“Astara” asan yol deməkdir

İllər ayrıcından geriyə baxanda Astara üçün 2015-ci ilin yetərincə uğurlu olduğu aydın görünür. Rayon xeyli abadlaşıb, şəhər və kəndlərin siması daha da gözəlləşib. Əhalinin həyat şəraiti yaxşılaşıb.

Bu sətirlərin müəllifi ötən il çap etdirdiyi “Ürəyimdir yazanım” kitabında subtropik zonanın incisi sayılan gözəl bölgə haqqında oçerkini “Astara” asan yol deməkdir" adlandırıb. Həmin ad qədim kadusi tayfalarının dağlardan Xəzərin sahillərinə asan yol tapmasını ehtiva edir. İndilər Astaranın yolları daha asan və rahatdır. Necə deyərlər, adı özünə, özü isə adına çox yaraşır.   

Dünyanın ilk coğrafiyaçı alimi, əslən Türkiyənin Amasiya bölgəsindən olan və Anadolu ərazilərini başdan-başa gəzmiş Strabon eramızın ilk əsrində qeyd edib ki, Xəzərə doğru yol alan kadusilər dəniz suyunun səviyyəsi çəkildikcə sahildə məskən salıb və cənublu-şimallı Azərbaycanın əyalətləri ilə düzən yolla asan əlaqə saxlayıblar. Beləcə, sahildə Astara şəhəri yaranıb və xəritələrdə özünə yer alıb. Başqa bir ehtimala görə isə, bu isim Astra bitkisinin adı ilə əlaqələndirilir. Dəniz sahilindəki ovalıqda bitən bu füsunkar bitki gecələr yönünü göydəki ulduzlara tərəf çevirir. Ulduzların ecazkar işığı ilə çiçəkləyir və  ətrafına xüsusi yaraşıq verir. 

Astarada son illər çox iş görülüb. Binalar tikilib, parklar, xiyabanlar salınıb, küçələr, yollar abadlaşdırılıb. 2004-cü il fevral ayının 11-də dövlət başçısı İlham Əliyev tərəfindən təsdiqlənən I regional inkişaf Dövlət Proqramı ölkənin hər yerində olduğu kimi, Astarada da ətalət sükutunu pozdu. Bu mühüm iqtisadi-siyasi sənədə əsasən, rayon ərazisində 90 meqavatlıq modul tipli elektrik stansiyası və qaz-kompressor stansiyası tikildi. Yeni elektrik stansiyası istifadəyə verildikdən sonra nəinki Astaranın, eləcə də bütün cənub bölgəsinin işıq problemi həll olundu. Əhali fasiləsiz elektrik enerjisi ilə təmin edildi. Bununla əlaqədar köhnə müəssisələr öz fəaliyyətini bərpa etdi, yeni sənaye obyektləri tikildi.

Ölkə rəhbəri dəfələrlə Astaraya səfər edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib. 2005-2015-ci illər ərzində Astaranın sosial-iqtisadi inkişafı ilə bağlı Prezident 12 sərəncam imzalayıb. Həyata keçirilən tədbirlər sayəsində rayon iqtisadiyyatı inkişaf edib, əhalinin sosial rifahı yaxşılaşıb.

Respublikamızın cənub qapısı Astaradan ölkəmizə daxil olan qonaqların   gözləri önündə dərhal gözəl mənzərələr canlanır. Subtropik iqlim qurşağı, Xəzərin mavi dalğaları, sıx meşəli dağlar, bol sulu çaylar, göz yaşı qurumayan  kövrək buludlar, müasir və təmiz əyalət şəhəri hər kəsdə xoş duyğular yaradır. Qarlı qış günlərində də Astara öz gözəlliyi ilə seçilir.

Rayonun rəhbərliyi Astaranın günün tələblərinə uyğun şəkildə inkişafından ötrü səylərini əsirgəmir. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev abadlıq-quruculuq tədbirlərini gündəlik nəzarətdə saxlayır, elə gün olmur ki,  tikinti meydanlarına, yenidənqurma obyektlərinə baş çəkməsin, bu və digər çətinliyi yerindəcə həll edib gözəllik yaradanlara qol-qanad verməsin. Elə bunun nəticəsidir ki, Astara şəhərinin küçələrində əsaslı təmir işləri davamlı surətdə, özü də yüksək zövqlə görülür.

Ötən il Astarada dənizkənarı park-bulvar kompleksinin istifadəyə verilməsi  diqqətçəkən məqamlardandır. Kompleksdə yenidənqurma işləri ən yüksək səviyyədə görülüb. Camaat istirahət guşələrinin seyrindən, sahilboyu gəzintidən doymur. Park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Burada fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb. 

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı uğurla icra olunur.     Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də xeyli iş görülüb. Dövlətimizin başçısı ötən ilin aprelində Astaraya səfərində Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib. Yola sərf olunan milyonlarla vəsait hədər getməyib.    Uzunluğu 21 kilometr olan rahat yoldan 21 yaşayış məntəqəsinin 12 minlik əhalisi istifadə edir, avtomobillərin hərəkəti xeyli asanlaşıb.

Astaranın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncama əsasən, şəhərin daha da abadlaşdırılması, o cümlədən 860 şagird yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakaran-Miki, Taxtanakaran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün də vəsait ayırıb. Bir neçə aydır ki, həmin sahədə böyük iş cəbhəsi açılıb. Müasir texnikanın köməyilə sıldırım dağlar yarılıb, sərt qayalıqlar dağıdılaraq   hamarlanan yollara çınqıl döşənib, yolda yataq işləri görülüb. Layihənin yüksək keyfiyyətlə başa çatdırılması üçün qüvvələr səfərbərliyə alınıb.

Əvvəlki illərdə də Astarada bir neçə kənd yolu layihəsi uğurla icra olunub. Bu, əlbəttə, böyük sosial önəm daşıyır. Axı, Azərbaycan əhalisinin təxminən 50 faizi aqrar bölgələrdə, kəndlərdə yaşayır. Hazırda yeni Bakı-Astara magistral avtomobil yolu tikilir. Yerli əhəmiyyətli Pensər-Qamışovka, Pensər-

Şahağacı yolları yenidən qurulub, eyni zamanda, Kijəbə-Burubənd avtomobil yoluna və Siyaku kəndi ərazisindəki daxili yollara asfalt döşənib, Marzəsəy və Sığəkəran kəndlərinin yolları təmir edilib. Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su kəmərinin böyük bir hissəsində işlər tamamlanıb. Həmçinin Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində, eləcə də Tüləguvan-Şəmətük-Xıçaso ərazisində uzunluğu 18 metr olan körpülər tikilib.

Astarada bir körpü də var. Bu, əhali ilə  rəhbərlik arasında yaranmış etimad və etibar körpüsüdür. Əlamətdar hadisələrlə zəngin olan 2015-ci ildə elə həftə olmayıb ki, Q.Ağayev bu və ya digər yaşayış məntəqəsində əlali ilə görüşüb səyyar qəbul keçirməsin.Özü də bu görüşlərdə söylənilənlər, necə deyərlər, havadan asılı qalmır. Problemlərlə yaxından maraqlanan başçı müşküllərin operativ həlli üçün əməli tədbirlər həyata keçirir. Bu çevik idarəetmə metodunun sayəsində rayonun sosial inkişafı daha da sürətlənir, gözdən uzaq olan yurd yerlərində belə sakinləri narahat edən məsələlər tez bir zamanda çözülür. Belə görüşlər həm də tərəflər arasında ünsiyyəti artırır, ortaq məxrəc yaradır, inamı gücləndirir.

Onu da deyək ki, Q.Ağayev Astarada çalışdığı müddətdə hər bir yaşayış məntəqəsində artıq dəfələrlə səyyar qəbullar keçirib. Ondan ötrü hər növbəti görüş həm də daha öncə qaldırılmış məsələlərin həlli ilə bağlı hesabat xarakteri daşıyır. Əgər verilən vədlər yerinə yetirilibsə, nəticə varsa, növbəti dəfə də həmin ünvana könül rahatlığı ilə getmək olar. 

Rayon rəhbərliyinin səyləri ilə Pəlikəş kəndindən Sım kəndinə gedən yol abadlaşdırılıb və oraya asfalt çəkilib. Yeni il öncəsi qədim Sımda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin keçirdiyi səyyar qəbul və görüşdə kənd sakinlərindən Nəbi Xalıqov, Talıb Salayev, Aynur Qafarova, İslam Fətullayev, Elxan Əliyev və başqaları çıxış edərək göstərilən qayğı və diqqətə görə ölkə başçısı möhtərəm Prezident İlham Əliyevə dərin  minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin soyuq bir qış günü təbii buzxanaları olan ucqar dağlıq əraziyə özü ilə bir hərarət gətirən rayon rəhbərliyindən də razılıq ediblər. Gün-güzəran barədə səmimi söhbətlər olub. İcra başçısı aidiyyəti qurumların rəhbərlərinə qaldırılan məsələlərin həlli üçün yerindəcə konkret tapşırıqlar verib.

Sonra o, 2014-cü ilin oktyabr ayında inşasına başlanmış 180 şagird yerlik     məktəbdə işlərin gedişi ilə maraqlanıb. Xatırladaq ki, bundan öncə Şüvi və Çayoba kəndlərində də rayon rəhbəri ilə səmərəli görüşlər keçirilib.

Yeri gəlmişkən, son 10 ildə rayonda 50-yə qədər məktəb binası yeni tikilib və  ya əsaslı təmir olunub. Ötən il dekabrın 24-də rayonun Artupa kəndində şəhid Yaqub Ağayevin adını daşıyan yeni  tam orta məktəb binasının açılışı olub. 360 şagird yerlik, ikimərtəbəli müasir binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait var. Şəhidin atası - kənd ağsaqqalı Əsgər Ağayev və Ağakişi Əsədullayev tədbirdə çıxış edərək ölkə Prezidentinin ad günündə belə gözəl məktəb binasının istifadəyə verilməsindən qürur duyduqlarını söyləyiblər. Rayon rəhbəri Qəzənfər Ağayev bildirib ki, hazırda dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər yeni məktəb binaları tikilib istifadəyə verilmir. Elə bu ərazi nümayəndəliyində yerləşən dörd məktəbin ikisi yeni tikilib. Digər ərazilərdə də məktəb tikintiləri davam etdirilir. Bütün bunlar gənc nəslin yüksək savad alması, elmi biliklərə yiyələnməsi və xalqa, dövlətə ləyaqətlə xidmət etməsi üçündür. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.   

Astarada əhalinin təbii qaza olan tələbatının ödənilməsi də diqqət mərkəzindədir. İlin əvvəlindən 1012 ev qazlaşdırılıb, müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb, qaztənzimləyici siyirmələr saz vəziyyətə gətirilib, yeniləri quraşdırılıb, Çayoba kəndində təzə yaşayış massivinin qazlaşması başa çatdırılıb, Züngüləş kəndində 124, Şahağac kəndinin yeni yaşayış sahəsində 122 evə və hər biri 8 mənzilli 4 yaşayış binasına qaz xətti çəkilərək sayğaclar quraşdırılıb. Rayonun yaşayış məntəqələrinin 85 faizi təbii qazla təmin olunmuşdur.

Qışqabağı günlərdə dağlıq ərazidə yerləşən Tüləguvan kəndinə də “mavi yanacaq” verilib. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  bu kənddə görüş keçirərkən sakinlərin əsas istəklərindən biri də əraziyə qaz xəttinin çəkilməsi idi. İcra başçısının müraciəti əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun bir sıra kəndlərinə, o cümlədən Tüləguvana xətlər çəkilib. Kəndin 408  təsərrüfatının qaz təminatı uğurla reallaşdırılıb. Açılış mərasimində kənd sakinləri Xalıq Əmənullayev, Ofelya Xankişiyeva, Firudin Abbasov, “Azəriqaz”-ın nümayəndəsi İxtiyar Seyfullayev və başqaları deyiblər ki, ölkəmizin inkişaf templərini Astara rayonunun timsalında daha aydın hiss etmək olur. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, bu kəndin də daxil olduğu Kijəbə qəsəbəsi üzrə inzibati ərazi dairəsində ötən il dörd dəfə müxtəlif açılış mərasimlərində iştirak edib. Deqədi-Pəlikəş avtomobil yolunun, Kijəbə qəsəbə xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilməsindən, dağ çayı üzərində yeni körpünün açılışından sonra Tüləguvana təbii qaz verilməsinin açılış mərasimi sevinc hissləri yaradır. 2016-cı ildə bu kəndə gələn yolun əsaslı təmiri üçün konkret tədbirlər görülməsi nəzərdə tutulur.  

Ötən il rayonun elektrik təsərrüfatında da xeyli iş görülüb. Çayoba kəndindən başlayaraq Astara şəhərinə qədər olan ərazidə yol kənarlarındakı dayaqlar yeniləri ilə əvəz edilib, müxtəlif gücə malik 29 transformator dəyişdirilib, minədək abonent üçün yeni sayğaclar quraşdırılıb.

Payız aylarında cənub bölgəsinə, eləcə də Astaraya düşən leysan yağışlar böyük problemlər yaratsa da, bütün qüvvələr səfərbər olunaraq fəsadlar qısa müddətdə aradan qaldırılıb. Qış günlərində infrastruktur sahələrinin dayanıqlı, ahəngdar işləməsi üçün bütün zəruri tədbirlər, demək olar ki, görülüb.

Sakinlər doğma yurdun inkişafından fərəh duyurlar. Bugünkü Astaranı şöhrətləndirən həm də övladlarının onun hüsnünə yeni naxışlar vurmaları, yurdun gözəlliklərini daha da artırmalarıdır.

Unudulmaz sənətkarımız Anatollu Qəniyevin ifasında nikbin ruhlu bir “Astara” mahnısı var. Orkestrin müşayiətilə ifa olunan bu mahnının sözləri ötən əsrin böyük alim-şairi Maqsud Şeyxzadənin, musiqisi isə elə Astarada dünyaya göz açmış mərhum bəstəkar Oqtay Kazıminindir. Mahnı sanki Azərbaycanımızın dilbər guşəsinin gözəlliyi haqqında bir səs rəsmidir. Nəqaratındakı “Astaranı bir görən onu heç vaxt unutmaz” misrası əsas leytmotivdir. 

Astaralıların hədəfi yeni-yeni zirvələrdir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında