DİN Daxili Qoşunlarının Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində yeni yaşayış kompleksinin açılışı olub

Oktyabrın 14-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qarşılanma mərasimi olub, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

Nazir şərəf manqası ilə salamlaşdıqdan sonra yeni binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, inşasına 2014-cü ilin aprelində başlanmış beşmərtəbəli bina hər cür zəruri avadanlıqla təchiz edilib. Ümumi yaşayış sahəsi 4800 kvadratmetr olan kompleks 60 mənzildən ibarətdir. Ərazidə hərbi qulluqçuların uşaqları üçün oyun meydançası da yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Ramil Usubov dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını qeyd edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini nəzərə çatdıran nazir buna görə dərin minnətdarlığını bildirib. Nazir Ali Baş Komandanı əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.

Yeni mənzillərlə təmin olunmuş hərbi qulluqçular və onların ailə üzvləri yüksək diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını çatdırıblar.

Sonra R.Usubov Sumqayıt Şəhər Polis İdarəsinə gələrək yeni təyin olunmuş rəisi təqdim edib.

Şəxsi heyətlə görüşən nazir son illər şəhər polis idarəsinin cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında müsbət nəticələr qazandığını vurğulayaraq uğurların davamlı olmasının, hər bir əməkdaşın öz məsuliyyətini dərk edərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlmələrinin vacibliyini diqqətə çatdırıb.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, İdarənin şəxsi heyəti respublikanın bu mühüm sənaye mərkəzində asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz əhəmiyyətli töhfəsini verəcək, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaşların müraciətlərinə operativ reaksiya verilməsi və vaxtında baxılması sahəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcək.

Hər iki mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında