Neftçala: aztəminatlı ailələr diqqət mərkəzində

Ölkəmizdə aztəminatlı və sağlamlıq imkanı məhdud insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin gücləndirilməsi hər zaman gündəmdədir. Əlilliyin qarşısının alınması, reablitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun təmin olunması istiqamətində davamlı iş aparılır, müvafiq dövlət proqramları icra olunur. Hər yerdə olduğu kimi, Neftçala rayonunda da aztəminatlılara qayğı dəyişməyən sosial-mənəvi vəzifələrdən sayılır. 

Son illər ərzində Neftçalada minlərlə yeni iş yeri yaradılıb, sakinlərin məşğulluğu təmin edilib. Əlillərin cəmiyyətə inteqrasiyası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzi məqsədyönlü tədbirlər həyata keçirir. Qayğı uman ahıl və tənha sakinlər, müharibə veteranları,  uşaqlar dövlət xətti ilə lazımi dəstək görürlər. Bütün sosial müavinətlər vaxtlı-vaxtında ödənilir.

Qeyd edək ki, 164 neftçalalı Qarabağ müharibəsində torpaqlarımız uğrunda şəhid olub. Döyüşlərdə göstərdikləri şücaətə görə onlardan ikisi Milli Qəhrəman adına layiq görülüb. Hazırda rayonda 164 şəhid ailəsi, 590 Qarabağ müharibəsi veteranı  var. Qarabağ müharibəsində iştirak etmiş 67 nəfər son illərdə  mənzillə, iki nəfər fərdi yaşayış evi ilə təmin olunub, 15 nəfərə fərdi minik maşını verilib. Hazırda 10 fərdi yaşayış evinin inşası davam etdirilir. Son aylarda daha 15 nəfər işlə təmin olunub və onların sahibkarlıq fəaliyyətinə başlamasına köməklik göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə  və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini mütəmadi davam etdirir. Elə ötən ilin iyul ayında nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada Neftçala rayon ƏSMM-in inzibati binasında müxtəlif səbəblərdən əlilliyi olan 30-dan çox şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstərib. Sentyabr ayının sonunda isə briqada yenidən Neftçalaya gələrək əvvəlcədən qeydiyyata alınmış digər vətəndaşlar müvafiq xidmətdən bəhrələnib. Həmin  şəxslər ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin olunublar. Gün ərzində ümumilikdə 50-dən çox xəstəyə aşağı ətraf protezləri, ortopedik ayaqqabılar və müxtəlif reabilitasiya vasitələri verilib. O cümlədən ilkin olaraq müraciət etmiş 2 nəfər xəstə  qeydiyyata alınıb.

Mərkəzdəki Sosial Məişət Xidməti sektoru  tənha, ahıl və əlillərə sosial xidməti həyata keçirir. Onlar rayon rəhbərliyi, müxtəlif xeyriyyəçi təşkilatlar və insanlar vasitəsi ilə mütəmadi olaraq yad edilir, bayram tədbirlərinə dəvət olunaraq yardım və hədiyyələr alırlar. Məsələn, ötən ay Beynəlxalq Əlillər Günü münasibətilə mərkəzin  və  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Neftçala filialının təşkilatçılığı ilə çay süfrəsi arxasında maraqlı görüş keçirilib. İcra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova bildirib ki, BMT tərəfindən təsis olunan Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da qeyd edilir. Tədbirdə  Neftçala Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Zaur Kərimov və İctimai Birliyin rayon filialının sədri Aydın Aslanov da ürək sözlərini söyləyiblər. Rayon mədəniyyət evinin ansamblı şən mahnılarla məclisi daha da rövnəqləndirib. Sonda isə 63 nəfər əlilə maddi yardım, ƏSMM tərəfindən 5 nəfərə əlillik vəsiqəsi, ictimai birliyin rayon filialı tərəfindən isə 10 nəfərə üzvlük vəsiqəsi təqdim olunub.  

Neftçalada hər il 500-dən çox ailə sosial dövlət yardımı alır. Hər ailəyə düşən orta aylıq məbləğ 150 manatdan yuxarıdır. Ümumilikdə isə 1000-ə qədər aztəminatlı ailə dövlətdən yardım alır. Xatırladaq ki,   ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə 50 manat məbləğində birdəfəlik yardım ödənilməsi barədə Prezidentin 30 dekabr 2015-ci il tarixli sərəncamı Neftçalada da sevinclə qarşılanıb.

Neftçala ƏSSM-nin direktoru Zaur Kərimovla söhbətdən öyrəndik ki,  mərkəz Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ən yaxşı müəssisə” müsabiqəsində qalib gəlib. Məlum olduğu kimi, AHİK İcraiyyə Komitəsinin qərarına əsasən, hər il sahələr üzrə analoji baxış-müsabiqələr keçirir. DİİXİ Həmkarlar İttifaqının üzvü olan qurumlar arasında məhz Neftçala ƏSMM fərqlənib.

Mərkəzin kollektivi çalışır ki, müraciət edən heç bir vətəndaş məmur özbaşınalığı ilə üzləşməsin. Onların dövlət idarəetmə orqanlarına inamı daha da artsın. Hər bir sosial sahə mütəxəssisinin başlıca amalı məhz buna nail olmaqdır. 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında