Azərbaycan və İran xalqlarını əsrlər boyu birləşdirən tarix, mədəniyyət, din bizim dəyərli ümumi sərvətimizdir

 

 

 

 

 

 

 

 

 

 

 


 

Deyə bilərəm ki, müzakirə olunan bütün məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Bizim əsas istəyimiz İran-Azərbaycan əlaqələrini inkişaf etdirmək, xalqlarımızın maraqlarını müdafiə və təmin etmək, siyasi, iqtisadi, humanitar əlaqələrimizi möhkəmləndirməkdir. Cənab Prezident Həsən Ruhaninin Azərbaycana bugünkü səfəri bu istiqamətdə atılan çox önəmli addımdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Mən əminəm ki, ölkələrimizin əlaqələri səmimiyyətə və etimada əsaslanır. Dost, qardaş və qonşu ölkələr kimi bu əlaqələri elə bir mərhələyə çatdırmalıyıq ki, xalqlarımızın istəyinə uyğun olsun. Bizim xalqlarımız ən yaxşı əlaqələri istəyirlər ki, ölkələrimizin mənafeyinə, regionda sabitliyə və sülhün yaranmasına xidmət etsin. Ümid edirəm ki, bu səfərdən sonra əlaqələrimizin inkişafı sahəsində yeni-yeni addımlar atılacaq.

Həsən RUHANİ
İran İslam Respublikasının Prezidenti

 


 

Azərbaycanın Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və Rusiya Federasiyası kimi yaxın qonşu ölkələrlə hərtərəfli əməkdaşlığının əhəmiyyətini göstərən istiqamətlər sayılmaqla qurtaracaq  qədər deyil. Bu üç ölkə ilə bizi bağlayan tarixi, mədəni, siyasi, iqtisadi, elmi, texniki istiqamətlərin hamısını sadalamaqla  adi qəzet məqaləsi yox, kitablar yazmaq olar.  Dost və qardaş ölkə olan İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin avqustun 7-8 də Bakıya reallaşan rəsmi səfəri də həmin tarixi faktların daha da zənginləşdirilməsinə xidmət etdi.

Xatırladaq ki,  müstəqilliyimizin ilk  bir neçə ili istisna olmaqla, Azərbaycan-İran dostluq münasibətləri həmişə yüksək səviyyədə olub. Ancaq son üç ildə bu münasibətlər heç zaman olmayan bir sürətlə inkişaf edib və dünyanın əksər ölkələrində nümunə göstəriləcək səviyyəyə qalxıb. İran Prezidentinin ölkəmizə səfərinin ilk günü – avqustun 7-də  dövlət başçılarının təkbətək görüşü başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən  görüşdə  dövlət  başçımız ölkələrarası münasibətlərin inkişaf dinamikasını yada salaraq dedi: “Biz bu gün ikitərəfli görüş zamanı bir çox məsələləri - həm siyasi, həm iqtisadi və həm də digər məsələləri müzakirə etdik. Görürük ki, bizim aramızda çox böyük qarşılıqlı anlaşma var. Biz münasibətləri bu qarşılıqlı anlaşma əsasında qururuq. Çox şadam ki, son illər ərzində İran-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir. Tarixdə, 25 illik tariximizdə bu dövr sürətli, bəlkə də ən sürətli inkişaf dövrüdür. Fevral ayından bəri ötən dövr ərzində iqtisadiyyat, nəqliyyat, energetika sahələrində bir çox məsələlər öz həllini tapıbdır. Əminəm ki, Sizin səfərinizin nəticəsi olaraq əlaqələrin inkişafı təmin ediləcək. Bu gün də bir neçə sənəd imzalanacaq və bu, gələcək əməkdaşlıq üçün yeni imkanlar açacaqdır”.

Azərbaycan - İran dostluq münasibətlərinin yüksək  səviyyəyə qalxdığını söyləyən  İran Prezidenti Həsən Ruhani bu tərəqqinin səbəbini də yada saldı: “Sizin Tehrana səfəriniz çox müvəffəqiyyətli bir səfər idi. Ondan sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldı. O səfər zamanı ölkələrimizin ikitərəfli əlaqələri ilə yanaşı, üçtərəfli əlaqələrini də planlaşdırdıq. Sabah biz onun şahidi olacağıq. Həmin səfəriniz çərçivəsində yaxşı anlaşmalara nail olduq. Həmin anlaşmalar əsasında hazırlanmış sənədlər bu gün imzalanacaq”.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin daha da artırılması, hökumətlərarası komissiyanın uğurlu fəaliyyəti, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiya qoyuluşu və turizmin inkişaf etdirilməsi, hava nəqliyyatı, dəmir yolu, səhiyyə, əczaçılıq, bank sahələrində, o cümlədən Xəzər dənizində əməkdaşlıq, “Şimal-Cənub” layihəsinin önəmi, terrorizmlə mübarizə, regional sülhün və sabitliyin təmin edilməsi məsələlərinin  müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında  da geniş fikir mübadiləsi aparıldı.

Elə həmin gün  geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi oldu. Beynəlxalq aləmdəki dostlarımız və tərəfdaşlarımız Bakı ilə Tehran arasında imzalanan yeni sənədlərin vəd etdiyi perspektivdən nə qədər məmnun  oldularsa, bədxahlarımız da bir o qədər narahatlıq keçirdilər. Çünki cənab Ruhaninin Bakı səfəri zamanı imzalanan sənədlər ölkələrimizin hərtərəfli əməkdaşlığının genişləndirilməsinə daha bir təkan verəcək və yeni uğurlara stimul olacaq. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikasının Mərkəzi Bankı arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019)” , “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında “Şimal-Cənub”  beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” ölkələrimiz və dövlətlərimiz arasındakı hərtərəfli əməkdaşığın genişləndirilməsi istəyinin bariz nümunəsi idi.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin  mətbuat üçün   bəyanatla çıxış etməsi kütləvi informasiya vasitələri üçün daha çox gözlənilən məqam idi. Bu məqam bəlkə də Azərbaycandan və İrandan daha çox bu regionda  marağı olan bütün ölkələrdə  diqqətlə izlənilirdi. Çünki dövlət başçıları tərəflər  arasında aparılmış danışıq və müzakirələr barədə şəxsən məlumat verəcək, KİV təmsilçiləri informasiyanı bilavasitə ölkələrin rəhbərlərindən eşidəcəkdilər.

Bu məqamı əsas götürən Azərbaycan Prezidenti  iranlı həmkarı ilə nələri danışıb müzakirə etdiyini söylədi: “Mənim İran İslam Respublikasına rəsmi səfərim çərçivəsində 10-dan çox sənəd imzalanmışdır. İndi altı ay keçməmiş yenə 6 sənəd imzalanıb və bu sənədlər gələcək fəaliyyətimiz üçün çox böyük əhəmiyyət daşıyır. İranda fevral ayında imzalanmış sənədlərin, razılaşmaların icrası təmin edilir. Bu gün də həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə ikitərəfli əlaqələrimizin demək olar ki, bütün sahələri müzakirə edildi və müzakirələr çox konstruktiv şəkildə aparıldı. Əminəm ki, əldə edilmiş razılaşmalar bizim birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Dövlət başçımız əlavə etdi ki, biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. BMT, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlarda daim sıx əməkdaşlıq edirik. Azərbaycan İrana qarşı tətbiq edilən sanksiyaların həmişə əleyhinə olmuşdur, öz mövqeyini açıq şəkildə ifadə etmişdir. Biz çox şadıq ki, bu sanksiyalar aradan qaldırılıb və beləliklə, əməkdaşlıq üçün yeni imkanlar yaranıbdır. İran tərəfi isə həmişə Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşmışdır, yanaşır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Bu dəstək həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü büruzə verir”.

Təbii ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın öz dostlarından, tərəfdaş və müttəfiqlərindən gözlədiyi  yeganə dəstək bilavasitə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli üçün konkret mövqe nümayiş etdirməkdir. Sevindirici haldır ki, bu məsələdə daim Azərbaycanın mövqelərini dəstəkləmiş İran dövlətinin ali nümayəndəsinin Bakı səfəri çərçivəsində aparılan müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi əsas məsələlərdən biri olub. Bunu  prezidentlərin hər ikisi mətbuat qarşısında açıq şəkildə bəyan etdilər.

Azərbaycan Prezidenti öz bəyanatında dedi: “Mən bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyəti Prezident Ruhaniyə bildirdim. Bildiyiniz kimi, uzun illər Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Bu gün nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Azərbaycan əhalisi bu bölgələrdən zorla çıxarılıbdır. Bizim tarixi abidələrimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və torpaqlarımızın təxminən 20 faizi işğal altındadır. Bu işğal davam edir. Münaqişənin həlli yolları da aydındır. Erməni silahlı qüvvələri - Azərbaycanın ərazi bütövlüyünü pozan bu qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də tələb edir”.

“Biz Dağlıq Qarabağ münaqişəsi haqqında da müzakirələr apardıq. Bu məsələ ilə əlaqədar ötən aylarda göstərilən səylər barəsində cənab Prezident bizə bəzi məlumatları verdi” – deyə adıçəkilən məsələyə münasibət bildirən İran Prezidenti  öz ölkəsinin qəti mövqeyini ortaya qoydu: “İran İslam Respublikasının bu məsələyə baxışı ondan ibarətdir ki, region ölkələrində sülh və sabitlik bərqərar olsun, ölkələr arasında problemlər və ixtilaflar danışıqlar yolu ilə həll edilsin. Biz ölkələrin və eləcə də, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Ümidvarıq ki, regiondakı problemlər danışıqlar yolu və başqa ölkələrin səyləri ilə həll ediləcək və nəticədə sülh, sabitlik və təhlükəsizlik bərqərar olacaq. İran İslam Respublikası Azərbaycanın və Ermənistanın qonşusu kimi həmişə çalışıb ki, bu zəmində səylər danışıqlara və bölgədə təhlükəsizliyə yönəlsin”.

 Azərbaycan Prezidentinin  “Ekologiyaya və Xəzər dənizinə aid məsələlər müzakirə olundu. Deyə bilərəm ki, müzakirə olunan bütün məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur” – qətiyyətini bir qədər də  inkişaf etdirən İran Prezidenti qeyd etdi ki, biz, həmçinin Xəzər dənizi ilə əlaqədar müzakirələr apardıq və bu dənizin Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan və İran üçün sülh, dostluq və sabitlik dənizi olduğunu bildirdik: “ Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar belə nəticəyə gəldik ki, həmin məsələ ilə bağlı razılıq əldə edilməsi üçün iki ölkə bu müstəvidə ciddi çalışmalıdır. Xəzər dənizində qarşılıqlı fəaliyyətin genişlənməsi, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişafı ilə bağlı, ümumilikdə, belə razılığa gəldik ki, bu sahələrə diqqət artırılsın”.

Sonda qeyd edək ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun mühüm tərkib hissələrindən olan yaxın qonşularla  hərtərəfli və sıx əməkdaşlıq  prinsipləri bu gün Azərbaycan rəhbərliyi tərəfindən böyük qətiyyət və yaradıcılıqla davam etdirilir. Sevindirici haldır ki, rəsmi Bakı bu istiqamətdə atdığı addımların hamısının cavabını yüksək səviyyədə, böyük səmimiyyət və qarşılıqlı etimad şəklində alır. Bu isə təkcə bizim deyil,  sədaqətli  qonşularımızın, regionun və bütövlükdə dünyanın gələcəyi, inkişaf və tərəqqisi üçün lazımdır. Faktlar sübut edir ki, dövlətin yeritdiyi siyasət açıq, səmimi və  bütün tərəflərin  maraqlarına cavab verən şəkildə olursa, o siyasət  mütləq hamı tərəfindən dəstəklənir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında