Culfa rayonunun Gal kəndində yeni sosial obyektlər istifadəyə verilib

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq kəndlərin inkişafı, bu yaşayış məntəqələrində infrastrukturun və sosial xidmətlərin səviyyəsinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə müasir şərait yaradılır. Belə kəndlərdən biri də Culfa rayonundakı gözəl təbiətə malik ucqar dağ kəndlərindən olan Galdır. Uca zirvələrin əhatəsində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən bu kənddə geniş quruculuq işləri aparılıb, məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunub.

 

 Gal kənd tam orta məktəbi
yeni binada fəaliyyət göstərəcək

 

Sentyabrın 30-da Gal kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri Culfa rayonunun kəndlərini də əhatə edib. Hazırda rayonun Saltaq və Qızılca  kəndlərində məktəb binası, kənd və xidmət mərkəzləri tikilir. Yeni məktəb binalarının tikilməsi rayonda təhsilin inkişafına səbəb olub, ali məktəblərə qəbulda yüksək nəticələr qazanılıb. 2014-2015-ci tədris ilində rayon məktəblərini bitirən məzunlardan 172-si ali məktəblərə, 33-ü isə orta ixtisas məktəblərinə qəbul olunub. Bu gün Gal kənd tam orta məktəbinin istifadəyə verilməsi də təhsil quruculuğu sahəsində görülən tədbirlərin davamıdır. Şükür Babayev yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gal kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır”, - fikrini diqqətə çatdıraraq deyib: “Ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Gələcəyin təminatçıları olan gənc nəsil isə məktəblərdə yetişir. Ona görə də hər bir təhsil ocağında, ailədə gənclərin hərtərəfli hazırlanması diqqət mərkəzində saxlanılmalı, bu məqsədlə ardıcıl tədbirlər görülməlidir”.

Ali Məclisin sədri kollektivin yaradılan şəraitdən səmərəli istifadə edəcəyinə əminliyini bildirib, məktəb binasının açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 3 mərtəbəli və 96 şagird yerlik məktəb binasında tədris, idarəetmə, sinifdənxaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait vardır. Binada 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana və idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb. Kitabxana fondunda 1266 ədəd dərslik və bədii ədəbiyyat vardır.

Kompüter sinfində şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün lazımi imkanlar yaradılıb, kompüterlər internetə qoşulub və elektron dərsliklərlə təmin edilib.

Elektron lövhəli sinifdə Gal kənd tam orta məktəbi də daxil olmaqla muxtar respublikanın 203 ümumtəhsil məktəbi ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında distant dərs keçirilib.

Məktəbdə tədris zamanı nəzəri biliklərlə yanaşı, təcrübi məşğələlərə də üstünlük verilir. Kimya-biologiya və fizika laboratoriyaları əyani tədris vasitələri və elektron təcrübə avadanlıqları ilə təchiz edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə vasitəsilə keçilən mövzulara dair elektron dərsliklərdən və internet resurslarından istifadə etmək mümkündür.

Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində saxlanılacaqdır. İdman zalında mini futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün şərait vardır.

Muxtar respublikanın ümumtəhsil məktəblərində çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi üçün bütün imkanlar yaradılır, hərbi kabinələr istifadəyə verilir. Gal kənd tam orta məktəbinin hərbi kabinəsində də plakatlar, stendlər və digər əyani vəsaitlər qoyulub.

Müəllimlərlə görüşən Ali Məclisin sədri deyib: “İnsan o zaman cəmiyyət üçün yararlı olur ki, o, başqalarına fayda versin. Gənclərin hərtərəfli yetişdirilməsi, ölkəmiz üçün yararlı vətəndaşlar kimi böyüdülməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Gal kənd tam orta məktəbində yaradılan şərait müasir tədrisin tələbləri səviyyəsindədir. Bu şəraitdən səmərəli istifadə olunmalı, şagirdlər yaxşı təhsil almalı, gələcəkdə peşə sahibi olmalıdırlar”.

Gənc müəllim Vüsal Abbasov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: Bu gün ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlər, istifadəyə verilən yeni məktəblər şagirdlərlə yanaşı biz gənc müəllimləri də sevindirir. Mən bu il Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında iştirak edərək Gal kənd tam orta məktəbinə təyinat almışam. Hazırda məktəbdə coğrafiya fənnini tədris edirəm. Məktəb binasının müasir maddi-texniki bazası dərslərin mütərəqqi metodlar əsasında keçirilməsinə imkan verir. Müasir məktəbdə işlə təmin olunmaq, çalışmaq gənc müəllim kimi həm mənim, həm də pedaqoji kollektivin məsuliyyətini daha da artırır. Vüsal Abbasov göstərilən qayğı və etimadın müqabilində daha səylə çalışacaqlarına, vətənpərvər və bilikli gənclər yetişdirəcəklərinə söz verib.

Məktəbin həyətində də geniş abadlıq işləri görülüb.

 

Galda kənd mərkəzi istifadəyə verilib

 

Muxtar respublikanın müasir kənd modelinin əsas səciyyəvi xüsusiyyətlərindən biri olan Kənd mərkəzləri vasitəsilə yaşayış məntəqələrində vahid idarəetmə sistemi formalaşdırılır.

Sentyabrın 30-da Galda yeni kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsib və binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan Kənd mərkəzində bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir iş otaqları ayrılıb, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub və iclas zalı istifadəyə verilib.

Mərkəzin kitabxanası zəngin fondu ilə diqqəti cəlb edir. Burada 6 mindən çox kitab vardır. Kitabxanada bədii ədəbiyyatla yanaşı, kənd həyatını əks etdirən, təsərrüfat sahələrinin inkişafı ilə bağlı onlarla elmi-publisistik materiallar da əldə etmək mümkündür.

Baytarlıq məntəqəsinə baxış zamanı qeyd olunub ki, kəndin geniş əkinəyararlı torpaqları və otlaq sahələri vardır. Torpaqlardan səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır, fərdi təsərrüfatlar genişləndirilir. Bütün bunlar baytarlıq xidmətinin günün tələbləri səviyyəsində təşkilini zəruri edir. Ona görə də, mərkəzdə xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb, baytarlıq məntəqəsi lazımi dərman vasitələri ilə təmin edilib.

Yeni Azərbaycan Partiyası Gal kənd ərazi ilk təşkilatının sədri Təhminə Şəkərəlisoy minnətdarlıq edərək deyib ki, ərazi ilk təşkilatının üzvləri kəndin ictimai-mədəni həyatında fəal iştirak edirlər. Kənd ictimaiyyətinin nümayəndələri, gənclər ulu öndər Heydər Əliyevin siyasi xəttinə daim sədaqət göstərir, partiya üzvlərinin sayı ilbəil artır. Kənd mərkəzində yeni iclas zalının və ərazi ilk təşkilatı üçün iş otağının istifadəyə verilməsi daha səmərəli fəaliyyət göstərməyə imkan verəcəkdir. Bundan sonra da səylə çalışacaq, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəyik.

Rabitə evində 384 yerlik yeni ATS quraşdırılıb, poçt bölməsi fəaliyyətə başlayıb.

Əhalinin sağlamlığının qorunması muxtar respublikada həyata keçirilən sosial tədbirlərin əsasını təşkil edir. Hər il yaşayış məntəqələrində müasir tibb ocaqları tikilərək istifadəyə verilir, səhiyyə xidmətinin səviyyəsi yaxşılaşdırılır. Gal kəndində müasir avadanlıqlarla təchiz edilən feldşer-mama məntəqəsinin istifadəyə verilməsi də bunu bir daha təsdiq edir. Məntəqə müdir, mama və manipulyasiya otaqlarından ibarətdir.

Ali Məclisin sədri kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıb, müvafiq tapşırıqlar verib.

Binanın həyəti də abadlaşdırılıb, yaşıllıqlar salınıb.

 

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

 

Ucqar dağ kəndlərində yaşayan sakinlərin zəruri məişət tələbatlarının yerində ödənilməsi vacib məsələdir. Muxtar respublikanın yaşayış məntəqələrində istifadəyə verilən xidmət mərkəzləri bu mənada mühüm əhəmiyyət kəsb edir.

Həmin gün Galda yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.

Məlumat verilib ki, əvvəllər kənd sakinləri gündəlik ərzaq və təsərrüfat mallarına olan tələbatlarını ödəmək üçün rayon mərkəzinə və digər kəndlərə üz tuturdular. Bu da vaxt itkisinə və əlavə xərcə səbəb olurdu. Lakin yeni xidmət mərkəzinin istifadəyə verilməsi ilə bu problem öz həllini tapıb. Mərkəzdə ərzaq-sənaye malları mağazası və bərbərxana fəaliyyətə başlayıb, 2 nəfər işlə təmin olunub. 

Sonra Ali Məclisin sədri kənd sakinləri ilə görüşüb.

Kənd ağsaqqalı Qadir Həsənov sakinlər adından minnətdarlıq edərək deyib: “Gal kəndində heç vaxt müasir məktəb binası, kənd və xidmət mərkəzləri olmamışdı. Lakin bu il aparılan quruculuq işləri kəndin simasını dəyişib, əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılıb, yeni iş yerləri açılıb. Yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi sakinlərin böyük sevincinə səbəb olub. Artıq dağların əhatəsində yerləşən bu kənddə yaşamaq, təsərrüfatla məşğul olmaq xeyli asanlaşıb. İnsanlar dövlətin yaratdığı imkanlardan istifadə edərək təsərrüfatlarını genişləndirir, gün-güzəranlarını yaxşılaşdırırlar. Bu şərait, göstərilən qayğı ulu öndər Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Ölkəmizdəki sabitliyin, dinamik inkişafın daha bir ifadəsidir. Sakinlər bütün bunların qədrini bilərək bundan sonra da səylə çalışacaq, ölkəmizin, eləcə də, muxtar respublikanın inkişafında yaxından iştirak edəcəklər”.

 

*     *     *

 

Gal kəndinin yolları da abadlaşdırılıb, 14 kilometr məsafəyə çınqıl örtük verilib, 1 selötürücü və 56 su keçidi tikilib, kənd daxilində 300 metrlik beton kanal çəkilib. Kəndin elektrik, rabitə, su və təbii qaz təchizatı da yaxşılaşdırılıb, 2100 metr elektrik, 1310 metr rabitə, 650 metr fiber-optik kabel xətti çəkilib, yeni tikililər qazlaşdırılıb. Kənddəki mövcud artezian quyusunda və “Anabat” kəhrizində də təmir-bərpa işləri  aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında