Zaman birmənalı olaraq Azərbaycanın xeyrinə işləyir

Beynəlxalq ekspertlərin fikrincə, Azərbaycanın qüdrətlənməsi ilə Ermənistanın dövlət müstəqilliyinin zəifləməsi paralel şəkildə davam edir
Bu gün beynəlxalq ictimaiyyətin dünyada gedən ictimai-siyasi proseslərə obyektiv və operativ qiymət vermək imkanları yetərincədir. Çoxsaylı qeyri-hökumət təşkilatları, sorğu mərkəzləri, analitik qurumlarla yanaşı, müstəqil ekspert və politoloqlar da çox müfəssəl nəticələr əldə edirlər. Sevindirici haldır ki, həmin nəticələrin Azərbaycanla bağlı olan məqamlarının böyük əksəriyyətində gənc müstəqil dövlətimizin uğurları təqdir edilir, cəmiyyət həyatının müxtəlif sahələrində yeni nümunələr formalaşdırdığımız barədə söz açılır. Həmin fikirlərdən biri belədir: "Azərbaycan SSRİ-nin çökməsindən sonra yaranmış dövlətlər arasında müstəqil siyasət yeridən iki-üç ölkədən biridir". Bugünkü yazını da məhz həmin fikir üstündə quracağıq. Əlbəttə, işğalçı qonşumuzla müqayisəli şəkildə.
Bir neçə gün əvvəl İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olan ölkələrin dövlət başçılarının sammiti keçirildi. Tədbirə Orta Asiya respublikalarının rəhbərləri də qatılmışdılar. Sammitin ertəsi günü Ermənistanın bütün kütləvi informasiya vasitələri təlaş içərisində oxucularına sual verirdilər ki, sammit iştirakçısı olan dövlət başçıları İrəvana hansı hava marşrutu ilə gəliblər? Sən demə, nəinki Ermənistan əhalisi, heç bu ölkənin hərbçiləri və aviasiya qurumlarına rəhbərlik edənlər də son anadək sammit qonaqlarının hansı marşrutla gələcəyini bilməyiblər. Belə ki, qonaqları İrəvana Rusiya rəsmiləri gətiriblərmiş. Bu fakt ortaya çıxan kimi korrupsioner və talançı Ermənistan iqtidarına müxalifətdə dayananlar ölkə əhalisinə və beynəlxalq aləmdəki erməni diasporuna çox kəskin sual verdilər: - Bu, necə müstəqillikdir? Dövlət başçıları ölkəyə gələcək rəsmi şəxslərin hansı marşrutla, necə gələcəyini bilmirlər.
Serj Sarkisyan iqtidarının bütün eybəcərliklərini ölkə əhalisinə və dünya ictimaiyyətinə olduğu kimi çatdırmağa çalışan erməni siyasətçiləri öz dövlət başçılarını qınamaq üçün sərhədin o biri tərəfini - Azərbaycanı misal göstərirlər: "Prezident İlham Əliyev öz xalqının və dövlətinin mənafelərini qorumaqdan ötrü dünyanın bütün ölkələri ilə münasibətlərdə tam müstəqil, öz bildiyi kimi addımlar atır. Öz dövlətinə sərf etməyən məsələnin müzakirə ediləcəyini bilən Əliyev ABŞ və Türkiyə rəsmilərinin israrlı çağırışlarına baxmayaraq, Türkiyəyə getməmişdi. Sarkisyan isə öz ölkəsinə gələn prezidentlərin hansı istiqamətdən, necə gələcəyini bilmir. Rusiyanın xarici işlər naziri Ermənistanın dövlət başçısı kimi Ermənistan adından danışır, bizim xarici işlər nazirimiz isə Rusiya diplomatiyasının təmsilçisi kimi. Biz hansı dövlət müstəqilliyindən danışa bilərik?"
Azərbaycanın müstəqil siyasət yeritməsi təkcə Ermənistanda deyil, dünyanın bütün ölkələrində etiraf edilir, yüksək qiymətləndirilir. Ancaq bu müstəqilliklə yanaşı, rəsmi Bakının uğurlu xarici siyasət yeritməsi də daim diqqət mərkəzindədir. Avropa ölkələri rəsmi Bakının uğurlu xarici siyasətini bu dövlətin sivil və demokratik təməllər üzərində qurulması ilə əlaqələndirirlər. İstənilən beynəlxalq təşkilatın təmsilçisi etiraf edir ki, Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri ardıcıllıqla yerinə yetirir. Ermənistanda çıxan "168 Jam" qəzeti isə bu məsələyə başqa prizmadan yanaşır: "Azərbaycan Ermənistanı məhv etmək üçün üzərinə götürdüyü bütün öhdəlikləri ardıcıllıqla yerinə yetirir. Bakının tələbi ilə Ermənistan bütün iqtisadi layihələrdən kənarda qaldı. Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağa ayırdığı vəsait Bakının təzyiqləri ilə azaldıldı. İndi isə daha ağır bir fəsadla üzləşdik. Azərbaycan rəsmilərinin müharibəni başlamaq barədə çoxsaylı bəyanatlarından qorxuya düşən Sarkisyan Ermənistana sərf etməyən müqaviləyə tələm-tələsik qol çəkərək faktiki olaraq ölkənin müstəqilliyini əldə verdi".
"Aykakan Jamanak" yazır ki, regionda gedən ictimai-siyasi proseslərin hamısı son nəticədə Azərbaycana sərf edir. Ermənistan sadəcə öz dövlət siyasətini qura bilmir. Qəzetin fikrincə, Ermənistanın müstəqilliyinin faktiki olaraq əldən getməsinin əsas səbəbini İrəvanda və ya Moskada deyil, Bakıda axtarmaq lazımdır.
Dünya ekspertlərinin fikrincə, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanmasının, bütün problemləri mərhələli şəkildə həll etməsinin əsas səbəbi bu dövlətin siyasətinin reallıq üzərində qurulmasıdır. Real olmayan, son nəticəsi bilinməyən heç bir məsələ gündəliyə gətirilmir və müzakirə edilmir. 1994-cü ildən sonra rəsmi Bakının beynəlxalq təşkilatlarla və ya ayrı-ayrı dövlətlərlə imzaladığı elə bir saziş və müqavilə yoxdur ki, həyata keçirilməsi düyunə düşsün. "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Qars qaz ixrac kəmərləri barədə müqavilələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Dövlət Neft Şirkəti ilə əcnəbi neft şirkətləri arasında bağlanan 30-a qədər müqavilə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün Avropa İttifaqı ölkələri ilə əldə edilən razılaşmalar. Ümumiyyətlə, rəsmi Bakının imza atdığı bütün beynəlxalq sənədlər son müddəasınadək yerinə yetirilir. Bunun üçün ölkənin imkanları, dövlətin isə qətiyyəti vardır. Məhz bu məqamları əsas götürən beynəlxalq ictimaiyyətin Azərbaycana olan maraqları artır, dövlətimizə inam, dövlət başçımıza isə etimad çoxalır. Torpaqlarımızın xeyli hissəsini işğal etmiş Ermənistanın isə bütün sözləri yalan, yazdıqları bütün tarix hədyan olduğu kimi imzaladıqları müqavilələr də havadan asılı qalır. Çünki bu sənədlər heç bir reallığa əsaslanmır, kiminsə arzusunu özündə əks etdirir. Bu günlərdə Ermənistanın daha bir müqaviləsinin taleyi qara gəldi.
Çox maraqlı məsələdir. İstanbulda keçirilən "Hindistan - Türkiyə -MDB" biznes - forumunda Ermənistan nümayəndəsi Albert Ohancanyan bildirir ki, "biz Türkiyə ilə imzalanan müqavilə əsasında Ankaraya ildə min tonlarla təzə ət, dondurulmuş ət və iribuynuzlu heyvan göndərəcəyik". Ermənistan Aqrar-Kəndli İttifaqının sədri Qraçik Bərbəryan Ohancanyanın həmin bəyanatını cəfəngiyyat, daha sonra isə "kiminsə arzusu" adlandırır: "Biz ölkə əhalisinin ətə olan tələbatını Braziliyadan aldığımız məhsulla ödəmək istəyirik və buna nail ola bilmirik. Belə olan halda Türkiyəyə necə ət ixrac edə bilərik? Anlaşılmır, bu adamlar həmin fantastik rəqəmləri hardan alırlar?" Bərbəryan təəssüflə bildirir ki, "Ermənistan rəsmiləri İranla bağlanan müqavilə əsasında bu ölkəyə də ildə 120 min baş iribuynuzlu mal-qara göndərməlidir. Halbuki, bu mümkün olan iş deyil".
Həyasızlıq, riyakarlıq o həddə çatıb ki, türkü gedib Türkiyədə aldatmaq istəyirlər. Görünür Azərbaycanın xarici iqtisadi əlaqələrdə əldə etdiyi uğurlar İrəvan rəsmilərinin gözlərini qamaşdırır və onlar da nə isə etmək istəyirlər. Ancaq ermənilərin bu istəyi də bütün istəkləri kimi yalan üzərində, reallıqdan uzaq şəkildə qurulur. Bütün bunlar isə dünya ictimaiyyətinin diqqətindən yayınmır və yüz illərdən bəri öz simasını gizlətməyə çalışan ermənilər daha ona nail ola bilmirlər. Riya pərdəsi yırtılır və hamı erməniləri tanıdıqdan sonra Azərbaycanın haqq işini dəstəkləyir, ədalətin, obyektivliyin bərqərar edilməsinə çalışır.
Azərbaycanın istənilən addımı beynəlxalq ictimaiyyət tərəfindən razılıqla qarşılandığı kimi ermənilərin istənilən bəyanatı da mənfi hisslər yaradır. Məsələn, bu yaxınlarda İraqdakı sonuncu ABŞ hərbçiləri də bu ölkəni tərk etdilər. Bütün mütərəqqi ölkələr kimi Azərbaycan da ABŞ-ın həmin addımını alqışladı. Ermənilər isə vay-şivən qaldırdılar ki, ABŞ hərbçiləri gedəndən sonra İraqdakı ermənilər türklərin (kərküklülər nəzərdə tutulur - red.) təzyiqlərinə məruz qalacaqlar. Bu fikirlər ona görə yaranır ki, ABŞ hərbçilərinin ayağı İraqa dəyən kimi oradakı ermənilər eynilə 1915-ci ildə olduğu kimi türklərə arxadan zərbə vurmağa başlamışdılar. Ona görə də indi öz əskilərinin hansı vəziyyətdə olduğunu yaxşı bilir və şivən qaldırırlar. Ancaq unudurlar ki, indi 1915-ci il deyil və dünya ictimaiyyətinə sırınan yalanlar daha yerimir. Bütün bunlar isə uzun illər boyu dünyada dolaşan yazıq, zavallı erməni obrazını məhv edir. Zaman bütün cəhətlərdən Azərbaycanın xeyrinə işləyir. Azərbaycan qüdrətləndikcə Ermənistan daha da çökür, bu ölkənin dövlət müstəqilliyi daha zəif ipdən asılı qalır.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında