Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilmişdir

Sentyabrın 4-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar təqdim olunmuşdur.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov demişdir ki, muxtar respublikada aparılan quruculuq tədbirləri nəticəsində yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulmuşdur. Yeni yolların çəkilməsi, müasir xidmət imkanlarına malik avtovağzalların tikilməsi, şəhərdaxili və kəndlərarası marşrutlarda iritutumlu və rahat avtobusların istifadəyə verilməsi xidmətin səviyyəsini yüksəltmişdir. Hazırda muxtar respublikada 303 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilmiş, müasir Avtobus Parkı istifadəyə verilmişdir. Mirsənani Seyidov yol-nəqliyyat kompleksinin inkişafına göstərilən qayğıya görə muxtar respublika nəqliyyatçıları adından Ali Məclisin sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobusların təqdim olunması münasibətilə kollektivi və sürücüləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Xüsusilə də insan amili ilə bağlı olan məsələlər daim diqqət mərkəzində saxlanılır. Son illər sərnişindaşımalar üzrə xidmətin səviyyəsinin yaxşılaşdırılması da bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Ölkə başçısının diqqət və qayğısı nəticəsində nəqliyyat infrastrukturunun yenilənməsi, yeni metro və qatar vaqonlarının, avtobusların və taksilərin alınması bu sahədə əhaliyə göstərilən xidmətin müasir tələblər səviyyəsində qurulmasına imkan vermişdir.”

Ali Məclisin sədri daha sonra demişdir: “Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikanın yaşayış məntəqələrinin hamısı marşrutlarla təmin olunmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 140-a yaxın marşrutda əhaliyə ictimai nəqliyyat xidməti  göstərilir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində nəqliyyat xidmətinin nümunəvi təşkili bu tədbirlər sırasında xüsusi yer tutur. Çünki Naxçıvan şəhərində universitetlər, kolleclər, məktəblər yerləşir, sənaye müəssisələri fəaliyyət göstərir, gələn qonaqlarla birlikdə hər gün 10 mindən artıq insan nəqliyyat xidmətindən istifadə edir. İnsanların iş yerlərinə, tələbə və şagirdlərin isə təhsil müəssisələrinə vaxtında çatdırılması ictimai nəqliyyat vasitələrinin yenilənməsini zəruri edirdi.”

Ali Məclisin sədri bildirmişdir ki, bu sahədə həyata keçirilən tədbirləri daha da təkmilləşdirmək, muxtar respublikada əhali artımını, gələn qonaqların sayını və yeni tədris ilinin başlanmasını nəzərə alaraq 7 ədəd yeni avtobus alınaraq Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə verilmişdir. Yeni alınan avtobuslar xidmətin düzgün təşkilinə və sərnişinlərin rahatlığının təmin olunmasına imkan verəcəkdir. Həmçinin bu avtobusların alınması hesabına 14 yeni iş yeri açılmışdır. Ona görə də sürücülər avtobuslara mütəmadi texniki xidmət göstərməli, şəhərdaxili marşrutların iş qrafikinə vaxtında əməl olunmalıdır.

Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirən Ali Məclisin sədri bir daha kollektivi yeni avtobusların alınması və iş yerlərinin açılması münasibətilə təbrik etmişdir.

Sonra Ali Məclisin sədri yeni avtobusların açarlarını sürücülərə təqdim etmiş və onlara işlərində uğurlar arzulamışdır.

Avtobuslara baxış zamanı məlumat verilmişdir ki, yeni avtobusların 5-i “Kinq-Lonq”, 2-si isə “İsuzu” markalıdır. “Kinq-lonq” markalı avtobusların hər birində 23, “İsuzu” markalı avtobusların hər birində isə 25 oturacaq vardır. Bu nəqliyyat vasitələri ayaqüstə dayanan sərnişinlər də nəzərə alınmaqla 48 sərnişinə xidmət göstərə biləcəkdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan  avtobuslar yüksək manevrə malikdir. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı üçün hər cür şərait vardır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında