Dünya şöhrətli alim Yusif Məmmədəliyev – 110

Böyük ensiklopedik  alim Yusif Heydər oğlu  Məmmədəliyev 1905-ci il dekabrın 31-də qədim  Naxçıvanın  Ordubad  şəhərində anadan olmuşdur. Atası  Hacı Heydər kişi din xadimi olmaqla yanaşı,  həm  də dövrünün  çox maarifpərvər adamı idi.  Məhz  buna görə  də o, övladlarının  mükəmməl  təhsil  almaları  üçün  hər cür  şərait yaratmışdır.

Müəlliməsi – tatar  qızı  Gülsüm  Axtyamova (anasının  da  adı  Gülsüm idi)  xatırlayırdı: – Yusif həmişə  dərsdən  sonra  qalıb  soruşardı  ki,  rusca filan  bitkinin,  quşun adı  nədir,  xüsusiyyətləri,  xeyri nədir? Bu gün  öyrəndiklərini üç gün  sonra soruşanda  hamısına  dəqiq  cavab verərdi.  Qonşuları,  Yusifdən 4 yaş  böyük olan  Məmmədhəsən  kişi  1984-cü  ildə dedi ki,  mən  Usufun qayğanağını  da yemişəm (Ordubadda  uşaq  anadan  olanda 40 yumurtanın  qayğanağına  bal qatıb qonşulara,  uşaqlara  paylayırlarmış). O, çox  çalışqan  oğlan idi. Yusifgilin yaxşı  ərik  bağları  var idi, onun  çoxunu  o özü calamışdı.

Günlərin bir  günü müəllimi Yusifə deyir ki,  Əylis  kəndində  yaşayan Mirzə Əbdülvahab  müəllimin  çoxlu  kitabı  var, get  istə,  yəqin, səni yoxlayıb  verər.  Əbdülvahab  müəllim  görür ki, bu  oğlanın 13  yaşı  olmasına  baxmayaraq,  çox  savadlıdır,  kitabları buna  oxumağa  vermək olar.  Beləliklə,  ayda  bir  dəfə  aldığı  kitabları  təhvil  verib yenisini  alarmış.  1918-ci ilin  yayında  Hacı  Heydər  kişi daşnak Andronikin Ordubada hücumu nəticəsində ailəsini  Arazın  o  tayına  keçirir.  Oğlu  İlyas  Araz çayında  boğulub  həlak olur.  Bu  kədərli  hadisədən sonra Hacı  Heydər kişi  Təbrizdə  aldığı  evdə  il  yarım  yaşayır.  Bu  vaxtlar  Cənubi  Azərbaycanda  Şeyx  Məhəmməd  Xiyabaninin  başçılığı ilə  Azərbaycan  xalqı  azadlığa çıxmışdı. Həmin vaxt Azərbaycan  dilində  məktəblər açılmış, yeni  xəstəxanalar  tikilmiş  və başqa  abadlıq işləri  görülmüşdü.  Bu hadisədən heç bir  il  keçməmiş fars  hökmdarı  əlavə qüvvə  toplayıb, Cənubi  Azərbaycanda baş verən  inqilabı boğdu,  başçıları isə edam  olundu.  Bir neçə dildə sərbəst danışan  qardaşı  İlyasın  ölümü,  Təbrizdəki  edam  və  güllələnmə  hadisələri  gənc  Yusifi  bərk sarsıdır. Görünür, bunun nəticəsi idi ki, sonralar  o,  qəza  və  ölüm  hadisələrindən  çox həyəcanlanardı.

1920-ci  ildə  Şimali  Azərbaycanda  vəziyyət  sabitləşdiyindən  Hacı  Heydər  kişi  oğlanlarının  xahişi  ilə  Ordubada  qayıdır. 1920-1923-cü  illərdə  gənc Yusif  məktəbdə  müəllim  işləyir.  1923-cü  ildə  isə o,  təhsilini  artırmaq  üçün  Bakıya  gələrək  təzə  açılan Pedaqoji  İnstituta  daxil  olur,  öncə  ədəbiyyat  fakültəsində  oxumaq  istəyir.  İnstitutda  Almaniyada  təhsil  alan  professor  Sadıq  Hüseynovla  tanış olur.  Sadıq  müəllim  Yusifin   təbiət  elmləri  üzrə  çox  savadlı  olduğunu  bildikdə  ona  kimya   fakültəsində  oxumağı  məsləhət  bilir.  Professor S.Hüseynovun  israrlı  təklifindən  sonra  gənc Yusif  kimya  fakültəsinə  daxil olur.

1927-ci  ildə  institutu  bitirdikdən  sonra o,  Gəncədə  orta  məktəbdə,  sonra isə İrəvanda  institutda  dərs  demişdir. Gənc Yusif  1929-cu  ildə  Moskva  Dövlət Universitetinin  kimya  fakültəsində təhsilini  davam etdirir. O, 1931-ci  ildə  universiteti  bitirdikdən  sonra  Moskva  zavodlarının  birində  mühəndis  vəzifəsində çalışmağa başlayır.  Nəhayət,  1933-cü  ildə Bakıya  gəlib  Kuybışev  adına  Elmi-Tədqiqat  İnstitutunda (indiki  Neft-Kimya  Prosesləri  İnstitutu)  kiçik  elmi işçi  vəzifəsinə  qəbul olunur.

Yusif  Məmmədəliyev  buradakı  gərgin  elmi fəaliyyəti  nəticəsində  kiçik  elmi   işçi vəzifəsindən  akademikliyədək  şərəfli  yol  keçir.  1938-ci  ildə  qazların  kimyəvi  çevrilməsi  sahəsindəki  elmi  işlərinə  görə  Moskva  Dövlət  Universiteti ona  müdafiə  etmədən  kimya  elmləri  namizədi  elmi dərəcəsi  verir.   Bundan  sonra  elmi  işlə  çox  ciddi  məşğul  olan alim  orijinal    metodla  yüksək  çıxımlı  toluolu  sintez  edir.  Toluol  isə güclü  partlayıcı  maddə olan trinitrotoluolun  xammalıdır.

1942-ci ildə  Y. Məmmədəliyev “Aramatik birləşmələrin alkilləşmə  və  dealkilləşməsi  ilə toluolun  sintezi”  üzrə doktorluq  dissertasiyasını  müdafiə  etdi.  Bununla da o,  doktorluq  elmi dərəcəsi  və professor  adı  aldı.  1943-cü  il iyulun 3-də “İzvestiya”  qəzetində müxbir  Tatyana Tessin  “Bizim  günlərin  dissertasiyaları”  məqaləsi  çap olundu.  Müəllif  həmin məqaləsində yazırdı: “Nə vaxtsa  müharibə dövrünün  dissertasiyaları  yeni  tədqiqat  predmeti olacaq.  Budur,  azərbaycanlı Yusif  Məmmədəliyevin  dissertasiyası. Dissertasiya  işi  kimyanın  müasir,  vacib  problemi olan  toluolun  sintezinə  həsr olunub.  Toluol  müharibə  üçun  çox  tələb olunan  partlayıcı  maddə – trinitrotoluolun  xammalıdır. Bu  iş  müharibə  ilə  birbaşa  bağlıdır.  Onun  arxasında  mərmilərin   gurultusu,  tüstü, atəş,  düşmənə  zərbə  dayanır”.

Toluolun  bu üsulla  tətbiqi  tezliklə  tikilən  sənaye  qurğusunda  onun  milyon  tonlarla  istehsalına  imkan yaratdı.  Bu  işə görə  müəllifinə SSRİ  Dövlət  Mükafatı verildi.  Bundan  sonra  Yusif  müəllim  benzolu propilenlə sulfat  turşusunun  iştirakı ilə alkilləşdirib izopropil  benzol  aldı.  Bu birləşmə  yüksək  oktan ədədinə (132)  malik  olduğundan  təyyarə  benzinlərinə 10-15  faiz  qatılmaqla,  sovet  qırıcıları (Miqlər) yüksək  sürəti  və   manevrliyi ilə   alman  qırıcıları (Mister Sriotler)  üzərində  hava  müharibəsində  parlaq  qələbə  qazandılar.

O vaxtlar  Azərbaycanda  sərbəst  fəaliyyət  göstərən  Elmlər Akademiyasının  açılmasında Y.Məmmədəliyevin  misilsiz  xidmətləri  olmuşdur. Gürcüstanda  sərbəst  akademiya  1941-ci  ildə,  Ermənistanda isə  1943-cü  ildə  açılmışdır.  Moskvada  ermənilər  xəbər yaymışdılar  ki,  Azərbaycanda  sanballı  alim  yoxdur,  orada akademiya  açmaq  lazım  deyil,  xeyri  xərcini ödəməyəcək. Bu  isə   ziyalılarımızı  bərk  naharat edirdi. Odur ki, çox   xahiş-minnətdən  sonra  SSRİ Elmlər Akademiyasının prezidenti   Vladimir Leonteviç  Komarovun  başçılığı ilə   respublikamıza  müxtəlif  sahələr üzrə 5 nəfər  akademik gəldi. Bütün  elmi  sahələr  və istiqamətlər  yoxlanılmalı  idi.  İlk  sual-cavab  meydanına  Üzeyir  bəyin,  Səməd Vurğunun  və  Makovelskinin  məsləhəti  ilə  Y.Məmmədəliyev  getdi.  İki  saatlıq  sual-cavabdan  sonra  akademik  V.Komarov  çıxıb  elan etdi ki,  təkcə Yusif Heydəroviç  kimi  alimi olan  respublika  akademiyaya  sahib olmağa layiqdir.  Yusif  Məmmədəliyevin  çıxışı  sürəkli   alqışlarla  qarşılandı.

Beləliklə,  1945-ci  ilin martında  Azərbaycanda  sərbəst  fəaliyyət göstərən  akademiya yaradıldı  və Yusif Məmmədəliyev  ilk akademik  seçildi.  Əslində o,  akademik  yox,  canlı  akademiya, ensiklopedik  biliyə  malik bir şəxs idi. Akademik  Mark  Dalin  Yusif müəllim  haqqında  çap  etdirdiyi  məlaqəni  mənə  göstərərək demişdi ki,  1961-ci ilin  noyabrında  Ermənistanda  sovet  hakimiyyətinin  40 illiyi  münasibətilə Sov.İKP-nin Baş katibi N.S.Xruşşov,  müttəfiq respublikaların  birinci katibləri  və akademiyaların  prezidentləri  Yerevanda  idilər.  Biz  Viktor  Amborsavilyanın  qonağı  olduq.   Astronomiyanın  müasir  problemlərindən  Məmmədəliyevlə  Amborsavilyanın  20  dəqiqəlik  söhbətləri oldu. Söhbətdən  sonra  SSRİ  EA-nın prezidenti  Aleksandr  Nesmeyanov  dedi ki,  sizin  kimyanın  müxtəlif sahələrində  ensikopedik  alim  olduğumuzu  bilirdim,  amma   astronomiyanın  müasir  problemlərini  belə  dəqiq bildiyiniz  üçün  çox sağ olun.

1984-cü  ildə  A.Nesmeyanov xatırlayırdı ki, onun  üçün  SSRİ Nazirlər  Sovetində  və  akademiyada  keçilməz  baryer  yox idi. Azərbaycanda Elmlər Akademiyası üzrə nə məsələ  olurdusa,   hamısını  dəqiq  əsaslandırıb  həll  edirdi.  O, Azərbaycanda  rəsədxana  açmaq  istəyirdi. Bunun üçün  Almaniyaya  bahalı,  diametri  2  metr olan  teleskop  sifariş  verdik.  1959-cu  ildə  teleskop  Moskvaya  gətirildi. SSRİ Nazirlər Sovetindən  qərar gəldi ki,  bu  teteskop  Ermənistana,  Ermənistandakı  köhnə  teleskop  isə  Azərbaycana  verilsin.  Mən bu  informasiyanı  ona  teleqramla  çatdırdım. Dedim ki,  qərarı   dəyişdirə  bilərsinizsə,  gəlin.  Həmin gün  gəldi,  qərara  baxdı, qeydlər  götürüb  Nazirlər  Sovetinə  getdi.  O vaxtlar  A.Mikoyan  Nazirlər  Soveti  Sədrinin  birinci müavini idi.  Onun  əlindən  teleskopu  necə  qopardısa,  səhəri  zəng  edib  dedi ki, indi  qatarla  teleskopu Bakıya  aparacağam.

Akademik  Vasili Korşak  deyirdi ki,  Yusif Heydəroviç  əsl  alim  və  centlmen idi.  N. Y. Şukinin  fikrincə isə,  Y.Məmmədəliyev  alkilləşmənin  kralı  idi.  Akademik  A. Balandin  onun  ensiklopedik  şəxs  olması  haqqında  belə  yazmışdır:  “Y.Məmmədəliyevin  elmi marağının  genişliyi  və onların  həllinin  elmi dərinliyi  adamı  heyrətə  salır”.

Mərhum  akademik  Həsən  Əliyev  xatırlayırdı ki,  1950-ci  ilin əvvəlində – Mərkəzi  Komitədə  kənd  təsərrüfatı   şöbəsinin  müdiri  işlədiyi vaxtlarda  Azərbaycanda  ideoloji  işi  yaxşılaşdırmaq  barədə müşavirə  keçirilirdi. Müşavirənin  təlimatları  ancaq  rusca idi.  İştirakçıların  çoxu  rus  dilini  yaxşı  bilmədikləri  üçün  tez-tez  Yusif müəllimdən  xahiş  edirdilər ki, dediklərini   tərcümə etsin.  Axırda  Y. Məmmədəliyev əl   qaldırıb  iclası  aparan  ikinci  katib  V.Çeplakovdan  xahiş  edir ki,  təlimatlar   Azərbaycanca da  çap  olunsa,  bu,  işimizin  xeyrinə  olar.  Bu zaman  MK  katibi    Yaqubov  Yusif  müəllimi “Siz  kimsiniz ki, MK-nın işinə  qarışırsınız”, –  deyə  danlayır. Y.Məmmədəliyev  10  gün sonra   akademiyanın  işi ilə  əlaqədar birinci  katib  Mircəfər  Bağırova  zəng  edir. Bu  zaman M. Bağırov deyir ki,  mən MK  katiblərinə  göstəriş  verən  Y.Məmmədəliyevi  tanımıram.  Bundan sonra  Y.Məmmədəliyev  sürgün çemodanını   hazırlayır.   Gözləyir  ki,  bu  gün-sabah  yəqin ki,  sürgün  ediləcək. Amma  o,  sürgün  edilməsə də,  prezidentlikdən  töhmətlə  çıxarılır.

Böyük  qardaşı  Məşədi  Mehdinin  oğlu  Əli  müəllim  xatırlayırdı ki,   son zamanlar  əmisi  çox  kədərli  görünürdü.   Səbəbini  soruşanda  dedi: “Əli,  Nuh 100  il (bəzi  ədəbiyyatlarda 1000 il)  yaşadı,  bir  fəlakət  gördü,  mən 50  il yaşadım, 100  fəlakət gördüm”.

Y.Məmmədəliyev alkilləşmə ilə bərabər, üzvi birləşmələrin xlorlaşması, bromlaşması sahəsində də böyük işlər görmüşdür. Məlumdur ki, metanın yüksək temperaturda (300-400 C) xlorlaşması partlayışla, xlorda yanmaqla gedir. Alimin əməkdaşları ilə birlikdə seçdiyi katalizator (kontakt materialı) sistemi və “qaynar” layda xloridin (CCI4) alınmasına səbəb oldu. Bu prosesin sənayedə tətbiqi xalq təsərrüfatı sərgisinin qızıl medalına və pul mükafatına layiq görüldü. Bundan sonra etan, propan, butan, pentan və heksanın xlorlaşma prosesləri tədqiq olundu, prosesin parametrləri, optimal çıxım şəraiti, alınan xlorlu birləşmələrin tətbiq sahəsi oyrənildi.

1960-cı ildə Parisdə halogenləşmə üzrə beynəlxalq konfransın birinci bölmənin sədri olan Yusif Məmmədəliyev C1-C6 karbohidrogenlərinin xlorlaşması prosesləri haqqında plenar məruzə etdi. Müxtəlif ölkələrin alimlərinin suallarından sonra ABŞ alimi Makbi çıxış edərək dedi ki, sovet alimlərinin təklif etdikləri kontakt materiallarının (silikagelin, perlitin, aktiv kömürün) “qaynar” layda aparılan təhkükəsiz prosesi təkcə xlorlaşmada deyil, başqa zəncirvari prosesləri təmizləmək üçün tətbiq oluna bilər.

1961-ci ildə flüorlaşmanın perspektivlərini qabaqcadan görərək, bu prosesin aparılamasını akademik Məmmədyarova tapşırdı. Çox ekzotermik (istilik ayrılmaqla) olan bu proses xüsusi bokslarda istidəyişdirici reaktorlarda aparılmalı idi. Onun ölümündən sonra bu  prosesi aparan olmadı. 1962-ci ildən flüorlaşmanı Kanada alimi Barlet apardı. 1969-cu ildə ona flüorlaşma sahəsində tədqiqatlara görə Nobel mükafatı  verdilər. Böyük alimimizin vaxtısız ölümü flüorlaşma yeniliklərinin Azərbaycanda baş verməsinə maneçilik törətdi.

Yusif müəllim xeyrxahlıqda hatəm idi. Qızı Sevda xanım mənə onlarca pulköçürmə qəbzləri göstərdi. Qazaxdan, Gədəbəydən, Şəmkirdən, Şəkidən, Naxçıvandan və başqa yerlərdən yardım üçün müraciət edən kasıb ailələrə pul göndərmişdi. Alimin tələbəsi, Gəncə Pedoqoji İnstitutunun dosenti Fərhad Rüstəmov deyirdi ki, 1956-ci ildə rektorumuzun kabinetinin qabağından keçəndə gördüm ki, 10-12 nəfər tələbə burada növbəyə dayanıb. Tələbələrdən bunun səbəbini  soruşduqda dedilər ki, rektor kasıblara pul paylayır. Şalvarının dizi yamaqlı olan oğlan isə dedi ki, mənə 1200 manat  verdi. Yaxşı oxyacağım təqdirdə üç ay sonra yenə verəcəyini dedi. Başqa birisinə 1000 manat, digərinə 800 manat, sonuncuya 500 manat verəndən sonra katibə çıxıb tələbələri danladı ki, rektoru pis vəziyyətdə qoymayın, çıxın gedin.

Moskva Neft-Kimya Sintezi İnstitutunun direktoru, akademik S.S. Namyotik yazırdı ki, bizim institutda Azərbaycandan 5-10 aspirant var idi. İldə iki dəfə Yusif Heydəroviç bura gəlib həmin aspirantlara atalıq qayğısı göstərərək onları restorana aparıb qonaqlıq verərmiş. Həm də onlara deyərmiş ki, Azərbaycan sizi bura göndərib ki, təkcə diplom yox, bilik alasınız. Savadlılarınızı Bakıya gələn kimi yaxşı işlə təmin edəcəyəm.

1985-ci ildə akademik Y. Məmmədəliyevin yaradıcılığını tam araşdırandan sonra gördüm ki, respublikamızda onun elmi fəaliyyəti layiqincə qiymətləndirilməyib. Bununla bağlı birinci katib Kamran Bağırova ətraflı məktub yazdım ki, onun xalqımız qarşısında xidmətləri çox böyükdür. Xahiş  edirəm ki, onun adına təqaüd və mükafat təsis olunsun, heykəli  qoyulsun, Bakıda ev muzeyi yaradılsın. Bütün bunlar qədirbilənliklə bərabər, elmimizin inkişafına səbəb ola bilər. Bir həftə sonra akademiyanın prezidenti Eldar Salayev əsəbi halda məni yanına çağırtdirib dedi ki, sən gərək o məktubu mənə yazaydın. Mən də birinci katibə müraciət edəydim. Söhbət uzun çəkdiyi üçün mən ona qısaca “Elmdə siz Məmmədəliyevin 0,1 faizi qədər, işdən təzlikcə çıxarılan Həsən Abdullayevin yarısı qədər deyilsiniz”, – deyib çıxdım. Katibəsi mənə dedi ki, birinci şöbəyə gedin, Mərkəzi Komitədən sizə məktub var, qol çəkin. Gedib şöbə müdirinin qapısını döydüm. Nurani yaşlı adam kim olduğumu soruşanda dedim ki, adım Həsəndir. Dedi, çox xeyrxah iş görübsünüz. Yusif müəllimi yaxşı tanıyırdım, amma Eldar Salayev sizi danlayacaq, çünki onunla arası yox imiş. Dedim ki, narahat olmayın, danladı, cavabını da aldı.

1985-ci ildə məqalələr yazdım, kitab hazırladım. Eldar müəllim mane oldu. 1995-ci ildə ulu öndər Heydər Əlieyevin göstərişi ilə kitab çap olundu, redaktoru da akademik Bəkir Nəbiyev oldu.

...Bəşər tarixində az-az şəxslər olmuşlar ki, onların güclü təfəkkürü, dərin müşahidə qabiliyyəti  mürəkkəb formanın  arxasında gizlənən həqiqi məzmunu qavraya bilmişlər. Belə şəxslər bəşəriyyətin almaz fondunu təşkil edirlər. Yusif Məmmədəliyev bu fondun ən iri və parlaq incilərindən idi.

Mənim 10 ildə topladığım materialın ekstraktının alimin anadan olmasının 90 illiyində ümummilli liderimiz Heydər Əliyev cəmi 23 dəqiqəlik çıxışında çox lakonik və sistematik şəkildə dinləyicilərə çatdırdı. Sonda qızı Sevda xanım Prezidentimizə minnətdarlıq edərək kitabın bir nüsxəsini ona bağışladı. Heydər Əliyev müəllifin kimliyi ilə maraqlandı. Sevda xanım cavab verib dedi: “Həsən Həsənov”.  Prezidentimiz isə: “Çox sağ, olsun oxuyaram” – dedi.

Xalq yazıçısı Mirzə İbrahimov Yusif müəllimi onunla Səməd Vurğunun tanış etdiyini söyləyərdi. Deyərdi ki, özünün də bir neçə şeiri çap olunmuşdu, bəzilərini də tanış kimyaçılarımızın şeiri kimi təqdim edib deyib oxuyardı. Yusif Məmmədəliyev müasir ədəbiyyatımızın problemlərini çox gözəl bilirdi, onun həllinə lazimi şərait yaradırdı. O, Yusif müəllimi xeyrxah, insanlığın, alimliyin, vətənpərvərliyin klassik nümunəsi kimi dəyərləndirərdi.

Akademik Murtuza Nağıyev məqalələrinin birində yazmışdır: “Böyük, uca uzaqdan da yaxşı görünür. Zaman etibarı ilə o, bizdən nə qədər uzaqlaşsa da, elmdə böyük olduğu üçün həmişə görünəcək”. Müəllimim akademik İsmayıl İbrahimov isə deyir ki, onu uşaqlıqdan tanıyırdım. Həmişə fikirləşər axtarar, tapar və yaradardı. Elmdə nadir tapıntı idi. Onun bütün həyatı yaradıcılıq idi.

....Akademik Yusif Məmmədəliyevin vəfatı qədirbilən xalqımızın ziyalılarının, xüsusilə ədəbiyyatçılarını çox kədərləndirdi. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin ona həsr etdiyi şeirin bir bəndini xatırlamaq yerinə düşərdi:

Ey alim, sönməsin eşqin, həvəsin,
İnsanı yaşadan yalnız hünərdi.
Xalqın hörmətini qazanan kəsin,
Ömrü də xalqın ömrü qədərdi.

Həsən HƏSƏNOV,
kimya elmləri üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında