İstəklərin, amalların ortaqlaşdığı bayram

Xalqımızın dövlət müstəqilliyi qazanması təqvimdəki bayramları da istəyimizcə yerbəyer elədi. Əsrlər boyu xalqımızın sayğı və xoş diləklərlə yaşatdığı, lakin sovet dönəminin yasaqladığı Novruz, Qurban, Ramazan kimi bayramlar  rəsmən el təntənələrinin sırasına daxil edildi.

1918- ci ildə Xalq Cümhuriyyətinin elan edildiyi 28 May Respublika Günü də təqvimin qırmızı günləri sırasına yazıldı. Sovet imperiyasının süqutunun qaranquşlarından olmuş Güney və Quzey Azərbaycan arasında sərhədlərin rəmzi solaraq dağıdıldığı 1989- cu ilin 31 dekabr günü isə xalqımızın həmrəyliyinin, mənəvi birliyinin, gələcəklə bağlı arzularının timsalı olaraq, 25 ildir ki, ümumxalq bayramları sırasında yer alıb. 25 ildir ki, dünyanın hər yerində yaşayan soydaşlarımız köhnə ilin yola salındığı – yeni ilin təntənə ilə qarşılandığı ilqovuşanda milli ideallarımızı hamılıqla yada salır, milli həmrəyliyimizi nümayiş etdirirlər. 25 ildir ki, xalqımız 31 dekabrı millət günü kimi qeyd edir, bu bayramda eyni istəklər, yüksək amallar çevrəsində ortaqlaşır. Bu günü ən yüksək insani duyğularla, xeyir əməllərlə mənalandırmaqla, sanki, ilin bütün günlərini bu səviyyəyə qaldırmağa, həyatımızı başdan-başa gözəlləşdirməyəcan atırıq. Məlum səbəblərdən, xüsusən, həyatın Xeyir – Şər qütbləri üzərində bərqərar olması kimi qaçılmazlıqdan bu arzu xoş bir xəyal kimi qəlbimizi isidir. Həm də bu istək həyatın arzuolunmaz tərəflərinə də bir işıq, təsəlli gətirir.

Milli-mədəni dəyərlərimizi yaşadan, qoruyan xalqımız o biri milli bayramlarımız kimi, həmrəylik gününü də böyük şadyanalıqla, ülvi arzu- diləklərlə qeyd edir, bu təntənədən mənəvi güc toplayır, daha xoş günlərə yön alır. Bu, çox böyük tarixi reallıqdır. Elə buna görə də mən xalqımızı ikiqat bayram – milli həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hamımızı incidən, narazı salan hər şey köhnə ildə qalsın. Nəhayət, 2016- cı ildə illərdən bəri qanı axan yaramız olan Dağlıq Qarabağ münaqişəsi ədalətlə sona yetsin. Qoy dünyada Xeyirlə Şərin üz- üzə dayandığı  mübarizə, sınaq dövründə xalqımızın nəsibi bundan sonra da tərəqqi, əmin- amanlıq, firavanlıq olsun! Qoy dünyadakı ədalətsizliyin, ikili yanaşmaların müqabilində soydaşlarımız bir- birinə dost- qardaş münasibəti ilə daha güclü olsunlar. Dünyanın hər yerindən qardaş- bacılarımızın, övladlarımızın xoş sorağı gəlsin. Anamız Azərbaycanın yeni qələbə müjdələri dünyaya yayılsın!

ANAR,
Azərbaycan Yazıçılar
Birliyinin sədri,
Xalq yazıçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında