İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Dövlətqaçqınkomda olub

Oktyabrın 23-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Əli Həsənov İndoneziyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu deyib. Qeyd edib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında İndoneziya ölkəmizin haqq işini dəstəkləyib.

Baş nazirin müavini bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur. Ümumiyyətlə, Azərbaycan-İndoneziya əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac var. Bu cür səfərlər, görüşlər münasibətlərin inkişafına töhfə verir.

Əli Həsənov deyib ki, Azərbaycan son 5-6 ildə dünya ölkələri sırasında iqtisadi inkişaf tempinə görə ön yerlərdədir. Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Lakin bu gün Prezident İlham Əliyev ölkənin strateji inkişaf istiqamətlərini başqa istiqamətə yönəldib. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. İnsan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur. Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemidir.

Əli Həsənov deyib: “Bəzən beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizə və insan hüquqları ilə bağlı bizə müəyyən iradlar tuturlar. Halbuki ölkəmizdə korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının qorunması istiqamətində mühüm uğurlar əldə edilib. Düzdür, müəyyən nöqsanlar da var. Ancaq baxın görün bizə irad tutan ölkələrin hansında korrupsiya və yaxud insan hüquqlarının pozulması halları yoxdur?! ABŞ-da yoxdur, yoxsa Avropada yoxdur?! Hər yerdə var. Yüz-iki yüz il demokratiya tarixi olan ölkələrdə də var. Biz isə 24 ildir ki, müstəqilliyimizi bərpa etmişik. Onun da 10-15 ilini müharibə şəraitində yaşamışıq. Bu gün baxın görün Avropada insan hüquqları ilə bağlı nələr baş verir. Ümumilikdə 500 milyon əhalisi olan Avropa ölkələrinə cəmi 400-500 min qaçqın gəlib. Həmin Avropa ölkələrinin rəhbərləri hər gün yığışıb müzakirə aparırlar ki, nə edək. Görün o ölkələrdə həmin qaçqınların başına nə oyunlar açırlar. Ancaq soruşan yoxdur ki, bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən 20 ildir necə gəlir?! Bu gün ümumiyyətlə dünyada nə ABŞ-ın, nə Avropanın, nə də digərlərinin insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur”.

Əli Həsənov bu yaxınlarda Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz qərar qəbul etdiyini xatırladıb: “Guya burada 2-3 nəfərin hüququ pozulub. Amma Avropa Parlamenti hələ bir dəfə də deməyib ki, 20 ildir Azərbaycanda 1 milyon 200 min insanın hüququ pozulur. Elə Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər. Budur Avropa Parlamenti. Ona görə də onlar getsinlər demokratiya dərsini özlərinə keçsinlər”.

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və həmişə uğurlar əldə edir.

Diqqətə çatdırılıb ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ümumiyyətlə, bu qrup elə yaradılıb ki, problem həll olunmasın. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verir, lakin lazım gələrsə biz istənilən yolla öz torpaqlarımızı azad etməyə hazırıq.

Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6 milyard 500 milyon dollar vəsait sərf olunub. Onlar üçün 93 qəsəbə salınıb, indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. O, Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis səfər çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, bu səfərin ölkələrimizin əlaqələrinin inkişafına töhfə verəcəyini deyib. O, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə olduğunu, həmçinin Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, onların həyat şəraiti ilə tanış olduğunu söyləyib. Qonaq bu səfərin faydalı olacağını vurğulayıb.

Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən komissiyanın sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək verə biləcəklərini söyləyib. Nur Xolis Azərbaycan hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğının şahidi olduğunu deyib. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının, onların öz doğma torpaqlarına qayıda bilməməsinin böyük ədalətsizlik olduğunu bildirib. N.Xolis Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini vurğulayıb. O, Azərbaycanla bağlı həqiqətlərin dünyada yayılmasının vacibliyini vurğulayıb və İndoneziyada bu istiqamətdə işlər görəcəyini diqqətə çatdırıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında