Konstitusiyaya təklif olunan dəyişikliklər demokratik dövlət quruculuğu təcrübəsinə əsaslanır

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında"  Referendum Aktı layihəsinin 6-cı bəndində Azərbaycan Respublikası Konstitusiyasının "Tətil hüququ" adlanan 36-cı maddəsinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 36-cı maddəsinin II hissədən "və digər silahlı birləşmələrdə" sözləri çıxarılsın; aşağıdakı məzmunda IV hissə əlavə edilsin: "IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır".

Hazırda qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasının 36-cı maddəsi aşağıdakı məzmunda verilmişdir: "I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər. III. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir".

Azərbaycan Respublikası Konstitusiyasının 36-cı maddəsinin II hissəsindən "və digər silahlı birləşmələrdə" ifadəsinin çıxarılması Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin I hissəsinin yeni redaksiyada verilməsinin məntiqi davamıdır. Referendum  aktı layihəsində 9-cu maddənin təklif edilən I hissəsinin yeni redaksiyasında nəzərdə tutulubdur. "I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir". Azərbaycan Respublikası Konstitusiyasının 36-cı maddəsinin II hissəsindən "və digər silahlı birləşmələrdə" ifadəsinin çıxarılması tamamilə məntiqi və Konstitusiyanın daxili müddəalarının uyğunlaşdırılmasına, ziddiyyətin aradan qaldırılmasına xidmət edir və buna görə də heç bir mübahisə doğurmur.

Referendum aktı layihəsində Azərbaycan Respublikası Konstitusiyasının 36-cı maddəsinə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır" məzmununda IV hissənin əlavə edilməsini şərtləndirən əsas amillər kimi aşağıdakıları ifadə etmək olar:

Tətil hüququ insan və vətəndaş hüquq və azadlıqları içərisində xüsusi yer tutur. Çünki bu hüquq hər kəsin həm sosial, həm iqtisadi, həm də əməyinin azadlığını özündə ehtiva edir. Tətil dedikdə, kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə işçilərin (işçinin) müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən könüllü imtina etməsi başa düşülür. İşçilərin konstitusion tətil hüququnun həyata keçirilməsinin təminatlarından biri də məhz lokautun qadağan edilməsidir. Lokaut işəgötürənin tətilə qarşı özünəməxsus, qanunla tənzimlənən cavab hərəkətidir. Lokaut işəgötürənin mənafeyini müdafiə edən hüquqi hərəkətdir.

Lokauta dair münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikasının Əmək Məcəlləsində  nəzərdə tutulmuş və ona aşağıdakı kimi tərif verilmişdr: Lokaut dedikdə, kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə onun və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elan başa düşülür.

Lokaut elan etmək hüququ işəgötürənə məxsusdur. İşəgötürənin lokaut hüququ qanunvericiliklə müəyyən çərçivəyə daxil edilmişdir. İşçilərin dövlət tərəfindən mənafeyini müdafiə etmək məqsədilə işəgötürənin bu hüququ məhdudlaşdırıcı xarakter daşıyan bir hərəkətdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 284-cü maddəsinə əsasən, işəgötürən aşağıdakı hallarda işçilərini həmkarlar ittifaqları təşkilatını və müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdarlıq etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilər: İşəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmadıqda; qanunsuz elan olunmuş tətil davam etdirildikdə; onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktlar olduqda.

İşəgötürən lokaut elan etməzdən əvvəl işçilərlə, həmkarlar ittifaqları təşkilatı ilə danışıqlar aparmalı, tətilin dayandırılıb işə başlanılması barədə razılığa nail olmaq üçün bütün imkanlarından istifadə etməlidir. Lokautun elan edilməsi üçün əsas hesab edilən hallar aradan qaldırılmadıqda işçilərə edilmiş xəbərdarlıq müddəti bitdikdən sonra işəgötürən lokaut elan edərək müəssisəni müvəqqəti bağlaya bilər. Bu maddə ilə müəyyən edilmiş vəziyyətdən başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağandır.

Göründüyü kimi, dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəninin lokaut elan etmək hüququ ümumiyyətlə qadağan edilmişdir. Bu, o deməkdir ki, dövlət işçi insanların mənafeyini ən yüksək səviyyədə müdafiə edir. Nəticə etibarilə lokaut elan etmək hüququ məhdud şəkildə xüsusi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan müəssisələrin işəgötürənlərinə aiddir.

Lokaut elan etmək işəgötürənin hüquqi mənafeyini müdafiə etməklə yanaşı, işçi insanların mənafeyini müdafiə etmək məqsədi də daşıyır. İşçi insanların konstitusion tətil hüququnun tərkib hissələrindən biri də məhz işəgötürənin lokaut elan etmək hüququnun, o cümlədən də işçilərin müdafiə xarakterli mənafeyinin Konstitusiya ilə tənzimlənməsidir. Tətil, fərdi əmək mübahisəsi və kollektiv əmək mübahisələrinə dair konstitusion normalar olduğu halda, lokaut haqqında konstitusion normaların olmaması Azərbaycan Respublikası Konstitusiyasında olan boşluqlardan biri kimi qiymətləndirilə bilər. Beləliklə, işçinin işəgötürəndən daha zəif tərəf olduğunu, tətil hüququnun tərkib hissələrinin tamlığını təmin etməyin zəruriliyini, konstitusion normaların üstün hüquqi qüvvəyə malik olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 36-cı maddəsinə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır" məzmununda IV hissənin əlavə edilməsi əsaslı və zəruri hesab edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 85-ci,100-cü, 121-ci və 126-cı maddələrinə təklif olunan dəyişikliklərə bağlı da fikirimi bildirmək istərdim.

Referendum aktı layihəsinin Konstitusiyanın müvafiq maddələrində dəyişiklikləri nəzərdə tutan müddəalarının ümumiləşdirilməsi həmin maddələrdə müvafiq seçkili və təyinatlı vəzifələrin tutulması üçün müəyyən olunan yaş məhdudiyyətinin aradan qaldırılması ilə şərtlənir. Referendum aktının 17-ci bəndində Konstitusiyanın 85-ci maddəsinin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözlərinin "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz olunması, 20-ci bəndində  Konstitusiyanın 100-cü maddəsindən "yaşı otuz beşdən aşağı olmayan" sözlərinin çıxarılması, 27-ci bəndində  Konstitusiyanın 121-ci maddəsinin mətninin "Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir" redaksiyasında verilməsi, 28-ci bəndində  Konstitusiyanın 126-cı maddəsinin I hissəsində "Yaşı 30-dan aşağı olmayan, seçkilərdə" sözlərinin "Seçkilərdə" sözü ilə əvəz edilməsi təklif olunur. Göründüyü kimi referendum aktının 17-ci, 20-ci, 27-ci və 28-ci bəndlərində nəzərdə tutulan dəyişikliklər hakimiyyətin hər üç qolunun dövlət hakimiyyət orqanında təmsil olunma üçün nəzərdə tutulan yaş məhdudiyyətini aradan qaldırmaqla bağlıdır. Konstitusiyanın 85-ci maddəsinin I hissəsində Milli Məclis deputatı seçilmək üçün yaşı 25-dən aşağı olmama, 100-cü maddəsində Azərbaycan Respublikası Prezidenti seçilmək üçün yaşı 35-dən aşağı olmama, 121-ci maddəsində Azərbaycan Respublikası Baş naziri vəzifəsinə təyin olunmaq üçün yaşı 30-dan aşağı olmama, Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin olunmaq üçün yaşı 25-dən aşağı olmama, 126-cı maddəsində hakim olmaq üçün yaşı 30-dan aşağı olmama şərtləri nəzərdə tutulur ki, qeyd olunan dəyişikliklər bu məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.

Ümumiyyətlə, yaş senzi (məhdudiyyəti) ilkin olaraq XVIII əsrin sonlarında seçki hüquq institutunun formalaşmağa başladığı zaman digər seçki senzləri (məhdudiyyətləri) – əmlak, vətəndaşlıq, oturaqlıq, seçilməzlik, vəzifələrin bir araya sığmazlığı, cinsi mənsubiyyət, təhsil və s. senzləri ilə bərabər ayrı-ayrı dövlətlərin seçki qanunvericiliyində öz əksini tapmağa başlamışdır. Yaş senzinin əsas mahiyyəti ondan ibarətdir ki, müəyyən olunmuş yaş həddinə çatdıqda şəxsin seçki hüququ tanınır. Yaş senzinin tətbiqində, seçici yalnız o zaman doğru seçim edə bilər ki, o artıq tam olaraq bir şəxsiyyət kimi formalaşmış olsun, cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil etmək və qiymət vermək imkanına malik olsun, onda müəyyən bilik səviyyəsinə və minimal həyat təcrübəsinə əsaslanan kifayət qədər möhkəm və dərk olunmuş siyasi əqidə formalaşmış olsun.

 Əlbəttə ki, konkret şəxslər qeyd olunan keyfiyyətlərə fərqli yaş dövrlərində malik olurlar. Bəziləri çox erkən yaşlarında bu keyfiyyətlərə malik olsalar da, digərlərində bu keyfiyyətlər çox gec formalaşmış olur. Lakin qanun fərdi hallarla bağlı deyil, ümumi inkişaf tendensiyasına söykənir. İnsan şəxsiyyətinin formalaşmasının ümumi qanunauyğunluqlarından, habelə hər bir ölkədə insanın inkişafının sosial şərtlərinin xüsusiyyətlərindən, şəxsiyyətin sosiallaşmasından çıxış edərək, artıq şəxsdə bu keyfiyyətin formalaşdığı orta yaş həddini müəyyən etmək mümkündür. Məsələ burasındadır ki, fərqli tarixi dövrlərdə insanların qeyd olunan keyfiyyətlərə cavab verən yetkinlik dövrü ümumən müxtəlif yaşlarda formalaşa bilir. XIX-XX əsrlərdən fərqli olaraq, çağdaş dövrümüzdə insan şəxsiyyətinin formalaşması, onun sosiallaşması çoxsaylı faktorların təsiri altında daha erkən yaşlarda da baş verə bilir və bu ümumi qanunauyğunluq baxımından əksəriyyəti əhatə edir. Odur ki,  əvvəlki dövrlərdən fərqli olaraq, həm aktiv və həm də passiv seçki hüququ üçün yaş senzinin tədricən aşağı salınması cəmiyyətin inkişaf səviyyəsi ilə şərtlənir və bu prosesin məntiqi davamıdır.

Müasir dövrdə elmi-texniki tərəqqi, informasiya - kommunikasiya texnologiyalarının sürətli inkişafı və onun insan məişətinin tərkib hissəsinə çevrilməsi, informasiya mənbələrinin sayının çoxalması, xüsusilə internetin və digər elektron informasiya vasitələrinin ictimai həyatın müxtəlif sferalarına dair çoxsaylı məlumat əldə etmə imkanını yaratması, o cümlədən siyasi sferada baş verən hadisə və proseslərə dair informasiyanın təkcə əldə olunması deyil, yetərincə təhlil olunması və fikir yürüdülməsi imkanlarının genişlənməsi insanların daha erkən yaşlarında tam fəaliyyət qabiliyyətinin formalaşması, onların şəxsiyyətinin sosiallaşması ilə müşayiət olunur. Müasir İKT imkanlarından istifadə edən gənc nəsil hadisə və proseslərə daha çevik reaksiya vermək, onları məntiqi cəhətdən təhlil etmək, fikir yürütmək və mövqe bildirmək iqtidarına malik olmaq üstünlüyü ilə fərqlənir. Belə bir şəraitdə süni şəkildə yaş senzinin yüksəldilməsi, həm qeyri-demokratikdir, həm də əsassız olaraq seçki korpusunun əhatə dairəsini daraldır, nəticə etibarilə vətəndaşların seçki hüququnu həyata keçirmək imkanını həm aktiv, həm də passiv mənada məhdudlaşdırmış olur.

Müasir dövrdə bütün dünyada tam mülki fəaliyyət qabiliyyətinin formalaşması ilə yetkinlik yaşının azaldılması nəticəsində mütəmadi olaraq yaş senzinin aşağı düşməsi tendensiyası davam edir. Seçki hüquq institutunun formalaşdığı ilkin dövrlərdə şəxsin aktiv seçki hüququna malik olması üçün 21-25 yaş hədləri müəyyən olunsa da, sonradan uzun müddət demokratik qüvvələr bu senzin aşağı salınması uğrunda mübarizə aparmış və nəticə etibarilə hazırda dünyanın əksər ölkələrində aktiv seçki hüququ üçün yaş həddi 18 yaş müəyyən olunmuşdur. Bir sıra dövlətlərdə, məsələn Skandinaviya ölkələrində bu aktiv seçki hüququ üçün 21 yaş qalmaqda davam edir. Lakin Braziliya, İran, Nikaraqua və Kubada 16 yaşına çatmış şəxslər səsvermə hüququna malikdir. Rusiya Federasiyası Dövlət Dumasına, İndoneziya Xalq Numayəndələri Şurasına, Slovakiya  parlamentinə üzv seçilmək üçün 21 yaş tələb olunur. Almaniya Federativ Respublikasının 1947-ci il Əsas Qanununun 38-ci maddəsinin 2-ci bəndinə görə 18 yaşına çatmış şəxs seçə, yetkinlik yaşına çatmış şəxs Bundestaqa üzv seçilə bilər. Xorvatiya parlamentinin üzvü seçilmək üçün seçki hüququna malik olmaq, yəni 18 yaşı olmaq kifayətdir. Burada aktiv və passiv seçki hüququ 18 yaşına çatmış vətəndaşlar üçün tanınır. Eyni qayda İslandiyanın da 1944-cü il konstitusiyasında nəzərdə tutulur. Burada da aktiv və passiv seçki hüquqları eyni yaşda – 18 yaşda əmələ gəlir. Fransa və İndoneziya (burada prezidentliyə və vitse-prezidentliyə namizədlərə qarşı tələblər Prezident və vitse-prezident seçkiləri haqqında 2008-ci il Qanunu ilə müəyyən olunur) konstitusiyalarında prezidentliyə namizədlərə münasibətdə minimum yaş həddi nəzərdə tutulmur.

Hazırda dünya təcrübəsi göstərir ki, siyasi hakimiyyətin formalaşmasında – həm nümayəndəli dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına seçkilər zamanı, həm də icra və məhkəmə hakimiyyəti orqanlarının formalaşması zamanı əvvəlki dövrlərdən fərqli olaraq, daha gənc yaşlarında olan şəxslər üstünlük təşkil etməyə başlayıb. Bu, ilkin olaraq yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətin müasir inkişaf səviyyəsinin tələbi, İKT-nın inkişaf tempinə cavab verməsi ilə şərtlənən sosial sifarişdir.

Tam fəaliyyət qabiliyyətinə malik olan şəxslərin passiv seçki hüququnun (seçilmək hüququnun) yaş senzi müəyyən etməklə məhdudlaşdırılması, əslində,  xalq hakimiyyətinin məzmununa, insan hüquqlarının mahiyyətinə tam cavab vermir. Müvafiq dövlət orqanına seçilmək üçün yetkinlik yaşına çatma həddindən yuxarı yaş həddinin müəyyən edilməsi, bir tərəfdən seçkilərin ümumiliyi prinsipini pozur, digər tərəfdən seçicilərin öz iradəsinə uyğun seçim etmək imkanını məhdudlaşdırır.

Referendum aktı layihəsində passiv seçki hüququ baxımından yaş məhdudiyyətinin aradan qaldırılması seçilmək hüququnun yaşla bağlı məhdudlaşdırılmasını istisna edən təkliflərdəndir. Razılaşmaq lazımdır ki, insan hüquq və azadlıqları sahəsində hər hansı məhdudiyyətin aradan qaldırılması, əgər o, başqalarının hüquq və azadlıqlarını pozmursa və ağlabatanlıq mülahizəsi çərçivəsindən kənara çıxmırsa, mahiyyətcə mütərəqqi xarakter daşıyır və hüquq və azadlıqlar sferasının daha da genişlənməsinə xidmət göstərir. Digər bir tərəfdən, seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi, heç də avtomatik olaraq 18 yaşda olan  vətəndaşın parlamentə üzv və ya prezident seçilməsi anlamına gəlmir. Belə ki, deputatlığa və prezidentliyə namizədlərə münasibətdə  digər konstitusion tələblər də mövcuddur və namizəd bu tələbləri də ödəməlidir. Həmçinin, hansı yaşda olmasından asılı olmayaraq, hər bir halda konstitusion tələblərə cavab verən namizədin Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli sonda xalqın iradəsindən asılıdır.

Qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, Konstitusiyanın 85-ci, 100-cü, 121-ci və 126-cı maddələrinə təklif olunan dəyişikliklər hüquqi, demokratik dövlət quruculuğu təcrübəsinə əsaslanır, xalq hakimiyyəti və xalq suverenliyi prinsiplərinin konstitusion əsaslarına heç bir xələl gətirmir, əksinə, vətəndaşların seçki hüququnun məzmununu genişləndirir, icra hakimiyyəti funksiyalarının daha səmərəli şəkildə həyata keçirilməsi imkanlarını artırır, məhkəmə hakimiyyətinin təşkilində yaranan maneəni aradan qaldırmağa kömək göstərir.

Oruc Məmmədov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Koordinasiya Şurasının üzvü,
hüquq üzrə fəlsəfə doktoru, dosent

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında