Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupu təsis edilmişdir

Azərbaycan Respublikası Milli Məclisinin Aİ--Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi (PƏK) üzrə nümayəndə heyəti Avropa Parlamentində (AP) səfərdədir. Səfər çərçivəsində Aİ--Azərbaycan PƏK-in həmsədri Cavanşir Feyziyev, PƏK üzvləri-- millət vəkilləri Azər Kərimli, Sahibə Qafarova, Çingiz Qənizadə və Elman Nəsirovdan ibarət nümayəndə heyəti AP-nin bir sıra üzvləri ilə görüşlər keçirmiş və fikir mübadiləsi aparmışlar. 

AP üzvləri 2016-cı ilin sonunda Avropa Parlamenti ilə Milli Məclis arasında münasibətlərin bərpa olunmasından sonra əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan fəaliyyətdən məmnun olduqlarını bildirmiş, münasibətlərin daha da yaxınlaşdırılması üçün qarşılıqlı rəsmi və işgüzar səfərlərin əhəmiyyətini vurğulamışlar.

Milli Məclis nümayəndə heyətinin üzvləri öz həmkarlarını regionda və xüsusilə Azərbaycanda mövcud durumla bağlı  məlumatlandırmış, bu il Azərbaycanda respublika quruluşunun və Şərqdə-- müsəlman dünyasında ilk parlament respublikası yaradılmasının 100 illiyi ilə bağlı ölkə Prezidentinin imzaladığı sərəncam haqqında məlumat vermiş və bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin keçiriləcəyini avropalı həmkarlarının  diqqətinə çatdırmış, qarşıdan gələn prezident seçkilərində və ilboyu keçiriləcək digər tədbirlərdə iştirak etmək üçün onları Azərbaycana dəvət etmişlər.

Strasburqda Aİ--Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və AP-nin Latviyadan olan üzvü Andrey Mamikinsin birgə dəvəti ilə Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupunun təsis olunması ilə 50 nəfərin iştirak etdiyi rəsmi ziyafətdə parlament nümayəndə heyətimizin üzvləri, Azərbaycan Respublikasının Aİ-də səfiri Fuad İsgəndərov, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov, Avropa Parlamentinin 40-a yaxın üzvü iştirak etmişlər.

Ziyafətdə PƏK-nin həmsədri Cavanşir Feyziyev 2017-ci ildə Milli Məclis ilə AP arasında münasibətlərdə ciddi irəliləyişlərin əldə edildiyini, əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan parlamentinin bu tendensiyanı 2018-ci ildə də davam etdirmək əzmində olduğunu diqqətə çatdırmışdır. Cavanşir Feyziyev qeyd etmişdir ki, “Azərbaycanın Avropaya, Avropanın isə Azərbaycana ehtiyacı vardır və münasibətlərimizə zərər vermək istəyənlər nə Azərbaycanın, nə də Avropanın maraqlarına xidmət edir.”

Avropa Parlamentinin Latviyadan olan üzvü Andrey Mamikins çıxış edərək AP-də “Azərbaycanın Dostları Klubu”nun təsis olunmasını təklif etmiş və belə bir klubun Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsinə böyük töhfə verəcəyinə ümid etdiyini bildirmişdir. A. Mamikins demişdir: “Bu ölkə güclü dəstəyə layiqdir. Azərbaycana dost münasibətlərimiz bir-birindən fərqli düşünən həmkarlarımızı bir araya gətirib. Bu, məhz belə olmalı idi. Çünki Azərbaycan Avropanın vacib bir hissəsidir. Avropanı  Azərbaycansız, Azərbaycanı isə Avropasız təsəvvür etmək mümkün deyil, bunu bilməli və öz fəaliyyətimizi də buna uyğun qurmalıyıq”.

Rəsmi ziyafətdə iştirak edən digər qonaqlar – Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, AP-nin çexiyalı üzvü Yan Zahradil, AP-nin Xarici əlaqələr komitəsinin üzvü, AP-nin sloveniyalı üzvü İvo Vayql, AP-nin vitse-prezidenti, AP-nin finlandiyalı üzvü Heydi Hautala, AP-nin İtaliyadan olan keçmiş üzvü, Xarici əlaqələr komitəsinin keçmiş sədr müavini Fiorello Provera və Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov çıxışlar etmişlər.

Sonda millət vəkili Cavanşir Feyziyev Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupunun təsis edildiyini rəsmən elan etmiş, yeni yaranan qrupa üzvlüyün Azərbaycana siyasi və mənəvi dəstək vermək arzusunda olan bütün AP üzvləri üçün açıq olduğunu bildirmişdir. Millət vəkili növbəti mərhələdə üzvlər arasında müvafiq məsləhətləşmələr aparılacağını və tezliklə qrupun həmsədrlərinin seçiləcəyini, baş katibin təyin ediləcəyini və rəsmi internet səhifəsinin təqdim ediləcəyini də ziyafət iştirakçılarının diqqətinə çatdırmışdır.

 

Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında