Suraxanılı çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2015-ci il oktyabrın 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində toplaşan çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.

Rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi və  rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayondakı Heydər Əliyev parkında çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin parkda ucalan abidəsini ziyarət etmiş və önünə tər güllər qoymuşlar. Sonra rayondakı Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşı   Qurban Şirinov mərasimdə Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs etmişdir. Bildirmişdir ki, ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra respublikamızda ordu quruculuğu sahəsində böyük dəyişikliklər baş vermişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində hazırda Milli Ordumuz hazırlıq, texniki təchizat, silah baxımından nəinki regionun, eləcə də dünyanın ən qabaqcıl orduları sırasındadır.

Təntənəli yolasalma mərasimində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək, onlara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmiş,   sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərinin mərdlik və şücaətindən danışmışdır. Xatırlatmışdır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rəşad Hacıyev, eyni zamanda,  demişdir ki,  bu gün ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti artırılmışdır. Vurğulamışdır ki,   torpaqlarımız işğal altındadır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, eləcə də hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır. Torpaqlarımızın işğaldan azad olunması gənclərin ordu sıralarında Vətənə sədaqətlə xidmət etmələrindən çox asılıdır.

Mərasimdə  Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, rayon Veteranlar Şurası idarə heyətinin üzvü Müseyib Bağırov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon veteranları şurasının sədri Eldar Rüstəmov, YAP rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov, şəhid ailələri adından Nəsibə Əliyeva çıxış edərək, müstəqil ölkəmizin ordusunda xidmət etməyin şərəfli və müqəddəs vəzifə olduğunu vurğulamış, onlara xeyir-dua vermişlər. 

Tədbirə qatılan Böyük Vətən və Qarabağ müharibələri veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edərək onlara şərəfli xidmət arzulamışlar.

Çağırışçılar Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını ifadə edərək, ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirmişlər. Sonra onlar Azərbaycan bayrağını öpərək, müqəddəs Qurani-Kərimin altından keçmiş  və hərbi xidmətə yola düşmüşlər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında