TRT HABER: Xocalı soyqırımı heç vaxt unudulmayacaq bəşəri faciədir

Türkiyənin TRT HABER televiziya kanalı fevralın 20-də axşam saatlarında Xocalı soyqırımı ilə bağlı “Anadolu soruşur” media platforması çərçivəsində geniş veriliş yayımlayıb. Verilişin qonağı Azərbaycan Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov olub.

Xocalı faciəsindən bəhs edən teleaparıcı Sinan Burhan əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 20-də bu soyqırımı barədə söylədiyi fikir və mülahizələr barədə tamaşaçılara məlumat verib. S.Burhan qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.

1992-ci il fevralın ­25-dən 26-na keçən gecə erməni vandallarının törətdikləri bu vəhşiliyin təfərrüatı, eləcə də Xocalı soyqırımının səbəb və məqsədləri barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verən deputat Elman Məmmədov “Kərkük” qəzetinin departament rəhbəri Aybəniz Kuzeçi, “Cay” TV-nin əməkdaşı Həsən Yavuz və “Yeni çağ” qəzetinin baş redaktoru, yazıçı-publisist Aqil Ələsgərin suallarını cavablandırıb. Milli Məclisin deputatı faktlarla əsaslandırıb ki, ermənilərin məqsədi məhz Xocalıda azərbaycanlılara qarşı soyqırımı aktı törətmək olub və bunu da həyata keçiriblər. Xocalı coğrafi ərazisinə və infrastrukturuna görə Dağlıq Qarabağın strateji məntəqəsi hesab olunurdu. Digər tərəfdən, yerli əhalinin türk və müsəlman olması soyqırımının törədilməsinin başlıca səbəblərindən biri kimi izah edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Xocalı soyqırımı barədə fikirlərini yüksək dəyərləndirən Elman Məmmədov Ermənistanın qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı əsassız ərazi iddiası, işğalçı ölkənin əhalisinin son dərəcə yoxsul bir vəziyyətdə olması, həmçinin bu ölkəni cinayətkarların idarə etməsinə dair faktları tamaşaçılarla bölüşüb. O diqqətə çatdırıb ki, saxta “Böyük Ermənistan” iddiasının yaratdığı xəstə təxəyyül Ermənistan dövlətini girdaba yuvarlayıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində təcavüzkar Ermənistan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də perspektivdə olan TAP və TANAP kimi iqtisadi layihələrdən tam şəkildə təcrid olunub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında həyata keçirilən birgə layihələr ölkələrimizin gücünü davamlı olaraq möhkəmləndirir.

Azərbaycan və Türkiyə diaspor təşkilatlarının gücünün birləşdirilməsi, iki qardaş ölkə arasında hərbi əlaqələrin daha da genişləndirilməsi, iş adamlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti və s. kimi məsələlər ətrafında fikirlərini bildirən E.Məmmədov sürətlə inkişaf edən Azərbaycan Ordusunun peşəkarlığından, hərbçilərimizin ruh yüksəkliyindən bəhs edərək əminliklə bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün yetərli gücə malikdir və xalqımız heç zaman işğal faktı ilə barışmayacaq.

Veriliş boyu Xocalı soyqırımının dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında