Azərbaycan mülki aviasiyasının növbəti uğuru: Heydər Əliyev Beynəlxalq Aeroportunda ASEC Mərkəzi açılmışdır

Fevralın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilmişdir.

Bakıda ASEC Mərkəzinin tikintisi üzrə hökumətlərarası memorandum Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin mart ayında Fransaya rəsmi səfəri çərçivəsində imzalanmışdır. Sənəd “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Fransanın “THALES” şirkəti  arasında imzalanmışdır.  “Thales” şirkəti üçün pilot layihə sayılan bu layihənin ümumi dəyəri 7 milyon avro təşkil edir. 

ASEC Mərkəzinin açılması ilə əlaqədar olaraq keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev, “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi və digərləri iştirak etmişlər.

“Hava Məkanından İstifadənin Səmərəlilik Mərkəzində aeronaviqasiya məlumatlarının mübadiləsi sahəsində qabaqcıl təcrübə və ən son texnologiyalardan istifadə edilmişdir. Bu, Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (Eurocontrol) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava hərəkəti axınlarının əsas planlaşdırma mərkəzidir. ASEC sayəsində Azərbaycan həm “Eurocontrol”-un, həm də Asiyanın Hava Axınları Planlaşdırma Mərkəzinin strateji tərəfdaşı rolunu oynayacaq. Eyni mərkəzdən postsovet məkanında və Yaxın Şərq ölkələrində yoxdur”, – deyə Cahangir Əsgərov bildirmişdir.

“Bu layihə Azərbaycan və Fransa, eləcə də hər iki ölkənin şirkətləri arasındakı möhkəm tərəfdaşlığın  göstəricisidir. Mən burada həm texniki, həm də estetik parametrlər üzrə gördüklərimdən böyük məmnunluq duydum. Biz çox şadıq ki, belə mərkəzin yaradılmasında iştirak etmişik. Mərkəz vasitəsilə mühüm məlumatları almaq və onları idarəetmədə istifadə etmək mümkündür. Bu, onu göstərir ki, Azərbaycan bu regionda nəqliyyat habı olmağa qadirdir və olacaq da. Fransanın Azərbaycandakı səfiri kimi deyə bilərəm ki, bu layihə qarşılıqlı münasibətlərimizin çox gözəl göstəricisidir”, –  Orelia Buşez qeyd etmişdir.

“AZAL və “Thales Group” artıq 20 ildən çoxdur ki, əməkdaşlıq edir və strateji tərəfdaş olaraq qalmaqdadır. Yeni mərkəzdə tətbiq olunan sistemlər hava axınlarının idarə olunması üzrə ən müasir texnologiyalara əsaslanır ki, bu da onu adi hava hərəkətinin idarə olunması sistemindən daha əhəmiyyətli edir. Bu, AZAL-ın Azərbaycan hava məkanında çox sayda uçuşları idarə etməyə hazır olduğunun göstəricisidir. Əminəm ki, biz birlikdə daha çox möhtəşəm layihələr həyata keçirə biləcəyik”, – deyə “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi qeyd etmişdir.

Hazırda Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

Daha sonra Cahangir Əsgərov və Rafael Eskinazi danışıqlar aparmışlar. Aparılan danışıqlarda Azərbaycanın mülki aviasiyası sahəsində AZAL və “Thales”in gələcək əməkdaşlığı müzakirə edilmişdir. Danışıqların yekunlarına əsasən Azərbaycanda fransız şirkətinin məhsullarının istehsalı  üçün AZAL və “Thales”in Azərbaycanda birgə müəssisənin yaradılmasının mümkünlüyünü nəzərdən keçirmək barədə razılıq əldə olunmuşdur. 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirmişlər ki, ASEC Mərkəzi aşağıdakı funksiyaları həyata keçirir:

– regional səviyyədə marşrut şəbəkələrinin inkişafı;

– hava hərəkəti axınının və hava məkanının buraxılış qabiliyyətinin planlaşdırılması və idarə edilməsi; 

– səmərəli sıxlıq və buraxılış qabiliyyətinin artırılması məqsədilə hava hərəkəti axınlarının istiqaməti üzrə “Eurocontrol” ilə koordinasiya; 

– hava məkanından istifadə üzrə monitorinq, təhlil, statistik məlumatların və hesabatların hazırlanması;

– hava məkanının sıxlığının təhlili;

– hava hərəkəti axınının dəyişdirilməsinə vaxtında reaksiya məqsədilə hava məkanının modelləşdirməsi;

– Azərbaycanın hava məkanının potensial istifadəçiləri bazarının araşdırılması və onların cəlb edilməsi.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında