Yolunuzu Füzulidən salın...

Füzuliyə, Horadiz şəhərinə tez-tez gedirəm. Özü də təkcə ona görə yox ki, burada mənim köhnə dostlarım çoxdur. İllərlə çörək kəsdiyim, yaxından bələd olduğum insanlarla görüşməkdən, söhbət etməkdən məmnun oluram. Qarabağın bu bərəkətli torpağına maraq və məhəbbətimin başqa bir səbəbi də var: bu, cəbhə xəttində yerləşən, ərazisinin böyük bir qismi hələ də düşmən tapdağında olan bölgənin son illər iqtisadi, sosial və mədəni sahələrdə, sözün həqiqi mənasında, hərtərəfli və dinamik inkişafı ilə bağlıdır. Ürəkdən sevinirəm ki, düşmənin, necə deyərlər, iki addımlığında yerləşən bu qəhrəman bölgədə inkişaf və yüksəliş illərlə, aylarla yox, həftələrlə, günlərlə ölçülür.

Bu dəfə də belə oldu. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bizi səmimiyyətlə qarşıladı:

– Lap vaxtında gəlmisiniz, – dedi. – Bala Bəhmənli kəndində tikilmiş uşaq bağçasının açılışına gedirik...

Necə deyərlər, mövzu özü bizi tapmışdı. Yol boyu gördüyümüz təkrarsız mənzərələr, yeni salınan küçə və səkilər, park və meydanlar, yaşıllıq zolaqları bir-birini əvəz edir... Doğrudan da, Horadiz son 4 ildə, az qala, əsrə bərabər inkişaf yolu keçib, dünyanın ən müasir, gözəl və yaraşıqlı şəhərlərindən birinə çevrilib. Burada tikilmiş hər ev, salınan hər küçə, əkilən hər ağac, gül yüksək zövq və müasirlikdən xəbər verir. Bu barədə – son illərin inkişaf və yüksəlişini əks etdirən fakt və rəqəmlərdən bir qədər sonra ətraflı danışacağıq.

60 yerlik təzə uşaq bağçası Bala Bəhmənli kəndində yerləşir. Qısa müddət ərzində tikilən və ən müasir standartlara cavab verən bağça Heydər Əliyev Fondunun dəstəyi ilə başa gəlmişdir. Bağçanın açılışında çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev onu da xatırlatdı ki, son 4 ildə Heydər Əliyev Fondu Füzuli rayonunda 4 iri layihə həyata keçirmişdir: Horadiz şəhərində 240 yerlik orta məktəb, Tarix-Diyarşünaslıq Muzeyi, Horadiz şəhərində 100 çarpayılıq körpələr evi və Bala Bəhmənli kəndində bu gün açılışını etdiyimiz 60 yerlik uşaq bağçası.

Bir halda ki, söhbət son 4 ildə görülmüş işlərdən, həyata keçirilmiş iri layihələrdən düşdü, burada xarakterik fakt və rəqəmlərsiz keçinmək qeyri-mümkündür. Yeri gəlmişkən, onu da xatırladaq ki, bu müddətdə ölkə Prezidenti İlham Əliyev 2 dəfə Füzuliyə tarixi səfər etmiş, bir sıra obyektlərin açılışında, yaxud təməlqoyma mərasimlərində iştirak etmişdir. Dövlət başçısı rayon ictimaiyyəti nümayəndələri ilə görüşmüş və söhbət etmişdir. Həmin görüş və səfərlər bu gün də füzulililərin yaddaşında unudulmaz  xatirə kimi yaşamaqdadır.

Heydər Əliyev Mərkəzi. Burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif mərhələləri, həmçinin Füzuli rayonuna səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Mərkəzdə kino zalı, foto, dizayn və səs studiyaları yaradılmışdır.

Heydər Əliyev Parkı. 6 hektarlıq Heydər Əliyev Parkı 2 hektar da genişləndirilmiş, yeraltı kabellərlə işıqlandırma sistemi çəkilmişdir. İnternet –kafe fəaliyyət göstərir.

Bayraq Meydanı. 10 hektar ərazidə salınmışdır. Meydana qalxmaq üçün hər biri 287 pillədən ibarət sütunlu pilləkən tikilmişdir. Burada 3 istirahət guşəsi yaradılmışdır. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir.

YAP rayon təşkilatının binası. Burada ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin çoxcəhətli və zəngin fəaliyyətlərini əks etdirən fotoşəkillər sərgilənir.

Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, uşaq bağçası, 3 saylı orta məktəb, Gənclər Mərkəzi, şahmat məktəbi, Qəhrəmanlar Parkı, Horadiz dəmir yolu stansiyası, rayon icra hakimiyyəti, polis və təhsil şöbələrinin yeni binaları, Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı avtomobil yolu və s.

Bir əlamətdar cəhət isə ondan ibarətdir ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz müxtəlif təyinatlı obyektlərin açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev şəxsən iştirak etmişdir.

Rayon statistika, kənd təsərrüfatı idarələrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binaları, Əhmədbəyli kəndində 340 yerlik gimnaziya, 35 yerlik uşaq bağçası... Bunlar isə tikintisi başa çatmaqda olan obyektlərin tam olmayan siyahısıdır. Elə buradaca Horadiz şəhərində ixtiyar bir kişidən eşitdiyim sözləri xatırlayıram: “Füzuli hər gün tikilir”. Rayona son səfərimiz zamanı gördüklərimiz, şahidi olduqlarımız bu sözlərin nə qədər doğru olduğunu bir daha sübut etdi.

Cari ilin bəzi rəqəm və göstəriciləri də böyük maraq doğurur. Artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır. Builki nəticələr daha yaxşı olmuşdur. 32,8 min hektar sahənin məhsulu qısa müddətdə biçilmiş, 111,2 min tondan çox taxıl əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 34 sentnerə yaxındır.

Onu da əlavə edək ki, ölkə Prezidenti İlham Əliyevin taxılçılığın inkişafına dair göstərişindən sonra rayonda yaradılmış toxumluq təsərrüfatında hər hektardan 60 sentnerə yaxın taxıl götürülmüşdür.

Heyvandarlığın inkişaf etdirilməsinə diqqət artırılır. Hazırda rayonda 33 min baş qaramal, 129 min baş qoyun-quzu, 463 min baş ev quşları vardır. Cari ilin 6 ayı ərzində 1016 ton ət, 10364 ton süd, 4180 min ədəd yumurta, 149 ton yun istehsal edilmişdir. Bunlar isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Sevindirici haldır ki, əhalinin heyvandarlıq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarına da bəzi məhsullar çıxarılır.

Sahibkarlığın inkişafına ciddi fikir verilir. Son 4 ildə iş adamlarına yaradılmış şərait nəticəsində Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan Soyuducu Anbar Kompleksi, ildə 2,5-3 min ton quş əti istehsal edən “Qarabağ – Broyler” MMC fəaliyyətə başlamışdır. Hazırda Haramı adlanan ərazidə 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksi və sutkada 10 ton süd qəbul edəcək zavodun tikintisi başa çatmaq üzrədir.

Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-un məmulatları istehsal edən zavodun istifadəyə verilməsinə də az qalır.

Dövlət proqramına uyğun olaraq, içməli və suvarma suyuna ehtiyac olan yaşayış məntəqələrində 20 artezian quyusunun qazılması planlaşdırılmışdır. Proqramın qəbul olunmasından keçən 1 il 6 ay ərzində 22, 2015-ci ilin birinci yarımilində isə 12 artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Alıxanlı, Kürdmahmudlu, Şükürbəyli, İkinci Mahmudlu və Kərimbəyli kəndlərində 21 artezian nasosu, 11 sayğac və s. dəyişdirilmişdir.

Füzulidə təbii qaz çəkilişi artıq başa çatmaq üzrədir. İndiyədək 33 yaşayış məntəqələrində əhali təbii qazdan istifadə edir. 4-5 saylı Qayıdış qəsəbələrində son tamamlanma işləri həyata keçirilir. Araz Zərgar və Araz Dilağarda kəndlərində sayğaclaşma işləri davam etdirilir. Ümumiyyətlə, cari ilin sentyabr və oktyabr aylarında rayonun 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə edəcəkdir.

Rayonda təhsil və səhiyyənin inkişafı da diqqət mərkəzindədir. Bütün yaşayış məntəqələrində müasir tələblərə cavab verən tədris müəssisələri tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçaları, Böyük Bəhmənli kənd xəstəxanası üçün 15 çarpayılıq yardımçı binalar tikilmişdir.

Qəzalı vəziyyətdə olan ictimai binalarda, yataqxanalarda məskunlaşmış 400 ailə üçün yeni qəsəbə salınmasına isə yaxın günlərdə başlanacaqdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Füzuli rayonunda tikinti-quruculuq və abadlıq işləri vüsət almışdır. Horadiz şəhəri öz görkəmini dəyişmiş, daha abad və müasir olmuşdur. Ölkə başçısı İlham Əliyevin son səfəri zamanı Horadiz şəhərində Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, 31 Mart soyqırımıqurbanlarının xatirəsinə abidə, Şəhidlərin Xatirə Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, boulinq zalı, rayon icra hakimiyyəti üçün inzibati bina istifadəyə verilmişdir. İşğal dövrü yandırılmış 227, Alıxanlı kəndində 50 ev tikilərək sahiblərinə təhvil verilmişdir. Rayon ərazisində “hər adama bir qızıl gül əkək” təşəbbüsü ilə 120 min gül, 20 mindən artıq çinar ağac əkilmişdir.

Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına vaxtında və həssaslıqla yanaşılmasına daim  diqqət yetirilir. Nəzərə almaq lazımdır ki, bu məsələ cəbhə xəttində yerləşən, əhalisinin 50 min nəfəri respublikanın 50 şəhər və rayonunda məskunlaşmış Füzuli kimi rayonda xüsusilə vacibdir. Rayon icra hakimiyyəti müəyyən olunmuş qrafik əsasında əhalinin daha çox məskunlaşdığı, xüsusilə, Bakı, Sumqayıt şəhərlərində, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında xidmət təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri ilə birlikdə müntəzəm görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat edən məsələləri yerindəcə həll etməyə çalışır.

Səyyar qəbulların forma və məzmunu da təkmilləşdirilmişdir. Ərazidəki yaşayış məntəqələrində keçirilən qəbulların böyük səmərəsi olur. Əsas müraciətləri yerindəcə həll olunan əhali başqa təşkilatlara müraciət etmir, əziyyət çəkmir. 2015-ci ilin 6 ayında rayon icra hakimiyyəti başçısının 22 səyyar qəbulu olmuş, 1310 vətəndaş dinlənilmiş, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll olunmuşdur.

Qısa müddət ərzində əldə edilmiş bütün bu uğurlar, dinamik inkişaf və yüksəliş barədə düşünərkən, hər şeydən əvvəl, əlbəttə, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı, cəbhə bölgəsinə müntəzəm xarakter daşıyan tarixi səfərləri, bu istiqamətdə imzaladığı sərəncamlar yada düşür. Füzulililər, haqlı olaraq, müxtəlif sahələrdə qazanılmış böyük uğurların əsas səbəblərini bu diqqət və qayğıda görür, ölkə başçısına hədsiz təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Bəli, cəbhə bölgəsində yerləşsə də, hər gün atəşkəs rejiminin tələbləri pozulsa da Füzuli yaşayır, inkişaf edir, gözəlləşir, düşmənin gözünə ox kimi batır. Bu gün rayonda sağlam mənəvi-psixoloji mühit, işgüzar və yaradıcı əhval-ruhiyyə mövcuddur. Füzuli Rayon İcra Hakimiyyətinin, onun yerli strukturlarının rəhbərləri daim insanlar arasında olur, onların qayğı və problemlərini diqqət mərkəzində saxlayırlar. İş üslub və metodları, təşkilat-idarəetmə məsələləri daim təkmilləşdirilir, icra intizamı diqqət mərkəzində saxlanılır.

Son günlər cəbhə xəttində düşmənin hücum və basqınları ara verməsə də, füzulililər sabaha böyük ümidlə baxır, heç nədən qorxmurlar. Onlar ayaqlarını doğulub böyüdükləri bu torpağa daha möhkəm dirəyir, tikir, qurur, yaradırlar. Bu yerin hünərli insanları möhkəm inanırlar ki, müqəddəs ata-baba yurd yerlərinin düşməndən azad olunacağı gün heç də uzaqda deyil.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında