Azərbaycanda turizmin inkişafı bu sahə ilə bağlı statistikanın təkmilləşdirilməsini tələb edir 20 oktyabr Ümumdünya Statistika Günüdür

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizmdə Azərbaycanın rəqabət imkanları genişdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib.

Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Görülən tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Azərbaycan turizm bazarının formalaşması və inkişaf tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən illər ərzində dövlətin hərtərəfli dəstəyi nəticəsində Azərbaycanın turizm sənayesi yeni inkişaf yoluna qədəm qoyub.

Ölkəmizin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, böyük dövlət dəstəyinin olması, infrastrukturun təkmilləşdirilməsi turizm sahəsinin inkişafını şərtləndirən amillərdəndir. 2011-ci ilin “Turizm ili” elan olunması da bu sahənin inkişaf etdirilməsində, yeni layihələrin həyata keçirilməsində əhəmiyyətli addım olmuşdur.

Ölkə turizminin inkişaf etdiyi indiki dövrdə artıq Bakıda, Gəncədə, Naxçıvanda, habelə ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərir və onların sayı durmadan artır. Belə ki, 2012-ci ildə Bakıda keçirilən “Avrovision” beynəlxalq musiqi yarışması zamanı Azərbaycana gələn on minlərlə turistin otellərdə yerləşdirilməsi və onların ölkəmizlə tanışlığı yüksək səviyyədə oldu. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizə yüz minlərlə turistin gəlişi və onların qarşılanması, yerləşdirilməsi üçün paytaxtımızda və ətraf rayonlarda onlarca otel tikilib istifadəyə verildi.  Azərbaycanın regionlarında zəngin təbiət resursları, meşələrin çoxluğu, dağ landşaftının geniş yayılması ekoturizmin inkişaf etdirilməsi üçün də imkanlar yaradır. Eyni zamanda, respublikamızda bir sıra digər idman növlərinin inkişafı  göz önündədir. İdmanın inkişafı onun turizmlə vəhdət təşkil edən yeni bir turizm növünün - idman turizminin yaranması və inkişafına əhəmiyyətli təsir göstərir. Ölkədə turizm növlərinin çoxluğu, bunun geniş inkişaf perspektivləri Azərbaycan turizm bazarının rəqabət imkanlarını daha da artırır.

Onu da deyək ki, son illərədək Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq respublikamızda iki qış turizm müəssisəsi- Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi fəaliyyət göstərir. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Turizmin inkişafı ölkələr arasında iqtisadi-mədəni əlaqələrin genişlənməsinə səbəb olur. Gediş-gəliş qaydalarının sadələşdirilməsi, bir sıra hallarda isə bu sahədə inzibati nəzarətin aradan qaldırılması beynəlxalq turist axınlarının əhəmiyyətli dərəcədə artmasına təsir etmişdir. Odur ki, səyahət axınlarına dair məlumatlara tələbatın yaranması, turizm infrastrukturunun mövcud vəziyyətinin öyrənilməsi və inkişaf planlarının tərtib edilməsi bu sahədə statistik uçotun aparılması zərurətinı gündəmə gətirmişdir.

Bu tələbdən çıxış edərək Dövlət Statistika Komitəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT)  tövsiyələri və BMT Statistika Komissiyasının qərarları nəzərə alınmaqla turizm statistikasının dünya standartlarına uyğunluğunun təmin edilməsi məqsədilə turizmin bütün sahələrini əhatə edən statistika sisteminin yaradılması və təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər həyata keçirilmişdir.

Turizm sahəsində statistik uçotun təşkil edilməsinə ölkə rəhbərliyi daim xüsusi diqqət yetirmiş və bir sıra dövlət proqramlarında bu sahədə statistik müşahidənin aparılmasına dair bəndlər öz əksini tapmışdır. Prezident İlham  Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə turizm sahəsində statistik uçotun aparılmasında  müasir üsulların tətbiqinə geniş imkan yaratmışdır. Proqramda turizm sahəsi üzrə statistik məlumatların toplanması sisteminin və metodologiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə BMT-nin Statistika şöbəsi və Ümumdünya Turizm Təşkilatı tərəfindən hazırlanan “Turizm statistikasına dair beynəlxalq tövsiyələr, 2008-ci il” sənədi nəzərə alınmaqla “Turizmin növləri, turistlərin yerləşdirilməsi və xərclərinin təsnifləşdirilməsinə dair metodoloji izahlar”, “Ölkə sərhədini keçən Azərbaycan və xarici ölkə vətəndaşlarının sorğusuna dair” sorğu anketi və formanın doldurulmasına aid tövsiyələr hazırlanmışdır.

Gəlmə və getmə turizminə dair statistik məlumatların əldə edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrində ölkə vətəndaşları və əcnəbi vətəndaşlar arasında sorğu aparılmış, ölkəmizə gələn xarici turistlərin sayı, turizm məqsədli xərclərin həcmi, gecələmələrin sayı, turistlərin yaş qrupları, səfərlərin məqsədləri üzrə sayı, istifadə edilən yerləşmə vasitələri və nəqliyyat növləri haqqında məlumatlar əldə edilmişdir. Sorğunun nəticələrinə əsasən, 2014-cü ildə ölkəmizə 2,2 milyon nəfər əcnəbi turist gəlmiş və onların turizm məqsədilə çəkdikləri xərclərin həcmi 1,3 milyard manat olmuşdur. Həmin il ərzində xarici turistlərin ölkəmizdə qalma müddəti 11 milyon tur-gün təşkil etmişdir. Xarici ölkələrə 3,3 milyon nəfər azərbaycanlı turist getmiş və onların turizm məqsədilə çəkdikləri xərclərin həcmi 1,9 milyard manata yaxın olmuşdur.

Daxili turizmə dair statistik məlumatların əldə edilməsi məqsədilə isə ev təsərrüfatlarında seçmə statistika müşahidələri aparılmışdır. Müəyyən edilmişdir ki, daxili turizmin ölkə iqtisadiyyatına müsbət təsiri gəlmə turizmlə müqayisədə daha yüksəkdir. 2013-cü ildə 17,4 milyon ölkədaxili turizm səfəri olmuşdur. Ölkə turistləri tərəfindən 88,4 milyon gecələmə keçirilmiş və turizm məqsədilə çəkilən xərclərin həcmi 1,9 milyard manata çatmışdır.

Ölkədə sahibkarlıq fəaliyyəti sahəsində əlverişli iqtisadi-hüquqi bazanın yaradılması turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana sisteminin inkişafına da əsaslı təsir göstərmişdir. Son 10 il ərzində ölkədə fəaliyyət göstərən  mehmanxanaların sayı 5,6 dəfə artaraq 535 vahid, onlarda yaşayış sahəsi 4,6 dəfə artaraq 522  min kvadratmetr, nömrələrin (otaqların) sayı 3,4 dəfə artaraq 17,4 min vahid, birdəfəlik tutum isə 3,7 dəfə artaraq 35,7 min yer olmuşdur.

Qeyd edildiyi kimi, Azərbaycanın bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi, qədim tarixi-mədəni abidələrə, zəngin mədəniyyətə, cəlbedici təbiətə malik olması, ölkədə beynəlxalq standartlara uyğun turizm infrastrukturunun yaradılması, müasir tələblərə cavab verən xidmətlərin göstərilməsi bu müəssisələrdə qalan turistlərin sayının artması ilə nəticələnir. Belə ki, 2003-cü ildə mehmanxanalarda 146,2 min nəfər turist gecələmişdirsə, 2014-cü ildə onların sayı 4,6 dəfə artaraq 672,3 min nəfərə çatmışdır. Mehmanxana xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 2003-cü ilin səviyyəsini 5,1 dəfə üstələyərək 392,8 min nəfər təşkil etmişdir.

Ölkə iqtisadiyyatında turizmin rolunun müəyyənləşdirilməsi məqsədilə hesablanmış makroiqtisadi göstəricilərə əsasən, 2014-cü ildə turizm sektorunda 2,4 milyard manata qədər əlavə dəyər yaranmışdir ki, bu da ÜDM-in 4,1 faizini təşkil etmişdir. Turizm sahəsinə qoyulmuş investisiyaların həcmi 2,2 milyard manat və ya ümumi investisiyaların 12,5 faizi həcmində olmuşdur. Turizm üçün xarakterik olan sahələrdə muzdla işləyənlərin sayı 42 min nəfərə çatmışdır.

Daxili turizmə dair statistik məlumatların əldə edilməsi məqsədilə “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən, 2016-cı ildə  ölkə daxilində turizm səfərləri ilə əlaqədar xərclər, gecələmələr, turistlərin səfərlərin məqsədi və yaş qrupları üzrə sayı, səfər edilən regionlar və s. haqqında məlumatların əldə edilməsi üçün ev təsərrüfatlarında seçmə statistika müşahidəsinin  aparılması gözlənilir.

Azərbaycanda turizmin inkişafı və onun sabahı üçün daha böyük perspektivlərin olması ölkə statistikası qarşısında da mühüm vəzifələr qoyur. Gələcəkdə turizm statistikasının daha da təkmilləşdirilməsi məqsədilə satellit (köməkçi) hesablar sisteminin tətbiqi nəzərdə tutulmuşdur. Bu metodun köməyi ilə tərtib olunan cədvəllərdə məhsul (xidmət) növləri və ziyarətçi kateqoriyaları üzrə daxili turizm, gəlmə turizm, getmə turizm xərcləri, turizm sektorunda məşğulluq, yaradılmış əlavə dəyər, investisiyalar, əsas kapitalın istehlakı və s. haqqında məlumatların daha ətraflı əks olunması müvafiq statistik göstəricilərin beynəlxalq müqayisəliliyinin təmin edilməsinə və turizm sektorunda mövcud vəziyyətin ətraflı təhlil olunmasına imkan verəcək.

Aida İBRAHİMOVA,
Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsi
ticarət və turizm statistikası
şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında