"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 30-cu cildi çapdan çıxmışdır

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 30-cu cildi çapdan çıxmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində Nyu-Yorkda BMT-nin himayəsi altında keçirilən minilliyin zirvə görüşündə dərin məzmunlu çıxışı, GUÖAM dövlət başçıları, ABŞ prezidentləri Bill Klinton və Corc Buş, iri şirkətlərin rəhbərləri, nüfuzlu dairələrin nümayəndələri ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar, Amerika-Azərbaycan Ticarət Palatasının "Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir" mövzusunda təşkil etdiyi beynəlxalq konfransda çıxışı, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri toplanmışdır.
Kitabda Heydər Əliyevin ölkəmizdə bir sıra istehsal müəssisələrinin modernləşdirilərək yenidən qurulmasına, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış binasının, "Bakı SOS Uşaq kəndi"nin istifadəyə verilməsinə həsr olunmuş mərasimlərdəki çıxışları, Milli Məclisə seçkilərlə əlaqədar müşavirədə nitqi, seçkiləri müşahidə etmək üçün Bakıya gəlmiş Avropa Şurası və ATƏT Parlament Assambleyalarının, ABŞ, Türkiyə, İran, Rusiyanın nüfuzlu dairələrinin nümayəndələri ilə görüşləri və s. öz əksini tapmışdır.
Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il sentyabrın 4-də BMT-nin himayəsi altında keçirilən minilliyin zirvə görüşündə iştirak etmək üçün ABŞ-a işgüzar səfəri ilə bağlı rəsmi məlumatla başlayan cilddə 2000-ci ilin sentyabrın 6-dan noyabrın 4-dək olan dövrdəki çıxışları, nitqləri, bəyanatları, müsahibələri, məktubları, məruzələri, müraciətləri, fərmanları daxil edilmişdir.
Sentyabrın 7-də minilliyin zirvə görüşündəki çıxışında Azərbaycan Prezidenti demişdir: "Azərbaycan qloballaşmanın müsbət mənada inkişafına öz töhfəsini verir. Mənim ölkəm dünya miqyasında geostrateji əhəmiyyətə malik öz coğrafi mövqeyindən, ehtiyatlarından və potensialından istifadə edərək, Şərq ilə Qərb arasında zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu səmərəli surətdə həyata keçirir. Biz Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün çox böyük səylər göstəririk. Dünyanın bir neçə regionunun dövlətlərinin azad və mükəmməl inkişafı üçün bu layihələrin həlledici əhəmiyyəti vardır, bunlar fövqəlmilli əməkdaşlığa təkan verəcək və qlobal şəraitin inkişafına müəyyənedici təsir göstərəcəkdir".
Məlum olduğu kimi, sammit çərçivəsində GUÖAM dövlətləri başçılarının zirvə görüşü də keçirilmişdi. Bu görüşdə prezidentlər regionda münaqişələrin aradan qaldırılması prosesinin uzanması ilə əlaqədar dərindən narahat olduqlarını bildirmiş və bu münaqişələrin hamılıqla qəbul edilmiş prinsiplər, BMT-nin və ATƏT-in qətnamələri, qərarları əsasında dinc vasitələrlə həllinə sadiq olduqlarını təsdiqləmişdilər. Onlar dövlətlər və xalqlar arasında dostluq münasibətlərini təhlükə qarşısında qoyan, dövlətlərin ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə qorxu törədən, beynəlxalq əməkdaşlığa mane olan, insan hüquqlarının, əsas azadlıqlarının və cəmiyyətin demokratik əsaslarının pozulmasına doğru aparan təcavüzkar separatizmi, terrorizmi və digər hüquqazidd əməlləri qətiyyətlə pisləmişdilər.
Görüşün yekunlarına əsasən protokol və Nyu-York memorandumu imzalanmışdı. Cildə imzalanma mərasimindən sonra dövlət başçılarının jurnalistlərin suallarına cavabları daxil edilmişdir.
Kitabda oxuculara ulu öndərin ABŞ-a işgüzar səfəri ilə bağlı bütün materiallar, o cümlədən səfər çərçivəsində Amerikanın nüfuzlu yəhudi təşkilatlarının - Yəhudi Komitəsinin, Prezidentlər Konfransının, Yəhudi Konqresinin, Sovet Yəhudiləri Milli Komitəsinin rəhbərləri, ABŞ-ın keçmiş prezidenti Corc Buş ilə görüşləri, sentyabrın 29-da Londondan Bakıya yola düşməzdən əvvəl Rusiya İctimai Televiziyasının (ORT) Böyük Britaniyadakı xüsusi müxbirinə müsahibəsi, çoxsaylı jurnalistlərin suallarına cavabı, oktyabrın 2-də Prezident Sarayında keçirilən müşavirədə nitqi, oktyabrın 9-da Mstislav Rostropoviç ilə görüşdə söhbəti, oktyabrın 18-də Sidney Olimpiadasından qayıtmış idmançılarımızla görüşdə nitqi, oktyabrın 29-da Milli Məclisə seçkilərə həsr olunmuş müşavirədə nitqi və s. təqdim edilir.
Bu cilddə də ulu öndərin Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə aid ATƏT, Avropa Şurası rəhbərləri ilə görüşləri, münaqişə ilə əlaqədar onun prinsipial mövqeyi öz əksini tapmışdır. Məsələn, oktyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdəki söhbətində demişdir: "Bizim istəyimiz, arzumuzdur ki, bu məsələ sülh yolu ilə həll olunsun. Bu münaqişənin həll edilməsi də ondan ibarət olmalıdır ki, gərək Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxsın və həmin bir milyon insan darmadağın edilmiş o yerlərə qayıtsın, orada öz həyatını yenidən qursun. Ona görə də biz hər bir vasitədən istifadə edib məsələni bax, bu yolla həll etmək istəyirik.
Avropa Şurasının bəzi komissiyalarında bu məsələ müzakirə edilərkən Ermənistan haqqında bir dənə də etiraz olmayıbdır, ancaq Azərbaycan barədə etirazlar olubdur. Bu bizi incidir. Kim deyə bilərsə ki, Ermənistanda demokratiya Azərbaycandan üstündür, o çox böyük səhv etmiş olar".
AzərTAc-ın materialları əsasında hazırlanmış çoxcildliyin bu kitabına da "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" daxil edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında