2016-Yeni ilə yeni arzularla

Yer üzünə yeni - 2016-cı il gəlir. Dünyanın bir çox xalqları hər il təqvimlərin dəyişdiyi dekabrın 31-dən yanvarın 1-nə keçən gecəni böyük sevinc və ümidlərlə qarşılayırlar. Adamlar Yeni il kimi bayram etdikləri bu əziz gündə deyib-gülür, şənlənir, sevdiyi insanlara hədiyyələr verirlər. Küçələrdə, mənzillərdə yolkalar bəzədilir, uşaqların səbirsizliklə gözlədikləri Şaxta baba və Qar qız evlərin əziz qonaqlarına çevrilirlər.

Yeni il əsrlərdən bəri Azərbaycan xalqının da əziz bayramlarından biridir. Soydaşlarımız bu bayrama hər dəfə böyük şövqlə hazırlaşır, həvəslə bayram süfrələri açırlar. Son illər xalqımız üçün bir çox uğurlarla yadda qalıb. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük yaradıcılıq-quruculuq işləri görülüb, istər paytaxtımız Bakı şəhərində, istərsə də rayonlarımızda genişmiqyaslı abadlıq tədbirləri həyata keçirilib, yeni yollar salınıb, körpülər tikilib. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblər, xəstəxanalar, uşaq evləri tikilib, təmir edilib. Son illərdə ölkəmizdə bir çox iri infrastruktur layihələri, Bakı şəhəri və regionlarımızın inkişafı ilə bağlı böyük proqramlar icra olunub. Bütün bunlar, Prezident İlham Əliyevin dediyi kimi, insanlarımızın rahat yaşaması üçün edilib.

Yola saldığımız 2015-ci ildə də müəyyən işlər görülüb. Ancaq dünyada baş verən iqtisadi-maliyyə problemləri Azərbaycandan da yan keçməyib, nəticədə yola saldığımız il bir sıra çətinlikərlə müşayiət olunub. Bununla belə, heç bir sosial layihə dayandırılmayıb.

Yeni il bayramı ərəfəsində xalqımız özünün başqa bir əziz bayramını - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də böyük coşqu ilə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbaycanın şərəfinə təntənələr qurulur. Həmrəylik duyğusu bizi güclü edir, öyünc və sevincimiz həyat eşqimizi yüksəldir. Beləcə, eldə, obada, bütün Azərbaycanda indi bayram-bayrama qarışır. Bayramınız mübarək olsun, əziz dostlar, əziz həmvətənlər!

 

2016-cı il - qırmızı meymun ilidir

 

Meymun ilində doğulanlar çevik, zirək, ixtiraçı və orijinal insanlar olurlar, ən mürəkkəb problemləri asanlıqla həll edirlər. Elə fəaliyyət meydanı yoxdur ki, onlar orada əl-qol aça bilməsinlər. Onlar hər nə oldusa, dərhal bilmək və öyrənmək istəyirlər, səbirsiz və hər şeylə maraqlanan olurlar. Lakin meymunları işlərindən ayırmaq və fikirlərindən daşındırmaq da asandır. Onlar hər işi elə həmin dəqiqə görmək istəyirlər. Adətən, düzgün qərar qəbul edirlər, sağlam düşüncəyə malik olurlar. Qərarları düzgün olmasa da, əmindirlər ki, addımlarını düz atırlar. Əgər onlara mane olan olmasa, şöhrət qazana bilirlər. Meymunlar yüksək vəzifə sahibi olmaqda da çətinlik çəkmirlər.

Lakin bu ildə doğulanların xarakterində müəyyən zəiflik də özünü göstərir. Ən yüngül maneə onların qanlarını qaraldıb planlarını poza bilər. Bir çoxları öz qətiyyətsizlikləri və qərarsızlıqları ilə digərlərindən fərqlənirlər.

Onlar temperamentli və öz bildiklərini edən, tez qızışan, lakin yola gələn adamlardır. Onları hətta etibarsızlıqda günahlandıranlar da tapıla bilər. Bəziləri isə düşünürlər ki, onlar xarakter bütövlüyünə malik olmayan, ziddiyyətli adamlardır.

Meymunlar enerjili və dinamik heyvanlardır. Bu ildə kim aktivliyə can atsa, onun ili olacaq. Meymun keçidən daha dərin düşüncəli və hərəkətli olduğu üçün ona bir yerdə oturmaq qəti əl vermir. Qırmızı meymunlar əmindirlər ki, mütləq aktiv hərəkət etmək lazımdır. Kim öz uğuru və karyerası üçün irəliyə can atsa, mütləq uğur qazanacaq.

Meymun ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi əjdaha və siçan ilində anadan olanlar uyğun gəlirlər. Amma bəzən dovşan, qoyun, it və meymun ilində doğunlarlarla qurulan ailələr uğurlu ola bilir. İlan, qaban və pələng ilində doğulanların isə meymun ilində anadan olan insanlarla ailə qurması qətiyyən yaxşı nəticə verməz.

Lakin astroloqlar etiraf edirlər ki, ulduzlardan, bürclərdən yuxarıda Allah var, təbii ki, ən doğrusunu da O  bilir.

 

Yeni ilin 5 min illik tarixi var

 

Yeni ili qeyd etmək ənənəsi ilk dəfə harada və nə vaxt meydana gəlib? Gəlin, lap əvvəldən başlayaq.  Belə fərziyyələr var ki, Yeni il bayramı ilk dəfə 5 min il bundan əvvəl Mesopotamiyada qeyd edilib. Bu qədim ölkədə şumer, babil, assur kimi mədəniyyət mərkəzləri yaranmışdı. Mesopotamiyada əkin işləri martın sonunda, Dəclə və Fərat çaylarında su artandan sonra başlanırdı. Bu hadisə 12 gün ərzində təntənəli yürüşlərlə, şənliklərlə qeyd edilirdi.

Qədim yəhudilər Yeni ilin bayram edilməsini babillilərdən, yunanlar isə yəhudilərdən öyrənmiş, Qərbi Avropaya da bu ənənə yunanlardan keçmişdir. Qədim romalılar hələ bizim eradan əvvəl Yeni il gecələrində səhərə qədər şənlik edir, tanış və dostlarına xoşbəxtlik diləyirdilər. Arxeoloqlar qədim Misir piramidalarında qazıntı işləri apararkən üzərində “Yeni ilin başlanğıcı” sözü yazılmış qab tapmışdılar. Qədim Misirdə Yeni il Nil çayı daşan zaman (təqribən sentyabrın axırında) bayram edilirdi. Nilin daşması çox mühüm hadisə hesab olunurdu. Ona görə ki, çayın daşması sayəsində susuz səhrada taxıl bitirdi. Yeni ildə Tanrı Amonun, onun arvadının və oğlunun kiçik heykəllərini minnətdarlıq əlaməti olaraq qayığa qoyurdular. Qayıq Nil çayı boyu çal-çağırın müşayiəti ilə bir ay üzəndən sonra heykəlcikləri yenidən məbədə qoyurdular.

Romalılar imperator Yuli Sezarın yeni təqvimi tətbiq etməsinədək Yeni ili martın əvvəlində bayram edirdilər. Sezar eramızdan əvvəl 45-ci ildə Misirdə olarkən misirlilərin təqvimi ilə tanış olmuşdu. Bu təqvim 365 gündən və 12 aydan ibarət idi. Salnaməçilər yazır ki, Sezar  bu tanışlıqdan sonra dərhal yeni təqvimin hazırlanması barədə əmr vermişdi. 

O da bəllidir ki, bəzi xalqlar Yeni il bayramını müxtəlif vaxtlarda qeyd edirdilər. Məsələn, qədim Yunanıstanda bayram ilin ən uzun gününə - 22 iyuna düşürdü. İngiltərədə isə bayram şənliklərinə baharın ilk günündə - martın 1-də başlayırdılar. Fransada Yeni ilin gəlişini Böyük İnqilab Günü, yəni Respublikanın yarandığı 22 sentyabrda bayram edirdilər.

I Pyotr 1699-cu ildə Avropa səyahətindən qayıdandan sonra Yeni ilin 1 yanvardan hesablanması barədə fərman imzalamışdı. İmperator Yeni il şərəfinə yolkalar bəzədilməsi üçün göstəriş vermişdi. I Pyotr öz fərmanında, eyni zamanda, Yeni il günlərində sərxoş olaraq sillələşmə və yumruqlaşmanı qadağan etmişdi. Göstərilmişdi ki, bu xoşagəlməz işi başqa vaxtda da görmək olar. 1 dekabrda yır-yığış edən rus qızları mizin altını çox səylə ələk-vələk edir, buğda dəni axtarırdılar. Buğda dəni tapan qızlar sevinclərindən qışqırırdılar. Onlara elə gəlirdi ki, buğda dəni tapan qız tezliklə ərə gedəcək. Ərə getmək arzusu ilə yaşayan qızlar gündə bir neçə dəfə təzə paltar geyirdilər.

 

Yeni ili qarşılama ənənələri

 

Hər bir xalqın Yeni ili qarşılama ənənəsi var. Məsələn, italyanlar Yeni ili bayram etməzdən öncə mənzillərindəki bütün köhnə əşyaları pəncərədən küçəyə tullayırlar. Köhnə əşyaların yerini təzə alınmış mebellər tutur.

Yaponlar hesab edirlər ki, Yeni ilin ilk saniyələrindən başlayaraq gülmək adama uğur gətirir. Yaponiyada Yeni il gecəsi 108 dəfə zəng çalmaq adəti mövcuddur. Qədim inanclara görə, vurulan hər bir zəng insan qüsurlarından birini “öldürür”. Yaponlar hesab edirlər ki, insanın altı qüsuru olur: simiclik, axmaqlıq, qərəz, yelbeyinlik, qətiyyətsizlik, paxıllıq. Və bu qüsurların hər birinin 18 müxtəlif çaları mövcuddur. Yaponlar Yeni ildə öz yaxınlarına məhz bu qüsurlardan azad olmalarını arzulayırlar. 6-nı 18-ə vuranda 108 alınır. 108 rəqəmi və bu qədər zəng çalmaq ənənəsi də məhz buradan yaranıb.

Asiyanın ən böyük ölkəsi olan Çində də Yeni il bayramı qədimlərdən bəri böyük təmtəraqla, atəşfəşanlıqla qeyd edilir. Çinlilər bununla  ümid  edirlər ki, Yeni ilin gəlişinə mane olmağa cəhd edən şər qüvvələri qovurlar. Avropalılardan fərqli olaraq çinlilər yolka bəzəmirlər, əvəzində bayram süfrələrinə narıngi və portağalla dolu məcməyilər düzürlər.

Yeni il bayramı polyak xalqının da sevimli bayramıdır. Polyaklar Şaxta babanı Silvestr Klaus adlandırırlar. Onların inancına görə, bu, həmin Silvestr adlı məşhur nağıl qəhrəmanıdır ki, Levifian adlı vəhşiyə qələbə çalaraq həmvətənlərini dəhşətli bəlalardan xilas edib.

Avstraliyada da Yeni il şənlikləri kifayət qədər ekzotik keçirilir. Qar, şam ağacı, maral və bayramın digər ənənəvi atributlarının olmamağı səbəbindən Şaxta baba Sidney çimərliyində parlaq rəngli üzgüçülük kostyumunda peyda olur. Bununla belə, “Köhnə dünya”nın ənənələrinə uyğun olaraq  Şaxta babanın mütləq ağ saqqalı və qırmızı papağı olur. Yeni il axşamı açıq səma altında atəşfəşanlıqların keçirildiyi müxtəlif ictimai məkanlara baş çəkmək ənənəyə çevrilib. Avstraliyadakı Yeni il şənliklərinin özəlliyi ondan ibarətdir ki, gecə yarısından sonra bu cür atəşfəşanlıqlar müşahidə olunmur. İstirahət günü və ya bayram olmasına baxmayaraq avstraliyalılar adətən səhər saat 5-6-da yuxudan oyanır, axşam saat 10-dan gec olmayaraq isə yatağa girirlər. Təbii ki, Yeni il gecəsi istisnadır. Amma bu bayram günündə də saat 00:10-da hamı yataqda olur.

1927-ci ildə Milad bayramı keçmiş SSRİ məkanında rəsmi bayram kimi ləğv olunmuşdu. 1936-cı ildən isə Yeni il təqvim ili kimi qeyd edilir. O zaman keçmiş ittifaqda Yeni il iki gün ərzində bayram edilirdi.  Rusiyanın indiki rəhbərliyi isə Yeni il tətillərini 10 günə çatdırıb ki, bundan da sadə camaat çox razı qalıb. Üstəlik, ruslar 13 yanvarda “Köhnə Yeni ili” də qeyd etməkdən vaz keçmirlər.

Dünya xalqlarının bir çoxunda, xüsusən də Afrikada Yeni ilin qarşılanması gecəsi fit və çəpik çalmaq, hay-küy qoparmaq, tullanıb-düşmək, haray-həşir salmaq adət-ənənələri vardır. Yəqin ki, bu ənənələr bütpərəstlik zamanından mövcuddur. Qədim insanlar əcinnələri və digər şər qüvvələri qovmaq üçün bu üsullara əl atırdılar.

Yeni ilin ayrılmaz atributlarından biri Rusiyada, Şimali Amerikada, ümumiyyətlə, dünya dövlətlərinin çoxunda şüşə və plastik oyuncaqlarla, şamlarla və şirniyyatla bəzədilmiş yolkadır. Yolka bayram dövründə mənzillərdə, yaxud böyük  şəhərlərin iri meydanlarında qurulur. Bayram ərəfəsində ağacların bəzədilməsinin başlanğıcı Misir fironlarının dövrünə təsadüf edir. Həmin vaxtlarda qədim Misir küçələrindəki palma ağaclarını bəzəyirdilər. Bizim eramızda Avropa ölkələrində Milad bayramı münasibətilə küknar ağaclarını alma, qoğal və şamlarla bəzəməyə başlamışlar. Adamın heç inanmağı gəlmir ki, nə vaxtsa yolkanı başı üstə qururdular. Bayram qurtarandan sonra isə uşaqlara ağacdakı meyvələri və şirniyyatı yığmağa icazə verirdilər.

 

Avropada ilk Milad yolkaları

 

Yolka qurmaq ənənəsi Almaniyadakı Reyn çayının sahillərindəki Elzas əyalətində qoyulub. XVI əsrdə burada Milad yolkası qurmağa başlamışdılar. Bəzən də Milad ağacını tavandan başı aşağı olmaqla asırdılar. Almaniyada Milad bayramında uşaqlar üçün mizlərin üstünə hədiyyələr  düzürdülər. Bu ölkədə ilk əvvəllər yolkanı yalnız şəhərlərdə qururdular. 1820-ci ildə yolka Praqada, XIX əsrin başlanğıcında isə Skandinaviya ölkələrində şəhər meydanlarında qurulmağa başlamışdı. Yolka qurmaq adəti cəmiyyətin yüksək təbəqələrindən gəlirdi. Məsələn, İngiltərədə yolkanı 1760-cı ildə ilk dəfə olaraq kral III Georqun arvadı bəzəmişdi, sonralar isə kraliça Viktoriya özünün milliyyətcə alman olan əri Albert ilə Vindzor şəhərində uşaqlar üçün yolka qurmuşdu.

Vyanada Müqəddəs Stefan kilsəsində quraşdırılmış “Sülh zəngi”nin təntənəli sədalarını dinləmək burada Yeni ilin yazılmamış qanunlarından biri hesab olunur. Dekabrın 31-də Kilsə meydanına minlərlə insan toplaşır. Keçmişdə bu ölkədə Yeni il günü bacatəmizləyənlə qarşılaşmaq, ona toxunmaq və paltarına ləkə salmaq yaxşı əlamət sayılırdı. Hesab olunurdu ki, bu, böyük xoşbəxtlik və uğur gətirir.

Rusiyada da qədimdən bayram yolkası bəzəməyi çox sevirlər. Əvvəllər yolka qurmaq ənənəsi burada da şəhərlərdə yaranmışdı, sonra  kəndlərə də sirayət etmişdi. Əvvəl yolkanı kənd məktəblərində qururdular, sonralar isə kəndli evlərində də yolka qurmağa başlamışdılar. XIX əsrin alman mühacirləri yolka bəzəmək ənənəsini Amerikaya da aparıb çıxarmışdılar. Okeanın o tayında ilk dönəmlərdə yolkanı meydanlarda qururdular.

Yolka bəzəmək ənənəsi müsəlman ölkələrində də geniş yayılmışdır. Məsələn, 1960-cı ildə Tehran və Mərakeş şəhərlərində yolka bəzəmək halları mövcud idi. İkinci dünya müharibəsinədək Türkiyədə də yolka bəzəyirdilər. 1936-cı ildə Türkiyə hökuməti meşələrin qırılmasının qarşısını almaq məqsədilə yolka bəzəmək ənənəsinə qadağa qoymuşdu. Lakin sonralar bu qadağa aradan götürüldü.

Böyük Britaniyada Yeni ildə evi yolka ağacının budaqları ilə bəzəyirlər. Adətə görə, Milad ərəfəsində kişilərin bayram yolkasının ətrafında  istənilən qızı öpməyə hüququ çatır. Bu ölkədəki qədim ənənələrdən biri də milad oduncağıdır. Deyilənlərə görə, bu adəti İngiltərəyə vikinqlər gətirib. Onlar Miladda böyük bir ağacı kəsirlər və bu ağac il boyu qalaraq büsbütün quruyur. Yalnız növbəti Miladda onu evə gətirirlər və bu odun uzun müddət yanır.

 

Qonaq-qaralı bayram

 

 Bəllidir ki, Yeni il şənlikləri turistləri cəlb etmək üçün yaxşı fürsət hesab olunur. Buna görədir ki, bir çox ölkələr bayramın əsas rəmzlərindən olan Şaxta babaya “sahib çıxmağa” cəhd edirlər. Ən çox da şimal xalqları iddia edirlər ki, ilk Şaxta babalar məhz onların ölkəsində peyda olublar.

Məsələn, finlər bütün dünyaya car çəkirlər ki, Santa Klaus, yəni Şaxta baba onların həmvətənidir. Onların inanclarına görə, Santa Klaus Finlandiyanın qütb dairəsinə yaxın ərazilərdəki hündür küknar ağacları ilə əhatə olunan, bəmbəyaz qardan “ağ libas” geyinmiş Laplandiya adlanan möcüzəli bir yerdə yaşayır. Finlər düşünürlər ki, Santa Klaus hər il dünya ölkələrinə səyahətini məhz Laplandiyadan başlayır.

Finlandiyada Yeni il şənlikləri dekabrın 25-dən, yəni Milad bayramı günündən başlanır. Dekabrın 31-i – Yeni il axşamı isə ölkə paytaxtı Helsinkidə nağıl və əsatir qəhrəmanlarının libaslarını geyinmiş həvəskar aktyorlar teatr məzhəkələri oynayırlar. Həmin gecə hədiyyə dolu xurcunu ilə Santa Klaus şimal maralları qoşulmuş xizəkdə Helsinkinin mərkəzi meydanına təşrif buyurur. Meydanda dərhal alqış səsləri eşidilir, şən mahnı sədaları ətrafa yayılır. Bayram günlərində dünyanın hər yerindən Santa Klausun vətəninə - Finlandiyaya, həqiqətən, çoxlu turist gəlir.

Yeni ili “Laplandiya”da keçirən əcnəbi qonaqlar etiraf edirlər ki, burada bayram etməyin ayrı səfası var! Özünüzü bir anlığa rəngbərəng oyuncaqlar bərq vuran Yeni il yolkasının başına dolaşan uşaqların, övladlarına baxıb  sevinən gənc ata-anaların və bir-birini sevən gənclərin yanında hiss edin. Göydən isə iri, yupyumru qar dənələri ələnir. Heç kəs soyuğu, şaxtanı vecinə almır. Hamı gülür, sevinir. Romantik səhnədir, deyilmi?

Yeni il günlərində ənənəvi turist ölkəsi olan Fransa həmişəkindən də çox qonaq-qaralı olur. Turistlər Parisdə Eyfel qülləsinin ətrafında keçirilən bayram atəşfəşanlığını müşahidə etməyi lap çox sevirlər. Fransada Şaxta babanı “Noel ata” adlandırırlar. Noel ata bayram günlərində uşaqlara çoxlu hədiyyələr paylayır. Uşaqlar da onun şəninə gözəl şeirlər deyir, şən mahnılar oxuyurlar. 

Yeri gəlmişkən, fransızlar bayram günlərində çox səxavətli olurlar. Onlar belə günlərdə turistləri həvəslə məşhur fransız şərabına qonaq edirlər. Bəllidir ki, Fransa şərab ölkəsidir, şərabının dadına isə söz ola bilməz. Turistlər təbii ki, vətənlərinə qayıdanda fransızların onları şəraba qonaq etmələri barədə fəxrlə söz açırlar.

İrlandiyada Yeni il ərəfəsində axşam evlərin qapılarını taybatay açırlar. Bu vaxt istənilən şəxs istənilən evə girə və bu evin hörmətli qonağı ola bilər. Onu yuxarı başda otuzdurur, şəraba qonaq edirlər və deyirlər: “Bu evdə və bütün dünyada sülhün sağlığına!” Saat 12-nin yarısında irlandiyalılar mərkəzi meydana çıxır, oxuyur, oynayır və şənlənirlər.

Norveçdə uşaqlar hədiyyəni keçidən gözləyirlər. Bu ölkədə keçinin müəyyən üstünlükləri var. İş burasındadır ki, rəvayətə görə, Norveç kralı İkinci Olaf bir dəfə yaralı keçini qayaların üzərindən düşürərək xilas edir. Heyvanı saraya gətirir və burada sağaldaraq gəldiyi yerə qaytarır. Keçi isə minnətdarlıq əlaməti olaraq hər axşam xilaskarına şəfalı otlar gətirirmiş.

 

Yeni il arzuları

 

Bəli, Yeni il özü ilə yeni arzular, yeni ümidlər gətirir. İnsan arzuları isə bitib-tükənməzdir. Hər kəs bayram günlərində doğmalarına ən xoş arzu və təbriklərini çatdırmağa çalışır. Axı hər bir xoş sözün, ürəkdən deyilmiş təbrikin ecazkar təsir gücü var. Elə bayramlar da insanların həyata bağlılıqlarını artırmaq, onları sevindirmək üçündür!  Belə bir deyim var ki, Yeni ili hansı əhval-ruhiyyədə başlasan, bütün ili həmin ovqatla başa vuracaqsan. Biz də oxucularımıza, bütün xalqımıza bu gözəl bayramı xoş ovqatla başlamağı, bütün arzularının çin olmasını diləyirik. Qoy 2016-cı il hər birinizin həyatında ən uğurlu illərdən biri olsun. Bir daha deyirik: Yeni il bayramınız mübarək! 

Məsaim ABDULLAYEV,
Paşa ƏMİRCANOV,
Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında