Sədərək Rayon Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir

Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonu son illər inkişaf edərək müasir görkəm almışdır. Rayonda insanların məskunlaşması, rahat yaşaması üçün bütün tədbirlər görülmüş, yeni iş yerləri açılmış, rayon mərkəzi olan Heydərabad qəsəbəsi və kəndləri quruculuq meydanına çevrilmişdir.

Sərhədləri etibarlı müdafiə olunan Sədərək rayonunda bu gün intellektli, təhsilli və vətənpərvər gənc nəsil yetişir. İstedadı və qabiliyyəti olan gənclər üçün bütün imkanlar yaradılır, məktəb binaları, musiqi məktəbləri tikilib istifadəyə verilir.

Oktyabrın 26-da Sədərək Rayon Uşaq Musiqi Məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafı diqqət mərkəzində saxlanılır. Hər il yeni mədəniyyət müəssisələri,  muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tikilərək istifadəyə verilir. Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin daha bir ifadəsidir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Natəvan Qədimova muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafına göstərilən qayğıya görə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək Rayon Uşaq Musiqi Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Sədərək Rayon Uşaq Musiqi Məktəbinin əsası 1987-ci ildə qoyulmuş, həmin vaxt Sədərək kənd Uşaq Musiqi Məktəbi yaradılmışdır. 1991-ci ildən isə musiqi məktəbi Sədərək Rayon Uşaq Musiqi Məktəbi kimi fəaliyyət göstərir. Hazırda musiqi məktəbində 144 şagird təhsil alır. Perspektiv nəzərə alınmaqla 320 yerlik yeni məktəb binasının tikilməsi gələcəkdə də musiqi duyumu və qabiliyyəti olan uşaqların məktəbə cəlb edilməsinə imkan verəcəkdir.

Ali Məclisin sədri demişdir: Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə lazımi tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, yeni məktəb binaları tikilir, musiqi məktəbləri yaradılır, istedadlı uşaqların adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır. Muxtar respublikada da uşaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, məktəbdənkənar təhsil müəssisələrində, musiqi, idman və peşə məktəblərində uşaqların qabiliyyətlərini nümayiş etdirmələri üçün lazımi şərait yaradılır.

“Uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, qabiliyyətlərinin istedada çevirilməsi üçün, ilk növbədə, şərait olmalıdır”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, musiqi məktəblərinin yaradılmasında əsas məqsəd də uşaqların asudə vaxtının səmərəli təşkilindən, musiqi duyumu və qabiliyyəti olan uşaqların üzə çıxarılmasından, milli musiqimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir. Bu gün Sədərək Rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri yaradılan şəraitdən düzgün istifadə etməli, ölkəmizin musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verməlidirlər. Musiqi məktəblərində milli musiqimizin şagirdlərə hərtərəfli öyrədilməsi imkan verəcəkdir ki, onlar gələcəkdə musiqi mədəniyyətimizin, milli dəyərlərimizin daşıyıcılarına çevrilsinlər. Ona görə də musiqi məktəblərində təhsil alan şagirdlərə gələcəyin qurucusu, milli dəyərlərimizin, mədəniyyətimizin daşıyıcısı kimi baxılmalıdır. Hər bir şagirdlə fərdi qaydada məşğul olunmalı, istedadı olan gənclər üzə çıxarılmalı və adları Naxçıvan Muxtar Respublikasının gənc istedadlarının “Qızıl kitabı”na yazılmalıdır.

Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında musiqi məktəbinin kollektivinə uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri Sədərək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə kompüterlər hədiyyə etmiş, binanın açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan binada 35 sinif otağı, müəllimlər və iş otaqları, kitabxana, zal və bufet vardır. Məktəbdə xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir, tar, kamança, nağara, fortepiano, klarnet, qarmon və vokal ixtisasları üzrə musiqiçi kadrları hazırlanır. Həmçinin məktəbdə skripka ixtisasının tədris olunması da nəzərdə tutulmuşdur.

Kitabxananın fondunda 200 tədris vəsaiti və musiqi ədəbiyyatı vardır. Azərbaycan musiqi sənətinə aid dərsliklər, görkəmli bəstəkarlarımız və dünya klassikləri haqqında ədəbiyyatlar, o cümlədən digər tədris vəsaitləri şagirdlərin musiqi təliminin nəzəri əsaslarına dərindən yiyələnməsinə şərait yaradır.

Ali Məclisin sədri kitabxana fondunun milli musiqi nəzəriyyəsinə aid ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıq vermişdir.

Sinif otaqlarında müvafiq ixtisaslara aid musiqi alətləri, o cümlədən 6 pianino qoyulmuşdur. Güclü maddi-texniki baza tədrisin səmərəli təşkilinə, uşaqların incəsənətin bu növünə marağının artırılmasına və musiqiçi kadrların hazırlanmasına imkan verəcəkdir.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Hər bir xalqın qədimliyi, kimliyi həm də onun milli musiqisində yaşayır. Azərbaycan xalqının min illər ərzində formalaşan qədim musiqi mədəniyyəti vardır. Muğamlarımız, aşıq sənəti, yallılarımız milli musiqimizin tarixindən xəbər verir. “Gəmiqaya” abidələrindəki  təsvirlər xalqımızın qədim sənətkarlıq mədəniyyətinin izlərini yaşadırsa, yallılarımız isə min illər ərzində formalaşan milli musiqi sənətimiz haqqında məlumat verir. Bu gün musiqi məktəblərində tədrisin nümunəvi təşkili milli musiqimizin şagirdlərə hərtərəfli öyrədilməsindən başlayır. Pedaqoji kollektiv tədris zamanı milli musiqi mədəniyyətimizin təbliğini üstün istiqamət kimi götürməli, muğamlarımız, aşıq sənəti, yallı və xalq mahnılarımız şagirdlərə ətraflı öyrədilməlidir.

Müəllimlərdən Samirə Əliyeva musiqi məktəbində yaradılan hərtərəfli tədris şəraitinə görə pedaqoji kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da istedadlı və bacarıqlı musiqiçi kadrların hazırlanması sahəsində səylə çalışacaqlarını bildirmişdir. 

Konsert zalında Sədərək Rayon Uşaq Musiqi Məktəbinin şagirdləri maraqlı musiqi nömrələri təqdim etmişlər.

Ali Məclisin sədri məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirmişdir.

Binanın həyətində də geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında