Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır

 

 

 

 

 

 

 

 

 

 


Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan artıq dünyada sayılıb – seçilən, müstəqil siyasət yeridən dövlət imici qazanıb. Təsadüfi deyil ki, dünyanın mötəbər təşkilatları öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verirlər. Belə tədbirlər  siyasi, iqtisadi və digər sahələrdə bir-birinin ardınca  uğurlar qazanan,  əsl  tolerantlıq nümunəsi olan Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmaqda böyük əhəmiyyət kəsb edir.

Ölkəmizin sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusi qeyd edilməlidir. Artıq ölkəmiz bu sahədə zəngin təcrübə qazanmışdır. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət – nüfuzlu qurumlar, tanınmış ekspertlər, ictimai-siyasi xadimlər respublikamızı mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik ölkə kimi tanıyırlar. Bu uğurların əsası ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyi vaxtında qoyulmuşdur. Ulu öndər ölkəmizin bütün istiqamətlər üzrə əsas inkişaf strategiyasını müəyyən etmiş və gərgin, yorulmaz fəaliyyəti nəticəsində onu həyata keçirmişdir. Dövlət-din münasibətlərinin tənzimlənməsi işində də müdrik şəxsiyyətin xüsusi rolu olmuşdur. Belə tarixi faktlar yaddaşlardan heç vaxt silinmir. Hər kəsin xatirindədir ki, 1993-cü ilə qədər bütün sahələrdə olduğu kimi, dini məsələlər sahəsində də vahid siyasət yox idi. Bu boşluq, təbii ki, millətlərarası münasibətlərdə də özünü büruzə verirdi. Lakin ulu öndərin müstəqil Azərbaycana rəhbərliyindən etibarən bütün istiqamətlər üzrə – xarici və daxili siyasət, iqtisadi, təhlükəsizlik məsələlərinin həlli, o cümlədən dövlət – din münasibətləri istiqamətlərində ardıcıl strategiya formalaşdırmağa başlanmışdır. Həmin siyasətin əsas prinsipləri bu gün də özünü büruzə verir.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev digər sahələrlə yanaşı, sivilizasiyalar və mədəniyyətlərarası dialoqların keçirilməsini də prioritet vəzifə kimi qarşıya qoydu. Çünki belə dialoqlar, dünya xalqlarının mədəniyyətlərinin inteqrasiyasına güclü təsir imkanlarına malikdir. Eyni zamanda, bu tədbirlər xalqları daha da yaxınlaşdırır, insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini gücləndirir. Dünyanın müxtəlif ölkələrinin tanınmış elm, din, ictimai-siyasi xadimlərinin, dövlət və hökumət başçılarının, tanınmış ekspertlərinin iştirakı ilə keçirilən müzakirələr planetimizdə sülhün, əmin – amanlığın təmin olunmasına böyük təsir göstərir.

Azərbaycan artıq sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanına çevrilib və belə tədbirlərin keçirilməsində zəngin təcrübə qazanıb. Bu sahədə görülən işlər, əldə edilmiş nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin təşəbbüsü ilə başlanan və yüksək səviyyədə inkişaf edən müxtəlif tədbirlər, dialoqlar, forumlar beynəlxalq təşkilatlar tərəfindən də layiqli qiymətini almışdır. Bu baxımdan Bakıda keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumu xüsusi qeyd edilməlidir. Çünki respublikamız bu forumun keçirilməsinin təşəbbüsçüsü olmuşdur. Nəzərə almaq lazımdır ki, bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları – UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar bu forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda reallaşdırılması həyata keçirilən siyasətin uğurudur. Eyni zamanda, bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzidir.

Xatırladaq ki, IV Qlobal Bakı Forumunda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilmişdir. Bundan başqa, bəşəriyyəti narahat edən digər zəruri məsələlər də forumun gündəliyinə daxil edilmişdi. Forumun əhəmiyyəti tədbirdə iştirak edən nüfuzlu dövlət xadimlərinin timsalında da özünü büruzə vermişdir. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak etmişdir. Bu forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platforma kimi də böyük əhəmiyyət kəsb etmişdir. Bu tədbir bir daha təsdiqlədi ki, ölkəmiz dinlərarası, millətlərarası əlaqələrin, sivilizasiyalar və mədəniyyətlərarası dialoqların inkişafında fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dini liderlərinin zirvə görüşləri və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi Azərbaycana dünya miqyasında göstərilən etimadın bariz nümunəsidir.

Xatırladaq ki, 2008-ci ildə “Bakı prosesi”nin başlanmasının təşəbbüskarı da Azərbaycan olmuşdur. 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş Avropa və qonşu regionların mədəniyyət nazirlərinin konfransında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində irəli sürülən və müxtəlif mədəniyyətlər, sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi” təşəbbüsünün məntiqi davamı olaraq, 2011-ci il aprelin 7-9-da paytaxtımızda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi reallaşmışdır. Bu, dövlətimizin düşünülmüş strategiyasına beynəlxalq aləmdə verilən yüksək dəyərin nəticəsi idi.

 2009-cu ilin oktyabrında Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı prosesi – sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilməsi ölkəmizin bu sahədə qazandığı təcrübənin göstəricisi idi. Bununla yanaşı, TÜRKSOY-un Daimi Şurasının 2009-cu ilin oktyabrında Bakıda keçirilmiş 26-cı toplantısında qəbul olunmuş sənədlərdə də Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi”nin davam etdirilməsinin vacibliyi xüsusilə qeyd edilmişdi. Nəhayət, 2010-cu il mayın 20-də Bakıda UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sının təqdimat mərasimində 2011-ci ilin aprelində “Bakı prosesi”nin davamı olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdi.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər tədbirin keçirilmə məkanı kimi yekdilliklə Bakının seçilməsi təkcə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, həm də Azərbaycanın müxtəlif millətlərin, ayrı-ayrı dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olması ilə bağlıdır. Belə tədbirlərin paytaxt Bakıda keçirilməsi zəngin tarixə malik olan respublikamızı bəşər sivilizasiyasının beşiyi sayılan ərazilərdən biri kimi tanıtmışdır. Həm də Azərbaycanın bütün tarixi dövrlərdə dünya mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə layiqli töhfələr verməsi öz təsdiqini tapmışdır.

Ötən il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün Azərbaycanın məkan seçilməsi ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoqa, həmçinin humanitar forumların keçirilməsinə verdiyi dəyərin bariz nümunəsidir.

Prezident İlham Əliyev belə bir nüfuzlu tədbir üçün Azərbaycanın ev sahibi seçilməsini yüksək dəyərləndirmişdir: “Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb”.

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycanda əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik təmin edilib.

Göründüyü kimi, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan milli dəyərlər üzərində qurulan dövlətdir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi milli dəyərlərə verilən qiymətin göstəricisidir. Bu kontekstdə həm multikultural dəyərlər sistemli şəkildə təbliğ edildi, həm də ölkəmizdə multikulturalizm mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırıldı. Respublikamızın müxtəlif xalqların nümayəndələrinin sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi tanınması multikulturalizm ənənələrinin təntənəsidir.

Ötən ilin “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi dövlət başçımızın beynəlxalq əhəmiyyətli qərarlarının islami və bəşəri dəyərlərə ali xidməti, qlobal əhəmiyyətli addımı kimi dəyərləndirilir. “İslam Həmrəyliyi ili” çərçivəsində mötəbər idman bayramı – İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsini, hətta münaqişə vəziyyətində olan dövlətləri belə bir araya gətirən həmrəylik bayramı kimi yaddaşlarda qaldı.

Bu gün dünyada baş verən hadisələrin təhlili göstərir ki, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun, həmçinin humanitar forumların keçirilməsi və inkişafı həyati zərurətə çevrilməkdədir. Bu zərurəti reallığa çevirən Azərbaycan Prezidenti multikulturalizmi dövlət siyasətinin prioritetinə çevirib: “Biz bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik. Biz hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Mütəmadi olaraq biz Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edirik. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında