Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin Ordubad şəhərində ev muzeyi istifadəyə verilmişdir

Avqustun 25-də görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin Ordubad şəhərində ev muzeyinin açılışı olmuşdur.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən maarifçi şairin yubileyi ilə əlaqədar təhsil və mədəniyyət müəssisələrində guşələr yaradılmış, Sidqinin yaradıcılığı tədqiq olunmuş, “Naxçıvan” jurnalının bir nömrəsi Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr edilmişdir. Eyni zamanda böyük maarifçi və ədibin doğulub boya-başa çatdığı Ordubad şəhərində ev muzeyinin yaradılması da qərara alınmışdı.

Ali Məclisin sədri görkəmli maarifçinin ev muzeyinin açılışı münasibətlə tədbir iştirakçılarını və ziyalıları təbrik edərək demişdir: Məhəmməd Tağı Sidqi ilk təhsilini molla məktəbində almış, sonra isə mədrəsədə davam etdirmişdir. O, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl bilirdi. Buna görə də bədii yaradıcılıqla məşğul olmuş, ədəbi dərnəklərdə, şeir məclislərində iştirak etmiş, ədəbiyyatın inkişafına çalışmışdır. Lakin xalq arasında təhsilə ciddi ehtiyac olduğunu görən Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda “Əxtər”, 1894-cü ildə isə Naxçıvan şəhərində “Tərbiyə” məktəblərinin əsasını qoymaqla mənsub olduğu xalq qarşısında tarixi xidmətlər göstərmiş, sağlığında müasirləri tərəfindən “böyük ustad”, “xalq müəllimi” adını almışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.

Ali Məclisin sədri demişdir: Məhəmməd Tağı Sidqi, hər şeydən, əvvəl, böyük maarifçi idi. O, Azərbaycan məktəbdarlığında yeni ənənələrin əsasını qoymuş, milli təhsil tariximizdə özünə böyük abidə ucaltmışdır. O, məktəbə nur, işıq  mənbəyi kimi baxmış, əsl səadəti məktəbdə, xalqın təhsillənməsində görmüşdür. Ustad müəllimin yaratdığı məktəblər Azərbaycan romantik dramaturgiyasının banisi Hüseyn Cavid, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi, realist Azərbaycan rəssamlığının banisi Bəhruz Kəngərli, böyük ədəbiyyatşünas alim Əziz Şərif, Azərbaycanın ilk peşəkar diplomatlarından olan İbrahim Əbilov kimi görkəmli şəxsiyyətlər yetişdirmişdir.

Qeyd olunmuşdur ki, Məhəmməd Tağı Sidqi təkcə maarif xadimi kimi deyil, həm də mütəfəkkir şair və publisist kimi də böyük şöhrət qazanmışdır. Onun şeirlərində dövrün ən  qabaqcıl ideyaları öz əksini tapmışdır. Sidqinin müxtəlif vaxtlarda mətbuatda dərc olunmuş yazıları Azərbaycan bədii publisistikasının inkişafına əvəzsiz töhfələr vermişdir. Məhəmməd Tağı Sidqi deyərkən gözlərimiz önündə mənsub olduğu xalqın mədəni tərəqqisi naminə çalışan böyük ziyalı dayanır. O, bir tərəfdən xalq təhsilinin inkişafı naminə mübarizə aparırdısa, digər tərəfdən ana dilinin saflığı, Naxçıvan teatrının inkişafı sahəsində də xidmətlər göstərirdi. Böyük maarifçi 1894-1899-cu illərdə Naxçıvanda “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə tamaşalar hazırlamış, bu tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış etmişdir.  Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq Sidqi daim xalqının gələcəyini düşünmüş, dövrünün çatışmazlıqlarına qarşı mübarizə aparmış, əsl ziyalı mövqeyi göstərərək əqidəsindən dönməmişdir.

Ali Məclisin sədri demişdir: Elm və təhsil yolunda çəkilən zəhmət heç vaxt hədər getmir. Məhəmməd Tağı Sidqi şəxsiyyətinin böyüklüyü də bundadır. Görkəmli pedaqoqun on doqquzuncu əsrin sonunda yandırdığı maarif çırağı bu gün də gənc nəslin yoluna işıq salır. O, bir pedaqoq kimi nəsihətlərində tərbiyəvi məqamlar aşılayır, gəncləri elmə, təhsilə, düzlüyə, etibarlılığa səsləyirdi.  Sidqi deyirdi: “Dünyada insanın vücudunun səmərəsi elm ilə hasil olur. Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər”, “Dünyada əziz vaxtını bihudə keçirtmək insan üçün böyük bir müsibətdir”, “Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”, “Elm bir ağacdır ki, onun səmərəsi əməl və ədəbdir”.

Məhəmməd Tağı Sidqi yaradıcılığının böyük bir xəzinə olduğunu bildirən Ali Məclisin sədri demişdir: Bu xəzinədən gəncliyin yetişməsində məqsədyönlü istifadə etmək təhsil müəssisələrinin və pedaqoji kollektivlərin borcudur. Bu gün Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin istifadəyə verilməsi də onun zəngin pedaqoji və ədəbi irsinin yaşadılması, bugünkü və gələcək nəsillərə çatdırılması istiqamətində atılan növbəti addımdır.

Ordubad rayon qəzetinin əməkdaşı Abbas Seyid çıxış edərək demişdir ki, muxtar respublikada xalqımızın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması ənənə halını alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamları ilə 2004-cü ildə Məhəmməd Tağı Sidqinin 150, 2014-cü ildə isə 160 illik yubileyləri qeyd olunub, görkəmli maarifçinin Ordubad şəhərində ev-muzeyinin yaradılması qərara alınıb. Məhəmməd Tağı Sidqiyə ikinci ömür verən bu sərəncamlar həm də muxtar respublikada təhsilə, ədəbiyyata və görkəmli şəxsiyyətlərə göstərilən ehtiramın, diqqət və qayğının ifadəsidir.

Qeyd olunmuşdur ki, muxtar respublikada təhsil böyük qayğı ilə əhatə olunub. Təhsil infrastrukturu tamamilə müasirləşdirilib. Şəhər, rayon və kəndlərimizdə yeni məktəb binaları tikilərək istifadəyə verilib. Hər il uşaqlar üçün yeni ədəbiyyatlar nəşr olunur, savadlı, bilikli və vətənpərvər gənc nəsil yetişdirilir.  XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Məhəmməd Tağı Sidqi də daim xalqının təhsillənməsi, savadlanması, gənclərin elmli və dünyagörüşlü olması naminə mübarizə aparırdı. Onun yeganə arzusu uşaqları təhsilli, bilikli və vətənpərvər görmək idi. Bu gün muxtar respublikada təhsilin səviyyəsinə, yetişən vətənpərvər və savadlı gəncliyə baxarkən görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin arzularının reallığa çevrildiyinin şahidi oluruq.

Ziyalılar adından minnətdarlıq edən Ordubad şəhər sakini, Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” Vilayət Bağırov demişdir ki, ümummilli liderimizin müəllifi olduğu siyasi xətt muxtar respublikada uğurla davam etdirilir. Bu gün Naxçıvanda digər sahələrlə yanaşı, təhsilin, ədəbiyyatın, mədəniyyətin inkişafına da xüsusi qayğı göstərilir. Məhəmməd Tağı Sidqinin həyat və fəaliyyətinin araşdırılması, onun zəngin irsinin üzə çıxarılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər xalqımızın görkəmli şəxsiyyətlərinin fəaliyyətinə verilən qiymətlə yanaşı, həm də muxtar respublikada ziyalılara göstərilən qayğının daha bir ifadəsidir.

Sonra Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, muzey binasına baxmışdır.

Məlumat verilmişdir ki, muzey binası 2 mərtəbəlidir. Ekspozisiya zalı binanın ikinci mərtəbəsində yerləşir. Birinci mərtəbədə isə muzeyin əməkdaşları üçün iş otaqları ayrılmışdır. Ekspozisiya zalında Sidqinin hikmətli sözlərindən seçmələr, ömrünün müxtəlif dövrlərini əks etdirən, eləcə də ailə üzvləri, sənət yoldaşları və vaxtilə onun şagirdləri olan görkəmli şəxsiyyətlərin fotoşəkilləri də nümayiş etdirilir.

Həmçinin burada görkəmli maarifçinin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, qəbul olunan proqramlar, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər də qorunur. Muzeydəki eksponatlar Sidqi yaradıcılığını tədqiq edənlər üçün dəyərli elmi mənbələrdir.

Ziyalılarla söhbət edən Ali Məclisin sədri demişdir ki, Məhəmməd Tağı Sidqinin irsi, onun maarifçilik ideyaları, elmin və təhsilin inkişafı sahəsində əsasını qoyduğu ənənələr bu gün də aktualdır. Görkəmli maarifçinin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar bundan sonra da davam etdirilməli, muzey arxiv materialları əsasında zənginləşdirilməlidir. Sidqinin irsi daim gənc nəslə təbliğ olunmalı, onun pedaqoji fikir tariximizdə əsasını qoyduğu ənənələr tədris prosesində tətbiq edilməli, muzeydə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərslər keçirilməlidir.

Sonra Ali Məclisin sədri muzeyin xatirə dəftərini imzalamış, muzey binasının qarşısında tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirmişdir.

 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad rayon
avtomobillərin müayinə mərkəzi fəaliyyətə başlamışdır

 

Avqustun 25-də Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad rayon avtomobillərin müayinə mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.

Ali Məclisin sədri şəxsi heyəti salamlamış və binanın açılışını bildirən lenti kəsmişdir.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulmuş, ictimai asayişin və təhlükəsizliyin qorunması təmin edilmişdir. Bu tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm işlər görülür. Muxtar respublikanın yol infrastrukturu yenidən qurulmuş, magistral yollarda 6 ədəd sürətölçən rəqəmsal radar sistemi, xidməti avtomobillərdə 25 ədəd bort kompüter və nəzarət-izləmə  kameraları, inzibati cərimələrin yerində ödənilməsi məqsədilə 15 ədəd POS-terminal quraşdırılmışdır. Dövlət Yol Polisi İdarəsi müasir inzibati bina və avtomobillərlə təmin olunmuşdur.  2014-cü ildə Şərur, bu il isə Culfa və Ordubad rayonlarında müayinə mərkəzlərinin istifadəyə verilməsi isə bu sahədə xidmətin günün tələblərinə uyğun qurulmasına imkan verir. Əhməd Əhmədov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad rayon avtomobillərin müayinə mərkəzinin son illər muxtar respublikada istifadəyə verilən üçüncü müayinə mərkəzi olduğunu bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Azərbaycan müstəqil dövlətdir. Hər bir müstəqil dövlətin ən qiymətli sərvəti isə onun insanlarıdır. İnsan həyatı, onun sağlamlığı harada çalışmasından və yaşamasından asılı olmayaraq qorunmalıdır. Bu gün ölkəmizdə insan amilinə verilən qiymət bütün sahələrdə özünü göstərir. Sosial sahədə həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni sosial obyektlər, tikilən səhiyyə müəssisələri, yaradılan şərait ölkəmizdə insan amilinə verilən qiymətin ifadəsidir. İnsanların həyatının qorunmasının vacib olduğu sahələrdən biri də ümumi istifadədə olan yollar və nəqliyyat vasitələridir. Müasir yol şəbəkələrinin yaradılması, nəqliyyat vasitələrinin vaxtında müayinədən keçirilməsi, onların istismar qaydalarına əməl olunması yol-nəqliyyat hadisələrinin sayının azalmasına, eləcə də insanların həyatının və əmlakının qorunmasına imkan verir.

Ali Məclisin sədri demişdir: Bu gün muxtar respublikada cinayətsiz region və hadisəsiz yollar prinsipi reallığa çevrilmişdir. Son illər muxtar respublikada istifadədə olan yollar müasir səviyyədə qurulmuş, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradılmışdır. İstismar müddəti başa çatan yararsız avtomobillərin istismardan çıxarılması, muxtar respublikada fəaliyyət göstərən sürücülük məktəblərinin müasir tələblər səviyyəsində qurulması, sürücülərin hərtərəfli  hazırlanması, tələbkarlığın və məsuliyyətin artırılması yollarda hadisələrin sayının azalmasına səbəb olmuşdur. Bu işdə dövlət yol polisinin də üzərinə mühüm vəzifələr düşür. Çünki xidmətin düzgün təşkili də yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında başlıca şərtdir.

Ali Məclisin sədri xidməti düzgün təşkil etdiklərinə görə kollektivə təşəkkür etmiş, onlara işlərində uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, bina texniki baxış zalı və xidməti otaqlardan ibarətdir. Texniki baxış zalı minik və yük avtomobillərinin rahat hərəkətinə uyğun qurulmuş və dəqiq diaqnozun qoyulması üçün ən müasir avadanlıqlarla təchiz edilmişdir. Texniki baxış zalında 1 kompüter, 3 monitor və digər diaqnostik müayinə avadanlıqları quraşdırılmış, 5 duracaq yaradılmışdır.

Müayinə mərkəzində avtomobillərin əyləc sistemi, mühərrikdən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğu, sükanın idarəetmə qollarının və almacıqların sazlığı yoxlanılır, şinlərin protektor naxışları ölçülür. Müayinənin hər mərhələsi barədə məlumatlar kompüterdə əks olunur və Dövlət Yol Polisi İdarəsinin mərkəzi qeydiyyat sisteminə ötürülür. Eyni zamanda müayinənin yekun nəticələri nəqliyyat vasitəsinin sahibinə təqdim edilir.

Ali Məclisin sədri nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsi və sığorta qeydiyyatının aparılmasının vacibliyini vurğulamış, bu məqsədlə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək maarifləndirici tədbirlərin genişləndirilməsi barədə tapşırıqlar vermişdir.

Ordubad rayonu üzrə qeydiyyatda olan 4 minə yaxın nəqliyyat vasitəsinə xidmət göstərəcək mərkəzdə 7 nəfər işlə təmin olunmuşdur. Həmçinin binada fərdi istilik sistemi quraşdırılmış, həyət abadlaşdırılmış, avtomobil dayanacağı yaradılmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında