Dövlət başçısının fərmanına əsasən əlilliyin qiymətləndirilməsi sistemi təkmilləşdirilir

ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin sentyabrın 21-də əsaslı yenidənqurmadan sonra açılışı sağlamlıq imkanı məhdud olan insanlara dövlət qayğısının, diqqətin bariz nümunəsidir. İl ərzində 1000 nəfərə yaxın əlilin reabilitasiyası və müalicəsi aparılan bu mərkəzə qəbul tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin, ƏƏSMN-nin göndərişlərinə əsasən həyata keçirilir.

Qeyd etmək lazımdır ki, mərkəzdə bərpa müalicəsi alanlar gündə üç dəfə sağlam və təbii qida ilə təmin edilirlər. Hazırda ölkədə əlillərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımların atılması əlillərin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini açıq göstərir. Ona görə də qətiyyətlə deyə bilərik ki, dövlətin iqtisadi siyasətinin sosialyönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının, xüsusilə də sağlamlıq imkanları məhdud insanların sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən ən böyük dəyərin göstəricisidir.  

Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli ölkədə həmişə diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısının göstəriş və sərəncamları əsasında bu kateqoriyadan olan  insanlar üçün yaradılan şərait, yeni reabilitasiya mərkəzlərinin açılması, bu mərkəzlərdə əlillərə olan diqqət onların bir daha xüsusi qayğı ilə əhatə olunduqlarının götəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli fərmanının icrası ilə əlaqədar müxtəlif qurumlarda müvafiq işlərin həyata keçirilməsinə başlanmışdır. Birbaşa əlillərin problemləri ilə məşğul olan ƏƏSMN tərəfindən son illərdə aparılan islahatların mühüm bir istiqaməti tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılmasına, bu sahədə müasir fəaliyyət sisteminin formalaşdırılmasına yönəlmişdir. Dövlət başçısının əhalinin bu həssas təbəqəsinə olan qayğı və diqqəti sayəsində ilk növbədə əlilliyin təyinatına nəzarətin gücləndirilməsi təmin olunmuşdur ki, nəticədə, respublikada əlilliyin intensivlik göstəriciləri azalmağa başlamışdır.

Belə ki, ötən il ölkədə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3937 nəfər azalmışdır. Cari ilin birinci yarısında isə bu azalma müvafiq olaraq 3600 nəfər və 3 min nəfər təşkil etmişdir. Qeyd etmək yerinə düşər ki, ümumilikdə respublikada tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlmişdir. Ölkəmizdə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məqsədyönlü işlər görülür.

Son illərdə əlillik təyinatlarının avtomatlaşdırılması işlərinə də başlanması, yeni elektron informasiya sisteminin əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə imkan vermişdir. ƏƏSMN-dən bildirmişlər ki, Prezidentin fərmanının həyata keçirilməsi ilə bağlı nazirlikdə keçirilən toplantıda nazir Azərbaycan Prezidentinin 14 sentyabr 2015-ci il tarixli fərmanının respublikada əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə əsaslı təminat yaratdığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, fərmanın məqsədi vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Nazir  Prezident fərmanında qeyd olunan məsələlərdən söz açaraq demişdir: “Bu sənədlə qarşıya qoyulan vəzifələrdən biri kimi, ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılacaq. Fərmana əsasən, Nazirlik üç ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə edəcək. Həmçinin, vətəndaşların müraciətləri, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatlar elektron şəkildə real vaxt rejimində TSERAS-a ötürüləcək. Digər tərəfdən, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları əldə edə bilmələri üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə çıxışı təmin olunacaq".

Fərmanda səhiyyə, habelə rabitə və yüksək texnologiyalar nazirliklərinin də müvafiq işləri yerinə yetirəcəkləri diqqətə çatdırlmışdır. Sənəddə Səhiyyə Nazirliyi tərəfindən iki ay müddətində şəxslərin əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin yaradılması və ƏƏSMN-nin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışının təmin edilməsi nəzərdə tutulmuşdur.

Bu göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə edilə bilməsi üçün Səhiyyə Nazirliyi müvafiq informasiya-proqram resurslarını “Elektron hökumət” portalına əlavə edəcəkdir. Həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına isə tapşırılmışdır ki, həmin göndərişləri rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil etsinlər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə iki ay müddətində qeyd olunan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını, müvafiq dövlət qurumlarına onlardan istifadə edə bilmək imkanının yaradılmasını, habelə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin edəcəkdir.

Qeyd edək ki, aparılan təhlillər reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə (I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə) təkrar əlillik üçün müraciət etmələri həm bu kateqoriyadan olan vətəndaşlar arasında narazılığa səbəb olurdu, digər tərəfdən bu sahədə məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini artırırdı. Azərbaycan Prezidentinin fərmanı bu sahədə cox uğurlu islahata şərait yaradır. Belə ki, fərmana əsasən, Nazirlər Kabineti birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması və təkrar müayinə sayının azaldılması nəzərdə tutulmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edəcəkdir.

Beləliklə də bir il ərzində təkrar əlillik müayinələrindən keçən vətəndaşların sayının 275-280 min nəfərdən 35-40 min nəfərə qədər azalmasına, bununla da əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına nail olunacaqdır. Bu islahat tədbiri ilə bağlı bir sıra işlər də görüləcəkdir ki, bu da müvafiq dövlət qurumları ilə birgə və səmərəli fəaliyyət nəticəsində fərmanın icrası işlərinin uğurla və vaxtlı-vaxtında yerinə yetiriləcəyinə əminlik yaradır.

Qeyd etmək yerinə düşər ki, ƏƏSMN-də Latviyanın “Vaivari” milli reabilitasiya mərkəzinin administrativ departamentinin rəhbəri Aqris Eqlitis və müştəri xidmətləri departamentinin rəhbəri Ulrika Eystreike ilə görüşdə ölkəmizdə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahat tədbirləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, aparılan islahatlarda qabaqcıl dünya təcrübəsindən istifadəyə xüsusi önəm verilir və həmçinin tibbi-sosial ekspertiza xidmətinin beynəlxalq standartlar əsasında müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun qurulması sahəsində qarşılıqlı təcrübə və informasiya mübadilələri aparılır.

Görüşdə Azərbaycanla Latviya arasında iki ölkənin tibbi-sosial ekspertiza xidməti və əlillərin reabilitasiyası sahəsində əməkdaşlıq təcrübəsinin olduğu vurğulanmış, bildirilmişdir ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa müalicəsi istiqamətində görülən müvafiq işlərdə Latviya ilə əməkdaşlıq imkanlarından da istifadə edilir. Qarşıdakı dövrdə də iki ölkə arasında müvafiq iş sahələrində əməkdaşlığın inkişafına, fəal təcrübə mübadilələrinin aparılmasına diqqət yetiriləcəkdir.

İki ölkə arasında reabilitasiya mütəxəssislərinin qarşılıqlı təlim və təcrübə səfərlərinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin “Vaivari” milli reabilitasiya mərkəzində bərpa-müalicəsinin təşkili və digər sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılması bu sahədə daha uğurlu işlərə imza atılacağının qarantıdır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında