbuz dağlarının zirvəsinə boylanan üçrəngli bayrağımızı seyrə çıxır, müstəqil ölkəmizin sabahına, inkişafına və qüdrətinə bir daha heyran qalırlar! Qürur duyurlar!

Zaman bunu bizə həmişə diktə edir: xalq üçün yaşayanlar dünya durduqca yaddaşlarda, illərin salnaməsində öz əməlləriylə, Vətən sevgisiylə yaşayıblar və yaşayacaqlar. Biz 1995-ci ildən doğma Naxçıvanımızı xoşbəxt gələcəyə aparan yolun yolçularıyıq. Bu yola sadiqik, inanırıq, güvənirik. Çünki seçilən bu yol bundan sonra da uğurlarımızın, inkişaf və tərəqqimizin yeni zirvələrini fəth edəcəkdir.

Şəhla NƏBİYEVA,
Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu,
“Oğuz səsi” qəzetinin redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında